elmi-nəzəri jurnalının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxmışdır
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nəşri olan “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, xüsusi tərtibatda, nəfis şəkildə çap olunmuş jurnalın son nömrəsinin üz qabığında ulu öndərin böyük portreti verilmişdir.
Jurnalın ilk səhifəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət bayrağının fonunda əks olunmuş portreti və dövlətimizin başçısının “Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk” sözləri ilə açılır.
“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının xüsusi buraxılışında yer alan ilk analitik yazı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti (yanvar 1990 - iyun 1993-cü il)” adlanır.
Analitik yazıda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri tam dolğunluğu ilə öz əksini tapmışdır.
Professor qeyd edir ki, görkəmli siyasət xadimi və nadir şəxsiyyət kimi ulu öndər Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründəki xidmətləri, Azərbaycana rəhbərliyi illərində respublikanın sosial-iqtisadi istiqamətində atdığı addımlar, xalqımızın milli mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində gördüyü işlər haqqında indiyə qədər çoxsaylı elmi-siyasi araşdırmalar aparılmış və kitablar yazılmışdır.
Ulu öndər Heydər Əliyevin xarizmatik liderlik keyfiyyətləri və milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi və s. keyfiyyətləri onun həyatının mühüm bir mərhələsini təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində - Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə daha qabarıq formada üzə çıxmışdır.
Müəllif dərin elmi araşdırmalara əsaslanan məqaləsində əsas diqqəti Azərbaycan xalqının ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə - 1990-cı ilin əvvəllərində ulu öndərin öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmasına və həmin andan başlanan və 1993-cü ilin iyununadək davam edən mücadilənin ayrı-ayrı mərhələlərinə, bu ağır dövrdə ümummilli liderimizin atdığı müdrik addımlar sayəsində Azərbaycanın bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsindən xilas olmasını şərtləndirən amillərə yönəltmişdir.
Professor Əli Həsənov məqaləsini bu fikirlərlə bitirir: “Tarixi proseslərin sonrakı gedişi göstərdi ki, Heydər Əliyev həm Ali Sovetin sədri, həm də sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti kimi, daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və səmərəli idarəçilik həyata keçirdi, Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin BANİSİ və LİDERİ kimi həkk etdi”.
Ümumilikdə 188 səhifədən ibarət olan xüsusi buraxılışda ümummilli liderimizin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının çiçəklənməsi istiqamətində titanik fəaliyyətindən, ölkəmizin dünyaya tanıtdırılması, nüfuzlu dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinin təşəkkül tapması və genişləndirilməsi sahəsində gördüyü nəhəng işlərdən bəhs edən sanballı elmi-nəzəri məqalələr yer almışdır.
Bu yazılar arasında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun “Ümummilli liderin ideyaları Azərbaycan diasporunun inkişafının təməl prinsipidir”, DİA-nın rektoru, akademik Urxan Ələkbərovun “İnsan inkişafı Heydər Əliyev strategiyasının prioriteti kimi”, Nizami Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü, tibb elmləri namizədi Tahir Budaqovun “Azərbaycan 1993-2013: qurtuluşdan tərəqqiyə”, Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkunun “Türkiyə-Azərbaycan münasibətləri”, İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri doktor Adel Mohammad Adailehin “Hadisələrin qaynar mərkəzində keçən ömür”, İraq Respublikasının ölkəmizdəki səfiri Heydər Şiya Əl-Barrakın “Siyasi lider qürur mənbəyidir”, Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev və DİA-nın fəlsəfə və sosiologiya kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfovun “Azərbaycançılıq ideyasının inkişafında ümummilli lider Heydər Əliyevin rolu”, DİA-nın Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin “XX əsrin 70-80-ci illərində Heydər Əliyevin iqtisadi inkişaf siyasəti: əsas nailiyyətlər və onun müasir dövr üçün əhəmiyyəti”, Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirovun “Heydər Əliyevin mili intibah missiyası və onun yeni mərhələsi”, DİA-nın şöbə müdiri, tarix elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Quluzadənin “Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin öz yeri vardır”, Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun “Heydər Əliyevin xarici siyasət kursu yeni və dinamik inkişaf mərhələsində” sərlövhəli materiallar və digərləri diqqəti xüsusilə cəlb edir.
“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının xüsusi buraxılışında dərc olunmuş bütün məqalələrin ingilis dilində xülasəsi verilmişdir.
Jurnalın redaktoru akademik Urxan Ələkbərovdur.
Nəşrin redaksiya şurasına Ramiz Mehdiyev (sədr), Fatma Abdullazadə, Əli Həsənov, Məleykə Abbaszadə, Vahid Axundov, Fikrət Məmmədov, Əli Əhmədov, Urxan Ələkbərov daxildirlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.