Azərbaycanın xoşbəxt gələcəyi milli təhsilin inkişafı ilə bağlıdır

 

 

 

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Amma  təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Hərc-mərclik, başıpozuqluq bütün sahələri bürümüşdü. Cəmiyyətdə vaxtilə böyük hörmət və nüfuza malik olan müəllimə, ziyalıya ehtiram, oxumağa maraq getdikcə azalırdı. Dəyərli mütəxəssislərin ölkədən axını başlamışdı. Lakin xalqımızın böyük oğlu, dahi siyasətçi və mahir dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra siyasi xaosun, sosial-iqtisadi sahələrdə baş alıb gedən tənəzzülün, dağıdıcılıq proseslərinin qarşısı alındı. Ulu öndərin titanik səyləri, müdrik siyasəti nəticəsində ölkəmiz parçalanmaq, yox olmaq təhlükəsindən qurtardı.

Böyük öndər hakimiyyətə qayıdandan sonra bütün sahələrdə ciddi  islahatlara başlanıldı. Azərbaycanın yeni Konstitusiyası qəbul edildi.  İdarəetmə strukturları formalaşdırıldı. Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi prosesinə başlanıldı. Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft sazişi imzalandı.

Ulu öndərin əsasını qoyduğu sosial-iqtisadi siyasəti ötən 10 ildə inamla davam etdirən dövlət başçısı möhtərəm İlham Əliyevin həyata keçirdiyi sistemli və məqsədyönlü islahatlar nəticəsində müstəqil Azərbaycan  bu gün inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. 2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!” – deyən Prezident İlham Əliyev ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan sosial-iqtisadi islahatların müəllifinə çevrilmişdir.

Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Cənab İlham Əliyev Qaradağdan Milli Məclisə deputat seçildiyi dövrdə həmin rayonda çalışan bir  təhsil işçisi kimi seçicilərin ona olan sevgisinin şahidi olmuşam. Möhtərəm İlham Əliyev bu ümidi qısa müddətdə doğrultdu. İnsanların qayğılarına, problemlərinə həssaslıqla yanaşdı, rayonda tikinti-quruculuq işlərinin geniş vüsət almasında səyini əsirgəmədi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev  ölkəmizin bugünkü inkişafını təmin etmək,  xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın  dərin rəğbət və məhəbbətini qazanmışdır. Son 10 ildə möhtərəm İlham Əliyev  ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və  davam etdirmişdir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarmışdır.

Bunu dövlət başçımızın təhsil sahəsində həyata keçirdiyi islahatların uğurlu nəticələrindən də aydın görə bilərik.  Yeri gəlmişkən, təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bir çox sahələrdə olduğu kimi, milli təhsil sisteminin bərpası və günün tələblərinə uyğun inkişaf etdirilməsi üçün əlverişli şərait yarandı. Məhz ulu öndərin təhsilin gələcəyi istiqamətində atdığı addımlar indi öz bəhrəsini verir. Təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Prezident İlham Əliyev təhsilin inkişafına böyük önəm verərək demişdir: “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”. Dövlətimizin başçısı təhsilin davamlı inkişafını daim diqqət mərkəzində saxlamış, bu sahədə islahatların dərinləşməsi üçün sərəncamlar imzalamışdır. Təkcə ötən beş ildə təhsillə bağlı 16 Dövlət Proqramı qəbul olunmuşdur.

Dövlət başçımızın təhsilə göstərdiyi diqqətlə bağlı bir məqama toxunmağı vacib bilirəm. 2003-cü ildə cəmi 130 milyon manat təşkil edən təhsil xərcləri 2012-ci ildə 1,5 milyard manata yüksəlmiş, bu sahənin dövlət büdcəsi xərclərinin tərkibindəki xüsusi çəkisi 9,3 faiz təşkil etmişdir.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində ölkənin bütün məktəbləri müasir kompyuterlərlə təmin olunmuşdur. Ümumtəhsil məktəblərinin tədris laboratoriya (fizika, kimya, biologiya) avadanlıqları ilə təchizatı xeyli yaxşılaşdırılmışdır.

2013-cü ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlər də Azərbaycanda bu sahənin problemlərinin hökumətin xüsusi diqqət mərkəzində olduğunu göstərir.

Azərbaycan Prezidentinin ənənəvi olaraq təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimlərində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllim, şagird və valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Dövlət başçısı təkcə ötən il ərzində 40-dək ümumtəhsil və məktəbəqədər müəssisədə olmuş, texniki peşə, uşaq musiqi, şahmat məktəblərinin açılış mərasimlərində iştirak etmişdir.

Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: “Birinci proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir”. Bu, o deməkdir ki, son on ildə müasir standartlara uyğun inşa edilmiş 3 minə yaxın məktəb istifadəyə verilmişdir.

Ötən illərdə məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmini, informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Hazırda orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 20 şagirdə 1 kompyuter düşür. Son illərdə 1200-dək məktəbin genişzolaqlı internetə qoşulması da təmin edilmişdir.

Azərbaycan Prezidentinin 4 sentyabr 2007-ci il tarixli “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təsis edilməsi haqqında” sərəncamı da təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin təzahürü sayıla bilər. Belə bir sərəncamın imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır.

Prezident İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Azərbaycanda həyata keçirilən tədbirlər deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun da  müstəsna xidmətlərini xüsusilə qeyd etməliyik. Fondun təşəbbüsü ilə 2005-ci ildən indiyə kimi  400-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər yeni dərs ilinin əvvəlində birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilmişdir.

2004-cü ildən başlayaraq, fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni tədris ilində dərs vəsaiti ilə sevindirir. Rusiya Federasiyası, Hollandiya, Türkiyə və Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyələr alırlar.

Heydər Əliyev Fondu elm və təhsil sahəsinə qrantların ayrılmasına, xüsusi istedadlı şagirdlərə, tələbələrə və alimlərə təqaüdlərin verilməsinə də diqqət yetirir.

Onu da etiraf edək ki, təhsildə qazanılmış uğurlarla yanaşı, onun hüquqi bazasının yaradılması sahəsində çətinliklər də var idi. Ötən illər ərzində xeyli hüquqi və normativ sənəd qəbul olunsa da, “Təhsil haqqında” yeni qanun hələ də qəbul edilməmişdi. Ölkədə təhsilin inkişafının hüquqi tənzimlənməsində problemlər yaranırdı. Bu qanunun ərsəyə gəlməsi üçün artıq tarixi zərurət yaranmışdı. Nəhayət, 2009-cu il iyunun 19-da Milli Məclisdə “Təhsil haqqında” qanun qəbul edildi. Sentyabrın 5-də isə Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman imzaladı. Beləliklə, uzun illər ictimaiyyətin, təhsil işçilərinin gözlədiyi sənəd qüvvəyə mindi. Bu qanun ölkənin inkişaf etməkdə olan təhsilinin tərəqqisi üçün yeni hüquqi baza yaratmış oldu. Orada milli təhsilimizin inkişaf meyilləri tamamilə nəzərə alınmışdır. Qanunda deyilir ki, Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, Azərbaycanda təhsilin inkişafına xidmət edir, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir.

Qanunda təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri - humanistlik, demokratiklik, bərabərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, varislik, liberallaşma və inteqrasiya öz əksini tapmışdır.

Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirmiş, onun müstəqil siyasət yeritməsini təmin etmişdir. “Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”, - deyən Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.

Bu gün Azərbaycan xalqı qarşıdakı illərdə də cənab İlham Əliyevin rəhbərliyi altında böyük işlər görüləcəyinə, mühüm uğurlar qazanılacağına dərin inamını ifadə edir. Şübhəsiz, bu inamla da növbəti prezident seçkisi keçiriləcək və bu seçki   Azərbaycanın siyasi tarixinə daxil olmuş əlamətdar  hadisələrdən biri kimi yaddaşlarda yaşayacaq, ölkəmizin daha da qüdrətlənməsinə, insanların rifahının daha da yaxşılaşmasına öz təsirini göstərəcəkdir.

Əhliyət ADIGÖZƏLOV,

Təhsil Nazirliyinin

baş məsləhətçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında