Azərbaycanın həyatında tarixi rol oynamış səfərlərin salnaməsi

 

 

Fotoşəkillər yaşanmış illərin ən qiymətli və mötəbər yadigarlarıdır. Onlar bizə əlamətdar tarixləri xatırlamaq, şəxsi həyatımızda, yaxud bütün xalqın, dövlətin həyatında silinməz izlər qoymuş anları yenidən yaşamaq imkanı yaradır.

Fotoşəkillər keçmişlə, bizim hər bir hərəkətimizi, düşüncələrimizi, duyğularımızı arxada qoyan zamanla təmas deməkdir. Biz fotoşəkillərə baxanda müəyyən zaman fasiləsi ilə müqayisədə qat-qat artıq əhəmiyyətə malik olan anları seyr edirik. Zaman keçdikcə bu anlar xüsusi məna kəsb edir, fotoşəkillərdə əks olunmuş anlar bütöv bir həyata çevrilir, axı insanın həyatı da kainatın sonsuzluğu ilə müqayisədə bir an kimidir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə kitab-albom hazırlamaqla biz zamanın müəyyən anlarını dayandırmaq və bu görkəmli dövlət xadiminin Azərbaycan dövlətini yaratmaq üçün apardığı gərgin işi, şəxsi həyat üçün yer qalmayan, özünü bütünlüklə Vətənə xidmətə həsr etmək nümunəsi olan işi əyani şəkildə nümayiş etdirən anları göstərmək istəmişik.

Heydər Əliyev Mərkəzinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) birgə hazırladığı “Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi” adlı nəşrdə ümummilli lider Heydər Əliyevin xarici səfərləri haqqında AzərTAc-ın fotomaterialları təqdim edilmişdir. Fotoşəkillərdən və onlara aid mətnlərdən ibarət kitabda Heydər Əliyevin on il ərzində xarici ölkələrdə keçirdiyi ən mühüm görüşlər haqqında söhbət açılır. Şübhəsiz, o vaxta qədər xalqımız haqqında, bütövlükdə Azərbaycan haqqında mövcud olan stereotipləri məhz Heydər Əliyevin bu mühüm görüşləri və danışıqları sayəsində dəf etmək mümkün olmuşdur.

Məsələn, Heydər Əliyevin ABŞ-a səfərləri və bu ölkədəki görüşləri haqqında fotolar blokundakı şəkillərin birində Azərbaycan Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini məxsusi hazırlanmış xəritə üzərində ilk dəfə necə izah etməsi əks olunmuşdur. Bu, informasiya blokadasını yarmağın başlanğıcı, bir növ həqiqət anı idi - Azərbaycanın haqq səsi xaricdə eşidilirdi. Bu işi məhz Heydər Əliyev başlamışdı. O, müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərində münaqişənin mahiyyətini, Azərbaycanın mövqeyini hərtərəfli təsvir edirdi.

AzərTAc-ın baş direktoru, 1993-cü ildən ümummilli liderin bütün xarici səfərlərində, rəsmi görüşlərdə onu müşayiət etmiş Aslan Aslanov dəfələrlə qeyd etmişdir ki, Heydər Əliyev özünün xarizması, inandırmaq bacarığı sayəsində müsahibinin fikrini ölkəmizin xeyrinə dəyişdirə bilirdi.

Kitabda ulu öndərin 29 xarici ölkəyə çoxsaylı səfərlərini əks etdirən seçmə fotoşəkillər hər bir ölkə üzrə ayrıca bölmə şəklində toplanmışdır. Bu fotoşəkillərdə rəsmi görüşlər, çıxışlar, təqdimatlar, jurnalistlərə müsahibələr və əlbəttə, səmimi salamlaşma, heyranlıq hissləri, dostcasına təbəssüm və bir sıra başqa məqamlar əks olunmuşdur.

Kitabın mündəricatı yoxdur, onun səhifələri də nömrələnməmişdir. Ona görə ki, bu kitab hissələrə bölünə bilməyən bütöv, vahid bir tam təşkil edir. Nəşrdə yalnız fotoşəkillərin nə vaxt və hansı ölkədə çəkildiyi göstərilmişdir. Hər bir ölkə ayrıca bir rubrikadır. Hər rubrikanın əvvəlində ən mühüm görüşləri əks etdirən fotoşəkillər, sonra isə müxtəlif illərdə həmin ölkədə görüşlər zamanı çəkilmiş fotoşəkillər yer almışdır.

Kitab-albom bu və ya digər ölkə ilə əlaqələrin necə yaranması, həmin ölkələrlə əməkdaşlığın necə nizamlanması, Heydər Əliyevin ölkəmizi dünyaya necə təqdim etməsi barədə dolğun təsəvvür yaradır. Bu, müstəqil Azərbaycanın müasir diplomatiyasının başlanğıcı, danışıqlar aparmaq, inandırma məktəbi idi.

Bu tarixi fotolar ulu öndər Heydər Əliyevin ölkəmizi beynəlxalq arenada tanıtmasını əyani şəkildə nümayiş etdirir. Bir neçə misal göstərək.

1993-cü ilin dekabr ayı. Fransaya səfər. Bu, Heydər Əliyevin Azərbaycanın Prezidenti kimi ilk dövlət səfəri idi. Fransa Prezidenti Fransua Mitteranla görüş, ikitərəfli sənədlərin imzalanması, Azərbaycanın mövqeyinin Fransa ictimaiyyətinə bilavasitə təqdim edilməsi.

1994-cü ilin fevral ayı. Heydər Əliyevin Böyük Britaniyaya səfəri: Baş nazir Con Meycer və sabiq baş nazir Marqaret Tetçer ilə görüşlər; “Əsrin müqaviləsi”nin imzalanması üçün təməl yaradılmış, ölkəmizə investisiyalar cəlb edilmiş, Britaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımışdır.

1997-ci il iyulun axırları - avqustun əvvəli. ABŞ-a səfər: ABŞ Prezidenti Bill Klinton ilə görüş; Azərbaycan ilə Amerikanın münasibətlərində yeni mərhələnin təməli qoyulmuş, ölkəmizin mövqeyini ABŞ rəhbərliyinə birbaşa şərh etmək imkanı əldə edilmişdir.

1994-cü ilin aprel ayı. MDB üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiyaya səfər: Heydər Əliyev həmin iclasda demişdi: “MDB iştirakçısı olan iki dövlətin müharibə vəziyyətində olması anormal haldır”.

Kitab-albom nəfis bir xalıya bənzəyir: ölkəmizin həyatında çox böyük rol oynamış, Azərbaycanın naminə bu gün də riyazi dəqiqliklə işləyən kursu müəyyən etmiş anlardan toxunmuş bu xalı Heydər Əliyevin Azərbaycanı dünyaya və dünyanı Azərbaycana tanıtmasının salnaməsidir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında