Uluxanlı məktəbi Azərbaycan maarifçilik hərəkatı ilə sıx bağlı olmuşdur

Azərbaycanın qədim yaşayış məskənləri olan Uluxanlı (Zəngibasar), Qəmərli, İrəvan, Eçmiədzin (Üçkilsə) və digər yurd yerlərimiz tarixi ədalətsizliyin nəticəsi olaraq Ermənistanın inzibati ərazsisinə daxil edilmişdir. Zəngibasar rayonu ərazisində azərbaycanlılar yaşayan 40-dan çox  kənd olmuşdur. Artat, Aşağı Necili (sonralar ermənilər bu kəndin adını Sayat Nova qoymuşlar), Böyük Çobankərə, Qaraqışlaq (Dostluq), Dəmirçi, Şorlu, Zəngilər, Zəhmət (Haçaparax), Uluxanlı, Rəncbər, Həbilkənd (Kalinino qəsəbəsi), Cəfərabad (Arqavand) və s. bu mahalın ən iri və qədim yaşayış məskənləridir. Bu mahal haqqında “Ermənistan azərbaycanlılarının tarixi-coğrafiyası” (Bakı-1995) kitabında geniş məlumat verilmişdir.

Hazırda Zəngibasar rayonunun  Uluxanlı, Aşağı Necili, Yuxarı Necili, Zəngilər, Dəmirçi, Şorlu, Hacı Ellər, Zəhmət, Qaraqışlaq, Mehmandar və Sarvanlar kəndlərində məscid binaları qalmışdır. Buradakı qoç heykəllər, kurqan-təpələr, eləcə də XIV əsrə aid olan Cəfərabad türbəsi həmin kəndlərin olduqca qədim tarixə malik olduğunu və burada uzun əsrlər boyu türklərin yaşadıqlarını bir daha təsdiq edir.

Müxtəlif dövrlərdə Qərbi Azərbaycan ərazisinin ayrı-ayrı bölgələrində  qanlı hadisələr baş vermiş, Zəngibasar mahalında yaşayan soydaşlarımız erməni daşnakları  tərəfindən deportasiya və soyqrıma məruz qalmışlar. Belə ki, erməni quldur dəstələri 1918-1920-ci illərdə böyük qüvvə ilə bu mahalın əhalisinə qarşı amansız terror əməlləri törətmiş, soydaşlarımızı doğma yurd-yuvalarından didərgin salmışlar. Azərbaycan elminin tanınmış simalarından olan akademiklər Mustafa bəy Topçubaşovun və Budaq Budaqovun, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yəhya Məmmədovun da ailələri, yaxınları həmin dövrün deportasiyasına məruz qalmışlar. Erməni rəhbərliyi tərəfindən düşünülmüş şəkildə həyata keçirilmiş 1948-1953-cü il deportasiyası, “mədəni köçürülmə” Zəngibasar və Uluxanlı əhalisi üçün də olduqca dözülməz olmuşdur. Artıq 1950-ci ildən etibarən bu ərazidə erməniləşdirmə siyasəti gücləndirilmiş, kəndlərin, eləcə də rayon mərkəzinin adları dəyişdirilmişdir. Belə ki, dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşovun doğulduğu Göykümbət kəndinin adı 1949-cu ildə dəyişdirilərək Geğanist adlandırilmış, Uluxanlı adlanan ərazi Nərimanlı, Zəngibasar Hrazdan, sonralar isə  Masisə çevrilmişdir. 1948-1953-cü ilin deportasiyasından sonra Cəfərabad, Hacı Elləz, Xarratlı, Göykümbət, Ağcaqışlaq kəndləri də erməniləşdirilmişdir.

Yeri gəlmişkən, Qərbi Azərbaycan ərazisindəki yer adları ilə bağlı maraqlı rəvayətlər mövcuddur. Belə ki, İrəvan şəhərinə yaxın Cəfərabad kəndindəki (ermənilər Arqavand adlandırdılar) uca səkkizüzlü bir türbə XIV əsrdə qəbilə rəhbəri olmuş Cəfərin şəninə belə adlandırılmışdır. Digər rəvayətə görə isə, bu torpaqlarda təsərrüfatla məşğul olan Şərifxan və Uluxan adlı iki qardaş yaşayırmış. Uluxan adını tarixdə saxlamaq üçün kənd saldırmışdır. Sonradan həmin kənd  Uluxanın şərəfinə  Uluxanlı adlandırılmışdır.  Bəzi mülahizələrə görə, Uluxanlı sonralar Zəngi çayının aşıb-daşması və su basması səbəbindən  Zəngibasar adlandırılmışdır. Uluxanlı məktəbi İrəvan quberniyası ərazisində ilk yeni tipli məktəb olmuşdur. Bu məktəb haqqında o zaman nəşr etdirilmiş “Kavkazskiy kalendar” məcmuəsinin 1892-ci il nömrəsində məlumat verilmişdir. Məlumata görə, Uluxanlı məktəbinin əsası 1881-ci ildə qoyulmuşdur. Elə həmin il İrəvan Müəllimlər Seminariyası və İrəvan Gimnaziyası açılmışdır. İlk vaxtlar Uluxanlı məktəbində 31 nəfər şagird təhsil almışdır. Məktəbin fəxri nəzarətçisi Məşədi İbrahim Hüseyn oğlu Hüseynov, müəllimi isə  Rəhim Musarza oğlu Xəlilov olmuşlar. “Kavkazkiy kalendar” məcmuəsinin 1900-cu il nömrəsində qeyd edilir ki, Uluxanlı məktəbində əvvəlki həyat tamamilə dəyişdirilmişdir. Rəhim Xəlilov həm də İrəvan seminariyasının müəllimi kimi göstərilmişdir. İkisinifli Uluxanlı məktəbində Ovdeyi Tahirov, Kələntər Kələntərov fəxri nəzarətçi, Molla Axund Hacı Molla Vəli Məhəmməd Əli oğlu şəriət müəllimi, Məhəmməd bəy Lütfəli bəy oğlu Qazıyev isə nəzarətçi kimi çalışmışlar.

Sonradan məktəb öz fəalliyətini xeyli genişləndirmişdir.  1904-cü ildə çap olunmuş məcmuədən aydın olur ki, həmin vaxt Uluxanlı məktəbində təhsil alan şagirdlərin sayı 63-ə çatmışdır. Həmin illərdə məktəbin müdiri Məhəmməd bəy Qazıyev olmuşdur. Professor Əziz Şərifin “Molla Nəsrəddinin yaranması” və Qulam Məmmədlinin “Molla Nəsrəddin” əsərlərində də  Uluxanlı məktəbi haqqında məlumata rast gəlirik. XIX əsrin 80-ci illərində Uluxanlı kəndində açılmış ilk dünyəvi məktəbin tarixi Azərbaycan maarifçiliyi ilə sıx bağlıdır. Tanınmış yazıçı Cəlil Məmmədquluzadə də pedaqoji fəaliyyətinə məhz Uluxanlı məktəbində başlamışdır. Qori Müəllimlər Seminaiyasını yenicə bitirmiş böyük dramaturq Cəlil Məmmədquluzadə 1887-ci ildə Uluxanlı məktəbində müəllimlik etmişdir. Professor Əziz Şərif “Molla Nəsrəddinin yaranması” əsərində Uluxanlı məktəbinin açılışı və təşkili, eləcə də burada çalışan müəllimlər barədə  ətraflı şərhlər vermişdir. Mənbələrdən aydın olur ki, bu məktəb 1881-ci ildə açılmış və Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşmişdir. Məktəbin ilk müdiri tanınmış maarifçi Muxin olmuşdur. Xanlar bəy Həsənbəyov məktəbin ilk fənn müəllimi olmuş, Hacı Məşədi Hüseyn oğlu isə şəriətdən dərs demişdir.

Görkəmli tədqiqatçı alim Qulam Məmmədlinin “Molla Nəsrəddin” kitabının bir neçə səhifəsi Uluxanlı kənd məktəbinə həsr edilmişdir. O zamanlar Qafqaz tədris dairəsinin müdiri 1887-ci il 7 avqust tarixli məktubunda qeyd edir: “Uluxanlı məktəbində müəllim vəzifəsini yerinə yetirən Məmməd bəy Qazıyev azad edilmiş, onun yerinə Cəlil Məmmədquliyev təyin edilmişdir”. O, kitabında maarifçi C.  Məmmədquluzadənin və məktəbdə işləyən müəllimlərin fəaliyyətinə  dair də geniş məlumatlar vermişdir.

Vaxtilə Uluxanlı məktəbində C. Məmmədquluzadədən dərs almış və bizim günlərə qədər yaşayan Mirzə Zeynalabdin Rzayev və Əsədulla Musayev 1928-1932-cu illərdə Ermənistan  Ali Sovetinin deputatı olmuşlar. İrəvan gimnaziyasının məzunu Məmmədbağır Qədimliyev də vaxtilə Uluxanlı məktəbində müəllimlik etmiş və bir  çox istedadlı şagirdlər yetişdirmişdir. 1909-cu tədris ilində Uluxanlıda iki sinifli rus-tatar məktəbi açılmışdır. Məktəbin müdiri və müəllimi Məmməd bəy Qazıyev olmuşdur.

1918-ci il avqustun 6-da İrəvan Müəllimlər Seminariyası və İrəvan Gimnaziyası ilə yanaşı, Uluxanlı məktəbi də bağlanmışdır. Lakin bir müddətdən sonra – 1920-ci ildən məktəb öz işini yenidən bərpa etsə də, İrəvan Müəllimlər Seminariyası və  İrəvan Gimnaziyası bir daha fəaliyyət göstərməmişdir. 1924-cü ildə İrəvan Pedaqoji Texnikumunun açılması Uluxanlı məktəbinin daha da genişlənməsinə  şərait yaratmışdır. Məktəbin müəllimlərindən Əli Xəlilov, Əli Həsənov, Heydər Nağıyev, Əkbər Əliyev və başqaları İrəvan Pedaqoji Texnikumunun məzunları olmuşlar. Akademik Yusif Məmmədəliyev 1928-1930-cu illərdə İrəvan Pedaqoji Texnikumunda Əsəd Məmmədova və Əli Xəlilova  dərs demişdir.

Artıq 1930-cu illərdən başlayaraq Uluxanlı məktəbinin məzunları ali təhsilli ziyalılar kimi yetişməyə başlamışlar. Belə ki, Məmməd Rzayev 1936-cı ildə İrəvan Dövlət Universitetini ermənicə bitirmiş, Heydərqulu Quliyev, Əsəd Məmmədov və Heydərqulu Salmanov Bakıda ali təhsilə yiyələnmişlər.

Yaz aylarında Araz çayının daşması ilə əlaqədar bir sıra kəndlərin əkin sahələrini su basdığı üçün bura Zəngibasar adlandırılmışdır. Bu bölgənin ən böyük ərazisi sonralar rayon mərkəzi olan Uluxanlı kəndidir. Artıq 1937-ci ildə Uluxanlı kəndi Zıngibasar adlandırılaraq  eyni adlı rayon yaradılmışdır. Rayon ərazisində 29 kənd var idi. Bunlardan 21-nin əhalisi tamamilə soydaşlarımızdan ibarət idi, 5 kənddə azərbaycanlılar və ermənilər qarışıq yaşayır, yalnız 3 kənddə  ermənilər məskunlaşmışdı.

Zəngibasar mahalında tanınmış ziyalılar, alimlər yetişmişlər. Akademiklər Mustafa Topçubaşov (Göykümbət kəndi), Budaq Budaqov və AMEA-nın müxbir üzvü Yəhya Məhəmmədov (Çobankərə kəndi), AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Surxay Əkbərov, elmlər namizədləri Şükürzadə İsmayılov, Əli Həsənov, Firudin Cümşüdlü (Zəhmət kəndi), elmlər doktorları Teymur Əhmədov (Uluxanlı kəndi), professor Rauf İsmayılov və elmlər namizədi Rafiq Bayramov (Qaraqışlaq kəndi), Heydər Cəfərov (Mehmandar kəndi) və başqaları məhz bu mahalın yetirmələridir.

Firudin CÜMŞÜDLÜ, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti,

tarix üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında