Azərbaycanı müasir və qüdrətli dövlətə çevirən LİDER

 

 

 

Bəşər cəmiyyətinin mövcudluq salnaməsi zaman-zaman minlərin, milyonların arasından seçilmiş fenomenal şəxsiyyət və liderlərin ictimai-siyasi proseslərə hədsiz təsirini, bəzən hətta cərəyan edən hadisələrin məcrasını başqa səmtə yönəltmək qüdrətini özündə tam parlaqlığı ilə təcəssüm etdirir. Yaranmış hansısa əlverişli mərhələdə meydana çıxan belə liderlər xalqının əsrlər boyu formalaşaraq ümumbəşəri dəyərlərlə çulğaşan siyasi dünyagörüşü və mental dəyərləri əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını yaradır, beləliklə, pozitiv rakursda siyasi varislik ənənələri formalaşdırırlar.

XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı da məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi bir sıra faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Məhz ona görə də bu Böyük İnsan təkcə öz ömrünün, bir insan həyatının deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin bütün mərhələlərində bu fenomenal şəxsiyyətin böyük izləri qabarıq duyulur.

Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında vurğulandığı kimi, “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətin möhkəmləndirilməsi, idarəetmə proseslərinin mərkəzləşdirilməsi, milli iqtisadiyyatın durğunluq prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi islahatlar həyata keçirməyə başlamışdır. Bütün bunlar isə Azərbaycana maraqların toqquşması məkanı və müxtəlif kliyentalist qrupların eksperimentləri üçün sınaq meydanı kimi yanaşanların siyasi romantizmdən və bəsirətsizlikdən irəli gələn bütün məkirli niyyətlərinin üstündən qələm çəkmişdir.

Tarixdən məlumdur ki, istənilən milli ideyanın gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtdir. Məhz belə xarizmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmək şansı qazanmış Azərbaycanın ilk illərdəki acınacaqlı ictimai-siyasi, iqtisadi durumu lider fenomeninin milli inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir. Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslərin fonunda Azərbaycan dövlətinin mövcudluğunun qorunub saxlanılması özü milli ideyaya çevrilmişdi. Bu mərhələdə respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır.

Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək, bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi-siyasi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Siyasi təlimlər nəzəriyyəsinə görə, liberalizm fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığı üçün dövlətçilik kursu ilə heç də həmişə və asanlıqla uzlaşmır. Dövlətçiliyin əlverişli geosiyasi və hətta hərbi-siyasi şərtlər çərçivəsində qurulması müstəqillik qazanmış bütün xalqların başlıca  arzularındandır. Heydər Əliyev hakimiyyətə gəlişinin ilk illərində liberal dəyərlərlə manipulyasiya edən bəzi beynəlxalq siyasi dairələrin “daha çox demokratiya, daha az dövlət” çağırışlarına cavab olaraq, Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin, ictimai inkişafın ilkin pilləsində dövlətçilik prinsipinin dominantlığı zərurətini əsaslandırmalı olmuşdur. Aydın məsələdir ki, dövlət olmadan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək də mümkün deyildir. Lakin o biri tərəfdən, insanların hüquq və azadlıqlarını qoruya bilmədikləri dövlət son nəticədə cəmiyyətin inkişafı üçün təkanverici rolunu yox, buxov və əngəl rolunu oynamağa məhkumdur. Ümummilli lider Heydər Əliyev bu iki siyasi ideyanın hər ikisinin eyni dərəcədə düzgün olduğunu qəbul etdiyi üçün onlar arasında elə ritmik bir ahəng yaratmışdı ki, nə dövlət vətəndaşların, nə də vətəndaşların hüquq və azadlıqları dövlətçilik təmayülünün labüd inkişafına xələl gətirməsin. Azərbaycan xalqı müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə liberal dəyərlərdən nəyi qazanıbsa, məhz dövlətçilik prinsiplərinin aliliyinə əsaslanan ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qazanmışdır.

Ulu öndər Heydər Əliyev bu mərhələdən respublikanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.

Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir.

Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Vətənimizi qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir; o, həmçinin, milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməl rolunu oynayır.

Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların Vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya da təkcə azərbycanlıların deyil, digər milli azlıqların maraqlarını özündə ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını ön plana çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikada insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur.

Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi İslam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası dini tolerantlığın başlıca təminatçısı kimi çıxış edir.

Milli ideya sabit və statik xarakterli olmayıb, zamanla inkişaf edir, yeniləşir, fərqli hədəf və məqsədləri özündə birləşdirir. Hələ 90-cı illərin əvvəlində ulu öndər Heydər Əliyev obyektiv ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini, habelə yeni ictimai-iqtisadi formasiya üçün zəruri iqtisadi islahatların həyata keçirilməsini milli ideya səviyyəsinə yüksəltmişdir. Lakin son illərdə Azərbaycanın ciddi makroiqtisadi nailiyyətlər əldə edərək bütün sahələrdə sürətlə modernləşməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsi fonunda perspektiv üçün qarşıya qoyulan milli ideya da mahiyyətcə dəyişmişdir.

Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizami böyük siyasət ustadının məharətlə əsaslandırdığı inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr və təhlillər aparılır.

Ulu öndərin dövlətçilik kursunu bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezıdent İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkədəki sürətli inkışaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictımai şüurda getdikcə möhkəmlənir, milli ideyaya çevrilir. Prezident İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkışaf Konsepsiyasının hazırlanması barədə” 29 noyabr 2011-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir.

Ölkənin inkişafının hazırkı mərhələsində əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentınin Administrasiyası 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını hazırlamışdır. Şübhə etmədən demək olar ki, ölkə başçısının sərəncamı təsdiqlənmiş bu konsepsiya Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır. 

Keyfiyyətcə yeni mərhələdə, eyni zamanda, Azərbaycanın modernləşməsi mərhələsi uğurla başa çatdırılmalıdır. Şübhəsiz, modernləşmə dedikdə, kosmetik deyil, keyfiyyətcə təkmilləşdirməni, iqtisadiyyatın xarakterinin mahiyyətcə dəyişdirilməsini başa düşmək lazımdır. Bu, ilk növbədə, iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən, sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda, cəmiyyətin varlı və yoxsul təbəqələri arasında aralıq mövqe tutan orta sinfin yaradılması üçün dövlətin məqsədyönlü səyləri olmadan modernləşmə mümkün deyildir.

Demokratik inkişaf və modernləşmə yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Bu da kifayət qədər əsaslı yanaşma olaraq Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Dövlət başçısının iqtisadi siyasəti nəticəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndırilməsinə əlverişli şərait formalaşdırır.

Son 10  ildə Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşların sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədınə hesablanmışdır. Üstəlik, sosialyönümlülük respublikanın milli iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir. Bu baxımdan, Azərbaycanın inkişaf modeli İçveç modelinə nisbətən daha yaxındır. İsveç modelində sosial siyasət vacib yer tutur və işçi qüvvəsinin (əsasən yüksək ixtisaslı) təkrar istehsalı üçün qismən normal şəraitin yaradılmasını təmin etməklə, sosial gərginliyin azaldılmasında, sinfi antoqonizm və münaqişələrin neytrallaşdırılmasında mühüm rol oynayır.

Ümumiyyətlə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitınin təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik problemınin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkışafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetırilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtısadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya ötən 20 ildə xalqımızın inkişaf və tərəqqisində lokomotiv rolunu oynamış, onun firavan gələcəyi üçün uğurlu təməl hazırlamışdır. Bu mənada, müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçırilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur.

İlham MƏMMƏDZADƏ,
Fəlsəfə, Sosiologiya və  Hüquq İnstitutunun direktoru 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında