Görkəmli neft alimi və karikaturaçı rəssam Kərim Kərimov – 80

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, dünya miqyasında tanınan neftçi-geofizik Kərim Kərimovun anadan olmasının 80 illiyini ölkənin elmi ictimaiyyəti və neftçilər ordusu qədirbilənliklə qeyd edir.

Azərbaycanın neft geologiyasında yeni istiqamət sayılan geofiziki tədqiqatlar sahəsində böyük xidmətlər göstərmiş alim çoxillik səmərəli axtarışları, ciddi araşdırma və təklifləri ilə ölkənin karbohidrogen ehtiyatlarının dərindən öyrənilməsini, neft hasilatının əsaslı surətdə artırılmasını təmin etməyə nail olmuşdur. Onun elmi rəhbərliyi və təşkilatçılığı ilə eksperimental geofiziki axtarışlar üzrə kiçik elmi qrup keçmiş SSRİ-də və beynəlxalq aləmdə tanınan elmi mərkəzə, dövlət müstəqilliyi dövründə isə böyük elm-istehsalat birliyinə çevrilmişdir.

Kərim Kərimovun 60 ildən bəri neft geologiyası sahəsində apardığı elmi işlər, göstərdiyi əməli səylər ölkəmizdə elmin məhsuldar qüvvəyə, kapitala çevrilməsinin parlaq nümunələrindən birinin formalaşmasına xidmət etmişdir. Respublikanın ictimai-siyasi həyatında da daim fəal iştirak edən alim ümumi elmi-mədəni yüksəlişə konkret töhfələr vermişdir.

Karikaturaçı rəssam kimi Kərim müəllim şərin hər hansı təzahürlərini hədəfə almış, insanları sülhə, əmin-amanlığa, xeyir işlərə təşviq etmişdir. Bütün bunlar ölkəmizdə və xaricdə maraq və diqqətlə qarşılanmış, alim-rəssamın zəhmətləri yüksək təltif və mükafatlara layiq görülmüşdür. “Şöhrət” ordenli alimin mənalı ömür yoluna onu yaxından tanıyan soydaşlarımızın gözləri və sözləri ilə nəzər salaq.

Ələsgər Cabbarov, neftçi-jurnalist:

– Kərimi indiki Neft Akademiyasında ötən əsrin 50-ci illərindən – eyni dövrdə təhsil aldığımız günlərdən tanıyıram. Təhsil uğurları ilə yanaşı, o, ali məktəbin ictimai həyatındakı fəal iştirakı ilə də seçilirdi. Tələbə və müəllimlər bu gülərüz, çevik, ağıllı oğlanı respublika mətbuatında çıxan karikaturaları ilə, institutdakı bədii tərtibat işləri ilə yetik-bitik rəssam kimi tanıyır, barmaqla göstərirdilər. Kərim tələbələrin elmi axtarışlarında da yüksək səviyyəsi, yeniliklərə meyili ilə fərqlənirdi.

Ali məktəbdəki uğurları, təşkilatçılıq qabiliyyəti 1957-ci ildə diplom alan neftçi geoloqu təbii axarla respublika gənclər təşkilatında məsul vəzifələrə aparıb çıxardı. Bu sistemdə 3 il çalışandan sonra da irəli getmək, partiya-sovet orqanlarında rəhbər vəzifələrə yüksəlmək perspektivi real olsa da Kərim onu tanıyanların gözlədiklərinin əksinə olaraq, sevib-seçdiyi ixtisas sahəsinə – neft geologiyasına qayıtdı. Bir il Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda baş mühəndis işlədi. 1961-64-cü illərdə Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun aspiranturasını bitirdi, dissertasiya müdafiə edərək geologiya – minerologiya elmləri namizədi adı aldı.

Həmin illərdə yeni yaradılmış “Elm və Həyat” jurnalında işlədiyim vaxt keçmiş tələbə yoldaşım Kərimlə yaradıcı əməkdaşlığımız möhkəm dostluğa çevrilərək bu günədək davam edir. 80 yaşın tamamında biz həmyaşıd neft-qaz mütəxəssisləri, xüsusən, yaradıcılıq qabiliyyətini müxtəlif sahələrdə sübuta yetirən neftçilər dünya şöhrətli həmkarımız Kərim Kərimovun ömür yoluna onunla birlikdə bir daha nəzər salırıq, dostumuzun qazandığı uğurlara baxıb öyünürük. Yarım əsr bundan əvvəl auditoriyaya tələsən, qoltuğunda karikatura və qrafik rəsmlər redaksiyalara üz tutan arıq, bəstəboy tələbə oğlan ötən illərdə elm yollarında neçə-neçə zirvə fəth edib, sənətdə də ciddi uğurlar qazanıb.

Qocaman jurnalistin dediklərinə əlavə edək ki, alim-geoloq kimi Kərim Kərimov taleyini birdəfəlik neft geologiyasına bağladı, illər keçdikcə yeni neft-qaz yataqlarının geofiziki üsullarla kəşfi ilə bağlı yüzlərlə əsərin müəllifi oldu. 1965-92-ci illərdə Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, bölmə, laboratoriya və şöbə müdiri vəzifələrində çalışdı. 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə etdi. Bu illərdə Kərimin respublika mətbuatında çıxan çoxsaylı karikaturaları, aktual mövzularda yazıları onu narahat bir alim, yurdsevər ziyalı kimi geniş dairələrdə tanıtdı, nüfuzunu artırıdı.

Azərbaycanın dövlət müstəqilliyinin ilk vaxtlarında – 1992-ci ilin oktyabrında Dövlət Neft Şirkətinin tərkibində Baş Geofizika İdarəsi yarananda kollektivin ümumi etimadı ilə rəis vəzifəsinə Kərim Kərimov seçildi. İdarə ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının tələbləri ilə bağlı 1994-cü ildə Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinə çevriləndə Kərim Kərimov novator alim və bacarıqlı təşkilatçı kimi özünü doğrultduğuna görə bu məsul quruma baş direktor təyin olundu.

Qısa müddətdə bu bilikli, duyumlu və cəsarətli geoloq alimin rəhbərliyi ilə “Əsrin müqaviləsi” və digər neft müqavilələrinin əhatə etdiyi yataqların hüdudları, ehtiyatları işlənib hazırlandı. Kərim Kərimovun bir-birinin ardınca elan etdiyi rəqəmlərin miqyası nəinki kənardakı əleyhdarlarımızın qısqanclığına və məyusluğuna səbəb oldu, hətta daxildə də bəzilərində inamsızlıqla qarşılandı.

Kərim Kərimov elmi-nəzəri cəhətdən sübuta yetirirdi ki, yataqların neft ehtiyatı 8 milyard tondan, qazın həcmi isə 15 trilyon kubmetrdən az ola bilməz. O, bu qənaətində təkcə rəhbərlik etdiyi kollektivin proqnozlarına deyil, həm də uzun illərdən bəri özünün apardığı elmi işlərin nəticələrinə arxalanırdı.

Elm yollarına Kərim Kərimovla illərdən bəri qoşa addımlamış, dostluq əlaqələri saxlamış akademik Telman Əliyev bildirdi:

– Kərim Kərimov artıq neçə ildir ki, elmlər doktoru və professordur. Milli Elmlər Akademiyasına müxbir üzv, Şərq Neft Akademiyasına, Avropa Elmlər Akademiyasına, Beynəlxalq Ekoenergetika Akademiyasına, Lütfi-Zadə adına Akademiyaya həqiqi üzv seçilib. Müxtəlif ölkələrin neft və geofizika cəmiyyətlərinin üzvüdür. Amerika Bioqrafiya İnstitutu və Kembric Universiteti həmyerlimizi dəfələrlə “İlin adamı” seçmiş, medallarla təltif etmişdir. O, Azərbaycan Milli Geofizika Komitəsinin prezidenti, geofizika yenilikləri jurnalının yaradıcısı, bir sıra qəzet-jurnalların redaksiya heyətinin üzvüdür. Kərim Kərimov Rəssamlar İttifaqının və Jurnalistlər Birliyinin üzvü kimi çoxsaylı əsərləri ilə yaradıcı ziyalılar arasında böyük nüfuz sahibidir. Geoloq-rəssamın 4500-dən çox siyasi plakatı və karikaturası çap olunmuşdur, 6 kitabı işıq üzü görmüşdür. Professor Kərim Kərimov Azərbaycan geofizika elmini bir sıra beynəlxalq məclislərdə ləyaqətlə təmsil etmişdir.

Öz sahəsində yeni istiqamət açan alim 19 elmlər namizədi və doktoru yetişdirmişdir. O, neft geologiyası sahəsində 550 elmi əsərin, 8 monoqrafiyanın, 20 müəlliflik şəhadətnaməsi və patentinin (2-si beynəlxalq olmaqla) müəllifidir. Yusif Məmmədəliyev adına və Sülhü Müdafiə Komitəsinin mükafatlarını alıb, çoxsaylı təltifləri var. Bunların içərisində Prezident Heydər Əliyevin fərmanı ilə layiq görüldüyü müstəqil Azərbaycanın “Şöhrət” ordenini ayrıca qeyd etmək lazımdır.

Geoloq alim 1974-cü ildən etibarən böyük dərinliklərdə yatan çöküntülərin quruluş və neftlilik-qazlılığının geniş miqyası və məqsədyönlü geoloji-geofiziki tədqiqatları ilə məşğuldur. Onun elmi işlərində anomal yüksək lay təzyiqinin və temperaturunun təbiəti barədəki təsəvvürlər yeni baxımdan nəzərdən keçirilmiş və inkişaf etdirilmiş, təzyiq və temperaturun çöküntü qatının müxtəlif hissələrində paylanması və yerləşməsi qanunauyğunluqları və onların neft axtarışı işlərində istifadə olunması imkanları tədqiq olunmuşdur. Professor Kərim Kərimov neft geologiyası elmi tarixində ilk dəfə olaraq qumlu-gilli süxurların elektrik xüsusiyyətlərilə əlaqədar iki geoeffekt müəyyən etmişdir, effektlərin hər biri güman edilən kəşf üçün bildiriş verilmişdir.

Kərim Kərimovun zəlzələlərin baş verməsinin qabaqcadan öyrənilməsinə dair yeni metodikası seysmologiya elmində yenilik kimi dəyərləndirilmişdir. Azərbaycanın neft-qaz potensialı fundamental əsəri 8 dildə çap olunmuşdur.

Kərim müəllim hazırda ARDNŞ-in Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir işləyir. O Azərbaycanın neft-qaz ehtiyatlarının yenidən qiymətləndirilməsi və neft strategiyasının uğurlarının geniş təbliği ilə bağlı fəaliyyətini uğurla davam etdirir.

Sonda akademik Ziyad Səmədzadənin Kərim müəllimin son illərdə yaratdığı karikaturalar barədə fikirlərinə nəzər salaq:

– Kərim Kərimov əsərlərində bəşəriyyət üçün ən böyük bəla olan faşizmi, onun mahiyyətini açmağa ciddi cəhd edir və haqlı olaraq erməni terrorizmi qədər təhlükəli olduğunu bildirir. Onun bu mövzuya həsr etdiyi əsərlərinə həyəcansız baxmaq mümkün deyildir.

Rəssam-alim erməni faşizminin son dərəcə təhlükəli bir siyasət olduğunu bir daha xatırlatmaqla bütün sülhsevər qüvvələri daha sıx birləşməyə çağırır və göstərir ki, beynəlxalq terrorizmin iqtisadi-maliyyə bazasını təşkil edən mənbələr erməni terrorizminin də mənbələridir. Kərim Kərimovun əsərlərindən bu da birmənalı şəkildə aydın olur ki, heç bir maneə, heç bir qüvvə Azərbaycanın ədalətli mübarizəsinin qarşısını ala bilməz.

Kərim Kərimov alim və karikaturaçı kimi qəzetimizlə də on illərdən bəri dostluq əlaqələri saxlayır. 80 yaşın tamamında görkəmli alim-rəssama ünvanlanmış çoxsaylı təbriklərə qoşulur, Kərim müəllimə möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında