M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Fransanın Akademik Palma ordeninin zabit dərəcəsinin təqdim edilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
Ordenin təqdim edilməsi münasibətilə Fransanın Azərbaycandakı səfirliyində keçirilmiş mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, xarici dövlətlərin Azərbaycanda akkreditə edilmiş səfirləri, ölkəmizin görkəmli elm, təhsil, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mərasimi açaraq Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı naminə uzun müddət səy göstərən Nərgiz Paşayevanın şərəfinə səfirliyə gəlmiş qonaqları salamlamışdır.
Paskal Mönye demişdir: “Fransa hökuməti sizin timsalınızda bunu xüsusi qeyd etməyi özünə borc bilmişdir. Razılaşın ki, bu, həm sizin şəxsiyyətinizin dəyərini, həm də sizin ən yüksək səviyyədə təmsil etdiyiniz ölkənizlə münasibətlər yaradılmasına Fransanın verdiyi əhəmiyyəti vurğulamağın ən yaxşı üsuludur”.
Səfir xatırlatmışdır ki, bu mükafat Napoleonun dövründə təsis edilmiş, bu yaxınlarda - 2008-ci ildə isə Fransa Akademik Palma ordeninin 200 illiyini qeyd etmişdir.
Diplomat demişdir: “Əlbəttə, 200 il ərzində müəyyən dəyişikliklər edilmişdir, lakin əsas prinsip saxlanmışdır: bu ordenlə təhsil və tədris işində görkəmli xidmətləri olan insanlar təltif edilir. Akademik Palma ordeni həm də Fransanın, onun mədəniyyətinin və dilinin dünyada intellektual, elmi və bədii təbliğinə töhfələr verən sizin kimi əcnəbilərə də təqdim edilir”.
Səfir demişdir ki, Nərgiz Paşayevaya bu yüksək mükafatın - Akademik Palma ordeninin zabit dərəcəsinin verilməsinin qərara alınması həm də Azərbaycanın dünya üçün açılmasına şərait yaradan aparıcı şəxsiyyətlər arasında onun rolunun etiraf edilməsi deməkdir.
Paskal Mönye demişdir: “Siz həqiqətən öz peşəkar və şəxsi karyeranıza mədəniyyətlərin dialoqu, sülh və ədalət kimi vacib insani dəyərlər daxil etməyə, onları öz ətrafınızda, tələbələriniz və müəllimləriniz arasında təbliğ etməyə nail olmusunuz. Siz bizim də şərik olduğumuz bu idealların və dəyərlərin təcəssümünə çevrilmisiniz. Siz həm də intellektual marağın və biliklərin həmişə ən vacib yer tutduğu ailənizdən aldığınız dəyərləri təcəssüm etdirirsiniz. Sizin atanız, akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının rektoru, əminiz Hafiz Paşayev xarici işlər nazirinin müavini və Azərbaycan Diplomatik Akademiyasının rektorudur. Bu biliklər ənənəsi sizin ailənin əlamətdar cəhətidir: Həqiqətən sizin ananız Aida xanım İmanquliyeva məşhur ərəbist olmuş, uzun illər boyu Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir. Siz öz babanız, yazıçı və Bakı Dövlət Universitetinin professoru, Azərbaycan ədəbiyyatı tarixinin və əllidən çox romanın, novellanın müəllifi Mircəlal Paşayevin işini davam etdirirsiniz. Viktor Hüqo 1840-cı ildə yazırdı: ”Müəllimlər insan zəkasının bağbanlarıdır". Siz bu sözləri özünüzə aid edə bilərsiniz. Bu, gözəl yoldur - düz, qətiyyətli, məqsədyönlü yol və xüsusi qeyd etmək istərdim, mərdlik yoludur. Sizin zahiri gözəlliyiniz və incəliyiniz fonunda bu sözü unutmaq olardı. Mərdlik yolu sizə Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universiteti kimi nüfuzlu ali məktəbin filialını yaratmağa imkan vermişdir və bu gün siz həmin filialın rektorusunuz”.
Fransa səfiri Nərgiz Paşayevanın bilikləri yaymağa məhəbbətini və millətlər birliyində Azərbaycanın imicini yüksəltmək arzusunu da vurğulayaraq demişdir: “Bu arzunu general de Qollun aşağıdakı sözləri ilə yaxşı ifadə etmək olar: “Böyük ölkələr ona görə böyük olurlar ki, onlar böyük olmaq istəmişlər”. Mən bunu da unutmamışam və xatırlatmaq istəyirəm ki, sizin təşəbbüsünüzlə nüfuzlu universitetinizdə fransız dili bölməsi və bu yaxınlarda psixologiya fakültəsi açılmışdır. Bu, sizin insanlara, onlara xas olan bütün insani dəyərlərə marağınızın göstəricisidir. 2008-ci ildə Bakı Dövlət Universitetinin prorektoru kimi həmin ali məktəbin filologiya fakültəsində sizin təşəbbüsünüzlə “Fransız dili və ədəbiyyatı” şöbəsinin açılmasında rolunuzu xüsusi vurğulamaq istəyirəm. Hər il bu ixtisas üzrə diplom alan bütün tələbələr bu gün sizin fəaliyyətinizin və bizim əməkdaşlığımızın ən yaxşı elçiləridir".
Səfir bildirmişdir ki, çoxlarının bütün həyatını məşğul etmək üçün yetərli olacaq bu cür zəngin karyerasına baxmayaraq, Nərgiz Paşayeva incəsənətin inkişafına öz istedadını sərf etməkdə davam edir, fransız mədəniyyətini xüsusi fərqləndirir. Məsələn, Nərgiz Paşayeva Bakıdakı ÜNS Teatrının təsisçisi və bədii rəhbəridir. Bu teatrın tamaşalarında Fransa tez-tez diqqət mərkəzində olur.
Paskal Mönye demişdir: “Mən bu cür tamaşalara aid çoxlu misallar göstərə bilərdim, lakin cəmi bir misal göstərəcəyəm: A Filetta polifonik korsika xorunun çıxışı azadlığın və xoşməramlı insanlar arasında qarşılıqlı anlaşmanın rəmzidir”.
Səfir vurğulamışdır ki, Nərgiz Paşayeva həm də bir neçə kitabın və çoxsaylı elmi məqalələrin müəllifi, Azərbaycanın mədəniyyəti dostları Fondunun idarə heyəti şurasının üzvüdür. Bu, onun ölkə qarşısında xidmətlərinin akademik etirafına dəlalət edir.
Paskal Mönye demişdir: “Hörmətli Nərgiz xanım Paşayeva, Fransa dövləti adından sizə Fransa mədəniyyətini və fransız dilini daim dəstəklədiyinizə, habelə Fransanın sizin ölkəniz Azərbaycanla, xüsusən mədəniyyət və incəsənət sahəsində əməkdaşlığını dəstəklədiyinizə görə ürəkdən təşəkkür etmək istəyirəm”. Diplomat bildirmişdir ki, bu günlərdə Bakıda səfərdə olmuş Fransanın insan hüquqları üzrə elçisi Fransua Zimere demişdir ki, Azərbaycanın insan hüquqları sahəsində dünyaya təqdim edilə biləcək uğurları vardır. Paskal Mönye demişdir: “Azərbaycanda dini tolerantlıq və dini etiqad azadlığı onun üçün mühüm məqamlardan biri olmuş, bunu öz çıxışlarında dəfələrlə qeyd etmişdir. O demişdir ki, Azərbaycanda olan tolerantlıq barədə bütün dünyaya danışacaqdır”.
Sonra səfir Paskal Mönye Fransa hökuməti adından Nərgiz Paşayevaya Akademik Palma ordeninin zabit dərəcəsini təqdim etmişdir.
Nərgiz Paşayeva çıxışında qeyd etmişdir ki, bu gün onun həyatında ən xoşbəxt anlardan biridir. Nərgiz Paşayeva demişdir: “Belə bir yüksək mükafata - Fransa hökumətinin Akademik Palma ordeninin zabit dərəcəsinə - bu ali şərəfə layiq görüldüyüm üçün Fransa dövlətinə, Parisdə mənim namizədliyimə səs verən xadimlərə, Fransanın Azərbaycandakı səfirliyinə və şəxsən Sizə, cənab səfir, öz böyük ehtiramımı, minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm. Təməli 1808-ci ildə Napoleon tərəfindən qoyulmuş və təsis edilmiş bu orden hər bir insanın və eləcə də bütün cəmiyyətin gələcəyini daha aydın, daha işıqlı və avand edən elmin və təhsilin müqəddəs missiyasına verilən yüksək dəyərin və diqqətin təzahürüdür. Əgər mənim elmi-pedaqoji fəaliyyətim belə bir mötəbər təşkilatın sıralarında təmsil olunursa, bu fərəh, bu şərəf, bu sevinc mənə bir daha ruh, güc, inam, qol-qanad verir. Siz, cənab səfir, lütfkarlıq göstərib bizim universitetə gəlib bu sevincli və xoş xəbəri gətirdiyinizdə tək mənə deyil, bütün universitetimizə, tələbələrimizə, müəllim heyətimizə müjdə gətirmiş oldunuz. Çünki biz bir ailəyik, universitet ailəsiyik”.
Rektorun qeyd etdiyi kimi, hamı yaxşı bilir ki, universitetlər bütün dövrlərdə elmin, savadın, təhsilin carçısı olmaqla yanaşı, həm də əyilməz azad insan ruhunun, ədalətlilik ehtirasının, vətəndaşlıq temperamentinin və cəsarətinin, humanizmin və mənəvi gözəlliyin keşikçiləri olub.
Nərgiz Paşayeva demişdir: “Mən bir vətəndaş kimi öz fəaliyyətimdə həmişə bir ideala bağlı olmuşam, bu da doğulduğum gündən qəlbimdə yaşayan Vətən sevgisidir. Ümumiyyətlə, müəllim, alim, pedaqoq peşəsi insandan həmişə əqidə saflığı, məsuliyyət tələb edir. Çünki sənin fəaliyyətin cəmiyyətə xidmət edir və onun ən fəal üzvlərinə - cavanlara ünvanlanıb. Bir milləti məğlub etmək üçün onunla müharibə etmək lazım deyil, bunun üçün onun ləyaqətli müəllimlərini əlindən almaq kifayətdir”.
Rektor bildirmişdir ki, qədim mədəniyyətə və tarixə malik olan Azərbaycan əsrlər boyu böyük mütəfəkkirlər, alimlər, sənətkarlar yetişdirmişdir.
Professor Nərgiz Paşayeva demişdir: “Bizim bugünkü uğurlarımızın təməlində onların həyat və yaradıcılıqlarının zəngin irsi durur. Azərbaycan tarixinə nəzər saldıqda, görürsən ki, Azərbaycan - Fransa əlaqələrinin dərin və qırılmaz kökləri vardır.
1918-ci ildə yaradılan və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətini məhz Fransada, Paris Sülh Konfransında 1919-cu ildə beynəlxalq aləm tanıdı. O dövrdə Əlimərdanbəy Topçubaşov başda olmaqla görkəmli ictimai və dövlət xadimləri Əhmədbəy Ağayev, Ceyhun Hacıbəyli, Əkbərağa Şexülislamov və başqaları böyük tarixi missiyanı yerinə yetirmək üçün Parisdə əzmlə çalışdılar. Onlar həyatlarını Vətəninin azadlığı və müstəqilliyi naminə qurban verməyə hazır olan əsl ziyalı, əsl dövlət xadimləri idilər. O dövrün müstəqil respublikasının ömrü az olsa da, tarixin tərəzi gözündəki daşıdığı yük yüzilliklərə bərabərdir.
Mövzuya dair Dümanın Azərbaycanda Xurşidbanu Natəvanla görüşünü yada salaq, böyük de Qollun 1944-cü ildə Bakıda bir günlük səfəri zamanı Üzeyir Hacıbəyli ilə görüşünü yada salaq, Parisdə fransız yazıçısı kimi tanınan, ötən əsrin istedadlı Baninini - azərbaycanlı Ümmülbanunu yada salaq, 1925-ci ildə Ceyhun Hacıbəylinin təşəbbüsü ilə Fransada “Femina” teatrında “Arşın mal alan”ın fransız dilində premyerasını yada salaq, yenə də Ceyhun bəyin təşəbbüsü ilə Parisdə nəşr edilən “Qafqaz” jurnalını yada salaq.
Yada salaq ki, XIX əsr Azərbaycan ədəbiyyatı tarixində “paqonlu maarifçilər” adı ilə məşhur olan böyük yazıçı-maarifçilər M.F.Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı Avropa mədəniyyətindən, ən çox isə fransız ədəbiyyatı və dilindən bəhrələnmiş, yaradıcılıqlarında bunu əks etdirmişlər. Maraqlı faktdır ki, Azərbaycan ədəbiyyatı tarixində kiçik hekayə janrı ilk dəfə fransız dilində yazılmışdır. Bu, İ.Qutqaşınlının 1835-ci ildə Varşavada nəşr edilmiş “Rəşid bəy və Səadət xanım” hekayəsidir".
“Beləliklə, bizim ölkələr - Fransa və Azərbaycan arasında əlaqələr həm dərin tarixi köklərə, həm də qırılmaz insani tellərə bağlıdır”, - deyən rektor daha sonra əlavə etmişdir: “Məşhur fransız yazıçısı Sent Ekzüperinin gözəl kəlamı yada düşür: ”Yeganə həqiqi zənginlik və zinət insanlar arasında olan ünsiyyətdir". Həyatımızdan və təcrübəmizdən bilirik ki, bu, doğrudan da belədir. Ekzüperinin başqa bir kəlamını da burada səsləndirmək istərdim: “Hər sabah açılanda tək özünü deyil, yaşadığın planeti də sahmana sal”. Mənə elə gəlir ki, bu sözləri eşidən hər kəs bir küçənin, bir şəhərin, bir ölkənin sakini olmaqla yanaşı, həm də bir evin - Yer kürəsinin sakini kimi duyur və hiss edir. Yer kürəsinin döyünən ürəyi isə mənim düşüncələrimdə və xəyallarımda həmişə Fransa olub. Gözəlliyi və cazibəsi, əhval-ruhiyyəsi ilə hər kəsi məftun və heyran edən və hər kəsi özünə əbədi vurğun edən bənzərsiz Fransa! Paris şəhəri isə yaradıcı insanların vətəni, məskəni və ilham mənbəyi olub, olur və olacaq!
Mən özümü, dediyim kimi, artıq dərəcədə xoşbəxt sanıram ki, belə şərəfli mükafata layiq görülüb, hədsiz dərəcədə sevdiyim ölkənin yüksək diqqətini və etimadını qazanmışam. Sevinirəm ki, məni tam səmimiliyi ilə xeyirxahcasına sevənlər, qəlbən bağlı olanlar bu gün buraya toplaşaraq mənə dəstək və dayaq olublar. Sizlərin hər birinizin dəstəyinə və etibarına mənim ehtiyacım olub və olacaqdır. “Tək əldən səs çıxmaz” deyərlər və kimliyindən asılı olmayaraq insanın uğurlarında tək onun özünün deyil, çoxlarının payı olur. Azərbaycanda gözəl məsəl var - “Ağac bar verdikcə, başını aşağı salır”. Bizim də başımızı ucaldan tək özümüzün əldə etdiklərimiz deyil, yetişdirdiyimiz barlar, yəni digərlərinin inkişafı üçün yaratdığımız şərait, xoş əməllər, tərbiyə etdiyimiz nəsillər olacaqdır".
Nərgiz Paşayeva mərasimdə iştirak edən səfirlərə, görkəmli xadimlərə, həmkarlarına, tələbələrə, doğmalarına, bu tədbiri belə diqqət və istiqanlılıqla təşkil edən Fransanın Azərbaycandakı səfirliyinin bütün əməkdaşlarına, göstərdiyi səmimiyyətə, lütfkarlığa və qonaqpərvərliyə görə şəxsən səfirə bir daha təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, Akademik Palma ordeni 1808-ci il martın 19-da imperator I Napoleon tərəfindən Paris Universitetinin və bəzi liseylərin akademikləri və professorları üçün təsis edilmiş ordendən (təşkilat kimi) başlanır. Hazırda Akademik Palma ordeni ilə həm müəllimlər və tədris ictimaiyyətinin üzvləri, həm də tədris işinə aidiyyəti olmayan, lakin təhsilə sanballı töhfələr vermiş şəxslər, habelə Fransanın hüdudlarından kənarda yaşayan, Fransa mədəniyyətinin başqa ölkələrdə yayılmasına fəal kömək edən əcnəbi təbəələr və fransızlar təltif edilə bilərlər.
Təltif edilmək üçün namizədlərə Fransanın xalq təhsili nazirinin sədrliyi ilə Akademik Palma Ordeni Şurasında baxılır. Şuraya nazirdən əlavə, Fəxri Legion Ordeni Şurasının üzvlərindən biri və Təhsil Nazirliyinin inspeksiya rəhbərləri daxildir. Təltif haqqında qərar səs çoxluğu ilə qəbul edilir. Təltif olunanların siyahısını Fransanın Baş naziri təsdiq edir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.