İyunun 3-də “Gülüstan” sarayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların təmsilçiləri, ölkəmizin 67 ali və orta ixtisas təhsili müəssisəsinin tələbə-gənclər təşkilatlarından 600-dən çox nümayəndə iştirak etmişdir.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Gündəlik təsdiq olunduqdan sonra ATGTİ-nin sədri Şahin İsmayılov rəhbərlik etdiyi qurumun illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, ATGTİ-nin əsası 2009-cu il noyabrın 20-də qoyulmuşdur. Məhz həmin gün 39 ali təhsil müəssisəsinin birləşməsi nəticəsində Azərbaycanda ən böyük tələbə təşkilatı olan ATGTİ yaranmışdır. Artıq ATGTİ ölkənin 83 ali və orta ixtisas təhsili müəssisəsinin tələbələrini öz ətrafında birləşdirir. Bu, qurumun fəaliyyəti dövründə gördüyü işlərin uğurlu nəticəsidir. Hesabat dövründə təşkilat Azərbaycan ali məktəblərinin tələbələri arasında sıx əməkdaşlıq əlaqəsi yarada bilmişdir.
Qeyd olunmuşdur ki, ötən dövrdə müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilmiş, ATGTİ-nin üzvləri beynəlxalq tələbə konfranslarında ölkəmizi layiqincə təmsil etmişlər. Ş.İsmayılov demişdir ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanmasında gənclərin yaxından iştirakı ölkəmizdə onların inkişafına göstərilən diqqət və qayğının parlaq nümunəsidir.
Sonra konfransda səsvermə yolu ilə ATGTİ-yə 26 yeni üzv qəbul olunmuşdur.
Bu tədbirlə eyni vaxtda Gəncədə, Lənkəranda, Naxçıvanda keçirilən konfranslarla videogörüntü vasitəsilə bağlantı yaradılmışdır.
Daha sonra “Son 10 ildə dövlət gənclər siyasəti və bu siyasətin reallaşdırılmasına tələbə-gənclər təşkilatlarının (TGT) töhfəsi” mövzusunda dinləmələr keçirilmişdir.
Dinləmələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Milli Aviasiya Akademiyasının TGT-lərinin sədrləri Toğrul Niyazlı, Həbibə Sadıqlı, Vüqar Əliyev, Asif Səfərli, İlkin Mustafayev “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və TGT-lər”, “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə Dövlət Proqramı və TGT-lər”, “2011-2015-ci illərdə Dövlət Proqramı və TGT-lər”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının tələbələrə faydası”, “ATGTİ-nin gənclər siyasətinin reallaşdırılmasında başlıca rolu” mövzularda çıxışlar etmişlər. Bildirilmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və yeni formada davam etdirilir. Bu isə onu deməyə əsas verir ki, ölkənin gələcəyi olan gənclər daim dövlətimizin diqqət mərkəzindədir və Azərbaycan Prezidentinin hərtərəfli qayğısı ilə tam əhatə olunmuşlar.
Daha sonra ATGTİ-nin fəaliyyətini və ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Konfransda, həmçinin seçkilərdə Prezident İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi ilə bağlı bəyanat qəbul olunmuşdur.
Bəyanatda qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən 83 dövlət və özəl ali və orta ixtisas təhsili müəssisəsinin 100 minə yaxın tələbəsini özündə birləşdirən ATGTİ-nin hər bir üzvü Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində ölkəmizin öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsindən, respublikamızın bir sıra qlobal əhəmiyyətli qurumlarda təmsil olunmasından, yüksək kürsülərdə söz sahibi kimi çıxış etməsindən fəxr duyur.
Sənəddə bildirilir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə müxtəlif sahələrdə - istər mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində gənclərə yaradılan şərait və verilən dəstək bütün Azərbaycan gəncliyi üçün böyük stimul olmuşdur. Məhz bu səbəbdəndir ki, vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq beynəlxalq müsabiqələrə, festivallara və konfranslara uğurla ev sahibliyi edir.
Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ATGTİ-nin İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməsini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi strategiyanı uğurla davam etdirir və bu siyasət öz bəhrəsini verməkdədir. O demişdir: “Bugünkü gənclər ümummilli lider Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşadıqları üçün xoşbəxtdirlər”.
F.Heydərov qeyd etmişdir ki, ulu öndər xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələnədək minlərlə gəncimizi müharibələrdə, xaosda itirdik. Ümummilli lider Heydər Əliyev ömrünün son 10 ilini ölkəmizin, xalqımızın rifahına sərf edərək müstəqil, xoşbəxt Azərbaycanı qurdu. Bu gün də gənclər ulu öndərin layiqli davamçısının namizədliyini dəstəkləməklə öz xoşbəxt gələcəkləri üçün düzgün seçim etmiş olurlar.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirmişdir. Diqqətə çatdırmışdır ki, hesabat dövründə təşkilat ölkəmizin daxilində və xaricində bir sıra layihələri uğurla həyata keçirmişdir.
Azərbaycan gənclərinin daim tolerantlığı, dözümlülüyü ilə seçildiyini deyən İntiqam Babayev vurğulamışdır ki, onlar hər zaman öz milliliyini qoruyub saxlamağı bacarmışlar. Bu, məhz ulu öndər Heydər Əliyevin milli gənclər siyasətinin uğurla gerçəkləşməsinin nəticəsidir. Bu gün müstəqilliyimiz eyni yaşda yeni, sağlam düşüncəli, vətənpərvər gənc nəsil formalaşmaqdadır.
