“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 45-ci cildi çapdan çıxmışdır

 

 

 

 

“Bu il İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 58-ci ildönümü tamam olur. Bu müharibə miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü və ən dəhşətlisidir. Məlumdur ki, İkinci Dünya müharibəsi Yer üzündə hökmranlıq etmək iddiasında olan militarist qüvvələr, ilk növbədə isə faşist Almaniyası tərəfindən törədilmişdi.

1939-cu ilin sentyabrında başlanan müharibə qısa müddətdə bütün Avropanı bürümüş, daha sonra digər qitələrə də yayılaraq altı il davam etmişdir. 1941-ci il iyunun 22-də SSRİ üzərinə faşist Almaniyasının hücumu ilə Azərbaycanın da mənsub olduğu Sovet İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə qoşulmuş, tarixə sovet xalqının Böyük Vətən müharibəsi kimi daxil olan müharibə başlanmışdı...

...Faşizm üzərində qələbənin qazanılmasına Azərbaycan xalqı da öz sanballı töhfəsini vermişdir. Rusiya, Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların, Şərqi Avropa ölkələrinin hitlerçilərdən azad edilməsində, Qərbi Avropada genişlənən müqavimət hərəkatının uğur qazanmasında həmvətənlərimiz mühüm rol oynamışlar. 1941-1945-ci illərdə 600 min həmvətənimiz ön cəbhəyə yollanmış, qəddar düşmənlə mərdliklə vuruşmuşdur. Onların yarıdan çoxu döyüş meydanlarında qəhrəmancasına həlak olaraq geri qayıtmamışdır.

Azərbaycanlılar ön cəbhədə qəhrəmanlıq göstərməklə yanaşı, arxa cəbhədə də misilsiz fədakarlıq nümayiş etdirmiş, döyüşən ordunun yanacaq, silah, ərzaq və geyimlə təchiz olunmasına böyük kömək göstərmişlər. Məlumdur ki, İkinci Dünya müharibəsi əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə motorların, tankların, qırıcı və bombardmançı təyyarələrin, digər döyüş maşınlarının müharibəsi olmuşdur. Neft və neft məhsulları olmadan hərbçilər bu texnikanı hərəkətə gətirib düşmən üzərində qələbəni təmin edə bilməzdilər. Müharibə illərində Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, Silahlı Qüvvələri kifayət qədər yanacaqla təmin edə bilmişdilər. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, o dövrdə Sovet İttifaqında hasil edilən neftin 70 faizindən çoxu məhz bizim respublikanın payına düşmüşdür”.

AzərTAc xəbər verir ki, bu sətirlər ulu öndərin anadan olmasının 90 illik yubileyi ərəfəsində “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 45-ci cildindən - ümummilli lider Heydər Əliyevin 2003-cü il mayın 8-də faşizm üzərində Qələbənin 58-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində ulu öndərin tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi doğma Vətəni - Azərbaycanın daha da yüksəlişinə və çiçəklənməsinə dair materiallar toplanmışdır.

Kitabda Azərbaycana gələn Türkiyə, Rusiya, ABŞ, Yunanıstan, Böyük Britaniya, Səudiyyə Krallığı və digər ölkələrin nüfuzlu dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, ictimai-siyasi xadimləri ilə dövlət başçısının görüşləri, dərin məzmunlu söhbətləri, apardığı danışıqlar öz əksini tapmışdır.

Əvvəlki cildlərdə olduğu kimi, bu kitabda də ulu öndərin ayrı-ayrı hökumət və dövlət başçılarına, eyni zamanda, ölkəmizin tanınmış ədəbiyyat, elm, təhsil, incəsənət, mətbuat işçilərinə, ictimai-siyasi təşkilatlara ünvanladığı çoxsaylı məktubları, teleqramları və s. sənədlər yer almışdır.

Kitaba ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına son müraciəti də daxil edilmişdir. Kitabın sonunda müstəqil Azərbaycan dövlətini qurmuş, milli dövlətçiliyimizin ideya təməlini qoymuş Heydər Əliyev haqqında akademik Ramiz Mehdiyevin “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan - ümummilli lider Heydər Əliyevin qadir siyasətidir” sərlövhəli məqaləsi verilmişdir.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2003-cü ilin mayından oktyabrınadək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında