A zərbaycan xalqının xoşbəxtliyi və gələcəyi uğrunda həyatını şam kimi əridən, “ömrünün qalan hissəsini də xalqına bağışlayan” görkəmli dövlət xadimi, tarixə qurucu və xilaskar kimi daxil olmuş Heydər Əliyev Azərbaycanın XX əsrdə yetişdirdiyi dahi şəxsiyyətlərdəndir.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasına çalışmış və sözün həqiqi mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi tarixə daxil olmuşdur.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə öz zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə dərindən bələd olması sayəsində milli dövlətçilik konsepsiyanı işləyib hazırlamış və bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata keçirmişdir.
Dünyada təsadüfi heç nə yoxdur. Gələcəkdə Azərbaycanın canlı, yaradıcı tarixinə çevriləcək Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirdi, tarixçi oldu. Lakin tarixi yazan tarixçi deyil, tarixi yaradan tarixçi oldu.
Şarl Lui Monteskye 1711-ci ildə qələmə aldığı “İran məktubları” nda yazırdı: “Dünyanın heç bir xalqı şöhrəti və əzəməti ilə “tatarlarla” yarışa bilməz...Onlar türk adlanıb, Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib, dünyanın üç qitəsində ağalıq edirlər...Bu müzəffər xalqın yalnız tarixçiləri çatmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar...Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır”. Bu sətirlər türkün böyüklüyünün etirafı hesab edilməlidir. Amma gec də olsa, bu tarix yazıldı, özü də XX yüzilliyin son 30 ili ərzində yenidən yazıldı. Bu, Azərbaycanın müasir tarixidir, bu tarixin yaradıcısı Heydər Əliyevdir. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Tarix yazmaq tarixi yaratmaq qədər çətindir. Əgər yazan yaradana sadiq qalmazsa, yazılan tarix insanları çaşdıracaq mahiyyət alır” tezisini unutmayan, sovetlər imperiyasının mərkəzində yüksək vəzifə tutan Heydər Əliyev tarix yazmadı, yaratdı və yaratdıqları nəinki insanları çaşdırdı, əksinə çox-çox sonralar xalqın karına gəldi.
İqtisadi, həm də mədəni tənəzzülə doğru aparan mənfi hallara qarşı fəal mübarizə məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra reallaşdı. 1969-cu ildə Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni taixində yeni bir dövr başlandı. Onun işləyib hazırladığı proqramlar və yorulmaz fəaliyyəti nəticəsində 1970-1982-ci illərdə baş vermiş dəyişikliklərin vüsəti, ictimai, iqtisadi və sosial sahədə aparılan köklü islahatlar xalqın maddi rifah halının yaxşılaşmasına şərait yaratdı. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ötən əsrin 70-80-ci illərində 213 yeni iri sənaye müəssisəsi istismara verildi. Həmin dövrdə Azərbaycanda hər gün 41 min ton neft, 37 milyon kubmetr qaz çıxarılır, 2200 ton polad tökülür, 69 min metr boru, 4900 avtomobil təkəri, 2700 ton mineral kübrə, 968 məişət kondisioneri, 734 soyuducu istehsal olunur, 546 min metr parça toxunurdu.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illər Azərbaycan təhsilinin də intibah dövrü hesab oluna bilər. Həmin dövrdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatmış, ümumtəhsil, texniki peşə və orta ixtisas məktəblərinin, ali təhsil müəssisələrinin şəbəkəsinin inkişaf etdirilməsi Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. 1970-1982-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmışdır.
1970-1980-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərlərinin 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə imkan və şərait yaradılmışdır.
Heydər Əliyev istedadlı uşaq və gənclərin aşkara çıxarılmasının ilk təşəbbüskarlarından olmuşdur. “Qızıl kitab”ın təsis edilməsi, Prezident təqaüdlərinin təyin edilməsi, 1995-2001-ci illərdə 2 yeni ali məktəbin yaradılması, 7 ali məktəbə universitet statusunun verilməsi, təhsil işçilərinin əməyinin qiymətləndirilməsi ümummilli liderin adı ilə bağlıdır. Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasının da təşəbbüskarı ulu öndər olmuşdur. 1998-ci ildə onun sərəncamı ilə təhsil sahəsində islahat proqramı hazırlanması məqsədilə Dövlət Komissiyası yaradılmışdır.