İ.Babayev demişdir ki, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin güclü iqtisadiyyatının olmasının, respublikamızda uğurla həyata keçirilən siyasətin göstəricisidir. Artıq inkişafın Azərbaycan modeli dünyada bir çox ölkələr üçün nümunədir. Azərbaycan gəncləri daim dünyanın hər yerində ölkəmizin adının yüksəklərdə yer alması istiqamətində səylər göstərməkdə davam edirlər.
Konfransın işinə uğurlar arzulayan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu gün gənclər üçün yaradılmış yüksək şəraitdən danışmışdır. Diqqətə çatdırılmışdır ki, müasir müstəqil Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən gənclərimiz gələcəkləri üçün səmərəli istifadə etməlidirlər. Prezident İlham Əliyev tərəfindən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması gənclərimizə geniş imkanlar açmışdır. Gələcəkdə ali məktəbləri bitirdikdən sonra sərbəst fəaliyyətə başlamaq istəyən gənclərimizin bu Fonddan vəsait əldə etmək imkanları vardır. Nazir müavini gəncləri Azərbaycanda həyata keçirilən inkişafa yönəlmiş siyasətin tərkib hissəsi olmağa çağırmışdır.
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransda çıxış edərək demişdir ki, cəmiyyətimizin avanqardı olan gənclərin nümayəndələri bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədar düzgün seçim etmişlər. Gənclərin dostu və himayədarı Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmışdır.
Şöbə müdiri demişdir: “Hər bir ölkənin gələcəyi, onun siyasətinin, iqtisadiyyatının, sosial və mədəni həyatının, xarici aləmlə əlaqələrinin gələcəyi, əlbəttə, yetişdirdiyi nəsildən asılıdır. Tələbələrdən birinin buradakı çıxışında qeyd etdiyi kimi, ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışlar ki, gənclərlə iş davamlı diqqət və qayğı tələb edən sahədir. Azərbaycan dövlətinin gənclər siyasətinin təməlində məhz bu amil dayanır.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gənclərin inkişafına yetirdiyi diqqətdən danışan Əli Həsənov demişdir ki, hələ sovet dönəmində - 1969-1982-ci illərdə 15 mindən artıq Azərbaycan gənci o zaman SSRİ-nin ən qabaqcıl universitetlərində 270-dən çox ixtisasa yiyələnmişdir. Hazırda Azərbaycanda dövlət idarəçiliyində, idarə və müəssisələrdə həmin kadrlar uğurla fəaliyyət göstərirlər. Ümummilli lider bu siyasətini müstəqil Azərbaycanda daha inam və qətiyyətlə həyata keçirmişdir. ulu öndər müstəqil Azərbaycan dövlətinin gənclər siyasətini formalaşdırmış və uğurla həyata keçirmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin gənclərlə bağlı atdığı ilk addımlardan biri Gənclər və İdman Nazirliyini yaratması olmuşdur. 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin Forumunun keçirilməsi, Gənclər Gününün yaradılması, gənclərlə bağlı müxtəlif siyasi və idman tədbirlərinin keçirilməsi ulu öndərin Azərbaycan gəncliyinə diqqət və qayğısının əsas göstəriciləridir. Məhz bu siyasət sayəsində Azərbaycan gəncliyi cəmiyyətimizin avanqardına çevrilmişdir. Siz gənclərin ümummilli liderimizin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyini dəstəkləməyiniz haqqındakı qərarınız alqışa layiqdir. İndi Azərbaycan gəncinin səsi dünyanın ən mötəbər beynəlxalq tədbirlərinin tribunalarından, idman arenalarından, musiqi salonlarından gəlir.
Bir neçə gün bundan əvvəl Bakıda keçirilən Beynəlxalq Forumda ABŞ konqresmenlərindən biri ölkəmiz haqqında fikirlərini dilə gətirərək dedi: “Dövlət belə inkişaf edər. Baxın bu dövlət öz kapitalını nəyə yönəldir, nəyə diqqətini artırır?! Gəncliyin hazırlanmasına, inkişafa, təhsilə, mədəniyyətə... Budur tükənməz xəzinə”. İndi dünya Azərbaycanın inkişaf modelinin bu istiqamətlərini xüsusi qeyd edir. Azərbaycanın təbii sərvətləri çoxdur. Lakin bu sərvətlər tez-gec tükənəcəkdir. Amma bizim tükənməyən bir resursumuz vardır. Bu, kreativ vətəndaşlarımız, milli iradəli gənclərimizdir.
Prezident Administrasiyasının rəsmisi ölkəmizdə gedən ictimai-siyasi proseslərdən, prezident seçkilərinə hazırlıq işindən danışaraq demişdir: “İlham Əliyev seçkiqabağı kampaniya aparmır. Heç aparmayacaq da. Bilirsiniz niyə aparmır? İlham Əliyev bu nəslin gələcəyini düşünür, seçimin gələcəyini yox. Seçimin gələcəyini siz müəyyən edəcəksiniz, Azərbaycan xalqı müəyyən edəcəkdir. İlham Əliyevin fəaliyyəti xalqımızın və dövlətimizin gələcəyidir. YAP-ın yürütdüyü siyasətin gələcəyi Azərbaycan xalqının gələcəyidir, milli birliyin, milli maraqların qorunmasıdır”.
Əli Həsənov çıxışın sonunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına gələcək fəaliyyətində uğurlar arzulamışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.