Neft Akademiyasında Heydər Əliyevin 90 illik yubileyi qeyd edildi

 

 

Azərbaycan Dövlət Neft Akademiyasında ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirə Milli Məclisin komitə sədri Eldar İbrahimov da dəvət edilmişdi.

ADNA-nın müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, akademik Siyavuş Qarayev ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilası və inkişafı sahəsində göstərdiyi böyük və misilsiz xidmətlər haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliynin itirilməsinin, ölkənin iqtisadi və siyasi iflasa uğramısının qarşısını alıb, sonrakı illərdə onu çiçəklənən, müstəqilliyi əbədi olan dövlətə çevirib. Nəticədə ölkə son 20 ildə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar qazanıb. Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və onun layiqli davamçısı, Prezident İlham Əliyevin ləyaqətlə həyata keçirdiyi neft strategiyasının əfsanədən reallığa çevrilməsi Azərbaycanı qüdrətli dövlət səviyyəsinə yüksəltmiş və ölkəmizi Avropanın yanacaq-enerji təhlükəsizliyinin təminatçısına çevirmişdir. Müstəqil Azərbaycanın son illərdə qazandığı tərəqqi və yüksəliş ulu öndər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin milli inkişaf prioritetlərini müəyyən edərkən elm və təhsilin rolunu zərgər dəqiqliyi ilə düzgün təyin etməsi ilə bağlı olmuşdur. Ümummilli lider 1998-ci ilin martında Azərbaycanın təhsil sistemində islahatlar keçirilməsi ilə bağlı sərəncam imzalamış və tezliklə islahatlar proqramı hazırlanmışdır.

Millət vəkili, Milli Məclisin komitə sədri, iqtisad elmləri doktoru Eldar İbrahimov bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyini ikinci dəfə bərpa etməsi və ulu öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində onun lazımınca möhkəmləndirilməsi böyük tarixi hadisədir. Azərbaycanın müstəqilliyi ümummilli lider üçün həmişə böyük önəm daşımışdır. O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, Kommunist Partiyasının fəaliyyət göstərdiyi bir dövrdə Azərbaycanın üçrəngli bayrağını ucaltmışdır. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ilk növbədə ölkənin müstəqilliyini təhdid edən Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün gərgin fəaliyyət göstərmiş, nəhayət, 1994-cü ilin mayında atəşkəsə nail olmuş, 1994-cü il sentyabrın 20-də isə dünyanın 11 ölkəsini təmsil edən aparıcı neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi”ni imzalamışdır. Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın neft strategiyasının həyata keçirilməsində hazırkı Prezident, o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olmuş İlham Əliyevin dəyərli xidmətləri olmuşdur. 

Millət vəkili qeyd etdi ki, ulu öndər hələ 1969-cu ildə hakimiyyətə gəldiyi ilk vaxtlardan islahatlara başlamışdır. Bu islahatlar təkcə neft sənayesini deyil, bütün digər sahələri də əhatə etmişdir. Kənd təsərrüfatı sahəsində islahatlar geridə qalmış Azərbaycan kəndini müasirləşdirmiş, insanların güzəranı yaxşılaşmışdır. Yüzlərlə insan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni zamanda, neft sənayesi inkişaf etdirilmiş, yeni sənaye sahələri yaradılmışdır. Bakı Kondisioner Zavodu və bir çox digər müəssisələr belələrindəndir. Təkcə Bakı kondisionerləri Azərbaycanın xarici ölkələrdə tanınmasında mühüm rol oynamışdır. Heydər Əliyev Azərbaycanın dünyada lazımınca tanınması üçün bütün həyatı boyu mübarizə aparmışdır. Heydər Əliyev hakimiyyətə gələnə qədər SSRİ rəhbərlərinin uzun zaman göstərdiyi təzyiqlər üzündən Azərbaycan dünyada tanına bilməmişdir. Bu missiyanı ulu öndər özünün qətiyyəti, cəsarəti və uzaqgörənliyi ilə həyata keçirə bilmişdir. Heydər Əliyev, eyni zamanda, keçmiş SSRİ-dəki türkdilli, müsəlman ölkələrində dövlət təhlükəsizliyi sisteminin rəhbəri vəzifəsinə təyin olmuş ilk liderdir. Ona qədər bu vəzifədə yalnız ruslar işləmişlər.

Nəhayət, 1982-ci ildə keçmiş sovet dövlətinin rəhbəri Yuri Andropov Heydər Əliyevi mərkəzi hakimiyyətə dəvət etmiş, o, burada 5 il uğurla fəaliyyət göstərmişdir. Yalnız xəyanətkar Qorbaçov onun istefasına nail olmuşdur. Bununla belə, keçmiş Siyasi Büro üzvlərindən yalnız Heydər Əliyev yenidən xalqının tələbi ilə hakimiyyətə qayıtmışdır. O, əvvəlcə Naxçıvan Ali Məclisinin sədri olmuş, muxtar respublikanı erməni təcavüzündən qoruya, yaradılmış blokadadan çıxara, Türkiyə və İranla əlaqəlar quraraq əhalini aclıq və fəlakətdən xilas edə bilmişdir.

1993-cü il iyunun 15-də isə ulu öndər xalqın təkidli tələbi ilə yenidən Azərbaycan hakimiyyətinə gəlmiş, ölkəni dövlət çevrilişləri, erməni təcavüzü, daxili hərc-mərclik kimi bəlalardan xilas etmiş, iqtisadi tənəzzülün qarşısını almışdır. Bir neçə dəfə dövlət çevrilişinə cəhd edilsə də, Heydər Əliyev xalqın gücü ilə bunları da neytrallaşdırmışdır. 1996-cı ildə məhz onun cəsarəti sayəsində keçmiş SSRİ-də ilk dəfə Azərbaycanda torpaq islahatı aparılmış, torpaqlar təmənnasız olaraq kəndlilərə paylanmışdır. Bu gün kəndlərimizdə yaşayan 3 milyon insan bu islahatlarını bəhrəsini görür. Heydər Əliyev Azərbaycanı güclü dövlətə çevirmiş, elə bir siyasi irs qoyub getmişdir ki, onun əsasında ölkə daim çiçəklənmək, dünyada nüfuz və təsir sahibi olmaq imkanı əldə etmişdir. Bu gün Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması da bu uğurlu siyasətin nəticəsidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir Azərbaycan Heydər Əliyevin tarixi əsəridir, nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaqdır.

Paşa ƏMİRCANOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında