Müasir, davamlı və innovativ iqtisadi inkişafın banisi, dünya şöhrətli siyasətçi, nadir idarəçilik qabiliyyəti olan ümummilli lider Heydər Əliyev Azərbaycana iki dəfə başçılıq etmişdir. Birinci dövrdə (1969-1982-ci illər) qarşıya qoyulan əsas məqsəd sovet respublikaları arasında qabaqcıllar sırasına çıxmaq idi. Bu məqsədlə Heydər Əliyev öncə respublikanın geridə qalmasının səbəblərini müəyyən etmiş, təhlillər aparmış, çoxşaxəli və uzaqgörən siyasət işləyib hazırlamışdır.
1970-ci ildə Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev Azərbaycan neftinin itirilmiş şöhrətini bərpa etmək və iqtisadiyyatı sürətlə inkişaf etdirmək xəttini bəyan etmişdir. Neft sənayesinin vəziyyətini ətraflı təhlil edən ulu öndər geriliyin səbəblərini göstərmiş və görüləcək işlərin proqramını vermişdir. Ulu öndər Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə ölkə iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatı böhran və tənəzzül içərisində idi. Azərbaycan əksər göstəricilər üzrə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. Hər hektardan orta hesabla cəmi 10-12 sent taxıl, 15-16 sentner pambıq, 40 sentner üzüm, 14 sentner meyvə istehsal olunurdu. Aqrar sahənin inkişaf etdirilməsini təmin etmək üçün 1975-ci ilin iyunun 9-da Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” qərar qəbul etmişdir. Bundan sonra respublikada kənd təsərrüfatının mexanikləşdirilməsinə, meliorativ işlərin genişləndirilməsinə başlandı. Aqrar sahədə işləyənlərin fəaliyyəti stimullaşdırılırdı. 80-ci illərin əvvəllərində 1 milyon ton pambıq, 2 milyon ton üzüm, 1,2 milyon ton taxıl əldə edilmişdi.
Ulu öndər Heydər Əliyev iqtisadiyyat sahəsində sürətli inkişaf planlarını həyata keçirməklə yanaşı, incəsənət, elm və təhsil sahəsində də dəyişikliklərə nail olmağa çalışırdı. Onun Azərbaycan dilinin mövqeyini möhkəmləndirmək siyasəti 1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan bir il sonra bu dilin Azərbaycan SSR Konstitusiyasında rus dili ilə yanaşı, ikinci rəsmi dil olaraq təsbit edilməsi ilə nəticələndi. Əhalinin işlə təmin edilməsi və ölkədə yoxsulluq səviyyəsinin azaldılması o illərdə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi və respublikamızın dünyada tanıdılması məqsədilə bir sıra müasir elektrotexnika müəssisələri yaradıldı, o cümlədən SSRİ-də yeganə olan Bakı kondisionerlər zavodu tikildi.
Beləliklə, ulu öndər Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində tədricən Azərbaycan iqtisadiyyatı inkişaf etdi, əhalinin maddi rifahı yaxşılaşdı, respublika bütün sahələrdə özünü təmin etməyə başladı. 1969-1982-ci illər respublika hər sahədə qabaqcıl təcrübə məktəbinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi ölkənin düçar olduğu müharibə, hakimiyyət uğrunda mübarizə və bütün bunların nəticəsində əhalinin maddi durumunun çox aşağı düşməsi, əldə olunan müstəqilliyimizin itirilməsi qorxusu dövrünə təsadüf etdi. Bu, ölkə iqtisadiyyatının tənəzzül dövrü idi. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz azalırdı. Sənaye istehsalı 1985-ci ilə nisbətən 50 faizə qədər azalmışdı. Əsas makroiqtisadi göstəricisi olan ÜDM 1991-ci ildə 0,7 azalmışdırsa, 1992-ci ildə 22,4 faiz, 1993-cü ildə 23,3 faiz, 1994-cü ildə isə 19,7 faiz aşağı düşmüşdü. İstehsal potensialının təxminən üçdə ikisi itirilmişdi. İnflyasiya 1763 faizlə hiperinflyasiya səviyyəsinə çatmışdı. Bütün bunların nəticəsində 1991-1995-ci illərdə əhalinin pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüş, 1991-ci ildən 4 il ərzində əhalinin əmək haqqı 5,7 dəfə azalmışdı.