Heydər Əliyevin milli-ideoloji konsepsiya yaratması o zamankı SSRİ rəhbərlərinin nəzərindən qaçmırdı. Ona qısqanclıqla yanaşanlar da olmuşdur. Ancaq ulu öndər bunu elə ustalıqla edirdi ki, onlar böyük zəka sahibinin qarşısında etiraz etməyə, hansısa düzəlişlərin həyata keçirilməsinə cəsarət etmirdilər. Baş vermiş bir tarixi anı xatırlatmaq yerinə düşər. 1979-cu ilin aprel ayında biz bir qrup partiya işçisi Bakı Ali Partiya Məktəbində ixtisasartırma kursunda oxuyurduq. Aprelin 24-də bizə İndiki Heydər Əliyev Sarayına “Mənəvi tərbiyənin aktual prblemləri” mövzusunda keçiriləcək Ümumittifaq elmi konfransında iştirak etmək üçün dəvətnamə vermişdilər. Konfransa keçmiş SSRİ-nin rəhbər partiya, komsomol və təsərrüfat fəalları dəvət olunmuşdular. Konfransa sədrliyi Sov. İKP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru V. Tyajelnikov edirdi. Onun Heydər Əliyev haqqındakı sözləri indi də qulaqlarımda səslənir. O, konfransın çox yüksək səviyyədə keçirildiyini bildirdikdən sonra tədbirin başlanmasına bir gün qalmış hadisəni nəql edərək dedi ki, aprelin 23-də MK-da Heydər Əliyevlə görüşəndə məruzə ilə maraqlanmış, ulu öndər isə ona yenicə redaktə etdiyi məruzənin mətnini göstərmişdir. V.Tyajelnikov bundan çox təsirlənmiş və konfransın baş tutmayacağına işarə edəndə Heydər Əliyev tam mətnin səhər tezdən hazır olacağını bildirmişdir. Həqiqətən də, konfrans başlamamışdan əvvəl məruzə və ona edilən əlavə materialları bir neçə nüsxədə hazır görəndə V.Tyajelnikov təəccübünü gizlədə bilməmişdir. O, son sözündə dedi: “Azərbaycan xalqı fəxr etməlidir ki, onun Heydər Əliyev kimi rəhbəri vardır”. Başqa sözlə, bu, Heydər Əliyevin böyük şəxsiyyət olmasının mərkəz tərəfindən etirafı idi.
Heydər Əliyev işini gözəl bilən, hadisələrin gedişini diqqətlə izləyən, ən vacibi isə ətrafdakıları işlətməyi bacaran şəxsiyyət idi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təbirincə desək, “Heydər Əliyev xalqı birləşdirməyə və onu tərəqqi, inkişaf yoluna istiqamətləndirməyə müvəffəq olmuşdur. Buna müasir tarixdə, əslində, heç kəs nail olmamışdır”.
Ümummilli lider, sözün həqiq mənasında, millətçi idi, ancaq bu millətçilik hissləri şovinizmdən çox-çox uzaq idi. Elə bu səbəbdən də, Azərbaycan xalqının mənşəyi, formalaşması, millətin təşəkkülü kimi mühüm tarixşünaslıq məsələləri məhz ötən əsrin 70-ci illərində kəskinliyi ilə qoyulmuş, müzakirələr keçirilmişdir. Həmin Azərbaycanda sağlam millətçilik ideyalarının yayılmasında, xalqda milli mənlik şüurunun və milli qürur hissinin tərbiyə olunmasında ulu öndərin xidmətləri misilsizdir.
Heydər Əliyev ötən əsrin 60-cı illərin sonu, 70-ci illərinin əvvəllərində xalqın ümumi yüksəlişi fonunda Azərbaycan tarixinin problemlərinin yenidən işlənməsinə nail oldu. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı, 1918-ci ilin mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, Azərbaycan tarixinə dair xəritələrin hazırlanması, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının nəşr olunması ümummilli liderin apardığı düzgün milli siyasətin nəticələri hesab olunmalıdır.
Ziyalılarımız yaxşı bilirlər ki, tarix kitablarımızda Azərbaycanın iqtisadi inkişafı Oktyabrın qələbəsi kimi dəyərləndirilib, Bakını çıxmaq şərti ilə Azərbaycan feodal-patriarxal kəndli ölkəsi kimi qiymətləndirilib. Partiyanın X qurultayında Azərbaycan nümayəndəsinə etiraz olaraq Stalinin dediyi sözlərə diqqət yetirək: “Bakı Azərbaycanın nəhrindən böyüməmişdir, yuxarıdan Nobel, Rotşild, Vişau və başqalarının səyləri ilə qurulmuşdur. Azərbaycanın özünə gəldikdə isə o, ən geridə qalmış patriarxal-feodal münasibətlər ölkəsidir. Buna görə də, Azərbaycanı mən kapitalizm mərhələsini keçməmiş ucqarlar qrupuna aid edirəm”.
Doğrudan da, Azərbaycan sovetlər imperiyasının tərkibində olduğu 70 ildə ucqar əyalət hesab edilmiş, onun inkişafına mane olmuşlar. Bunun gündəlik şahidi olan Heydər Əliyev müxtəlif vasitələrdən istifadə edərək respublikanın xalq təsərrüfatının inkişafına təşəbbüs göstərmiş, mərkəzdən asıllılığı azaltmağa çalışmışdır. Bugunkü Azərbaycanın iqtisadi uğurlarının əsası məhz 70-ci illərdə qoyulmuşdur.
Ümummilli lider xalqımızın mənəvi irsi ilə daim fəxr etmişdir. 1996-cı ildə Respublika Sarayında Məhəmməd Füzulinin 500 illik yubileyində dediyi “Biz fəxr edirik ki, xalqımız qədim, zəngin mədəniyyətə malikdir”, yaxud 1997-ci il mart ayının 7-də yenə həmin sarayda S.Vurğunun 90 illik yubileynə həsr olunmuş təntənəli iclasda dediyi “Biz bu gün azad, müstəqil ölkəmizdə yaşayarkən keçmiş nəsillərə minnətdarıq” sözləri onun mədəni irsə qiymətinin bariz nümunələridir.
O, Azərbaycanı əzəmətli bir binaya bənzədirdi. Bu bina kərpic-kərpic tikilmiş, nəsillərdən nəsillərə yadigar kimi ötürülmüşdür. Ulu öndərin dediyi kimi, bu binaya hərə öz payını qoyubdur - kimi çox, kimi az. Amma bu insanların tam əksəriyyəti Azərbaycanı qurmağa, yaratmağa və inkişaf etdirməyə çalışmışdır. Müstəqil Azərbaycanın banisi, memarı isə Heydər Əliyev olmuşdur. Özünün təbiri ilə desək, Azərbaycanı kərpic-kərpic tikmişdir.
Heydər Əliyev unudulmuş, yaddan çıxarılmağa məcbur edilmiş minlərlə soydaşımızı sovet ideologiyasının məkirli məngənəsindən xilas etmişdir. Millətçi damğası vurulan Nəriman Nərimanov məhz onun qətiyyəti nəticəsində xalqımıza qaytarıldı. N.Nərimanovun 100 illik yubileyi təntənə ilə qeyd edildi, Bakıda və Ulyanovskda əzəmətli heykəli qoyuldu, Bakıda və Tbilisidə ev muzeyləri açıldı.
Türk dünyasının böyük ədibi Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, onun doğma Naxçıvanda dəfni, məzarı üzərində məqbərə inşa edilməsi Heydər Əliyevin vətən sevgisinin zirvəsi idi.
Yaxud, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı problemini götürək. Heydər Əliyevin təşəbbüsü ilə 416-cı diviziyanın qəhrəmanlığını əbədiləşdirmək üçün Taqanroq şəhərinin yaxınlığında əzəmətli memorial yaradılmış, Krımda həlak olmuş azərbaycanlıların şərəfinə Simferopolda Sapun dağında 77-ci atıcı diviziyanın xatirə kompleksi tikilmiş, ulu öndər onların açılışında iştirak etmişdir. Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin nəticəsi idi ki, 1997-ci ildə Rusiyanın 40-a yaxın hərbçisi ona müraciət edərək Azərbaycanın müharibədə iştirakını, Qələbədəki payını etiraf etməli oldular. Onlar yazırdılar: “Biz onu xatırlayırıq ki, faşizm üzərində qələbə kimi ümumi işə Azərbaycan xalqı özünün çox böyük və misilsiz töhfəsini vermişdir. Azərbaycan sakinlərinin beşdə-biri müdafiəyə qalxmışdır. 3,4 milyon əhali arasından 680 mindən çox kişi və qadın cəbhəyə getmiş, onların 300 mindən çoxu qəhrəmanlıqla həlak olmuşdur. Amma bu etiraf gecikmiş məktub misalındadır. Müharibə dövründə Ümumittifaq neftinin 70-75 faizini verən Bakı “Qəhrəman şəhər” hesab edilməmişdir. Ulu öndər Azərbaycanın müharibədəki iştirakını bir cümlə ilə ümumilədirmişdir. “Bakı nefti olmasaydı, bəlkə də Sovet ittifaqının qələbəsi mümkün olmayacaqdır”.
Bir əsrə yaxın qadağan olunmuş Cənub mövzusu, Təbriz mövzusu Heydər Əliyevin qətiyyəti sayəsində “azadlığa” çıxdı. Onun bu sahədəki cəsarəti xarici ölkə alimlərinin də diqqətindən yayınmamışdır. Amerika tarixçisi Devid Nisman “Sovet İttifaqı və İran Azərbaycanı, milli mənsubluqdan siyasi nüfuzetmə vasitəsi kimi istifadə” əsərində Azərbaycanın cənubu ilə şimalı arasında əlaqələr yaradılması baxımından Heydər Əliyevin rəhbərlik dövrünü ən məhsuldar və intensiv mərhələ adlandırmışdır.
Onun Naxçıvandakı fəaliyyəti ümumilli liderin milli tariximizə olan diqqətinin bariz nümunəsidir və hesab edirəm ki, alimlərimizin tədqiqat mövzusu olmalıdır. Məhz 1990 -1993-cü illərdə Heydər Əliyevin qətiyyəti nəticəsində muxtar respublikanın adından “sovet”, “sosialist” sözləri çıxarıldı, AXC-nin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olundu, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, Naxçıvan əhalisi SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etdi, 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi qəbul olundu. Başqa sözlə, Heydər Əliyev Azərbaycandan ərazicə ayrı düşmüş Naxçıvanı qoruyub saxladı. Bu tarix nailiyyət hesab olunmalıdır.
Heydər Əliyev Azərbaycanın müasir tarixinə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaradıcısı kimi daxil olmuşdur. Məhz bu Konstitusiyaya əsasən ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması üçün 400-dək qanun qəbul edilmişdir.
Dövlət dili milli müstəqilliyin, suverenliyin əsas atributlarından biridir. Milli dil hər bir xalqın özünüdərkidir. Milli düşüncə, milli oyanışın inkişafında milli dilin əvəzolunmaz vasitə olduğunu yaxşı bilən Heydər Əliyev Azərbaycan dilinin Dövlət dili statusu almasını daim diqqət mərkəzində saxlamışdır. Elə bu səbəbdən də, müxtəlif maneələri dəf etməli olan ulu öndər Azərbaycan dilinin Dövlət dili kimi Konstitusiyada təsbit olunmasında israrlı oldu. Onun “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli 506 saylı fərmanı, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli 766 saylı sərəncamı, “Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli 552 saylı sərəncamı, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli 835 saylı fərmanı ölkəmizdə dil siyasətinin, dil quruculuğunun mükəmməl konsepsiyasını verən qanunverici aktlardır.
Heydər Əliyevin hakimyyətə yenidən qayıdışı Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi, yenicə qurulmuş kövrək addımlı respublika yaşamaq şansı qazandı. Keçmiş günləri yada salıb hadisələri saf-çürük etsək, Azərbaycanın o dövrdəki rəhbərlərinin münaqişənin həlli üçün əhəmiyyətli addım atmadıqlarının şahidi oluruq. Əksinə, hakimiyyət uğrunda, kreslo uğrunda mübarizə kuliminasiya nöqtəsinə çatmışdı. Hakimiyyət strukturlarındakı çaşqınlıq, bir-birini əvəz edən istefa şüarları, prezidentlərin qaçışı, əldən gedən torpaqlar, daxili çəkişmələr Dağlıq Qarabağı unutdurdu. Azərbaycan vətəndaş müharibəsi həddinə çatdı.1990-1993-cü illərdə Azərbaycan üç rəhbər gördü, üç rəhbərin qaçışının şahidi oldu. Nəhayət, xaosdan cana doymuş xalq yenə gözünü Naxçıvana dikdi, təkidlə Heydər Əliyevin Bakıya gəlməsini tələb etdi.
Xalq hesab edirdi ki, ancaq Heydər Əliyev respublikanı fəlakətlərdən, daxili və xarici antiazərbaycan qüvvələrin qəsdindən, vətəndaş müharibəsindən, nəhayət, müstəqilliyin məhvindən qoruya bilər. Əlbəttə, ümummilli lider yaxşı başa düşürdü ki, ilk növbədə müharibə dayandırılmalıdır. Onun səyi nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında Bişkek protokolu imzalandı və həmin ilin dekabrında keçirilən ATƏT-in Budapeşt Sammiti Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun həlli haqqında qərar çıxardı. Həmin ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanla qonşu dövlətlər arasında olan münasibətlər yumşaldıldı, gərginlik aradan götürüldü. Bütün sadalananlar ulu öndərin gərgin əməyinin, dərin zəkasının və çoxillik idarəetmə bacarığının sayəsində mümkün oldu. Ancaq hakimiyyət hərislərini Vətən, torpaq deyil, kreslo maraqlandırırdı. Xarici qüvvələrdən “ilham alan” sapı özümüzdən olanlar hakimiyyətə qəsd hazırladılar. 1994-cü ilin sentyabında xalqımızın iki dəyərli oğlu — Afiyəddin Cəlilov və Şəmsi Rəhimov qətlə yetirildi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında gizli qüvvələrin dəstəyi ilə Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün cəhd edildi. Heydər Əliyev hər iki cəhdin qarşısını aldı. Xalq ulu öndərin arxasında dayandı, onun televiziya ilə çağırışına səs verərək gecədən xeyli keçməsinə baxmayaraq Prezident Sarayının qarşısına toplandı. Ümummilli lider bir daha sübut etdi ki, xalqın dəstəyi olmadan zor gücünə hakimiyyəti ələ keçirmək mümkün deyildir.
O gün olmasaydı, bəlkə də bu gün olmayacaqdır. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi və dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə birləşdirən milli ideologiyanın əsası qoyuldu. Dahi rəhbərin çoxşaxəli fəaliyyəti nəticəsində dünya ölkələri ilə sıx əlaqələr yaradıldı, dünyanın 60-dan çox ölkəsində Azərbaycanın səfirlikləri yaradıldı.
Heydər Əliyev hansı sahədə işləməsindən asılı olmayaraq özünün iti ağlı, dəmir iradəsi, dərin zəkası, təmkini, fenomen yaddaşı, ən başlıcası isə ətrafdakılara təsir etmək bacarığı ilə seçilən şəxsiyyət olmuşdur. Düşüncəsi ilə qarşısındakını təəccübləndirən, fikirləri ilə müsahibini heyran qoyan ulu öndər böyük ideoloq, ictimai-siyasi xadim, zəngin mənəviyyat daşıyıcısı, müstəqilliyin simvolu olmuşdur. Balacalar onu baba, gənclər onu lider, böyüklər isə dahi şəxsiyyət kimi yad edirlər. O, Azərbaycan xalqının gözü qarşısında dahiləşib, zirvələşib, əbədiləşib, qəlbimizdə qürur mənbəyinə çevrilib. O, sovet imperiyası dövründə lider idi, istiqlalımızın da lideri oldu. Ona tərif də demişlər, tənqid atəşinə də tutmuşlar, lakin, dahi şəxsiyyət düşmənlərinin gözünün içinə düz baxmış, xalqına atılan böhtanlara cəsarətlə cavab vermiş, bədxahlarımızı sevindirməmiş, özündən sonra layiqli varis qoyub getmişdir. Milyonlarla azərbaycanlı inanır ki, ulu öndərin varisi İlham Əliyev Azərbaycanı XXI əsrdə inamla irəliyə aparacaq, onun rəhbərliyi altında xalqımız ərazi bütövlüyünü bərpa edəcək, firavan həyat sürəcək. Hər bir Azərbaycan vətəndaşı azərbaycanlı olduğu üçün fəxr edəcəkdir.
Milli tariximizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin çözülməsi Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Qeyd edək ki, onun ATƏT-in 1996-cı il Lissabon görüşündəki cəsarətli addımı, münaqişənin həlli üçün irəli sürdüyü üç prinsip bu gün də həll prinsipi kimi Minsk qrupu həmsədrlərinin fəaliyyətinin əsasını təşkil edir.
XX əsrin 80-ci illərindən başlayaraq Ermənistan adlı oyuncaq dövlətin Azərbaycan Respublikasına qarşı yenidən torpaq iddialarına düşməsi, Qafqazda nüfuzunu itirməkdən qorxan keçmiş SSRİ adlı imperiyanın varislərinin dəstəyi ilə “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi” adı altında respublikamızın ərazi bütövlüyü pozulmuş, 20 faizdən çox torpaqlarımız işğal olunmuş, milyondan artıq soydaşımız qaçqın və köçkün şəraitində yaşamağa məcbur edilmişdir. Müasir dövrün siyasi hadisələrini izlədikdə aydın olur ki, yaxın və uzaq müttəfiqlərimiz bu problemin həlli istiqamətində heç bir əsaslı iş görmək fikrində deyildir. ATƏT-in və digər beynəlxalq qurumların fəaliyyəti siyasi manevrləri xatırladır.
Hər bir diplomatiyanın arxasında güc durduğunu yaxşı dərk edən Azərbaycan xalqı iqtisadi cəhətdən daha qüdrətli, milli birlik baxımından daha sarsılmaz olduqda siyasi sabitlik şəraitində dünyaya sübut edəcəkdir ki, o, əlindən zorla alınmış torpaqlarını geri qaytarmağa və ərazi bütövlüyünü təmin etməyə qadirdir.
Müstəqilliyə nail olmaq və onu qoruyub saxlamaq çox çətin və məsuliyyətli işdir. Xalqımız bunun acısını əsrin əvvəllərində dadmışdır. Bu gün Azərbaycan dövlətinin başında ulu öndərin siyasi kursunu davam etdirən bir insan dayanmışdır. Bədii obrazlarla ifadə etsək, Azərbaycan fırtınalı və qasırğalı dünya okeanına üzməyə çıxan yeni bir gəmidir. Ancaq təcrübəli kapitan gəmini okeanda lazımi marşrutla irəli apara bilər. Heydər Əliyev “Müstəqil Azərbaycan” adlı gəmini dünya okeanına çıxarmış, onun kursunu müəyyənləşdirmişdir. Bu kursu ancaq ulu öndərin məktəbini keçmiş bir şəxs davam etdirə bilər və xalqımız da onu — cənab İlham Əliyevi özünə rəhbər seçmişdir.
Azərbaycan xalqı müharibə istəmir. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 20 mindən çox övladımız şəhid olmuş, 100 mindən artıq qaçqın-köçkünümüz Azərbaycan övladı yaralanmış, şikəst olmuşdur. Bir milyondan artıq köçkünümüz var. Münaqişənin sülh yolu ilə həllində ümummilli lider Heydər Əliyev tərəfindən atılan mühüm addım, ulu öndərin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin münaqişənin sülh yolu ilə həll edilməsi sahəsindəki fəaliyyəti xalqımız tərəfindən bəyənilir və dəstəklənir. Ancaq ölkə başçısının dəfələrlə xatırlatdığı kimi, məsələ ancaq ölkəmizin ərazi bütövlüyü və süverenliyi əsasında həll edilə bilər. Yurd-yuvalarından didərgin salınmış soydaşlarımız yerlərinə qayıtmalı, ata-baba torpaqlarının sahibi olmalıdır. Bütün bunları xalqımız bilir və qiymətləndirir. Ən başlıcası, ona görə ki, erməni separatçılarına qarşı mübarizədə həlak olmuş şəhidlərin ruhu bunu bizdən tələb edir. Onların həyat və döyüş yolu nəinki indiki nəsillərə nümunədir, həm də gələcək nəsillərin qürur mənbəyinə çevrilmişdir. Ona görə də, bu gün demokratiyadan dəm vuran Qərb dövlətləri ikili yanaşmaya son qoymalı, beynəlxalq hüquqa hörmət göstərməli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində həll etməlidirlər.
Dünyanın ən görkəmli adamları Heydər Əliyevi tarixi şəxsiyyət kimi qəbul etmişlər. Almaniya parlamentinin üzvü V.Vimmer demişdir ki, “...Cənab Heydər Əliyev prezident seçilərkən Qərbdə ona şübhə ilə yanaşırdıq, zənn edirdik ki, o, Azərbaycanda kommunizm ideyalarını bərpa edəcək, lakin tez bir zamanda bizə aydın oldu ki, yanılmışıq... İndi Azərbaycan İkinci Dünya müharibəsindən çıxmış Almaniyanı, Prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr ona mane olmasalar, işləməyə imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil olacaq”.
Böyük Britaniyanın sabiq Baş naziri, dəmir ledi Marqaret Tetçer onu “müasir zəmanəmizin görkəmli siyasi xadimi”, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt “Corc Vaşinqtona bərabər şəxsiyət” kimi xarakterizə etmişlər. Türkiyənin Baş naziri R.T.Ərdoğan demişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”. Eduard Şevardnadzenin söylədiyi kimi, “Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin... nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək...”
Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi yubileyini böyük təntənə ilə qeyd edir. Ölkəmizdə cənab İlham Əliyevin yeritdiyi siyasətin nəticəsi olaraq siyasi sabitilik hökm sürür, xalqımızın maddi rifah halının yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan hamımızın Vətənidir, bu Vətəni qorumaq hər bir azəbaycanlının şərəf işinə çevrilməli, azərbaycanlı olmağımızla daim fəxr etməliyik. Turan hökmdarı Əfrasiyab min il əvvəl demişdir: “Türk dəniz balıqqulağının içərisindəki incidir, öz evində yaşadıqca qiyməti yoxdur, lakin kənara çıxdıqca qiymətə minir...” Zaman bu müdrik sözlərə bir əlavə də etmişdir: Balıqqulağındakı inci türk dünyasının tacı Azərbaycandır. O, artıq dünya meydanına çıxmışdır. İndi onun qiyməti gündən-günə artır və hamı onunla dost olmağa səy göstərir. Damarlarında azərbaycanlı qanı axan hər kəs XX əsrin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycanı qorumalı və inkişaf etdirməlidir. Onda milli tariximizin yaradıcısı və müstəqil Azərbaycanın memarı ulu öndərin də ruhu şad olar.
Mais ƏMRAH,
ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru,
tarix elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.