Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir

 

 

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir.

Tədbirdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov AXC-nin keçdiyi şərəfli tarixi yola nəzər salmışdır.

Bildirilmişdir ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış AXC istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. AXC xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olmuşdur.

Vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və s. işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Qeyd edilmişdir ki, AXC-nin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Cümhuriyyətin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin təşəkkülünün əsasını qoydu.

Bildirilmişdir ki, son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Bütün bunlar onu göstərir ki, AXC liderlərinin müstəqilliyimizin əbədi olması ilə bağlı böyük amalları vardı. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün bu çətinliklərə baxmayaraq AXC yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur.

Diqqətə çatdırılmışdır ki, qısa bir müddətdən sonra müstəqilliyimizin bolşeviklər tərəfindən ilhaq edilməsinə baxmayaraq XX əsrin sonlarında Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyev yenidən müstəqilliyimizin möhkəm özüllərini yaradaraq AXC-nin siyasi və hüquqi varisi olan bugünkü qüdrətli Azərbaycanı bizlərə ərməğan etmişdir. Bu gün müstəqil Azərbaycanın ən mötəbər beynəlxalq qurumlarda təmsil edilməsi, regionun lider dövlətinə çevrilməsi, qüdrətli orduya malik olması, dünyada özünəməxsus siyasi çəkiyə sahib olması məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə əsası ulu öndər tərəfindən qoyulmuş uzaqgörən siyasətin layiqincə davam etdirilməsinin nəticəsidir.

 Konfransda gürcüstanlı professor Quram Marxuliya “Gürcüstanın və Azərbaycanın  müstəqilliyinin elan edilməsi tarixinə dair”, türkiyəli alimlər Xəlil Bal “Qafqaz İslam Ordusu komandanı Nuru Paşa və Azərbaycandakı xidmətləri”, Kənan Olğun “Osmanlı dövlətinin Birinci Dünya savaşı illərində Azərbaycana yardımı”, özbəkistanlı professor Şoxistaxon Uljayeva “Azərbaycan Xalq Cümhuriyyətinin  tarixinin KİV-lərdə işıqlandırılması (internet materialları əsasında)” azərbaycanlı alimlər Fəzail İbrahimli “Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanda siyasi təqiblər”, İradə Bağırova “Azərbaycanda liberal və demokratik dəyərlərin formalaşması istiqlalın müjdəsi kimi” və digər mövzularda məruzələrlə çıxış etmişlər.

 Ümumilikdə çoxlu sayda yerli və xarici ölkələri təmsil edən tarixçi alimlərin məruzələrinin dinlənildiyi konfransda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli tarixi yola bir daha nəzər salınmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında