Ulu öndər Heydər Əliyevin alternativsiz siyasi kursu Azərbaycanın parlaq gələcəyinin təminatıdır
Hər bir xalqın milli kimliyi onun əsrlər boyu siyasi varislik ənənələri üzərində formalaşan və zənginləşən dövlətçilik irsində dolğun təcəssümünü tapır. Milli dövlətçiliyin qorunması və möhkəmləndirilməsi isə təkcə tarixi şans və milli iradə nümayişi ilə deyil, həm də lider amili ilə şərtlənir. Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşiblər. Bu mənada, liderin siyasi iradəsindən çox şey, ən başlıcası isə onun təmsil etdiyi ölkənin taleyi asılıdır.
Əsrlər boyu böyük filosoflar, Avropanın və Şərqin siyasi fikir tarixinin görkəmli sımaları liderlik institutunun tarixdəki rolunu aydınlaşdırmağa çalışmış, bir-birindən maraqlı və cəlbedici elmi qənaətlərə gəlmişlər. Fəqət, liderlik anlayışı ilə bağlı ən fərqli mülahizələr, elmi nəzəriyyə və baxışlar bir gerçəklik üzərində qovuşur, ortaq nöqtəyə gəlir: lider bir çox fərdi keyfiyyətlərinə görə seçilən hansısa şəxsiyyətin tükənməz optimizm, yüksək xarizma, fitri idarəçilik keyfiyyətləri, kütlələri konkret ideya, məram və məqsədlər ətrafında səfərbər edib inandırmaq, ətrafında toplamaq, arxasınca aparmaq bacarığıdır.
Ədalətli və güclü rəhbərə sahiblik arzusu dünyanın ən qədim etnoslarından biri olaraq bəşər sivilizasiyasına böyük töhfələr vermiş azərbaycanlıların da milli düşüncə sistemində möhkəm intişar tapmaqla, müdrik xalqımızın minilliklərlə ölçülən mövcudluq və mücadilə salnaməsinin ümdə qayəsinə çevrilmişdir. Dünyanın qədim etnoslarından olan Azərbaycan xalqının milli dövlətçilik şüurunun formalaşması və möhkəmlənməsi prosesi, eyni zamanda, onun müstəqil, azad dövlətdə yaşamaq arzusu müəyyən səbəblərdən qərinələr boyu müxtəlif maneələrlə üzləşərək reallaşmamışdır. Xalqımızın bu gün də qürur hissi ilə andığı böyük hökmdar — sərkərdələr — Cavanşir, Atabəy Eldəgiz, Qazan xan, Şirvanşah I İbrahim, Şah İsmayıl Xətai, Fətəli xan kimi şəxsiyyətlər Azərbaycanı vahid dövlət bayrağı altında birləşdirməyə, davamlı milli dövlət qurmağa çalışsalar da, obyektiv və subyektiv səbəblərdən qarşıya qoyduqları müqəddəs məramı sonadək reallaşdıra bilməmişlər.
Azərbaycanlıların əsrlər boyu cilalanaraq formalaşan güclü, istiqamətverici, gerçək ümummilli lider idealı isə məhz ulu öndər Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrilir. Ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövləti hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazanmışdır.
Hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də məhz budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmişdir. Məhz ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilmiş, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoymuşdur. Bu mərhələdən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən, ölkənin milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərini elmi şəkildə açıqlayan, yeni neft strategıyasını irəli sürən, cəmiyyətdə sabitliyin qarantı olan orta təbəqənin - sahibkarlar sinfinin formalaşması yönümündə ardıcıl addımlar atan ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsini və Azərbaycanın davamlı inkışaf yoluna çıxarılmasını həmin dövrün başlıca milli ideyasına çevirmişdir.
1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev milli ideyanın təcəssümü olan məqsədlərin gerçəkləşdirilməsi, ələlxüsus müstəqillik amilinin praktik şəkildə bərqərar olunması baxımından, ilk növbədə, iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkışaf üçün bazisin formalaşmasını vacib saymışdır. Qısaca xatırlatmaq kifayətdir ki, ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılmış, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilmiş, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılmış, milli sahibkarlığın inkişafı üçün zəruri qanunverıcilik aktları qəbul edilmiş, respublikanın dünya təsərrüfat sisteminə inteqrasiyası sürətlənmişdir. Bütün bunlar göstərir ki, məhz Heydər Əliyevin prezidentliyi dövründə ölkənin müasir inkışafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın yetkin dövlət kimi qəbul edilməsi təmin olunmuş, gələcəkdə müasir dünyaya sürətlə qovuşmasına şərait yaradılmışdır.
Prezident İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında göstərildiyi kimi, “dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.
Ulu öndər Heydər Əliyevin fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən bəhs edən müəlliflər, istər-istəməz, bir sual üzərində düşünməli olurlar: Görəsən, Heydər Əliyevin böyük siyasətdə məğlubedilməz və xarizmatik lider kimi uğurlarını təmin edən başlıca amillər nə olmuşdur? Böyük əksəriyyəti bu sualın ən sadə, lakin dərin məzmun yükünə malik bir cavabı üzərində dayanır: Şübhəsiz, tarixə öz möhürünü vurmuş böyük liderlər kimi ümummilli lider Heydər Əliyevin də siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın dəstəyinə, ictimai inam amilinə söykənmişdir. Ulu öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır.
Yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmişdir. Heydər Əliyev fenomeninin böyüklüyü isə onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması olmuşdur. Siyasətə ideyaların realizə vasitəsi kimi yanaşan ulu öndər bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə, həvəslə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdir. Məhz bu keyfiyyətləri sayəsində Heydər Əliyev heç zaman kiçik bir qrupun, toplumun lideri olmamış, bütöv millətə, xalqa rəhbərlik etmək haqqını təmin etmişdir. Şəxsiyyət və lider kimi miqyasının böyüklüyü ona hələ sağlığında ikən ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir.
Ulu öndərin 40 ilə yaxın müddətdə özünü təcrübəli dövlət xadimi və rəhbər kimi təsdiqləməsi, cəlbedici ideya və proqramlarla insanların inam və etimadını qazanması, habelə məğlubedilməz obrazı, həm də qeyri-adi bir keyfiyyətlə - liderlik xarizması ilə ölçülür.
Əsrlər boyu politoloji fikirdə möhkəmlənərək müasir günlərimizədək gəlib çatan bir elmi postulat da ondan ibarətdir ki, xarizma heç də bütün liderlər üçün səciyyəvi keyfiyyət deyildir. Xarizma əsasən liderin son dərəcə cəlbedici auraya malik olmasını, psixoloji təsir və inandırma qabiliyyətini özündə ehtiva edən politoloji anlayış kimi şərh edilir. Xarizmatik liderin müsbət aurası onunla yaxından ünsiyyətdə olanlara yaxşı mənada təsir göstərir, onları vahid məram və məqsədlər ətrafında kökləyir. Bu keyfiyyətə malik şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni kataklizmlər dövründə xalqa düzgün yolu göstərən mayak və xilaskar missiyasında çıxış edirlər.
Heydər Əliyev də xarizmatik şəxsiyyət kimi insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək imkanında olmuşdur. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində ulu öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici təbəqələrini arxasınca apara bilmişdir.
Ötən əsrin nüfuzlu dövlət xadimlərindən olmuş Uinston Çörçil demişdir ki, “Siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür”. Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığıdır. Bu elə bir vacib keyfiyyətdir ki, təkcə böyük bir millətə deyil, hətta kiçik bir partiyaya, siyasi qrupa rəhbərlik edən şəxs də siyasi proseslərin gedişini fəhmlə duymalı, gözlənilən uğur və uğursuzluqları əvvəlcədən hesablamağı bacarmalıdır. Tarixən bir çox nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduğu məqsədlərə yetişərək uğur qazanması, rəhbərlik etdiyi xalqı böyük fəlakət və faciələrdən hifz etməsi məhz iti fəhm, intuisiya və uzaqgörənliyin nəticəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını duyan, çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir göstərən fenomenal şəxsiyyət idi!
Siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, ictimai şüurda pozitiv dönüş yaratmaq vasitəsidir. Bunun üçün liderdən aydın, məzmunlu, inandırıcı, cəlbedici nitq mədəniyyətinə, pozitiv auraya, dərin məntiqi mühakiməyə, geniş erudisiyaya malik olmaq tələb olunur. Bu gün siyasi baxışlarından asılı olmayaraq hamı birmənalı etiraf edir ki, Heydər Əliyev fenomen natiqlik məharətinə malik lider olmaqla yanaşı, qeyri-adi intellektə, yaddaşa, hafızəyə, təfəkkürə malik xariqüladə İnsan idi. Aydın və cəlbedici nitqi, incə yumoru, inandırmaq bacarığı, istənilən söhbətinin konkret həyat reallıqları, fakt və hadisələr üzərində qurması onun aurasını son dərəcə cəlbedici edirdi. Heydər Əliyevin publika qarşısında saatlarla çıxış etməsi, nitq söylədiyi mövzunu incəliklərinə qədər bilməsi, onun fitri istedadı insanları heyrətləndirir, məftun edirdi.
Ümummilli lider Heydər Əliyev çıxışlarında dilimizin saflığının, mənəvi zənginliyinin qorunmasını gənc nəslə tövsiyə edirdi. Xüsusi vurğulayırdı ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan, müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi intellektual məzmun və hadisələri, informativ mənzərəsi bu dildə çevik şəkildə, səlistliklə əksini tapa bilir. Peşəkar natiq olan ümummilli lider Heydər Əliyevin hər çıxışında dilımizin zənginlikləri, incəlikləri aşkara çıxır, ədəbi dilin normalarına heyrətamiz dərəcədə əməl olunurdu. Ulu öndər Azərbaycan dilinin qorunması və inkişafına gənclər sahəsində dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Hələ Azərbaycan Gənclərinin 1996-cı ildə keçirilmiş I Forumunda Heydər Əliyev gəncləri ana dilini dərindən mənimsəməyə çağırmış, özünəməxsus müdrikliklə onlara Şekspiri ingilis, Puşkini rus, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxumağı tövsiyə etmişdi: “Məni bu gün bu forumda sevindirən cəhətlərdən biri də o oldu ki, çıxış edən bütün gənclər çox sərbəst, səlis, Azərbaycan dilində danışırdılar. Bilirsiniz, bir neçə il bundan öncə bunu görmək mümkün deyildi. Keçmiş illərin müəyyən xüsusiyyətlərinə görə Azərbaycan dili Azərbaycanda lazımi qədər inkişaf edə bilməmişdi. Doğrudur, biz buna çox çalışmışıq, 60-cı, 70-ci, 80-ci illərdə bu barədə çox səylər göstərilmişdir. Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi. Biz Sovetlər İttifaqının tərkibində idik. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarıxini yaxşı bilə bilməz”.
Siyasi lideri səciyyələndirən əxlaqi keyfiyyətlərin idarəetmə üçün zəruriliyıni Platon, Aristotel, Konfutsi kimi böyük filosoflar öz nəzəriyyələrində xüsusi önə çəkmişlər. Bütün bunların fonunda ulu öndər Heydər Əliyevin mənəvi-əxlaqi cəhətdən nə qədər zəngin, kamil insan olduğu bir daha aydın görünür. Ulu öndər istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmış, etnik-mental tipi etibarilə əsl azərbaycanlı-türk dünyagörüşünə malik olmuşdur. Ulu öndər barışmaz, prinsipial, sərt, məsuliyyətli olduğu qədər də, humanist, tolerant, haqqa, ədalətə yüksək önəm verən, mərhəmətli, nəcib və xeyirhax şəxsiyyət kimi xatırlanır. 1993-2003-cü illərdə ölüm hökmü cəzası üzərində moratoriumun qoyulması, Prezident yanında əfvetmə komissiyasının yaradılması, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsi, 32 əfv, 8 amnistiya aktının imzalanması məhz bu humanizmin, insanpərvərliyin bariz təcəssümü idi.
Ulu öndər Heydər Əliyevin humanist lider olmasının ən qabarıq təzahürləri həm də onun tolerant şəxsiyyət olmasında özünü ehtiva edirdi. Böyük ürək sahibi olan bu insan hətta özünə qarşı edilmiş ədalətsizlikləri, haqsızlıqları da unudur, bağışlamağı bacarırdı. Bir zamanlar Heydər Əliyevin parlamentdə nitq söyləməsinə mane olmağa çalışanlar, ona qarşı hədyanlar söyləyənlər sonradan ulu öndərin böyüklüyü qarşısında kiçildilər, səhvlərini dərk edərək mövqelərini dəyişdilər. Fəqət, milli-mənəvi dəyərlərə bağlı olan ümummilli lider geniş ürək sahibi kimi həmin şəxsləri də bağışladı, bir qismini hətta vəzifələrə təyin etdi. Sonralar Heydər Əlıyev həmin şəxslər barədə deyirdi: “Mən dəfələrlə demişəm, heç kəsə damğa vurmaq olmaz. Heç kimi keçmiş səhvlərinə görə cəmiyyətdən təcrid etmək olmaz. Əgər bir adam dünən səhv etmişdirsə, yolunu azmışdırsa və bu gün düz yolla gedirsə, xalqla birlikdədirsə, qanuna riayət edirsə, - buna söz yoxdur”.
Ulu öndərin idarəçiliyinin bütün mərhələrində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da, əslində, onun zəngin mənəviyyatından rişələnmişdir. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq “haqlı həmışə güclüdür” düsturundan çıxış edirdi. Ulu öndər yaxşı başa düşürdü ki, xalqa rəhbərlik edən hakimiyyət daim hər bir fərdin maraq və mənafeyini uca tutmalıdır. Bu baxımdan əsl liderlərə xas sosial arbitraj funksiyası – sosial mübahisələri həll etmək bacarığı Heydər Əliyevin daxili demokratizmindən irəli gəlirdi.
Dövlət idarəçiliyində, ümumilikdə, siyasi arenada uğuru təmin edən cəhətlər sırasında novatorluq və praqmatizm də xüsusi yer tutur. Xaraktercə yenilikçi, təşəbbüskar liderlər həm də praqmatik keyfiyyətləri özlərində daşıyırlar. Ümummilli lider xalqın milli xüsusiyyətlərinin, özünəməxsusluğunun saxlanılması və gələcək nəsillərə çatdırılması məsələsində nə qədər mühafizəkar idisə, elmi-texniki tərəqqiyə, inkişafa, sosial-mədəni tərəqqiyə xidmət edən proqram və konsepsiyaların həyata keçirilməsində, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqində bir o qədər yenilikçi, islahatçı və novator idi. Ulu öndərin lider kimi yenilikçilik, təşəbbüskarlıq keyfiyyətləri onun qurucu və yaradıcı, eyni zamanda, maarifçi insan olmasından irəli gəlirdi.
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Əsl vətəndaş, şəxsiyyət və lider haqqında düşüncələr” əsərində vurğuladığı kimi, ulu öndər Heydər Əliyevin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması on illərlə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb ümummilli problemlərin həlli yollarına işıq salır. Ulu öndəri öz xalqının psixologiyasını və mentalitetini çox gözəl bilən xarizmatik lider kimi səciyyələndirən akademik qeyd edir ki, Azərbaycan vətəndaşları gələcək inkişafın üfüqlərini məhz Heydər Əliyevin həyata keçirdiyi sistemli fundamental dəyişikliklər çərçivəsində görür: “Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin “dövlət” adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu 34 il ərzində o, XX — XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır... Öz təndiqçilərindən və siyasi opponentlərindən fərqli olaraq, Heydər Əliyev ölkənin bir çox problemlərinin - siyasətin, iqtisadiyyatın və ictimai həyatın nəbzini və mahiyyətini müəyyənləşdirən problemlərin həllinin açarını tapmışdır. Yalnız həmin problemlərin həllindən sonra Azərbaycan üçün gələcək inkişafın perspektivləri açılmış və bu perspektivlər bizdən ötrü nikbinlik və daha yaxşı gələcək üçün ümidlər mənbəyi olmuşdur”.
Ümumiyyətlə, Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə, demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Məhz bunun nətıcəsidir ki, Azərbaycan cəmi 20 il müddətində inanılmaz yol qət edərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etmişdir.
Yetmiş il inzibati-amirlik sistemində yaşamış, milli ideallardan uzaqlaşdırılmış, iqtısadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Prezident İlham Əliyevin ötən 10 il müddə-tində uğurla davam etdirdiyi siyasət Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyin qorunub saxlanılmasına yönəlmişdir. Və bu sabitliyi heç bir qüvvə pozmaq, ölkəni xaos, anarxiya burulğanına sürükləmək iqtidarında deyildir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu ötən 10 illik fəaliyyəti dövründə tam sübuta yetirmişdir. Vəzifəli şəxslərə etimad prinsipini onların xalqa xidmətinə nəzərən müəyyənləşdirmiş, hökumətin xalq qarşısında hesabat verməsini idarəçilikdə xoş ənənə kimi formalaşdırmışdır. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşməsi, onlarla səmimi söhbət edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etməsi möhtərəm Prezidentimizin xarakter etibarilə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxmışdır. Dövlət başçısı bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezidentlə vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacarmışdır.
Ümumiyyətlə, dövlət başçısı Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun cəmiyyət qarşısındakı öhdəliklərə sadiqliyindən irəli gəlir. Hələ 2003-cü ildə andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” - deyən İlham Əliyev ulu öndərin dövlətçilik irsinə necə sadiq olduğunu ötən müddətdə tam təsdiqləmişdir.
Cənab İlham Əliyevin qazandığı uğurların başqa bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Cənubdan Şimala, Şərqdən Qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlərin - ən müasir tələblərə cavab verən yeni məktəblərin, səhiyyə ocaqlarının, körpülərin, yolların və s. tikintisi buna əyani sübutdur.
Cəmiyyət həyatındakı sürətli dəyişikliklər ötən 10 ildə elm və təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirmişdir. Bu baxımdan Prezident İlham Əliyevin son illərdə imzaladığı “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, “Azərbaycan Respublikasında 2009-2005-ci illərdə elmin inkışafı üzrə Milli Strategiyanın həyata keçırilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında", “Elmin İnkışafına Yardım Fondunun yaradılması haqqında” və digər sərəncamlar elm sahəsində yeni dövrün tələbi ilə səsləşən islahatların aparılmasını təmin etmişdir. 2009-cu ildə respublikada Elmin İnkişafı Fondunun yaradılması elmi tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir.
Azərbaycan Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli Sərəncamı respublikada elmi tədqiqatların dünya standartları səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır.
Cənab İlham Əliyevin 2011-ci il 21 aprel tarixdə AMEA-nın illik ümumi yığıncağında iştirakı və dərin məzmunlu nitqində intellektual elitaya bir sıra dəyərli tövsiyələr verməsi bu sahənin inkişafının ölkə rəhbəri üçün prioritet məsələlərdən biri olduğunu bir daha təsdiqləyir. Möhtərəm Prezident həmin toplantıda bir daha xüsusi vurğulamışdır ki, Azərbaycan dövləti iqtısadi inkişaf prosesində ilk növbədə cəmiyyətin intellektual potensialına istinad edir. Respublikada təbii sərvətlərin hasilatından əldə olunan vəsaitlərin böyük qisminin məhz elm və təhsilə, informasiya texnologiyalarının inkişafına, insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü doğrultmuşdur. Bütün bunlarla yanaşı, cənab İlham Əliyev hazırkı mərhələdə elmi proqnozlardan iqtisadi inkişaf prosesində səmərəli istifadə olunması, daha dəqiqi, elmlə iqtisadiyyatının uğurlu vəhdətinin təmin edilməsi vacibliyini də vurğulamışdır: “Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik... İqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirilir... Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir”.
Prezidentin həmin tədbirdə alimlərə mühüm tövsiyələrindən biri də elmin inkişaf prioritetlərinin respublikanın hazırkı inkişaf dinamikası ilə uzlaşdırılması olmuşdur. İnsan kapıtalının formalaşdırılmasını prioritet məqsəd kimi diqqətə çəkən, dövlətin innovasiya inkışafında müasir biliklərin, nanotexnologiyaların roluna mühüm yer ayıran bu effektiv iqtisadi siyasətin elmi cəhətdən təhlili və əsaslandırılması mövcud uğurların davamlılığının təmini baxımından son dərəcə vacibdir.
Düşünürəm ki, cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə qazandığımız minlərlə, on minlərlə uğurlu faktı sadalamağa lüzum yoxdur. Bu siyasətin ən böyük uğuru isə bütövlükdə Azərbaycan insanın təfəkkür və düşüncə baxımından müasirləşməsi, modern baxışlar sisteminə liberal yanaşması, mental və bəşəri dəyərləri uzlaşdıra bilməsidir. Bəli, 22 il bundan əvvəl dünyaya göz açan körpələr indi müstəqil Azərbaycanın 22 yaşlı, yetkin, müasir düşüncəli gəncləridir. Onlar tam olaraq müstəqillik dövründə yaşamış, formalaşmış, bu nemətin şirinliyini dadmışlar. Onlar yeni ictimai-iqtisadi formasiyada, azərbaycançılıq və müstəqillik ideologiyası ruhunda formalaşdıqları üçün müstəqilliyin qədir-qiymətini daha yaxşı bilirlər. Hər cür nostalgiyadan uzaq müasir düşüncəli, kreativ, yenilikçi ruhlu bu gənclik müstəqilliyimizin, ulu öndərin təbirincə desək, ədəbi, dönməz olmasının etibarlı təminatçısıdır.
Bütün bunlar göstərir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, milli ənənələrə və ümümbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir. Azərbaycan elmi Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu ənənələr əsasında inkişaf edir, mövcud problemlərə, çətinliklərə sinə gərərək millətin nurlu gələcəyinə yol açmağa çalışır. Ölkənin elm adamları Azərbaycanın iqtisadi potensialı artdıqca, elmi sahəyə qoyulan sərmayələrin də ildən-ilə artacağına böyük ümidlər bəsləyir, eyni zamanda ölkədə həyata keçirilən effektiv islahatlar kursuna hərtərəfli dəstək verirlər.
İsaxan VƏLİYEV,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri,
hüquq elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.