XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir rəhbəri olmuşdur. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Respublikaya rəhbərlik etdiyi dövrdə ulu öndər var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur.
Yaxın kecmişə nəzər salsaq görərik ki, 1988-1993-cu illərdə Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədəki məğlubiyyətlər, ölkədə anarxiya, xaos, vətəndaş müharibəsi və s. mövcud idi. Belə bir təhlükə və faciənin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və xalq bu günü hər il Milli Qurtuluş Günü kimi bayram edir.
Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl yazır: “Hörmətli Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə yüksəlmişdir və bir daha enməyəcəkdir. Bu bayrağın enməməsi üçün keçən 10 ildə bütün səylər göstərilmişdir. Heydər Əliyev Azərbaycan dövlətini sadəcə tanıtmaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır. Azərbaycan xalqının sərvətlərinin ortaya çıxarılması və bunların xalqın zənginliyinə xidmət etməsi həmin on ildə görülən işlərdəndir”.
Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, cəbhə xəttində atəşkəs elan edildi, ölkədə əmin-amanlıq bərpa olundu.
Ulu öndərin hakimiyyətə yenidən qayıdışı müstəqil Azərbaycan elminə, təhsilinə, səhiyyəsinə və mədəniyyətinə də yeni nəfəs verdi. Demək olar ki, cəmiyyətin bütün sferalarında inqilabi dəyişikliklər baş verdi. Təhsil və elm ocaqları Heydər Əliyevin qayğısı sayəsində öz əvvəlki şöhrətini bərpa etdi.
Rusiya Prezidenti Vladimir Putin yazırdı: “Heydər Əliyevin prezidentliyi dövründə dost Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, ictimai və iqtisadi həyatın bütün sahələrində dərin dəyişikliklər edilməsi işində nail olduğu sanballı müsbət nəticələr bizə - qonşularınıza xüsüsilə aydın görünür”.
Azərbaycan Respublikasının dirçəlişi və tərəqqisi naminə bütün bilik və bacarığını, istedad və enerjisini əsirgəməyən ulu öndərin 35 illik hakimiyyəti dövründə böyük qələbələr, zəfərlər, ölkəmizin çiçəklənməsi, iqtisadiyyatın dirçəlməsi diqqəti cəlb edir. Onun ardıcıl və düşünülmüş xarici siyasəti Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara üzv olması və onun dünyada hüquqi demokratik dövlət kimi tanınmasına səbəb oldu.
Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyevin əsas amalı qurub yaratmaq, ölkənin tərəqqisinə xidmət etmək olub. Məlum olduğu kimi 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Milli Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu ücün möhkəm təməl yaratdı. Yeni Konstitusiyada göstərilir ki, hakimiyyətin əsas mənbəyi xalqdır, dövlət müstəqilliyinin qarantı xalq, icraçısı isə prezidentdir. Hakimiyyətin qanunverici, idarəedici və məhkəmə hakimiyyətinin üç qola bölünməsi diqqəti cəlb edir.
Heydər Əliyev Konstitusiyasının ən muhum nailiyyətlərindən biri insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsidir. Yeni Konstitusiyada ilk dəfə olaraq hakimiyyətin bölünməsi prinsipi rəsmi olaraq öz əksini tapıb. Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” bölməsində şərh edilən əsas hüquq və azadlıqlar BMT Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqlarının ümumi Bəyannaməsi”nə uyğundur.
Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi, ölüm hökmünün və senzuranın aradan götürülməsi, hüquqi dövlət quruculuğu prosesinin, iqtisadi islahatların aparılması, “Əsrin müqaviləsi”nin həyata vəsiqə alması, respublikamızın dünya dövlətləri ilə gündən-günə genişlənən iqtisadi və siyasi əlaqələr qurması məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyinin nəticəsində mumkun olmuşdur.
Bütün dünyada ulu öndər Heydər Əliyev Azərbaycanın simvoluna çevrilib, ölkəmizi onun şərəfli adı və misilsiz quruculuq işləri ilə tanıyırlar. Onun dünya siyasət meydanında nüfuzu, yeri get-gedə artırdı. Bunu 1998-ci ildə ulu öndərin rəhbərliyi ilə Bakıda keçirilmiş “Böyük İpək Yolu”na dair beynəlxalq konfransı da bir daha sübut etdi.
Avropa və Asiya qitəsinin arasında yerləşən Azərbaycan tarixən qərblə şərq, cənubla şimal arasında “körpü” funksiyası daşıyıb. Bakıda keçirilən beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qovşağa çevrilməkdə olduğunu nümayiş etdirdi.
İpək Yolunun üstündə yerləşən 33 ölkənin, 8 beynəlxalq təşkilatın numayəndələri Bakıda toplaşmaqla Azərbaycanın beynəlxalq nüfuzunu dunyada təsdiq etdilər.
13 aprel 1999-cu ildə Atatürkün “Yurdda sulh, cahanda sülh” prinsipinə uyğun olaraq ümummilli lider Heydər Əliyev Azərbaycanda və Qafqaz bölgəsində sabitliyin bərqərar edilməsi, dostluq, qarşılıqlı anlaşma və mehriban qonşuluq munasibətlərinin bərpa olunması, bütün dünyada sülhün çarçısı kimi Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görüldü.
Bütün bunlar bu gün Azərbaycan xalqının dünyada sülhsevər bir xalq kimi tanınmasına səbəb olmuş, respublikamızın müstəqilliyinin qorunub saxlanmasına, dinc quruculuq işlərinin aparılmasına, iqtisadiyyatımızın möhkəmləndirilməsinə tarixi bir imkan yaratmışdır. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, dunyada neftlə zəngin olan ölkələr çoxdur. Lakin həmin sərvətlərdən bütün dövlətlər heç də öz xalqlarının rifahı üçün lazımi səviyyədə istifadə edə bilmirlər. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində həmin sərvətlər xalqın rifah halının yaxşılaşmasına yönəldildi.
1994-cu il sentyabrın 20-də müstəqil Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında çox mühüm hadisə baş verdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dunyanın aparıcı dövlətlərinin iri şirkətləri Xəzər neftinin çıxarılması və dünya bazarına nəqlinə dair “Əsrin müqaviləsi”ni imzaladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini, xalqın öz taleyini həll etdiyini göstərməklə yanaşı, ölkəmizin dünya iqtisadiyyatına qovuşmasında da mühüm və həlledici rol oynamışdır.
Azərbaycanda həyata keçrilən neft siyasəti ölkəmizdə xarici sərmayələrlə yanaşı, müasir texnolgiyaların, iş təcrübələrinin, yeni idarəcilik qaydalarının, iqtisadi münasibətlərin daxil olması üçün də əlverişli şərait yaratmışdır. Heydər Əliyev “Əsrin müqaviləsi” imzalanarkən demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu numayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın öz sərvətlərinə özünun sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik”. Azərbaycan müstəqillik əldə etdikdən sonra onun güclu dövlət kimi formalaşmasında neft sənayesinin rolu daha da artdı. Hələ Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyərkən neft sənayesinin inkişafına çox böyük diqqət yetirirdi. Həmin dövrdə Bakı Dərin Özüllər Zavodu, Bakı neftayırma zavodunda yeni müasir qurğular məhz ulu öndər Heydər Əliyevin təşəbbüsu ilə tikilmiş, üzən qazma qurğuları xaricdə inşa edilib Azərbaycan dəniz neftçilərinin ixtiyarına verilmişdir. Hal-hazırda bu müəssisələrin fəaliyyət göstərməsi neft sənayesinin inkişafına xidmət edir.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və dünyanın nəhəng şirkətləri ilə birgə imzalanan “Əsrin müqaviləsi” yeni neft strategiyamızın şanlı səhifələrini acdı. “Əsrin müqaviləsi” Azərabaycan iqtisadiyyatının inkişafının təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsi və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investisiyanın ölkəmizə axını sürətləndi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclu təkan verdi.
Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş Heydər Əliyevə ünvanlandığı məktubda yazırdı: “Amerika Birləşmiş Ştatları Sizinlə sıx işləyərək, qlobal enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan xalqı üçün daha firavan, dinc gələcək qurmağa yardım etməyə hazırdır”.
Keçən müddət ərzində respublikamızda 30-dan çox beynəlxalq neft müqaviləsi imzalamışdır. Bu müqavilələrin respublikamız üçün əlverişli şərtlərlə imzalanmasında və onların uğurla həyata keçirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətləri xüsusilə qeyd edilməlidir. Bu müqavilələr ölkəmizə yeni idarəçilik metodlarının, mütərəqqi texnologiyaların, müasir texnikanın gətirilməsinə, neft sənayesinin infrastrukturunun yenidən qurulmasına, nəqliyyat və xidmət sahələrinin inkişafına, yeni iş yerlərinin açılmasına və xarici investisiyaların ölkəmizə axmasına güclü təkan verdi.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi ölkəmizdə istehsal edilmiş neftin dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Heydər Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki nitqində demişdir: “Bakı-Tbilisi- Ceyhan çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əminamanlığın, təhlükəsizliyin təminatçısı ola bilər”.
Bu boru kəməri Xəzərlə Aralıq dənizi arasında ilk və Turkiyə ərazisindən keçən birbaşa xəttdir. Hesablamalara görə bu kəmər dünya bazarına gündə 1 milyon barel xam neft çıxarır ki, bu da dünyanın hazırki neftə olan tələbatının 1,3 faizinə bərabərdir. “Əsrin müqaviləsi” çərcivəsində 30 il ərzində 504 milyon ton neftin çıxarılacağı nəzərdə tutulub ki, bunun da 244 milyon tonu mənfəət kimi ölkəmizə çatacaq, 188 milyon tonu kapital qoyuluşuna və istismar xərclərinə sərf olunacaq, qalan 72 milyon tonu isə gəlir şəklində xarici şirkətlərə çatacaq.
Respublikamızda istehsal edilən neft-qaz xalqımızın güzəranının yaxşılaşmasında, onun ictimai-siyasi həyatında böyük rol oynayır. Bu nemət ulu öndər Heydər Əliyevin memarı olduğu neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində ölkəmizdə dinamik inkişafın təmin edilməsi, əhalinin rifahının yaxşılaşması, dünya təsərrufat sisteminə inteqrasiya əlaqələrinin güclənməsi mümkun olmuşdur.
Azərbaycanda 1993-cü ilin ikinci yarısından etibarən ümummilli liderimiz Heydər Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət nəticəsində 1995-ci ildə ölkədə ictimai-siyasi sabitlik yarandı, sosial-iqtisadi problemlərin həlli, o cümlədən əhalinin həyat səviyyəsinin yaxşılaşması istiqamətində görülən işlər ön plana çəkildi. Ardıcıl olaraq aparılan islahatlar qısa muddət ərzində öz bəhrəsini verməyə başladı və iqtisadiyyatın ayrı-ayrı sahəsində ciddi irəliləyiş əldə edildi. Görülən məqsədyönlü və uzaq perspektivlərə tuşlanmış tədbirlər nəticəsində geriləmənin qarşısı birdəfəlik alındı.
Alfred Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb”, - deyə xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin gərgin əməyi, məntiqi siyasi gedişləri və inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq, sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır. Məlum olduğu kimi, ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə “Şahdəniz” yatağı çevirmişdir.
“Şahdəniz” qaz hasilatı və ixracı layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. bp-Azərbaycan şirkətinin 2012-ci ilin yekunları ilə bağlı hesabatına əsasən, “Şahdəniz” konsorsiumunun səhmdarları tərəfindən il ərzində layihə üzrə əməliyyat xərclərinə 269 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 99 milyon dollar sərf olunmuşdur. Ötən il “Şahdəniz” yatağındakı öncəqazma quyularından sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, “Şahdəniz” layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında quraşdırılmış unikal platforma vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının artırılmasına imkan yaradır. 2012-ci ildə yatağın gündəlik hasilat həcmi 21,1 milyon kubmetr qaz və 44 min 100 barel kondensat təşkil etmişdir. İl ərzində “Şahdəniz” yatağından 7,73 milyard kubmetr qaz və 2 milyon ton kondensat çıxarılmışdır. Bununla belə, yataqdakı 2 saylı quyunun texniki səbəblər ucbatından dayanması qaz hasilatının həcminə təsirsiz ötüşməyib. Xatırladaq ki, sutkada təqribən 6 milyon kubmetr qaz verən həmin quyunun yenidən işə salınması yataq üzrə gündəlik hasilatın həcmini 27 milyard kubmetrə çatdırmağa imkan verəcək. Bütövlükdə isə 2006-cı ilin sonlarından - “Şahdəniz” yatağında hasilata başlanıldığı gündən 2012-ci ilin sonunadək yataqdan 37,6 milyard kubmetr təbii qaz və 10,1 milyon ton kondensat hasil edilərək mövcud ixrac boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmışdır.
Qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi Azərbaycan iqtisadiyyatına təqribən 25 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır. Ötən ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri arasında Türkiyə Respublikasının ərazisindən keçən Trans-Anadolu boru kəmərinin inşası və tranzit sazişləri imzalanmışdır. Daha sonra isə hər iki saziş Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya edildikdən sonra qanun statusu almışdır. Artıq TANAP layihəsinin “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə paralel həyata keçirilməsinə başlanmışdır. Layihənin səhmdarlarından birinə çevrilməsi üçün ARDNŞ-in təklif etdiyi 12 faizlik iştirak payıını əldə edən bp şirkəti hazırda Azərbaycan və Türkiyə hökumətləri tərəfindən TANAP layihəsinə dəvət olunmuş bütün iştirakçılarla yaxından işləyir. Bundan əlavə, bp TANAP layihəsinə dəstək olaraq Türkiyənin BOTAŞ şirkəti ilə əməkdaşlığı da davam etdirir.
Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ötən əsrin doxsanıncı illərinin ortalarından başlayaraq Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub. Milli neft strategiyası, enerji siyasəti qloballaşan dünyanın tələbinə uyğun olaraq son illər ölkəmizdə daha intensiv aparılır və öz gözəl bəhrəsini verir. Son illər ərzində Azərbaycanın enerji potensialının gücləndirilməsi istiqamətində sözün həqiqi mənasında çox böyük addımlar atılıb, genişmiqyaslı işlər görülüb. Yalnız 2012-ci ildə ölkəmizin enerji potensialı 50 faizdən çox artıb və bu proses davam edir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə TANAP layihəsinin reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. Bu layihə ölkəmizin iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun artmasında önəmli rola malikdir. Prezident İlham Əliyev bu layihənin tarixi rolundan danışaraq deyib: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.
Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi kimi ciddi problemin həllində Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda marağını açıq şəkildə ortaya qoyub. İndi söhbət məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Aralıq-Baltik dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında gedir.
2012-ci ildə Azərbaycan ilə dünyanın ən böyük iqtisadi mərkəzi olan Avropa İttifaqı ölkələri arasında enerji sektorunda əməkdaşlıq xeyli genişlənmişdir. Bakıda Aİ-nin energetika məsələləri üzrə baş direktorluğunun rəhbəri Paulo Abrie Markes Azərbaycan ilə Aİ arasında energetika sahəsində anlaşma memorandumu çərçivəsində keçirilən müşavirədə qeyd etmişdir ki, tərəflər arasında energetika sahəsində əməkdaşlıq baxımından ötən il çox əhəmiyyətli olmuşdur. O, Trans-Anadolu qaz kəməri layihəsi üzrə hökumətlərarası sazişin Azərbaycan və Türkiyə parlamentləri arasında ratifikasiya olunmasını mühüm hadisə adlandırmışdır. P.A.Markes 2013-cü ildə Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarı, eləcə də Aİ-nin qaz tədarükü layihələri üzrə qərar qəbul ediləcəyini və Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən “Cənub qaz dəhlizi” layihəsinin reallaşmağa yaxın olduğunu bildirmişdir.
Təbii ki, neft amilinin ölkəmizin iqtisadi və siyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektoruna aid layihələrin reallaşmasının sayı da durmadan artmaqdadır.
Aprelin 8-də Dünya İqtisadi Forumunun Bakıda keçirilən yekun iclasındaAzərbaycan Prezidenti İlham Əliyev demişdir: “İyirmi bir il əvvəl Azərbaycan müstəqilliyini yenicə əldə etdiyi zaman bazar iqtisadiyyatının ümumi daxili məhsuldakı payı sıfır faiz idi. Bu gün isə bu göstərici 83 faizdir. Bu, bazar iqtisadiyyatına yönələn islahatların yaxşı göstəricisidir. Başqa sözlə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrü başa çatıb. Hazırda Azərbaycanda qeyri-enerji sektorunda, tikinti, yüksək texnologiyalar, kənd təsərrüfatı, neft-kimya sahələrində geniş imkanlar açılır.
Ölkəmizin davamlı inkişafını təmin etmək üçün sərmayələrə ehtiyac duyulan sahələrə investisiyaları cəlb etmək məqsədi ilə dövlət strategiyası vardır. Hamımız bilirik ki, neft və qaz müvəqqətidir. Biz, nəinki neft və qaz erasından sonrakı dövrə hazırlaşırıq, - baxmayaraq ki, bu, hələ ən azı 100 ildən sonra baş verəcək, - o cümlədən neft və qaz gəlirlərini qeyri-enerji sektorunun inkişafı, insan kapitalı və təhsil üçün istifadə edirik. Gənc nəsil bundan bəhrələnir. Bu gün Azərbaycanda və xarici ölkələrdə yaxşı təhsil almış gənclər ölkəmizdə mühüm biznes fəaliyyəti ilə məşğuldurlar və Azərbaycanın davamlı inkişafına töhfə verirlər".
Qeyd etmək lazımdır ki, hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya-kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnməyə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq ölkə Prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib. Bununla bağlı verilən sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Tədbirlər Planı” hazırlayıb və Azərbaycan Respublikasının Prezidentinə təqdim edib.
Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektorunda son 8-10 ildə orta illik artım tempi 20-25 faiz təşkil edib və bu, ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Təkcə yola saldığımız 2012-ci ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində ölkə üzrə ümum daxili məhsulun (ÜDM) həcmi 54 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 2,2 faiz olub. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 17,3 faiz artaraq 1503,4 milyon manat təşkil edib.
Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2012-2013” hesabatında “Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutub və beləliklə, yenə də MDB məkanında öz liderliyini qoruyub saxlamağa müvəffəq olub. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) İnformasiya Cəmiyyətinin ölçülməsi “Measuring the Information Society - 2012” adlı hesabatında “İKT inkişaf indeksi” (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yerə qalxıb. Bu hesabatda Azərbaycan 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yerini möhkəmlədib. Məhz bu göstəricilərə əsaslanaraq beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin gələcək inkişafı ilə bağlı müsbət və optimist fikirlər səsləndirirlər. Bu proqnozlara görə, Azərbaycan hökuməti İKT sahəsinə investisiya yatırmaq, eyni zamanda İKT sahəsinin inkişafına xüsusi şərait yaratmaqla, bu istiqamətdə islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindən əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə bərabər olacaq və daha sonra bu gəlirləri üstələyəcək.
Ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar nəticəsində respublikada makroiqtisadi gostəricilər artmış, struktur dəyişiklikləri keyfiyyətcə yeni səviyyəyə qalxmış, daha surətli iqtisadi artım, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin acılması, inflyasiyanın qarşısının alınması, əhalinin aztəminatlı hissəsinin sosial mudafiəsinin gucləndirilməsi, əhalinin real pul gəlirlərinin artması sahəsində xeyli irəliləyişlər əldə edilmişdir.
Ölkəmizdə neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafına xususi diqqət yetirilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır. Belə ki, hazırda ölkədə işsizlərin sayı 5 faizə bərabərdir. Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azaldılmasına öz təsirini göstərmiş və ilkin məlumatlara görə bir il ərzində yoxsulluq səviyyəsi 1,6 faiz azalaraq 6,0 faizə enmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə respublikamızda həyata keçirdiyi tədbirlər ölkədə mövcud ictimai-siyasi sabitliyin qorunub saxlanmasına, sosial-iqtisadi islahatların uğurla davam etdirilməsinə, ölkə əhalisinin maddi rifahının yaxşılaşdırılmasına yönəlib. Butun bunlar isə bizə deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcək.
Dahi Üzeyir Hacıbəyov yazırdı: “Bəşər tarixində elə şəxslər var ki, onlar tək özləri ücün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi və çiçəklənməsi naminə həyata gəliblər”. Bu sözləri tam cəsarətlə Heydər Əliyev haqqında demək olar. Bu böyük insanın ideyaları yaşayır, qalib gəlir və xalqımızı yeni-yeni qələbələrə aparır.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.