Belə ağır vəziyyətdə hakimiyyət başına gələn Heydər Əliyev ilk növbədə iqtisadi sistemin transformasiyası ilə bazar iqtisadiyyatına keçid konsepsiyasını reallaşdırılmağa başladı. Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyatda iştirakı arzuolunmaz olsa da, məşhur ingilis iqtisadçı alimi C.M.Keyns liberal iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin vacibliyini irəli sürmüşdür. Dövlət qəbul etdiyi qanun, qərar və sərəncam və proqnozlara əsaslanan proqramların reallaşdırılması ilə bazar iqtisadiyyatını tənzimləyə bilər. Alim göstərmişdir ki, dünyanı idarə edən ayrı-ayrı dövlətlərin başçılarıdır, onların buraxdığı cüzi səhvlər böyük fəlakətlər yaradır. Azərbaycan Respublikasını müstəqilliyin ilk illərində iqtisadi tənəzzüldən xilas edən, dinamik inkişaf edən, regionda və dünyada qabaqcıl bir ölkə kimi tanıdan səbəb məhz zəngin idarəçilik təcrübəsi olan, xalqını sevən ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndərin siyasi xəttini yeni çalarlarla, uğurla davam etdirən İlham Əliyev ölkəmizi tərəqqi və modernləşmə yolu ilə irəli aparır.
Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi üçün 1990-1993-cü illərdə çoxsaylı xarici şirkətlərlə, maliyyə-kredit institutları ilə görüşlər keçirilmişdi. Anlaşma, sazişlər olsa da real iş, sərmayə yox idi. Azərbaycanın xarici neft şirkətləri ilə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinə dair beynəlxalq sazişlə bağlı danışıqlara hazır olduğu ancaq 1994-cü ilin may ayında atəşkəs elan edildikdən sonra bəyan edildi. Sonrakı 10 ay ərzində (iyul 1993 - may 1994-cu il) Azərbaycanın çoxşaxəli, onillikləri əhatə edən neft-qaz strategiyası üzərində gərgin işlər aparılmışdı.
Ulu öndərin neft-qaz strategiyasının uğurlu nəticələri regional siyasətə, Avrasiya məkanında güclər balansına, geosiyasi tarazlığa ciddi təsir göstərdi. Getdikcə aydın olur ki, Heydər Əliyevin neft-qaz strategiyası Azərbaycanın mövcud lider dövlətə çevrilməsinin əsasıdır. “Azəri-Çıraq-Günəşli” layihəsinə dair danışıqlar zamanı xarici şirkətlər ən böyük risklər kimi bəzi məsələləri ortaya qoymuşdular. Onlar bəyan etmişdilər ki, saziş imzalansa da, bu risklər onları qane edən şəkildə həll edilməyincə sərmayə qoyub yataqların dəyərləndirilməsini, işlənməsini təmin edib, neft hasil etmək öhdəlikləri olmamalıdır. Bu risklərdən ən önəmlisi kimi Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi göstərilirdi. 1994-cü ilin iyul ayından aparılan danışıqlar faktiki olaraq dayanmışdı. O zaman ARDNŞ-in birincı vitse-prezidenti olan İlham Əliyev Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşüb beynəlxalq hüquq normalarına, müvafiq sazişlərə və təcrübəyə əsaslanaraq bu tələbin əsassız olduğunu sübut edə bildi və xarici şirkətlər həmin tələblərini geri götürməli oldular.
Azərbaycan tərəfinin təkidi ilə sazişdə mütləq bir şərt öz əksini tapdı: saziş qüvvəyə minəndən 30 ay ərzində xarici şirkətlər bu yataqlardan neft hasilatına başlamasalar Azərbaycan tərəfi bu sazişə birtərəfli xitam verə bilər və xarici şirkətlər tərəfindən xərclənmiş vəsaitləri ödəmək öhdəliyi olmayacaq. Dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Azərbaycanın bütün şərtlərinin qəbul olunması üzrə razılıq əldə edildikdən sonra 1994-cü ilin 20 sentybarında tarixə “Əsrin müqaviləsi” kimi düşmüş məşhur saziş imzalandı.
“Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin uzaqgörənliyi və bəşəri nüfuzu sayəsində mümkün olmuşdur. Bu müqavilənin bağlanması ilə o, dünya dövlətlərini əmin etdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və sərmayə qoymaq olar. Məhz buna görə sonralar xarici şirkətlərlə daha 33 beynəlxalq neft-qaz müqaviləsi bağlanmışdır. Bütün bunlar böyük iqtisadi səmərəliliyi ilə yanaşı, dünyəvi əhəmiyyət kəsb edir. 1997-ci ildə cəmi 9 milyon ton neft hasil olunan Azərbaycanda 2010-cu ildə bu rəqəm 50,7 milyon tona, qaz hasilatı isə 2009-cu ildəki 5 milyard kubmetrdən 26 milyard kubmetrə çatdırılmışdır.
“Əsrin müqaviləsi” Heydər Əliyevin birinci şah əsəridirsə, uzun mübahisələrdən sonra, böyük zəhmət bahasına ərsəyə gələn Bakı-Novorossiysk, Bakı-Tbilisi-Supsa beynəlxalq neft boru kəmərindən sonra Bakı-Tbilisi-Ceyhanın inşası onun ikinci şah əsəridir. Yalnız Bakı-Tbilisi-Ceyhan beynəlxalq neft boru kəməri ilə 2013-cü ilin martın 1-nə qədər 213 milyon ton neft ixrac edilmişdir. Neft və qaz ixracından əldə olunan gəlirlərin toplanması, xalqın xidmətinə verilməsi, onun rifahının yüksəldilməsinə yönəldilməsi və ehtiyat valyutasının toplanması məqsədilə ümummilli lider Heydər Əliyev müdriklik və uzaqgörənlik nümayiş etdirərək Azərbaycan Respublikası Dövlət Neft Fondunu yaratdı. Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyevin qayıdışından sonra respublikada davamlı iqtisadi inkişaf təmn edilmiş, bütün sahələrdə müsbət dəyişliklər olmuş və digər ölkələrdən fərqli olaraq iqtisadi inkişafın Azərbaycan modeli yaradılmışdır.
1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycan Respublikasında aqrar islahatlar və onların mühüm tərkb hissəsi olan torpaq islahatları aparıldı. Kənd təsərrüfatının məhsulunun istehsalı tədricən artırıldı. Tarixi ədalət bərpa edilərək kəndlilərə pulsuz torpaq paylanıldı. Onlar mövcud olan 9 vergidən, torpaq vergisi istisna olmaqla, azad edilmişlər.
Elmə, təhsilə, əhalinin intellektual səviyyəsinin artırılmasına ulu öndər xüsusi önəm verirdi. Bütün dünya tərəfindən sosial-iqtisadi inkişafın sxemi kimi qəbul edilən “universitet - iqtisadiyyat – hökumət” üçqat spiral modelinin Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsində tətbiqi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Elmə əsaslanan innovativ iqtisadiyyatın yaradılması və informasiya-kommunikasiya texnologiyalarının bütün sahələrdə tətbiqi müasir qloballaşma dövrünün tələbidir. Bununla əlaqədar olaraq, xarici investorların ölkəmizə cəlb edilməsi ilə 1994-cü ildə “Bakcell”, 1996-cü ildə “Azərcell” birgə müəssisələri yaradılmışdır. Hazırda isə elmin inkişafına, müasirliyə, qeyri-neft sektoruna xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rabitə və İnformasiya Nazirliyinin nəzdində İnformasiya-Kommunikasiya Texnologiyaları İnstitutunun 15 sentyabr 2013-cü ildə fəaliyyətə başlaması barədə sərəncam vermişdir.
Əhalinin intellektal səviyyəsinin artırılması, tələbələrin xarici ölkələrin qabaqcıl təhsil müəssisələrində dövlət hesabına oxuması, əlaçı tələbələrə “Prezident təqaüdünün” verilməsi onların təhsilə, elmə yiyələnmək marağının artırılması və stimullaşdırılması ənənəsinin əsasını ümummilli lider qoymuşdur. Bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev demişdir: “Hər bir dövlətin qüdrəti onun təbii resurslarla təminatında deyil, yüksək intellektual əhalisinin çoxluğundadır”.
Ümummilli lider Heydər Əliyev yüksək ixtisaslı kadrların hazırlanması məqsədi ilə 1999-cu ilin yanvar ayının 13-də “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası”nın yaradılması haqqında sərəncam imzalamışdır. Prezident yanında ali təhsil müəssisəsinin yaradılması olduqca məsuliyyətli və şərəflidir. Akademiyanı bitirmiş yüksək ixtisaslı idarəçilik kadrları respublikanın bütün regionlarında, bəziləri hətta xaricdə yüksək vəzifələrdə müvəffəqiyətlə çalışır. Akademiyanın rektoru, akademik U.Ələkbərov beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə böyük işlər aparır. Akademiya həm də Azərbaycanda yeganə təhsil müəssisəsidir ki, Beynəlxalq İdarəçilik İnstitutuna üzv qəbul olunmuşdur. Akademiyanın nəzdində yaradılan yeni institutlar ölkədə yüksək ixtisaslı idarəçilik kadrlarının hazırlanması ilə bərabər, beynəlxalq layihələrdə də iştirak edir.
Bütün göstərilənlərə əsaslanaraq qeyd etmək lazımdır ki, müasir Azərbaycan iqtisadiyyatının əsasını qoyan, uzaqgörən idarəçi olan ümummilli lider Heydər Əliyev iqtisadiyyatın dövlət tənzimlənməsini təcrübə, elm və müasirliyin koordinasiyası əsasında həyata keçirərək Azərbaycanda iqtisadiyyatın dinamik inkişafının əsasını qoymuşdur. Hazırda Azərbaycan dünyada davamlı inkişaf edən ölkələrdəndir. İqtisadiyyatın dövlət tənzimlənməsindəki elmlik və müasirliyin nəticəsidir ki, bütün dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan keçmiş və ölkəmiz Prezident İlham Əliyev tərəfindən düşünülmüş uğurlu siyasəti ilə XXI əsrdə dünyanın ən qabaqcıl dövlətlərindən biri olaraq bütün sahələrdə yeniliklərini və uğurlarını artmaqdadır.
Roza ƏLİYEVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının dosenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.