Azərbaycan xalqı tarixinin unudulmaz günlərini yaşayır. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin əsasını qoyan, demokratik cəmiyyət yaradan, dünya miqyaslı siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyini təntənə ilə qeyd etdik. Bu tarixi günün qeyd olunması hamımız üçün böyük şərəfdir. Məhz zəngin dövlətçilik təcrübəsi, səmərəli fəaliyyəti və “xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” amalı ilə yaşayıb yaradan Heydər Əliyev həmişə xalqa arxalanmış və onun qüvvəsindən ilham alaraq liderlik zirvəsinə yüksələ bilmişdir. Heydər Əliyevin cəmiyyətdəki sosial problemlərə həssaslıqla yanaşması, onların aradan qaldırılması yolunda cəsarətli və qətiyyətli addımları, bunların həllinə nail olması onun böyük şəxsiyyət olmasının təzahürü idi.
Fenomen şəxsiyyətin haqqında yazılan əsərlər içərisində özünəməxsus elmi-publisist yaradıcılıgı ilə seçilən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəblinin “Sabitlikdən sosial rifaha” adlı kitabının xüsusi yeri var. Heydər Əliyev dövlətçilik məktəbinin məzunu olmaqla müəllif ümummilli liderimizin fəlsəfəsinə yol tapa, dərin zəkasından bəhrələnə bilmişdir. Dogrudan da, xalqımızı fəlakətdən, böhrandan, vətəndaş müharibəsindən, xaosdan, siyasi hakimiyyətsizlikdən, səfalətdən xilas edərək firavan həyat quruculuguna aparan Heydər Əliyevin fəlsəfi düşüncələrini qələmə alıb xalqa çatdırmaq böyük xoşbəxtlikdir.
Kitabda müstəqilliyimizin bərpasının ilk illərindəki sosial siyasətdə olan boşluqların aradan qaldrılmasında və sosial təminatın hüquqi bazasının yaradılmasında, sosial müdafiədə dönüşün təməlinin qoyulmasında Heydər Əliyevin xidmətləri olduqca aydın şəkildə izah olunur. Bununla bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır” fikri bilavasitə tamamlanmış olur.
Əsərin I bölməsi “Heydər Əliyev – siyasi lider, dahi şəxsiyyət” adlanır. Burada Heydər Əliyev fenomeni, siyasi istedadı, Azərbaycan siyasətində elita institunun banisi, siyasi liderliyə mənsub funksiyaları, onun xarizmatik liderə məxsus xüsusiyyətləri, eləcə də dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafı üçün nəzərdə tutulan bütün proseslərin obyektivliyi çox aydın şəkildə izah olunur. Müəllif Heydər Əliyevin diplomatiya sahəsində çevik və mahir ustalıgını nəzərdən qaçırmamışdır. Məhz müəllif öz əsərində Heydər Əliyevi “stereotipləri sındıran lider” adlandırmaqla rəhbərə olan hədsiz məhəbbətini nümayiş etdirir. Bu bölmədə müəllif 60-cı illərdə respublikamızın sosial-iqtisadi vəziyyətinin aşagı səviyyədə olmasının obyektiv və subyektiv təhlilini aparmaqla yanaşı, buradan çıxış yolunu tapan Heydər Əliyevin bir fikrini nəzərimizə çatdıra bilmişdir: “Üzərimə düşən məsuliyyəti dərk edirəm, bu böyük və yüksək etimadı doğrultmaq üçün əlimdən gələn bütün imkanlardan istifadə edəcəyəm”.
Peşəkar kəşfiyyatçının birdən-birə respublikada sosial-iqtisadi sahəyə rəhbərlik etməsi üçün dərin zəka, talant, peşəkarlıq və idarəçilik qabiliyyəti lazım idi. Bax, bunun Heydər Əliyevdə cəmləşməsini müəyyən etmək Hadi müəllimə nəsib olmuşdur. Bundan başqa, müəllif respublikada olan yaradıcılıq işlərini işıqlandırmaqla bərabər, xüsusilə ittifaq dövründə respublikaya rəhbərlik edən Heydər Əliyevin əsas məqsədi yaxın gələcəkdə Azərbaycanın müstəqil dövlətə çevrilməsinə doğru istiqamətinin həyata keçirilməsini müəyyənləşdirə bilmişdir. “Böyük azərbaycanlı-istiqlal carçısı” adlanan bölmədə əslində müstəqillik uğrunda mübarizə tarixinə nəzər salan müəllif xalqımızın özünə lider qazanması fikrini ortaya qoyur. Bir daha Azərbaycanın memarı məhz ulu öndərimiz, istiqlal carçısı Heydər Əliyevin olduğunu konkret faktlarla sübut edir.
“Sosial prioritetlərin seçim ustası” bölməsində 1969-cu il 14 iyul tarixində Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən başlamaqla bir daha onun əsl rəhbər xarizmasına doğru gedən yolu göstərir. Buna inanmayan qüvvələrə də münasibətini açıq bildirir. Konkret bir fikri vurğulamaq istəyir ki, Heydər Əliyevsiz Azərbaycanın nə gələcəyi ola bilərdi? Ona görə də müəllif “Heydər Əliyevi Azərbaycan xalqına bəxş edən rəhimli və mərhəmətli Allahdır” fikrini söyləmək prizmasından bir daha xatırlatmaq istəyir ki, həmişə xalqımızın çətin anlarında Heydər Əliyev bizə sərkərdə və xilaskar olmuş, sonsuz məhəbbətimizi qazana bilmişdir.
Müəllifin qələmə aldığı kitabın V bölməsi “Heydər Əliyev bir məktəb yaratdı” adlanır. Bu bölmədə müəllif bilavasitə Lənkəranda aparılan quruculuq işlərinə rəhbərlik edən İsa Məmmədovun təşkilatçılığı ilə yanaşı, müəllif özünün 1977-ci ildə ilk dəfə Heydər Əliyevin qəbulunda olmasını, 24 yaşlı bir gəncin birdən-birə komsomolun I katibi təyin edilməsini xatırlayır. Ulu öndərin kadrları seçib yerləşdirmə siyasətindəki məharətindən bəhs edir. 8 ildən sonra Hadi müəllimin şəhər icraiyyə komitəsi sədri vəzifəsinə təyin olunması bu fikri bir daha təsdiqləyir.
“Yeniləşən sosial müdafiə sistemi” bölməsində müəllif sosial siyasətin tərkib hissələrini və onları fərqləndirən cəhətləri göstərməklə yanaşı, qeyd edir ki, sosial müdafiə və sosial təminat xərcləri, dayanıqlı iqtisadi inkişaf və maliyyə sabitliyi, sosial durum və s. dövlətin startegiyasının əsl mahiyyətini göstərir. 1996-cı ildə Milli Məclisdə Sosial siyasət daimi komissiyasının yaradılması, bu sahədə məsuliyyətlə müxtəlif istiqamətli işlərin reallaşdırılması və müvafiq qanunların qəbul edilməsi prosesinin həyata keçirilməsi ilk dəfə kitabda təhlil olunur.
“Sosial sabitlikdən sosial rifaha” bölməsində sosial siyasətin tarixi və nəzəri aspektlərinin izahı ilə yanaşı, sosial rifaha aparan yol və Heydər Əliyevin bu yolun ilk müəllifi olduğu bir daha xatırlanır. Məhz Heydər Əliyevin nəzəriyyəsinə əsaslanaraq sosial siyasətdə çoxsahəli və perspektivli islahatların hazırlanması və həyata keçirilməsi istiqamətində aparılan işlərin mahiyyəti göstərilir.
Kitabın növbəti bölməsi “Prezident qayğısının sosial təzahürü” adlanır. Bölmədə müəllif dünyada mövcud olan sosial siyasətin 4 modelini qeyd edir. Bununla yanaşı, ailə, qadın və uşaq problemləri, sosial siyasətdə islahatlar və s. məsələlərlə bağlı Heydər Əliyevin rəhbərliyi ilə sərəncamların verilməsini bilavasitə əhalinin maddi rifah halının yüksəldilməsi strategiyasının tətbiqi kimi göstərməyə çalışmışdır.
Növbəti bölmə “Kəndimizin siması dəyişdi” adlanır. Maraqlısı budur ki, Heydər Əliyev respublikaya rəhbərliyə başladığı ilk dövrdə – 1970-ci il iyulun 23-də ittifaq dövləti məhz Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək üzrə tədbirlər haqqında qərar qəbul etmişdir. Heydər Əliyevin təşəbbüsü ilə bu məsələyə yenidən 1975-ci ildə baxılmasına nəzər salmaqla müəllif bir daha bizə xatırladır ki, bu mühüm qərarların qəbulu Heydər Əliyevin cəsarəti və uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Əsərin “Qaçqın-köçkün problemləri” bölməisndə Hadi Rəcəbli ölkəmizin bu problemlə qarşılaşmasının obyektiv və subyektiv amillərini izah edir. Əsərdə göstərilir ki, Heydər Əliyev bu məsələ ilə bağlı 20-dən çox fərman və sərəncam imzalayıb. Nazirlər Kabineti isə 130 qərar qəbul etmişdir. Ulu öndərin məsələyə necə yanaşması və “bu dərd Azərbaycan xalqı üçündür, mənim üçündür” ifadəsi bu problemlərin aradan qaldırılmasında necə əzmkarlıq göstərməsi şərh olunur. Qeyd olunmalıdır ki, möhtərəm prezident İlham Əliyev bu problemlərin həyata keçirilməsində daim israrlıdır.
Kitabın XI-XII bölmələri “Turizm və sosial müdafiə” və “Dünyada idman ölkəsi kimi tanındıq” adlanır. İlk mərhələdə müəllif turizm və səyahət tarixinin mərhələləri, ittifaq dövləti dövründə 1983, 1984, 1987-ci illərdə Heydər Əliyevin diqqəti sayəsində onlarla turizm obyektinin istifadəyə verilməsi, xüsusilə 1999-cu ildə “Turizm haqqında” Qanunun qəbul edilməsi əyani misal kimi göstərilir. Müəllif yazır ki, Heydər Əliyev tərəfindən 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin təsis olunması, sonrakı dövrdə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi, eləcə də Turizm İnstitutunun təsis olunması bu sahəyə dövlətin qaygısının təzahürüdür. Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə 250 idman meydançası və şəhərciyin salınması, 36 rayonda 59 uşaq gənclər idman məktəbinin fəaliyyət göstərməsi, onun idmana olan münasibətini göstərir. Təməli Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha geniş miqyasda həyata keçirildiyindən bütün beynəlxalq yarışlarda Azərbaycanın dövlət bayrağı əzəmətlə qaldırılır.
“Zamanın tələbi: sosial ekologiya” və “Vətəndaş rifahını uca tutan partiya” bölmələrində təbiət və cəmiyyət münasibətləri, Azərbaycanda sosial ekologiyanın formalaşması, modernləşmiş sosial ekologiya anlayışları izah olunur və bunlar mühüm sahələr kimi göstərir. Bununla yanaşı, xalqın istək və arzularını özündə ifadə edən, cəmiyyətin əksəriyyətini özündə birləşdirən ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi “bu günün, sabahın və gələcəyin partiyası” olan YAP təşkilatının təsis olunmasının zəruriliyi, fəaliyyətə başlaması və xalqın dərin rəğbətini qazanması və s. məsələlər müəllif tərəfindən ətraflı işlənilmişdir.
Əsərin “Ən doğru seçim” bölməsində Heydər Əliyevin məktəbinin məzunu, onun yolunun layiqli davamçısı, peşəkar dövlət xadimi və dərin zəkaya malik diplomat, möhtərəm Prezidentimiz İlham Əliyevin istər 2003-cü, istərsə də 2008-ci ildəki prezident seçkilərində böyük xalq rəğbəti ilə seçilməsi müəllif tərəfindən bütün aydınlığı ilə qələmə alınmışdır. Əsərdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə respublikamızda çoxlu məktəb, uşaq bagçası, müalicə ocaqlarının tikilib istifadəyə verilməsi, qaçqın və məcburi köçkün ailələrə xüsusi qaygıların göstərilməsi, Pakistan İslam Respublikasında olan imkansız ailələrə maddi və mənəvi yardımların göstərilməsi, bir sıra beynəlxalq layihələrin Bakıda həyata keçirilməsinə nail olunması və beynəlxalq münasibətlər sistemində Mehriban xanımın əvəzsiz xidmətləri müəllif tərəfindən yüksək həssaslıqla qələmə alınmışdır.
Əsərin ən başlıca cəhətlərindən biri də görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun “İlham Əliyev qloballaşan dünyamızın müasir Lider etalonudur” fikrinə müəllifin düzgün fəlsəfi, məntiqi və elmi baxışıdır. Prezidentimiz haqqında “İlham Əliyev – bu günün və sabahın lideri” fikri xalqımızın ürəyindən gələn istək və arzusunun ifadəsi kimi səslənir. Bunu 2003-cü və 2008-ci illərdəki prezident seçkilərinin nəticələri bir daha sübut etmişdir. Dövlət başçısının mübarizliyi, vətənpərvərliyi, qaygıkeşliyi, humanistliyi, milliliyi və güclü məntiqə söykənən diplomatik məharətliliyi, əlbəttə, xalqımızı daha gözəl gələcəyə aparacagı ümidini verir. Məhz müəllifin bu səpkili qeydlərinin xalqımızın ölkə başçısına olan məhəbbətindən irəli gəldiyini söyləməyə əsas verir. Hadi müəllimin geniş elmi publisist tədqiqat əsərini hər birimiz diqqətlə oxumalı və ondan özümüzə nəticə çıxarmalıyıq ki, xalqımızın yeganə nicat yolu Heydər Əliyev strategiyasıdır, onun layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətidir. Bu gün Azərbaycan dünyanın qüdrətli dövlətlərindən biridir. Ölkəmizdə geniş quruculuq işləri aparılmaqdadır. Bunun doğma diyarımız olan Lənkəranın timsalında bir daha görmək olar. Belə ki, Lənkəranda son illərdə aparılan quruculuq işləri bilavasitə ulu öndərimizin strateji siyasətinin həyata keçirilməsi deməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin peşəkar kadr siyasəti nəticəsində bu gün Lənkəranda sosial-iqtisadi sahədə aparılan işlər hamımızı sevindirir. Ümumiyyətlə, strateji inkişaf xətti Azərbaycan xalqının yaxın gələcəkdə firavan həyata qədəm qoymasına möhkəm təminatdır.
R.İBADOV,
Lənkəran Dövlət Universitetinin tarix və fəlsəfə kafedrasının müdiri, |
tarix elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.