Milli təhsilimizin böyük himayədarı

 

 

 

 

Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi.

Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəldiyi gün həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşlarda əbədi qalıb.  Dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah epoxasının başlanğıcını qoyub. Respublikamıza rəhbərliyinin elə ilk günlərindən Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. Ulu öndərin rəhbərliyi illərində həyata keçirilən işlər Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan ittifaqın tərkibində iqtisadi potensialını artıran, daim inkişaf edən respublikaya çevrildi.

Ulu öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında ən öncül yerlərə çıxdı. Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyuldu və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradıldı. Yalnız sosial-iqtisadi yüksəliş deyil, o dövrdə  milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi.

1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbit olunması və qorunub saxlanılması sahəsində nümayiş etdirdiyi qətiyyəti xatırlatmaq kifayətdir. Bu mənada Heydər Əliyevin sovet illərində ölkəmizə rəhbərliyini Azərbaycanın milli intibah dövrü kimi də səciyyələndirmək olar. Bu böyük şəxsiyyət sovet ideologiyasının bütün maneələrini adlayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkdi, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı.

 Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətində elmə və təhsilə göstərilən qayğı həmişə mühüm yer tutmuşdur. Təsadüfi deyil ki, XX əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi diqqəti cəlb edir. Azərbaycanda ali təhsil ocaqlarının və elmi-tədqiqat institutlarının yaradılması, xalqın təhsilə cəlb olunması XX əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda elmin və təhsilin sürətli inkişafinı nümayiş etdirən təkzibedilməz faktlardır. Təkcə 1969-1982-ci illərdə Azərbaycanın şəhər, kənd və qəsəbələrində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, respublikada ali məktəb tələbələrinin sayı 70 mindən 100 min nəfərə çatdırılmışdı. Heydər Əliyevin uzaqgörənliklə əsasıını qoyduğu ən dəyərli ənənələr sırasında azərbaycanlı gənclərin keçmiş SSRİ-in ən qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsı təcrübəsi xüsusi yer tutur.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsidir. 1993-cü ilin iyununda, Azərbaycanın yeni bərpa olunmuş dövlət müstəqilliyinin başı üzərini məhv olmaq təhlükəsi alanda xalqımız son ümidini bağladığı böyük xilaskara — öz fəaliyyəti ilə hər bir soydaşının qəlbində özünə əbədi məhəbbət və ehtiram qazanmış Heydər Əliyevə üz tutdu.

Bu müdrik və uzaqgörən siyasətçinin, nəhəng dövlət xadiminin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan ağır bəlalardan, vətəndaş qarşıdurmasından qurtuldu, dirçəliş və tərəqqi yoluna çıxdı. Heydər Əliyevin 10 illik prezidentliyi dövründə milli dövlətçiliyimiz elə bir səviyyəyə yüksəldi ki, ölkəmiz ümumilikdə regional təhlükəsizliyin və inkişafın təminatçısına çevrildi. Ən nüfuzlu siyasətçilər belə etiraf edirlər ki, müasir dövrdə nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi. Heydər Əliyev şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, adının bəşər tarixində əbədi iz qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi bizim üçün hədsiz qürur və iftixar mənbəyidir. 

  Azərbaycanda elmin, təhsilin inkişafi sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin çağdaş dövrün tələblərı səviyyəsındə inkişafi, istisnasız olaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlivevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, ümumilikdə mədəniyyətin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, xalqın rifahını məhz intellektual tərəqqidə görmüşdür. Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə də Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan səriştəsiz iqtidarların biganə münasibəti ilə üzləşərək tənəzzülə uğrayan bu sahələr məhz Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır.

Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrinin fəaliyyətini normal vəziyyətə gətirməklə, təhsilin milli tərəqqisinin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürdü. Təhsil sahəsində islahatlar aparılmasına dövlət təminatı gücləndirildi. Bu məqsədlə ulu öndərimiz 1998-ci ilin martında “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyası yaradılması haqqında” sərəncam imzaladı. Dövlət komissiyası tərəfindən qısa müddətdə İslahatlar Proqramı hazırlandı, hərtərəfli müzakirələrdən sonra bu sənəd 1999-cu ilin iyununda dövlət başçısı tərəfindən imzalandı və qüvvəyə mindi.

Müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi dünyanın ən inkişaf etmiş, sivil dövlətləri səviyyəsinə çatdırmağı həyatının əsas amalı sayan, özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan ümummilli liderimiz Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri özünün layiqli davamçısı, yeni təfəkkürlü siyasətçi, möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilməyə başlandı. Bu mənada dövlətimizin başçısının  Azərbaycana rəhbərlik etdiyi son 10 il çağdaş təhsilimizin tarixində vüsətli inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, ölkənin, o cümlədən də təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur.

Bu dövrün əsas xüsusiyyətlərindən biri təhsilə qayğının, onun inkişafına  ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, təhsil sisteminin informasiyalaşdırılması və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunub. Biz təhsil işçiləri bu qayğıya əməli işlə cavab verəcək,  gənclərin yüksək səviyyəli kadrlar kimi yetişməsindən ötrü əlimizdən gələni əsirgəməyəcəyik.

Göründüyü kimi, ulu öndərimizin zəngin irsi, siyasi kursu bu gün uğurla davam və inkişaf etdirilir. Ümummilli lider  Heydər Əliyevin ölməz  xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onun əzəmətli obrazı ən uca zirvədə dayanacaqdır.

Müşfiq ATAKİŞİYEV,
Azərbaycan Elm və Tədris mərkəzi, “Təfəkkür” universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında