Kürdəmirdə təhsilə diqqət və qayğı artmışdır

 

 

Son illər Azərbaycanın hər bir bölgəsi kimi, Kürdəmir rayonu da hərtərəfli sosial-iqtisadi yüksəliş, mədəni intibah mərhələsi yaşayır. Rayonda ictimai-siyasi həyatın bütün sahələrində yaranmış yüksək tələbkarlıq və quruculuq mühiti millətimizin gələcəyi olan gənc nəslin təlim və tərbiyəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi üçün geniş imkanlar açmışdır.

 Ulu öndər Heydər Əliyev haqlı olaraq demişdir ki, Azərbaycan xalqının ən böyük sərvəti onun ziyalılarıdır, savadlı, bilikli insanlarıdır. Təsadüfi deyildir ki, dahi siyasətçi təhsilə hərtərəfli qayğını dövlətin prioritet vəzifələrindən hesab edirdi. Bu gün xöşbəxtlikdən bu müdrik siyasət Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahəyə hər an artan diqqət və qayğısını təhsil işçiləri daim hiss edir və bundan, təbii ki, böyük qürur duyurlar.

Təhsil elə bir sahədir ki, burada böyük, davamlı uğurları yalnız birgə səylərlə əldə etmək olar. Sevindirici haldır ki, Azərbaycanın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da demək olar ki, hamı – istər vəzifə sahibi olsun, istər sıravi vətəndaş məktəbə, təhsilə qayğını özünün vətəndaşlıq borcu hesab edir. Belə ki, hazırda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı və onun aparatı, müvafiq idarə və müəssisə rəhbərləri, bir sözlə, bütün rayon ziyalıları gənc nəslin təlim və tərbiyəsi naminə diqqət və qayğılarını əsirgəmirlər.

Təbii ki, rayonun pedaqoji kollektivləri bu qayğıdan ruhlanaraq öz fəaliyyətlərini daha məsuliyyətlə qurmağa, təhsildə müasir təlim və tərbiyə metodlarının, eləcə də ən son kommunikasiya texnologiyalarının tətbiqinə çalışırlar. Rayonun pedaqoji kollektivlərində hökm sürən işgüzar, səmimi münasibətlər yeni uğurlara yol açır. Hər bir istedadlı şagirdin hər hansı zona və ya respublika bilik müsabiqələrində yüksək nəticələr əldə etməsinə pedaqoji kollektivlə bərabər bütün rayon əhalisi də ürəkdən sevinir.

Məlumdur ki, təhsil sahəsində islahat proqramının, təhsil qanununun qarşıya qoyduğu vəzifələrin müsbət həlli, ilk növbədə, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək ixtisaslı kadrlarla təmin olunmasından, burada normal mənəvi-işgüzar mühitin formalaşdırmaqdan çox asılıdır. Bu mənada rayonda 2011-2012-ci dərs ili xüsusiilə əlamətdar olmuşdur. Belə ki, Kürdəmirdə “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində yeni məktəb binaları tikilərək istifadəyə verilmiş və bir sıra məktəblərdə əsaslı təmir işləri aparılmış, təhsil müəssisələrinin maddi-texniki təchizatı yaxşılaşdırılmış, vakant iş yerlərinin yeni ixtisaslı pedaqoji kadrlarla təchiz olunmasında nəzərəçarpan irəliləyişlər əldə olunmuşdur.

Təkcə bu faktı demək kifayətdir ki, son illərdə rayonda müasir standartlara cavab verən 28 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bu da həmin məktəblərdə 8 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaratmışdır. Təcrübəli pedaqoqlar yaxşı bilirlər ki, bir növbəli tədris sistemi təhsilin keyfiyyətinə həqiqətən müsbət təsir göstərir. Başa çatmaqda olan dərs ilinin əvvəllində rayonda 4 yeni məktəb binası inşa edilmişdir. Hazırda isə 6 ümumtəhsil məktəbinin tikintisi sürətlə davam etdirilir. Bir sıra məktəblərdə isə tələbata uyğun olaraq əlavə sinif otaqları inşa edilir.

Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin dərslik, tədris avadanlıqları və kompyuterlərlə təchizatı da ilbəil yaxşılaşır. Cari dərs ilində şagirdlərə 129 adda 47661 ədəd müxtəlif dərslik və dərs vəsaitləri təmənnasız olaraq verilmişdir. Son 7 ildə məktəblərə 507 kompyuter dəsti verilmişdir ki, bu da rayonun V-XI sinifləri üzrə təhsil alan hər 20 şagirdinə bir kompyuter düşməsi deməkdir. Yaxın illərdə bu göstəricinin daha da yaxşılaşacağı gözlənilir. Məktəblərin, xüsusilə kənd məktəblərinin sürətli internetə qoşulması problemi də öz müsbət həllini tapmaqdadır.

 Uzun illər pedaqoji təcrübəsi olanlar yaxşı bilirlər: məktəbin siması, ilk növbədə, müəllimdir. Rayonda öz peşəsini qəlbən sevən, fədakar pedaqoqlar olduqca çoxdur. Kürdəmirdə təhsilin son illərdəki uğurlarında zəngin pedaqoji təcrübəyə malik olan bu insanların əməyi dövlət başçısı İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilir. Son illər rayonun 15 qabaqcıl müəllimi və təhsil işçisi müxtəlif yüksək fəxri adlar almışlar. 2011-2012-ci dərs ilində şəhər 3 saylı tam orta məktəbin kimya müəllimi Minayə İbrahimova “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 2012-2013-cü dərs ilində isə həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əsbət Musayeva “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 2012-2013-cü dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 14734 şagirdin təlim-tərbiyəsi ilə 1442 ali və orta ixtisas təhsilli müəllim məşğul olur. Pedaqoji kollektiv təhsilin keyfiyyətini yüksəltmək məqsədilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində fəal iştirak edir. Şəhər 1 saylı orta məktəbi, eləcə də bu təhsil ocağının bir nəfər qabaqcıl müəllimi, şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi sonuncu respublika müsabiqəsində yüksək nəticələr əldə etmişlər. Məktəblərdə təlim-tərbiyə işlərinin keyfiyyətinin daim yüksəldilməsinin nəticəsidir ki, ötən dərs ilində rayon məktəbliləri respublika üzrə müxtəlif nominasiyalar üzrə keçirilən bilik yarışlarında və fənn olimpiadalarında fəal iştirak etmişlər. Üç məktəbli 2013-cü ilin mart ayında Bakı şəhərində təşkil olunmuş fənn olimpiadasının yekun turunda Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və kimya fənləri üzrə mükafata layiq yerləri tutmuşlar.

Rayon təhsil şöbəsinin kollektivi şagirdlərin ümummilli lider Heydər Əliyev ideyalarına, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmalarına xüsusi diqqət yetirir və bu məqsədlə silsilə təbirlər hazırlayaraq həyata keçirir. Əlamətdar haldır ki, rayon məktəbliləri ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş respublika rəsm və inşa-yazı, eləcə də gənc ifaçıların ikinci respublika müsabiqələrinin rayon və zona mərhələsində müvəffəqiyyətlə iştirak edərək yaxşı nəticələr əldə etmişlər.

 2013-cü ilin fevral ayında “Ən çox sevdiyim idman növu” mövzusunda rayon məktəbliləri arasında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin Respublika mərhələsinə 20-yə yaxın rəsm işi təqdim edilmişdir. Bu ilin mart ayında isə “Fövqəladə hallar uşaqların gözu ilə” mövzusunda rayon məktəbliləri arasında “Rəsm”, “Plakat”, “Əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın qəza-xilasetmə texnikasının modeli” nominasiyaları uzrə yaradıcılıq müsabiqəsi keçirilmişdir. Bu qəbildən olan tədbirlərin məktəblilərin fəal vətəndaş kimi yetişməsində faydası çoxdur. Uşaqlar da belə tədbirlərdə öz bilik və bacarıqlarını sınadıqları üçün razı qalırlar.

2012-ci ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 947 məzundan 463-ü ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim etmiş, bunlardan 207 nəfəri ali məktəblərə, 130 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Qəbul olunanlardan 13 nəfəri 500 baldan, 3 nəfəri isə 600 baldan çox nəticə əldə etmişdir ki, bu da əvvəlki illə müqayisədə yüksək göstəricidir.

Qarşıdan buraxılış imtahanları gəlir. İmtahanlar təkcə şagirdlər üçün deyil, həm də pedaqoji kollektivlər üçün də bir sınaqdır. Rayon təhsil şöbəsinin müdiri Tacəddin Novruzov yuxarıda verdiyi məlumata əlavə olaraq bildirdi ki, şöbə yola saldığımız dərs ilində Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 8 may tarixli sərəncamını, Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müvafiq qərarlarını əldə rəhbər tutaraq ümumtəhsil məktəblərinin IX və XI sinifləri üzrə buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada uğurla həyata keçirmək əzmindədir.

 Müstəqil Azərbaycanın təhsil sistemində hazırda daha sürətli yeniləşmə, müasirləşmə mərhələsi başlandığını deyən şöbə müdiri əlavə etdi ki, hər bir pedaqoq, hər bir təhsil müəssisəsi bu gün öz fəaliyyətinə daha ciddi tələblər baxımından yanaşmalıdır. Kürdəmir rayonunun pedaqoji kollektivi  bundan sonra da öz üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gəlməyə çalışacaqlar.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında