Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beşgünlük beynəlxalq konfrans iyunun 9-da başa çatmışdır.
Konfransın son günündə tədbirin iştirakçıları əvvəlcə Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuş, buradakı muzeydə nümayiş etdirilən eksponatlara baxmışlar.
Qonaqlara məlumat verilmişdir ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Müxtəlif üsullarla həkk olunmuş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Bildirilmişdir ki, dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir.
Azərbaycandakı qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanmışlar.
Daha sonra konfrans iştirakçıları AMEA-nın Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsas fəaliyyət istiqamətləri ilə tanış olmuşlar. Qonaqlara bildirilmişdir ki, canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsaslarını tədqiq edən şöbə bir sıra mühüm elmi nəticələr əldə etmişdir. “İdeal” buğda tipinin yüksək məhsuldarlığını müəyyən edən prinsiplər işlənilib hazırlanmış, bitkilərin karbon qazı mübadiləsi tədqiq edilmiş və genotiplərin morfofizioloji əlamətlərindən və donor-akseptor münasibətlərindən asılı olaraq karbon qazının assimilyasiyasının geniş diapazonda dəyişməsi aşkar olunmuşdur. Eyni zamanda, kontrast buğda genotiplərində karbon metabolizmi, yarpaq və sünbüllərdə sintez olunmuş assimilyatların daşınması və paylanması qanunauyğunluqları 14CO2 tətbiq etməklə öyrənilmiş və dənin dolmasında ayrı-ayrı orqanların rolu müəyyənləşdirilmişdir. Fototənəffüsün israfçılıq olması haqqında uzun illər mövcud olan təsəvvürlərin əksinə, tarla şəraitində yetişdirilən kontrast genotiplərdə müxtəlif üsullarla aparılan çoxillik təcrübələrlə sübut edilmişdir ki, fototənəffüs təkamül nəticəsində formalaşmış həyat əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədi ilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır.
Bundan əlavə, şöbədə ali bitkilərin karboanhidrazasının struktur-funksional təşkili ətraflı tədqiq olunmuş, ilk dəfə nut (Cicer arietinum) yarpaqlarından karboanhidraza fermentinin kristalları ayrılmış və onun dördüncü quruluşunun molekulyar modeli təklif edilmişdir. Bitkilərin ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolu müəyyənləşdirilmişdir. Müxtəlif molekulyar markerlərdən istifadə etməklə buğda bitkilərində quraqlığa davamlılığa cavabdeh lokuslar və genlər müəyyən edilmişdir. Azərbaycanda ilk dəfə meyvə ağaclarında və tərəvəz bitkilərində fitoplazma və tərkibində birzəncirli tsiklik DNT saxlayan viruslar aşkar edilmiş, onların molekulyar səviyyədə tam identifikasiyası aparılmışdır.
Qeyd olunmuşdur ki, şöbənin tərkibində müasir avadanlıqla təchiz edilmiş 11 elmi laboratoriya fəaliyyət göstərir. Laboratoriyaların əsas fəaliyyət istiqamətləri və əldə olunmuş mühüm elmi nəticələr haqqında qonaqlara ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində Azərbaycanda, həmçinin MDB, ABŞ, Kanada, Yaponiya, Koreya Respublikası, Avstraliya, İsrail və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində müvəffəqiyyətlə çalışan elmi kadrlar hazırlanmışdır.
Sonra beynəlxalq konfrans işini “Crescent Beach” otelində sonuncu bölmə iclası ilə davam etdirmişdir. İclasda Azərbaycan ilə yanaşı, ABŞ, İsveçrə, Macarıstan, Misir, Avstraliya, Estoniya, Almaniya, İtaliya, Yaponiya və digər ölkələrdən alim və mütəxəssislər iştirak etmişlər.
ABŞ-ın Kaliforniya ştatındakı Birləşmiş Genom İnstitutunun enerji şöbəsinin əməkdaşı Asəf Salamov, Avstraliyanın Viktoriya ştatındakı Bandura Universitetinin əməkdaşı Aydın Muradov mövzuya dair məruzələrlə çıxış etmişlər.
Məruzələr ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Sonra akademik Cəlal Əliyevin iştirakı ilə konfransın bağlanış mərasimi olmuşdur.
Tədbirdə Dublin Universitet Kollecinin professoru Brus Osborn, İtaliyanın Bari Universitetinin professoru Mario De Tullio, Yaponiyanın Əsas Biologiya üzrə Milli İnstitutunun professoru Norio Murata, ABŞ-ın İllinoys Universitetinin professoru Qovinci, Macarıstanın Əkinçilik Fiziologiyası İnstitutunun professoru Qyözö Qarab, estoniyalı alim Aqu Leysk, Finlandiyanın Turku Universitetinin əməkdaşı Eva-Mari Aro fotosintez prosesinin öyrənilməsi sahəsində dünya şöhrətli alim akademik Cəlal Əliyevin tədqiqatlarının əhəmiyyətindən danışmışlar. Alimlər akademik Cəlal Əliyevin Azərbaycan və dünya elminə böyük töhfələr verdiyini, dünyaya istedadlı tələbələr bəxş etdiyini vurğulamış, yubilyarı bir daha təbrik etmiş, ona elmi yaradıcılığında uğurlar arzulamışlar. Konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən qonaqlar bu mötəbər tədbirin keçirilməsinə verdiyi dəstəyə görə akademik Cəlal Əliyevə minnətdarlıqlarını bildirmişlər.
AMEA-nın Botanika İnstitutunun bioadaptasiya laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü İradə Hüseynova və biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyev (Rusiya) təşkilat komitəsi adından konfrans iştirakçılarına minnətdarlıqlarını bildirmiş, onları yenidən Bakıda görmək arzusunda olduqlarını vurğulamışlar.
Qeyd olunmuşdur ki, konfransın materialları beynəlxalq “Biochemica et Biophysica Acta (Bioenergetics)” və “Plant Physiology and Biochemistry (PPB)” elmi jurnallarının xüsusi buraxılışlarında çap ediləcəkdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Bununla da beş gün davam edən “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.