Azərbaycan Dillər Universitetində Çin Mərkəzi açılmışdır

 

İyunun 12-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Mərkəzinin və açıq kitabxananın açılışı olmuşdur. AzərTAc xəbər verir ki, açılış mərasimində dövlət və hökumət  qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, beynəlxalq təşkilatların təmsilçiləri, səfirliklərin əməkdaşları iştirak etmişlər.

Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ölkə universitetləri arasında ilk dəfə ADU-da yaradılmış  açıq kitabxananın əhəmiyyətindən, universitetdə fəaliyyət göstərən mərkəzlərin ölkələrarası münasibətlərin inkişafında böyük rolundan danışmışdır. Yeni kitabxanada mindən çox kitabın açıq şəkildə universitetin müəllim və tələbələrinin, eləcə də bütün maraqlananların ixtiyarına verildiyini qeyd edən S.Seyidov, bu kitabların sayının gündən-günə artacağına ümidvar olduğunu bildirmişdir.

 Çin Mərkəzi haqqında məlumat verən rektor universitetdə dünyanın 15-dək ölkəsinin tarixini, mədəniyyətini əks etdirən mərkəzlərin yaradıldığını və bu qurumların müvafiq dilləri öyrənən tələbələrə böyük köməyini qeyd etmişdir. Mərkəzlərin xidmətindən  universitetin tələbə və müəllimləri ilə yanaşı, ölkənin digər ali təhsil ocaqlarında təhsil alan gənclərin də faydalandıqları bildirilmişdir. 

ADU-nun Çinin Siçuan Universiteti ilə əməkdaşlığından söz açan S.Seyidov rəhbərlik etdiyi ali məktəbdə Çin Mərkəzinin açılmasının bu ölkənin universitetləri ilə əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin dərinləşdirilməsi istiqamətində atılmış mühüm addım olduğunu vurğulamışdır.

 Sonra rəmzi qırmızı lent kəsilmiş, qonaqlar Çin Mərkəzi ilə yaxından tanış olmuşlar.

 Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki səfiri Xun Tsyui   Azərbaycan-Çin diplomatik əlaqələrinin qurulmasından ötən 21 il ərzində iki ölkənin dostluq münasibətlərinin daha da inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq çərçivəsində böyük uğurların qazanıldığını söyləmişdir. Səfir ADU-da Çin Mərkəzinin açılmasının  ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında və möhkəmlənməsində əhəmiyyətli rolunu diqqətə çatdırmışdır. Diplomat Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdir.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ADU-da Çin Mərkəzinin açılmasının tələbələrin Çin dili və mədəniyyətini daha dərindən mənimsəmələrinə kömək edəcəyini bildirmişdir. Ə.Əhmədov demişdir ki, bu mərkəz təkcə tədris guşəsi deyildir, o tezliklə  Çin-Azərbaycan dostluğunu əks etdirən bir məkana  çevriləcəkdir.

Azərbaycan və Çin arasında bütün sahələrdə, xüsusilə siyasi sahədə səmərəli əməkdaşlığın bərqərar olduğunu qeyd edən YAP sədrinin müavini 1994-cü ildə ümummilli lider Heydər Əliyevin, 2005-ci və 2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR-ə səfərlərini xatırlatmışdır. Ə.Əhmədov əminliklə bildirmişdir ki, ADU-da belə bir mərkəzin yaradılması təhsilimizlə yanaşı, dövlətlərarası münasibətlərin inkişafına da öz töhfələrini verəcəkdir.

Çinin dünya mədəniyyətinə töhfələrindən, xalqlarımız arasında  mədəni əlaqələrin dərin köklərindən danışan Ə.Əhmədov hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin gözəlinin tərənnüm olunduğunu xatırlatmışdır.

 Milli Məclisin iqtisadi  siyasət komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, akademik  Ziyad Səmədzadə ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini,  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş    Azərbaycan-Çin münasibətlərinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. 

Xalqlarımız və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətini qeyd edən  Milli Məclisin komitə sədri Çinə səfərlərindən, bununla bağlı təəssüratlarının 50-dək elmi məqalədə və dörd kitabda əks olunmasından söz açmışdır.

Z.Səmədzadə Azərbaycan və rus dillərində nəşr olunmuş “Çin qlobal dünya iqtisadiyyatında” kitabını ADU-nun Çin Mərkəzinə hədiyyə etmişdir. 

 Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı, Çinin Siçuan Universitetinin fəxri professoru Asəf Hacıyev ADU-da Çin Mərkəzinin fəaliyyətə başlamasının xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rolundan danışmış, belə təşəbbüsləri yüksək dəyərləndirmişdir.   

UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun rektoru, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti, akademik  Engel Tahirov müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu  təhsil məkanında olmasından məmnunluğunu bildirmiş, Çin Mərkəzinin açılması münasibətilə tərəfləri təbrik etmişdir. Sonra E.Tahirov professor S.Seyidovun “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının həqiqi üzvü seçildiyini bildirmiş və akademik diplomunu azərbaycanlı rektora təqdim etmişdir.

 Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərini əks etdirən videosüjetlər,  ADU-nun Çin Mərkəzinin fəaliyyəti ilə bağlı slaydlar nümayiş olunmuşdur. 

Həmçinin Çin xalq mahnılarının mahir ifaçısı, Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın ifa etdiyi mahnıların klipləri göstərilmişdir. 

Açılış mərasimi ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında “Molixua” (Əyləncəli mahnı) Çin xalq mahnısı ilə başa çatmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında