Azərbaycan elmi ictimaiyyəti iqtisad elminin görkəmli şəxsiyyətlərindən biri, aqrar iqtisad məktəbinin formalaşmasında müstəsna əməyi olmuş Əhməd Əkbər oğlu Mahmudovun 90 illiyini qeyd edir. Ölkə iqtisadiyyatının inkişafında, iqtisad elminin zənginləşməsində, iqtisadçı elmi kadrların hazırlanmasında AMEA-nın iqtisadiyyat üzrə ilk akademiki Əhməd Mahmudovun əvəzsiz xidmətləri olmuşdur.
Sosialist təsərrüfatçılıq sistemi ilə idarə olunan Azərbaycan iqtisadiyyatı ötən əsrin 70-ci illərinə qədər getdikcə tənəzzülə uğramış, elmin istehsalatdan ayrı mühitdə fəaliyyəti artıq reallığa çevrilmişdi. 1969-cu ildə Azərbaycan KP MK-nın iyul plenumunda ulu öndər Heydər Əliyevin birinci katib seçilməsi ölkə həyatında ciddi pozitiv dəyişikliklərin əsasını qoydu.
Məhz ümummilli liderimizin təkzibedilməz, inandırıcı arqumentləri, prinsipiallığı, inadkarlığı sayəsində 1970-ci ildə Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 23 iyul tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərarı qəbul olundu. Azərbaycan KP MK- nın avqust plenumu bu qərar əsasında aqrar- sənaye kompleksinin mövcud durumuna real qiymət verməklə inkişafın konseptual istiqamətlərini müəyyənləşdirdi. Bu zaman qarşıya qoyulan mühüm məsələlərdən biri aqrar sahəyə prioritetlik verilməsi və onun inkişafının elmi cəhətdən əsaslandırılmış təməl üzərinə keçirilməsi mühüm məqsəd kimi ölkə alimlərinin üzərinə düşürdü.
Həmin dövrü səciyyələndirən ölkə Prezidenti cənab İlham Əliyev qeyd edir: “Bütün dövrlərdə – 1970-ci illərdə, ondan sonra, 1990-cı illərdə Heydər Əliyevin elmə diqqət və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ölkənin inkişafını, potensialını elmin inkişafı müəyyən edir”.
Həmin illərdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatında da təmərküzləşmə və regional ixtisaslaşma nəticəsində görünməmiş inkişaf tempinə nail olunmuş və nəticədə pambıqçılıq, üzümçülük, meyvəçilik kimi ixracyönümlü sahələrdə məhsul istehsalı 3-4 dəfə, digər sahələrdə, məsələn, taxılçılıqda, heyvandarlıqda, quşçuluqda məhsul istehsalı isə ən azı 2 dəfə artmışdı. Azərbaycan kəndinin sosial siması dəyişmiş, xüsusən kənd əhalisinin gəlirlilik səviyyəsi respublikanı İttifaq miqyasında öncül mövqeyə çıxara bilmişdi. Bu nəticələrin əldə olunmasında Əhməd Mahmudovun rəhbərlik etdiyi Azərbaycan aqrar iqtisad məktəbinin böyük əməyi danılmazdır.
Akademik Əhməd Mahmudov 70-ci illər Azərbaycan iqtisadiyyatının dinamik inkişafına istiqamətlənmiş tövsiyələrin hazırlanması işində bilavasitə iştirak edirdi. Onun rəhbərliyi ilə respublikanın müxtəlif şəhər və rayonlarında elmi konfranslar, seminarlar keçirilir, sosial-iqtisadi problemlərin elmi tədqiqi sahəsində əməli addımlar atılırdı. Bir sözlə, akademik Əhməd Mahmudovun Azərbaycan elmi qarşısında ən böyük xidmətlərindən biri də onun respublikanın iqtisadçı alimlərini yaradıcı işə cəlb etməsi, iqtisad elmini real həyata, gələcək inkişafa yönəltməsi idi.
Biz görkəmli alimin elmi əsərlərinin xronologiyasına diqqət yetirsək, burada iqtisadiyyatın nəzəri aspektləri, ölkə iqtisadiyyatının əsas tərkib hissəsi olan aqrar iqtisadiyyatın problem məsələlərinin, o cümlədən torpaq münasibətləri, sudan istifadə, əməyin təşkili, mütərəqqi texnologiyaların tətbiqi, kooperasiya münasibətlərinin inkişafı və aqrar sənaye inteqrasiyası məsələləri, maliyyələşmə, maddi-texniki təchizat, istehsalın intensivləşdirilməsi, ərzaq təminatı və ən nəhayət, iqtisadi səmərəliliyin yüksəldilməsi, təmərküzləşmə, habelə regional ixtisaslaşma mövzularının üstünlük təşkil etdiyini görərik. Ümumiyyətlə, Ə.Mahmudov həmişə inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycan kənd təsərrüfatının da yalnız intensiv amillər üzərində qurulması yolu ilə inkişafını ön plana çəkirdi.
Ə.Mahmudov intensivləşdirmənin fəaliyyət mexanizminin konkret təhlilini verərək qeyd edirdi ki, kənd təsərrüfatının iqtisadi səmərəliliyini müəyyənləşdirmək üçün bir və ya iki göstərici kifayət deyildir. Bu baxımdan intensivləşmənin iqtisadi səmərəliliyinə təsir edən bütün amillərin nəzərə alınması çox zaman çətinlik yaratsa da, vacibdir. Ona görə də görkəmli alim öz tədqiqatlarında kənd təsərrüfatının intensivləşdirilməsi prosesinin ayrı-ayrı amillər üzrə təhlilinə geniş yer verərək, onları əsasən iki qrupa – təbii və texniki-iqtisadi amillərə ayırırdı. O, kənd təsərrüfatının intensivləşdirilməsinin bu iki amili arasında mövcud olan uyğunsuzluqları aşkara çıxarır və onların aradan qaldırılması yollarını göstərirdi. Alimin fıkrincə, təbii amillər istehsalın intensivləşdirilməsinin zəruri əsasını və fərqlərini şərtləndirir. İstehsalatda intensiv amillərin tətbiqi regional ixtisaslaşma və təmərküzləşdirilmənin optimal səviyyəsi kənd təsərrüfatında səmərəliliyin yüksəlməsinə imkan verir. Texniki amillər isə ilk növbədə fəaliyyətin intensivləşdirilməsi dərəcəsindən və təsərrüfatın iqtisadi vəziyyətindən asılı olaraq araşdırılmalıdır.
Bütün bunları iqtisadçı alimin tədqiqat metodikasına və metodologiyasına diqqət çəkmək naminə qeyd etmirəm. Çünki o, seçdiyi obyektin tədqiqində ilk baxışdan aydın, öyrənilmiş görünən və bir çox tədqiqatçıların seçə bilmədikləri məqamları müəyyənləşdirir, onların vacibliyini əsaslandırır, həlli yollarını göstərirdi. Bu prinsip Əhməd müəllimin bütün tədqiqatlarında, xüsusilə tətbiq etdiyi yanaşmalarda özünü göstərirdi. Onun əsərləri şərhçilikdən, təsvirçilikdən, faktoqrafiyadan tamamilə uzaq olmaqla iqtisadiyyatın bu və ya digər sahə üzrə vacib problemlərinin nəzəri və praktiki həllini özündə ehtiva edən bir orijinallığa malikdir.
Prezident İlham Əliyevin bazar iqtisadiyyatına keçid dövrünün başa çatmasını bəyan etməsindən sonra aqrar sahənin inkişafında intensiv amillərə üstünlük verilməsinə dair konseptual göstərişləri həmin prosesin respublika kənd təsərrüfatının müasir inkişaf mərhələsində davamlı olmasının həm iqtisadi, həm də institusional vasitələrlə dəstəklənməsini bir daha aktuallaşdırır. Məlumdur ki, kənd təsərrüfatının aparıcı sahəyə çevrilməsi zərurəti onun əvəzolunmaz sosial-iqtisadi funksiyaları ilə şərtlənir. Aqrar sahənin prioritetliyi müstəqilliyin ilk onilliyində ali dövlət rəhbərliyi tərəfindən bəyan olunmuş, onun üstün inkişafının təmin edilməsi üçün kompleks tədbirlər görülmüş və görülməkdədir. Müasir dövrdə ölkə başçısının kənd təsərrüfatının inkişafında intensiv amillərin tətbiqinə önəm verməsi sosialist təsərrüfatçılıq sistemindən fərqli olan indiki şəraitdə bu sahədə tədqiqatların daha da dərinləşdirilməsini tələb edir.
Görkəmli alimin yuxarıda qeyd edilən bu yanaşma tərzinə sadiq qalmaqla araşdırmalarımız göstərir ki, indiki şəraitdə aqrar sahədə iqtisadi səmərəliliyin yüksəldilməsi üçün kənd təsərrüfatının investisiya cəlbediciliyinin artırılması yollarının tədqiqi prioritet olmalıdır.
Kənd təsərrüfatının, eləcə də onunla bilavasitə iqtisadi-texnoloji cəhətdən bağlı olan sahələrin intensiv məcrada inkişafı maliyyə təminatından, bu təminat isə onun investisiya cəlbediciliyi qabiliyyətindən birbaşa asılıdır. Hazırda geniş təkrar istehsal imkanlarının gerçəkləşdirilməsi insanların məşğulluq probleminin həllində mühüm rol oynamaqdadır. Bu, milli iqtisadi təhlükəsizlik, o cümlədən ərzaq təhlükəzliyi müstəvisində daha böyük aktuallıq kəsb edir.
Araşdırmalar göstərir ki, bu gün kənd təsərrüfatında xüsusi çəkiyə malik xırda təsərrüfatlar öz aktivlərini yaratmaqda və yığım prosesində, eləcə də kənd təsərrüfatına xas olan risklər və qeyri-müəyyənliklərlə bağlı problemlərin həllində üzləşdikləri məhdudlaşdırıcı amillərin aradan qaldırılması üçün dəstəklənməyə ehtiyac duyurlar. Odur ki, kənddə fəaliyyət göstərən sahibkar idarəçiliyi, makroiqtisadi sabitliyin səviyyəsi, kəndin infrastrukturu, mülkiyyət hüquqlarının müdafiəsi və səmərəli bazar təsisatlarının fəaliyyəti elə həddə çatdırılmalıdırlar ki, mövcud resursların səfərbər edilməsinə maraq artsın, beləliklə də onlar kənd təsərrüfatına sərmayə qoyuluşu ilə bağlı risklərə getməkdən çəkinməsinlər. Ümumiyyətlə, kənd yerlərində ən xırda sərmayədarlardan başlamış ən iri investorlara qədər hər kəsə xüsusi diqqətlə yanaşılması vacibdir.
İstehsal kooperativləri və digər istehsalçı təşkilatlar kiçik torpaq sahibkarlarının bu problemlərinin bir qisminin öhdəsindən gəlməyə şərait yarada, etibarlı sosial zəmanətlər sistemi isə imkansız fermer təsərrüfatlarının maliyyə durumunun daha da zəifləməsinin qarşısını almağa, səmərəli aktivlər toplanılmasına imkan verə bilər. Bu baxımdan ölkə Prezidentinin sözügedən sahədə ərzaq təhlükəsizliyinin etibarlı təminatı və ixrac potensiallı kənd təsərrüfatı istehsalının qurulması üçün iri təsərrüfatların yaradılmasına xüsusi diqqət yetirilməsinə dair verdiyi tapşırıqların reallaşdırılması gündəlikdədir. Burada dövlət səhmlərinə xüsusi əhəmiyyət verilməsi postsovet ölkələrində reallaşdırılması labüd sayılan dövlət kapitalizm prinsiplərindən istifadədə xüsusi maraq doğura bilər. Bir məqamı da xüsusi qeyd etməliyik. İnkişaf etmiş ölkələrin bir çoxunun kənd təsərrüfatında xırda istehsalçıların sayı 80-85 faiz təşkil etsə də, məhsul istehsalında onların payı 20-25 faizdən çox deyildir. Başqa sözlə, sahədə ümumi məhsulun 75-80 faizini iri ixtisaslaşdırılmış təsərrüfatlar verir. Bununla belə, xırda təsərrüfatların əhəmiyyətli yer tutduğu qarışıq iqtisadiyyatın məşğulluğun yüksəldilməsi, kənd həyat tərzinin və milli genefondun qorunması baxımından dəstəklənməsi zərurəti şübhə doğurmur.
Əlverişli investisiya şəraitinin vaxtında və düzgün formalaşdırılması kənd təsərrüfatı üçün son dərəcə zəruridir. Lakin xırda torpaq sahiblərinin öz vəsaitlərini investisiyaya çevirə bilməsi və irimiqyaslı investisiyaların sosial yönümlü hədəflərə istiqamətləndirilməsi üçün bunlar heç də kifayət deyildir. İstər dövlət, istərsə də donorlar xırda torpaq sahiblərinə maliyyə dəstəyinin verilməsinə son nəticəyə hesablanmış qayğı və məsuliyyətlə yanaşmalıdırlar. Başqa sözlə, investorların fəaliyyəti kiçik torpaq sahibkarlarının tez-tez üzləşdikləri kənd təsərrüfatına investisiya qoyuluşunu məhdudlaşdıran ciddi problemlərin həllinə, o cümlədən, onların vəsaitlərinin toplanması və artırılmasına yönəlmiş investisiyalaşmada mövcud maneələrin aradan qaldırılmasına xidmət etməlidir. Çünki kiçik torpaq sahibləri istehsalın davamlılığı üçün zəruri kapital həcmini toplamağı və ya əlavə risklərə getməyi heç də həmişə məqbul saymırlar.
Məlumdur ki, dövlət və özəl investorlar kənd təsərrüfatına yönəltdikləri maliyyə resurslarını müxtəlif istiqamətlərə və müxtəlif səbəblərlə əlaqədar sərf edirlər. Bu şəraitdə bəzən investisiya ilə istehsal xərclərinin kompensasiyasını bir-birindən ayırmaq çətin olur. Odur ki, investisiyaya gələcəkdə daha çox gəlir və ya başqa nemətlər gətirəcək aktivlərin akkumulyasiyası, xərclərə isə adətən investisiya sayılmayan cari məsrəfləri və transfert tədiyələri kimi baxılması daha məqsədyönlü olardı.
Konseptual və emprik məhdudiyyətlərə baxmayaraq, təhlillər göstərir ki, gəlirləri orta səviyyədə olan ölkələrdə fermerlərin öz təsərrüfatlarına əsas fondlar üçün ayırdıqları illik investisiyalar həmin ölkələrdə hökumətlərin kənd təsərrüfatına ayırdığı investisiyalarla müqayisədə təqribən dörd dəfədən yüksəkdir. Yəni bu ölkələrdə, fermerlərin öz investisiyalarının həcmləri donorların və xarici özəl investorların kənd təsərrüfatına istiqamətləndirilmiş xərclərindən daha artıqdır. Fermerlərin xüsusi investisiyalarının xeyli üstün olması isə o deməkdir ki, bu subyektlər həqiqətən ölkə üzrə kənd təsərrüfatına investisiyaların keyfiyyətinin və səmərəsinin artırılmasına yönəlmiş inkişaf strategiyasının mərkəzində dururlar.
Gəlirlərin səviyyəsi aşağı olan ölkələrin çoxunda isə fermerlər əlverişsiz şəraitlə üzləşirlər. Həmin ölkələrdə kənd təsərrüfatına investisiya qoymaq üçün praktiki olaraq stimul zəifdir. Başqa sözlə, çox vaxt məhdudlaşdırıcı obyektiv və subyektiv amillər, o cümlədən yoxsulluğun yüksək səviyyəsi, mülkiyyət hüquqlarının zəif qorunması, bazarların və maliyyə xidmətlərinin əlyetərli olmaması, sarsıntılara, kataklizmlərə davamsızlıq və riskə getmək imkanlarının qeyri-müəyyənliyi kiçik torpaq mülkiyyətçilərinə ciddi mənfi təsir göstərir. Ölkəmizdə bu kimi problemlər öz həllini əsasən tapsa da, kənd təsərrüfatı ilə məşğul qurumların gəlirlilik səviyyəsi təəssüf ki, hələlik istənilən səviyyədə olmayıb, potensial imkanlara adekvat deyildir. Yəni respublikamızda reallaşdırılan müasir aqrar siyasət strategiyası imkan verir ki, kənd təsərrüfatı istehsalçıları daha yüksək gəlir əldə etməklə geniş təkrar istehsalı tam maliyyələşdirmə imkanlarına malik olsunlar.
Bir daha qeyd edək ki, kənd təsərrüfatı istehsalçılarının fəaliyyət göstərdiyi investisiya şəraiti onların öz inkişafına sərmayə qoyması imkanlarına birbaşa müsbət təsir göstərir. Əlverişli investisiya şəraitinin olub-olmaması bazarlardan və həm də dövlət tənzimlənməsinin səmərəliliyindən birbaşa asılıdır. Burada bazarlar vasitəsi ilə yaradılan qiymət stimulları fermerlər və digər istehsalçılar üçün vəsaitlərin məqbul mənfəətlə investisiyaya transformasiyası imkanlarının nə vaxt və harada yaranması indikatoru rolunu oynayır.
Dövlət və özəl investorlar bazarlarda yaranmış imkanlardan sosial mənada məsuliyyətlə istifadə etmələrinə imkan verən hüquqi, siyasi və institusional şərait yaradılmasında məqsədyönlü fəaliyyət üçün müştərək məsuliyyət daşıyırlar. Əlverişli şərait və müvafiq bazar stimulları olmadıqda fermerlər kənd təsərrüfatına kifayət qədər vəsait qoymayacaq və onların investisiyaları sosial mənada optimal nəticə verməyəcəkdir. Həqiqətən özəl investisiyalar üçün əlverişli şərait yaradılması və bu şəraitin qorunub saxlanması özlüyündə ən etibarlı investisiyadır və onu dövlət bölməsi həyata keçirə bilər. Dövlət iqtisadiyyatın digər sahələri tərəfindən kənd təsərrüfatının dəstəklənməsi, mütərəqqi vergi siyasəti, mübadilə məzənnələrinin uyğunlaşdırılması, münasib ticarət siyasəti kimi yollarla kənd təsərrüfatına investisiya qoyulmasına şərait yaratmalıdır.
Məlumdur ki, əlverişli investisiya şəraitinin ümumi elementləri, o cümlədən səmərəli idarəçilik, makroiqtisadi sabitlik, şəffaf və sabit ticarət siyasəti, effektiv bazar təsisatları və mülkiyyət hüquqlarına riayət edilməsi və bu kimi digər amillər kənd təsərrüfatında əlverişli şərait yaradılması üçün eyni dərəcədə mühüm önəm daşıyır.
Kənd təsərrüfatına irimiqyaslı investisiya axınının reallaşdırılması üçün yerli fermerlərə əlavə dəyərin yaradılmasında birbaşa iştirak etmək imkanı verən alternativ və daha az diskriminasiyalı təsərrüfatçılıq modellərinin tədbiqinə şərait yaradılması dövlətin əsas funksiyalarından biridir. Bu məqsədlə sənaye və kənd təsərrüfatı məhsulları qiymətlərində sonuncunun xeyrinə olmayan disparitetin dövlət tərəfindən tənzimlənməsi, ipoteka kreditləri bazarlarının inkişafı tədbirləri daha fəal surətdə təmin edilməlidir. Eyni zamanda, artıq qeyd olunduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalçılarının təşkilatlanması, onların könüllü əməkdaşlığa təşviq edilməsi, yerli özünüidarə strukturları ilə birgə fəaliyyəti bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin tədbirlərin vaxtında reallaşdırılması kənd təsərrüfatının investisiya imkanlarının genişlənməsinə və istehsalın səmərəliliyinin artmasına şərait yaradar.
Sadalanan və araşdırılması zəruri sayılan çoxsaylı digər problemlər və onların həlli yolları üzərində düşünərkən, hesab edirik ki, akademik Əhməd Mahmudovun qiymətli elmi irsi daim diqqət mərkəzində olmalı, müasir iqtisadçı alimlər ondan layiqincə bəhrələnməlidirlər.
AMEA-nın İqtisadiyyat İnstitutunun 25 ildən çox müddətdə direktoru, Azərbaycan iqtisadiyyatının güclənməsində özünəməxsus yeri və rolu olan, ölkə iqtisadçılarının böyük əksəriyyətinin kumiri sayılan akademik Ə. Mahmudov yaxşı bilirdi ki, elm adamlarını arxasınca aparmaq üçün onların inamını qazanmaq, zaman və məkandan asılı olmayaraq səmimi olmaq lazımdır. Əhməd müəllimin şəxsi, insani keyfiyyətlərinə gəldikdə isə deməliyik ki, o, sarsılmaz əqidə sahibi kimi ziyalılıq və tələbkarlığın vəhdəti idi. Ə. Mahmudov heç vaxt iqtisad elmini öz inhisarına almağa cəhd göstərməmiş, statusundan asılı olmayaraq, bütün elmi-tədqiqat müəssisələri və istedadlı tədqiqatçılar qarşısında yaşıl işıq yandırmağa çalışmışdır. Onun özünəməxsus insanlıq dünyası var idi. Yüksək insani keyfıyyətlər, intellektual səviyyə, alim sanbalı, böyük təşkilatçılıq və idarəçilik bacarığı elm aləmində Ə. Mahmudovun özünəməxsus yerini müəyyənləşdirmişdi.
Bu gün bütün aqrar iqtisadçılar, o cümlədən Azərbaycan Elmi - Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun kollektivi, doktorantları Ə.Mahmudovu fəxrlə yad edir və əmindirlər ki, görkəmli alimin əziz xatirəsi qəlblərdə daim yaşayacaq, ideya və tövsiyələri yaradıcılıq meyarı olacaqdır.
Sadıq SALAHOV,
Elmi - Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.