Türkiyənin təhsil naziri: “Bəzi firmalar Türkiyədə təhsil almaq istəyən azərbaycanlı gənclərə yanlış məlumatlar və vədlər verirlər”

 

 

“Bəzi firmalar Azərbaycandan Türkiyəyə təhsil almaq üçün getmək istəyən gənclərə çox da düzgün olmayan məlumatlar, hətta bəzi mövcud olmayan universitet ixtisasları üçün yalançı vədlər verirlər”.

APA-nın məlumatına görə, bunu Türkiyənin təhsil naziri Nəbi Avcı mayın 22-də təhsil naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında demişdir.

O bildirmişdir ki, Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycandan Türkiyəyə gəlmək istəyən tələbələrin ziyan görməməsi üçün Türkiyə universitetlərində öz imkanları ilə təhsil almaq istəyən namizədlərə və onların valideynlərinə müraciət etmişdir.

Nazirin sözlərinə görə, hər bir tələbə tərəfindən müraciətlər səfirlik vasitəsilə ediləcəyi təqdirdə problem olmayacaq: “Fəaliyyəti bəlli olmayan vasitəçi qurumlara etibar edilməməlidir. Türkiyədəki universitetlərə qəbul üçün müraciətlər artıq internetlə mümkün olduğundan, ya birbaşa onların özlərinə, ya da Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etməklə daha etibarlı məlumatlar ala bilərlər. Azərbaycandan Türkiyəyə oxumağa gələn azərbaycanlı gənclərin burada hər hansı problemlərlə üzləşməsini istəmirik. Bunun üçün də Türkiyəyə oxumağa ən yaxşı və etibarlı yollarla gəlmələrini arzulayırıq. Azərbaycanlı gənclərin Türkiyə universitetlərində təhsil almasından çox şadıq. Yetər ki, onlar bu universitetlərə etibarlı yollarla daxil olsunlar və ailələrinə ziyan dəyməsin”.

Azərbaycan və Türkiyə təhsil nazirləri diplomların hər iki ölkədə qarşılıqlı tanınması məsələsinə də aydınlıq gətiriblər.

Türkiyənin təhsil naziri Nəbi Avcı bildirmişdir ki, diplomların qarşılıqlı tanınması məsələsi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ilə Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya arasında keçirilən görüşdə müzakirə edilmişdir. Gələcəkdə diplomların tanınmasında heç bir problem qalmayacaq.

Nazir qeyd etmişdir ki, Azərbaycandan Türkiyəyə, Türkiyədən isə Azərbaycana təhsil almağa gedəcək tələbələrin, eləcə də ixtisasların sayının artırılması üçün iş aparılır. O, gələcəkdə qarşılıqlı tələbə mübadiləsinin davam edəcəyini diqqətə çatdırmışdır: “Mövlanə Mübadilə Proqramı gələcək illərdə Qafqaz Universitetləri Birliyinə üzv olan ölkələr arasında həyata keçiriləcək. Bu proqram çərçivəsində tələbələr və müəllimlərin qarşılıqlı mübadiləsi daha da yaxşılaşacaq”.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov da məsələyə münasibət bildirmişdir. O qeyd etmişdir ki, ali təhsil sahəsindəki problemlərin həlli, gələcək inkişaf perspektivləri həm Türkiyənin təhsil naziri Nəbi Avcı, həm də Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya ilə keçirilən görüş zamanı müzakirə edilmişdir: “Ümid edirəm ki, bu müzakirələrin nəticəsi təhsil ocaqlarının fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Gələcək planlar barədə Türkiyə ilə müəyyən razılıq əldə olunmuşdur”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında