Astarada beynəlxalq elmi konfrans

 

 

Astara Rayon İcra Hakimiyyətinin və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan  “İnformasiya-Kommunikasiya Texnologiyaları və Qloballaşma” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Konfransda Azərbaycan, Rusiya, Özbəkistan, Türkiyə və Hindistandan gəlmiş tanınmış alimlər iştirak etmişlər.  Qonaqlar Astara Pedaqoji Kollecində xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən guşəyə baxmış və ulu öndərin portreti önünə tər gül dəstələri qoymuşlar. Pedaqoji kollektivin üzvləri və tələbələrlə səmimi söhbət edən alimlər tələbələrin əl işlərindən ibarət sərgiyə baxmış və xatirə şəkilləri çəkdirmişlər.

Beynəlxalq konfransın iştirakçıları Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşmüşlər. Onlar səmimi qarşılandıqlarına görə təşəkkür etmiş, milli lideri Heydər Əliyevin  dünyada tanınmış çox görkəmli bir şəxsiyyət olduğunu vurğulamışlar. Ulu öndərin yolunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi və son dövrlərdə qazanılan beynəlxalq səviyyəli nailiyyətlər qeyd edilmişdir.

Qonaqlar Astara şəhərinin mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olmuş, xatirə kitabında  ürək sözlərini yazmışlar.

Sonra “Şindan” sarayında Beynəlxalq Elmi Konfransı öz işinə başlamışdır.

Konfransı giriş sözü ilə Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, əməkdar müəllim, dosent Əlihəsən Həmzəyev açmışdır. O qeyd etmişdir ki, xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin 90 illik yubileyi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunub. Yubiley tədbirləri təkcə respublikamızı deyil, dünyanın bir çox ölkələrini əhatə etmişdir.

“Bir tərəfdən Azərbaycan da qloballaşmanın inkişafına öz töhfəsini verir. Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq ilə Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir”. —Ulu öndərin bu fikirləri artıq həyata keçir. Azərbaycan dövləti Şərq ilə Qərb arasında körpüyə dönmüşdür. 

Konfransda Heydər Əliyev və qloballaşma, təhsil sistemində islahatlar və İKT-nin bu proseslərdə rolu kimi mövzuların əsas müzakirə obyekti olduğu bildirilmişdir.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin haqqında  “Əbədiyyət yolu” adlı videoçarxa maraqla baxmışlar.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan son 20 ildə həyatımızın bütün sahələrində misilsiz inkişaf yolu keçmiş, dünyada özünəməxsus yeri və nüfuzu olan dövlətlərdən birinə çevrilmişdir. Heydər Əliyevin ideyalarının davamçısı Prezident İlham Əliyev bu siyasi xəttə sadiq qalaraq nailiyyətlərimizi daha da genişləndirməkdədir. Bugünkü beynəlxalq elmi konfrans da məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “İnformasiya Kommunikasiya Texnologiyaları və Qloballaşma” mövzusuna həsr olunması ilə maraq doğurur.

Ulu öndər Heydər Əliyevin ideyalarının ən böyük təntənəsi kimi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılaraq idarə olunması və istismarını göstərmək olar. Əmin olduğumu bildirmək istəyirəm ki, bu mötəbər konfransda ediləcək məruzələr, çıxışlar və tövsiyə olunan təkliflər də Azərbaycanda İKT-nın daha sürətli inkişafına, qloballaşma prosesinə öz layiqli töhfəsini verəcək.

Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmlər doktoru, professor  A. Çumakov və Özbəkistan Fəlsəfə Cəmiyyətinin prezidenti, fəlsəfə elmləri doktoru, akademik S.Şermuxamedov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini danışmışlar. Alimlər Azərbaycanın inkişafının dünya dövlətlərinə nümunə olduğunu vurğulamışlar.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə, “Braxma Kumaris Sankt-Peterburq Mərkəzi” Regional mədəni-maarifçilik ictimai təşkilatının baş direktoru D.S.Kukredja (Hindistan), M.Uluqbəy adına Özbəkistan Milli Universitetinin kafedra müdiri, professor N.Şermuxamedova, Rusiya EA Fəlsəfə İnstitutunun bölmə müdiri, fəlsəfə elmləri doktoru, akademik V.Fedotova, AMEA-nın müxbir üzvü, akademik S.İmamverdiyev, Rusiya FC vitse-prezidentinin müavini, fəlsəfə doktoru A.Gözəlov, professorlar M.Rəhimov, İ.Quliyev, İ.Vəliyev və X.Qənbərov Türk-rus Mədəni Mərkəzinin baş direktoru A.Asalıoğlu (Türkiyə), MDBMİ-nin dosenti N.Fedotova, fəlsəfə elmləri doktorları M.Hacıyeva, A.Əlizadə, T.Hacıyev, fəlsəfə doktoru Ş.Ağayev konfransda çıxış etmişlər.

Beynəlxalq konfransın işində fəallıq göstərən iştirakçılara və ən yaxşı məruzəyə görə fəxri diplom və sertifikatlar verilmişdir. Xarici qonaqlara Azərbaycan milli ornamentlərini əks etdirən suvenir-xalçalar hədiyyə edilmişdir.

Rusiya Fəlsəfə Cəmiyyəti adından A.Çumakov və Özbəkistan Fəlsəfə Cəmiyyəti adından S.Çermuxamedov mədəniyyətlərarası dialoqun inkişafında, xalqların dostluq əlaqələrinin möhkəmləndirilməsində və qloballaşma şəraitində mövcud problemlərin həllinə göstərdiyi xidmətlərə görə Astara Pedaqoji Kollecinin direktoru Ə.Həmzəyevə Fəxri diplomlar təqdim etmişdir.

Konfransdan sonra onun iştirakçıları rayon əhalisi ilə birlikdə respublika incəsənət ustalarının konsertinə baxmışlar.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında