Təhsil sahəsində qazanılan hər bir nailiyyət işıqlı sabahlara körpüdür. Gələcəyimiz olan uşaqların yaxşı təhsil alması, geniş hazırlıqlı gənclər kimi formalaşması Azərbaycan dövlətinin başlıca qayğılarındandır. Yeni məktəblərin tikilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, bir sözlə, sistemin təkmilləşməsi üçün ardıcıl tədbirlər görülür. Bu sahəyə diqqətin artırıldığı rayonlardan biri də Cəlilabaddır.
Son doqquz ildə Cəlilabadda dövlət proqramı hesabına 10 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bunlar ötən il təvəllüd tapan şəhər 6 saylı və Gülməmmədli kənd tam orta məktəbləri, eləcə də əvvəlki illərdə tikilmiş Alar, Komanlı, Sadatlı, Günəşli, Xəlilabad, Qarakazımlı, Zopun və Şiləvəngə məktəbləridir. “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi üzrə Heydər Əliyev Fondunun vasaiti ilə akademik Zərifə Əliyeva adına şəhər 7 saylı orta məktəbi, eləcə də Bəcirəvan, Kövüzbulaq, Çünzəli və Cəlayir kənd məktəbləri inşa olunub. Rayon rəhbərliyinin təşəbbüsü ilə, yerli iş adamlarının köməkliyi və digər mənbələr hesabına rayonun Babalı, Zərbəli, Babaxanlı, Cəfərxanlı və Ağdaş kəndlərində daha 5 məktəb tikilib. Yeni təhsil ocaqlarında şagird yerlərinin sayı 6012- dir. Cari ildə bu rəqəm 8300-ü ötəcək.
Son illərdə dövlətin hesabına Cəlilabad şəhərində iki məktəb əsaslı təmir edilib. İndi Kövüzbulaq məktəbinin əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanır. Məktəblər üçün əlavə sinif otaqlarının tikilməsi də daim gündəmdə olub. Ötən illərdə dövlət proqramı hesabına üç məktəbdə 18 sinif, digər mənbələr hesabına isə beş məktəbdə 16 sinif otağı inşa edilib. Ümumilikdə Cəlilabad şəhərində, Buravar, Seyidbazar, Üçtəpə, Şükürlü və Hamarqışlaq kəndlərindəki məktəblərdə 680 şagird yeri olan 34 sinif otağı tikilərək istifadəyə verilib.
Ötən ay ulu öndərin 90 illik yubileyi ərəfəsində - mayın 7-də 80 şagird yerlik Zəhmətabad kənd tam orta məktəbinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə icra hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri, valideynlər iştirak ediblər. Natiqlər əyalət kəndlərində təhsilin inkişafına dövlət qayğısından razılıqlarını bildiriblər. Rəmzi lent kəsildikdən sonra qonaqlar siniflərə, kompyuter otağına, laboratoriyaya, kitabxanaya, idman zalına baxıblar. Burada müasir istilik sistemi də quraşdırılıb. Şagird, müəllim və valideynlər yeni məktəbə görə sevinc hisslərini ifadə ediblər.
Hazırda Cəlilabad rayonunda dövlət proqramı üzrə daha yeddi məktəbin tikintisi davam edir və ya gündəmdədir. Bunlardan Cəlilabad şəhər 2 saylı, Sabirabad kənd 1 saylı, həmçinin Həziabad və Soltankənd tam orta məktəblərinin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub. Məmmədrzalı kənd tam orta, eləcə də Mikayıllı və İncilli kənd ümumi orta məktəblərinin inşası məqsədilə isə layihə-smeta sənədləri hazırlanıb.
Bir neçə ay öncə Cəlilabad Rayon Təhsil Şöbəsinin fəaliyyəti qənaətbəxş olmayan rəhbərliyi dəyişdirildikdən sonra bu sahədə müəyyən canlanma hiss olunur. Sağlam ab-hava yaradılmağa başlanıb. Təşkil edilən çoxsaylı maraqlı tədbirlər məktəbdə keçirilən saatların daha dolğun, zəngin və unudulmaz təsir bağışlamasında, böyüyən nəslin dünyagörüşünün inkişafında önəmli rol oynayır. Əlbəttə, böyük nailiyyətlərdən danışmaq hələ tezdir. Amma bünövrə qoyulur və əminlik var ki, artıq növbəti dərs ilindən uğurlar daha aydın nəzərə çarpacaq.
Ötən müddət ərzində rayonun təhsil müəssisələrində VIII-XI sinif şagirdlərinin iştirakı ilə ümummilli liderin nəsillərə nümunə olan həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqələri keçirilib. Yeri gəlmişkən, həmin müsabiqələrdən qalib çıxan şagirdlər respublika mərhələsində 4 il ardıcıl olaraq I və III dərəcəli diplomlarla təltif ediliblər. Bu dəfə akademik Z.Əliyeva adına Cəlilabad şəhər 7 saylı tam orta məktəbin XI sinif şagirdi Bətulə Hüseynzadə müsabiqənin ölkə mərhələsində rayonu təmsil etmək hüququ qazanıb.
Ulu öndərə həsr edilmiş təntənəli yubiley tədbirləri, “dəyirmi masa”lar, konfranslar hər kəsə unudulmaz təsir bağışlayıb. Müəllim və şagirdlərin iştirakı ilə müxtəlif idman yarışları, rəsm, lakat, şeir-hekayə müsabiqələri, ədəbi-bədii kompozisiyalar keçirilib. Apreldə Cəlilabad, Biləsuvar, Masallı, Lənkəran, Lerik, Astara və yardımlıdan yüzə yaxın şagirdin iştirak etdiyi gənc ifaçıların II respublika müsabiqəsinin zona mərhələsi Heydər Əliyev adına yaradıcılıq mərkəzində təşkil olunmuşdu. Xalq çalğı alətləri, piano və xanəndəlik nominasiyaları üzrə üç yaş qrupunda yarışmada şagirdlər öz istedadlarını göstəriblər. Müsabiqənin münsiflər heyəti Bülbül adına Bakı orta ixtisas musiqi məktəbinin müəllimlərindən ibarət idi. Fərəhli haldır ki, xanəndəlik nominasiyasında Cəlilabad şəhər 2 saylı tam orta məktəbinin şagirdi Murad Quliyev gözəl ifası ilə fərqləndi.
Bu il keçirilən fənn olimpiadalarının respublika turlarında Cəlilabadı təmsil edən doqquz şagird layiqli yerlər tuta bilib. “İngilis dilinun intensiv tədrisi” layihəsi üzrə Təhsil nazirliyi və “British Council” beynəlxalq təşkilatı tərəfindən bu dili tədris edən müəllimlər üçün ən son nailiyyətləri əks etdirmək məqsədilə Cəlilabaddan 46 ingilis dili müəlliminin iştirakı ilə Nizami adına şəhər 1 saylı humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin bazasında təlim kursları keçirilib.
Yubiley münasibətilə Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı ilə müəllimlər arasında keçirilən şahmat birinciliyi də maraqlı keçib. Cəlilabad üzrə yarışda Ocaqlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Rövşən Cavadov, Cəlilabad şəhər 5 saylı ümumi orta məktəbinin müəllimi Əlisəfa Əmənov və Privolnoye kənd 1saylı tam orta məktəbinin müəllimi İsabala Ağayev müvafiq olaraq I-III yerləri tutublar.
Şagirdlərin VII spartakiadasının III mərhələ zona yarışları da aprel ayında Cəlilabadda keçirilib. Bir çox növlərdə yerli gənc idmançılardan ibarət komandalar mükafatalayiq yerlər tutublar. Astarada 19 şəhər və rayon komandaları arasında təşkil olunan “Cəsurlar” hərbi idman və turizm oyunlarının respublika turunda Cəlilabad şəhər 2 saylı tam orta məktəbinin komandası qalib gəlib. Ölkənin cənub və Muğan zonaları arasında keçirilən “Marş, irəli!” çoxnövçülüyündə Cəlilabad nümayəndələri II yerə layiq görülüblər. Onlar sonra İsmayıllıda keçirilən respublika birinciliyində də həmin nəticəni göstərərək Gənclər və İdman nazirliyinin diplom və qiymətli mükafatlarını alıblar.
“Sərhəd” hərbi idman oyunlarının zona birinciliyində Ləkin komandası qələbə qazanıb. “Şahin” hərbi idman oyunlarının respublika birinciliyində rayonu Şirvan şəhərində II yeri tutmuş Ocaqlı kənd 1 saylı tam orta məktəbinin komandası təmsil edərək ümumi hesabda 19 komanda arasında 8-ci yeri, maneələrin dəf edilməsində isə I yeri tutaraq fəxri-fərman və mükafatlara layiq görülüb.
İyin ayında Bakıda keçiriləcək “İstedadlı uşaqlar festivalı-2013”-də Cəlilabad rayonundan da dörd şagird iştirak edəcək. Cəlilabad rayonunun rəhbərliyi strateji sahə olan təhsildə irəliləyişə nail olmaqdan ötrü səylərini əsirgəmir. Bu sahənin həvalə edildiyi adamlara hər cür köməklik göstərir. İnanmaq istərdik ki, Cəlilabadın təhsil sistemində artıq başlanğıcı gələn uğurlar davamlı olacaq, qarşıdakı buraxılış və qəbul imtahanlarının nəticələri xeyli yaxşılaşacaq.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.