“Xalq əmanəti” layihəsindən Mikayıl Müşfiqin “Seçilmiş əsərləri” təqdim olundu

 

 

 

D ünən Xalq Bankın baş ofisində “Xalq əmanəti” layihəsinin səkkizinci nəşrinin – XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin “Seçilmiş əsərləri”nin təqdimat mərasimi keçirildi. Layihənin üçüncü poetik toplusu olan bu kitab Mikayıl Müşfiq yaradıcılığını bütünlüklə görmək, anlamaq üçün əlverişli imkan yaradır. Belə ki, kitaba 11 illik qısa, amma dolğun və peşəkar yaradıcı ömür yaşayan  şairin demək olar ki, əksər şeirləri, özü də tematik bölgülərdə təsnifləşdirilərək təqdim olunur. Orijinal şeirləri ilə yanaşı, kitaba şairin həcmli tərcümə yaradıcılığının da ən uğurlu nümunələri daxil edilib.

 Daha sonra kitabda şairin indiyə qədər mövcud olan ən lakonik və eyni zamanda, ən müfəssəl bioqrafiyası yer alır. Həm nəşrin məsləhətçisi, görkəmli ədəbiyyatşünas alim Rafael Hüseynovun yazdığı, “ön söz əvəzi” təqdim olunan “Bağ romanı” essesi, həm də kitabın tərtibçisi, şair Səlim Babullaoğlunun yazdığı “son söz yerinə” yazıları şairin yaradıcılığını müxtəlif yönlərdən təhlil edir, onun həyatının bir çox məlum məqamlarına yeni gözlə baxmağa imkan verir ki, sadalanan məziyyətlər “Seçilmiş əsərləri” gələcək Müşfiq tədqiqatçıları üçün də əvəzsiz mənbəyə çevirir.

Kitabın qiymətli tərəflərindən biri Müşfiqin ölümündən sonra nəşr olunan bütün kitablardakı bəzi yanlışların aradan qaldırılmasıdır ki, şairin bir çox şeirləri araşdırılaraq dəqiqləşdirilib, bəzən sonradan üzə çıxmış mənbələrə əsasən yeni redaktədə təqdim olunub.  Ümumiyyətlə, kitabın tərtibində müşfiqşünaslıq üçün yeni baxışla  yanaşma, dəyərləndirmə hiss olunur. Məsələn, “son söz”də kitabın tərtibçisi yazır: “XX əsr yeni  Azərbaycan poeziyasının iki başlanğıcı var idi. Bu Uolt Uitmen- Mayakovski- Nazim Hikmət xəttiylə Rəsul Rzanın  əsasını qoyduğu Azərbaycan sərbəst şeiri, bir də əsasən əruzda olan klassik divan ədəbiyyatı və hecada olan milli şeiri improvizə yoluyla yaranan, Müşfiqin əsasını qoyduğu yeni məzmunlu heca idi.  Müşfiqin yazdığı vərdiş olunmuş  “sərbəst şeir” deyildi, o ayrıca bir xətt idi...”

İndiyədək  “Xalq əmanəti” layihəsindən  səkkiz kitab – xalq rəssamları Böyükağa Mirzəzadənin, Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin, Xalidə Səfərova və əməkdar rəssam Mahmud Tağıyevin rəngkarlıq və qrafik işlərindən ibarət nəfis albom-kitablar, xalq şairləri Məmməd Araz və Hüseyn Arifin “Seçilmiş əsərləri”, eləcə də  “Azərbaycan sikkələri” albom-kitab işıq üzü görüb. Mikayıl Müşfiqin “Seçilmiş əsərləri” də əvvəlki kitablar kimi  yüksək və  peşəkar bədii tərtibatla, poliqrafik keyfiyyətlə təqdim olunur poeziyasevərlərə. Kitabın böyük tirajla  hədiyyəlik olaraq nəşr edilməsi,  məktəb və kitabxanalara, mədəniyyət ocaqlarına  paylanması  layihənin ciddi, dəyərli mədəni-sosial hadisə və maarifçi akt olmasından xəbər verir.  Məlumdur, hər bir sənət, xüsusən də ədəbiyyat və poeziya fərdlərin yaradıcılığı olmaqla yanaşı, ilk öncə məhz dil hadisəsi kimi oz xalqına məxsusdur. Məhz bu məxsusluğu ifadə zamanı üzə çıxan səmimiyyət onun bəşəriliyini və uzunömürlülüyünü təmin edir. Müşfiq yaradıcılığındakı dərin səmimiyyət və xalqaməxsusluq onun şeirlərinin  həmişəyaşarlığının təminatçısıdırsa, “Xalq əmanəti” layihəsinin məramındakı “Xalqın əmanətini yenidən özünə təqdim etməklə xalqın yaddaşını təzələmək” kimi xoş niyyət və səmimiyyət layihənin gələcəyinin təminatşısıdır. İnanrıq ki, xalq öz əmanətinə yenidən qovuşmaqla bir daha sevinəcək, “Xalq əmanəti”layihəsinin digər nəşrləri kimi bu kitabı da öz kitabxanalarının ən gözəl guşəsində hələ uzun illər saxlayacaq və sevə-sevə oxuyacaqdır.

İbrahim NİZAMİOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında