Heydər Əliyev ömrü sonetlərdə

 

 

Ulu öndər  Heydər Əliyevin 90 illik  yubileyi  ilə bağlı buraxılan çoxsaylı kitablar  içərisində tanınmış  ədib  Sabir Mustafanın “Qayıdış” poeması janr baxımından orijinal  bir əsər olub ümummilli liderin xalqa  həsr olunmuş mübarizə yoluna işıq salan ilk irihəcmli  sonetdir. Avropa ədəbiyyatının məşhur poetik janrında  türk  sonetlərini  yaratmış  şair bu  əsərlə  ulu öndərə sonsuz məhəbbətini  ifadə  etməyə  nail olmuşdur.

Sabir Mustafa  şair-tərcüməçi  kimi Azərbaycan ədəbi-mədəni mühitində yaxşı  tanınan  sənətkardır. Onun həm  tərcümələri, həm də  orijinal  əsərləri özünəməxsusluğu, bədii dəyəri  ilə seçilir. Modern şeir  texnologiyalarına  sıx-sıx  müraciət  edən şair-tərcüməçi, eyni zamanda, xalq  dilinin  zəngin imkanlarından  faydalanmaqla, həqiqətən, mükəmməl  üslub  nümayiş  etdirir.

“Qayıdış”  poeması,  mənim fikrimcə,  bu mövzuda  yazılmış  ən  uğurlu  əsərlərdən  biridir.  Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin ikinci  dəfə xalqın  istəyilə  hakimiyyətə gəlməsi,  məhv olmaq təhlükəsilə  üzləşmiş  ölkəni  xilas  eləməsi  və  müstəqil dövlət  qurması  poemada  konkret  obrazlarla,  lirik  detal və təfərrüatlarla əks etdirilmişdir.   Şairin  ən  böyük   yaradıcılıq  xidməti  ondan ibarətdir ki,   sadəcə,  tərənnüm  yolu ilə   getməmiş,  dövrün  mürəkkəb ziddiyyətlərini,  ictimai-siyasi problemləri  kifayət  qədər qabarıq  verməklə,  Heydər Əliyev şəxsiyyətinin  qüdrətini,  ağır  vəziyyətlərdən  çıxmaq  məharətini, siyasi intellektini,  düzgün  qərar  qəbul  etmək  əzmini,  mübarizliyini  ustalıqla  göstərə bilmişdir:

 

Onu sarsıtmadı, nə qəm, nə əzab,

Sabaha əbədi yollar çəkirdi.

Özü  müstəqillik,  adı inqilab

Azad respublika, saray  tikirdi...

 

Sabir  Mustafa  “Qayıdış” poemasında  öz mötəbər  qəhrəmanını  (ümummilli  lider!)  yalnız milli  tarixi  şəxsiyyət  kimi yox,  həm də bütöv  bir  xalqın iradəsinin,  ideallarının  parlaq  ifadəçisi  kimi  təqdim etmiş, onun obrazında millətin  qüdrətini,  istedadını əks  etdirmişdir. Şair əmindir ki, ancaq Azərbaycan xalqı  kimi qürurlu, azadlıqsevər, vətənpərəvər  bir xalq  Heydər  Əliyev kimi möhtəşəm (və milli!) siyasət dahisi, böyük  dövlət (və millət!) qurucusu yetişdirə  bilər:

 

Yaratdı yurdumda  azad  bir aləm,

Hər  ürəkdə  ürək, hər canda candır.

Mənim  şah əsərim bu yeni nəğməm,

Onun  şah  əsəri Azərbaycandır!

 

Poemada müəllifin  özünəməxsus  üslubu orijinal  poetik formalarla ənənəvi folkor-dastan təhkiyəsini  ustalıqla birləşdirməsində, xalq  bədii  təfəkkürünün müdrik,  səmimi  intonasiyasına  əsaslanmasında   təzahür edir.  Əsərin  elə  məqamları var ki, oxucunun  yadına “Dədə Qorqud”un, “Koroğlu”nun tanış (və doğma!)  təhkiyəsini, ritmini və ümumən  bədii  təəssüratını  gətirir.  Ona görə də  əsər,  bütövlükdə, yeni bir qəhrəmanlıq  dastanı  təsəvvürünü yaradır ki, bu da tamamilə təbiidir. Çünki Heydər Əliyev xalqımızın  yaddaşına  əzəmətli bir dastan  qəhrəmanı  kimi daxil olmuşdur.

Heç şübhəsiz, şair  ümummilli lider haqqında  bundan sonra da gözəl  əsərlər  yaradacaqdır. Ancaq  Sabir Mustafanın ürəklə, istedadla qələmə aldığı  “Qayıdış”  poeması  öz təravətini heç zaman itirməyəcəkdir.

Nizami CƏFƏROV,
Milli Məclisin komitə sədri,
AMEA-nın müxbir  üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında