Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) təşkilatçılığı ilə “Ali Attestasiya Komissiyası: tarix, inkişaf yolu, müasirlik” mövzusunda konfrans keçirilmişdir.
Konfrans çərçivəsində AAK-ın sədri, akademik Arif Mehdiyev AzərTAc-a müsahibə vermişdir. Akademik demişdir:
– Tarixin taleyüklü və çətin anlarında hər bir xalqın onu düşdüyü həmin şəraitdən xilas edə biləcək ümummilli liderə kəskin ehtiyacı olur. Xoşbəxt o xalqdır ki, onun belə bir lideri var.
XX əsrin 90-cı illərinin əvvəllərində respublikamız siyasi, iqtisadi və sosial böhran içərisində idi. Məhz Azərbaycanı o zaman idarə edən qüvvələr respublikamızı bu böhran vəziyyətə sürükləmişdilər. Faktiki olaraq 1993-cü ildə hökumət böhranının son dərəcə kəskinləşməsi, ölkədə vətəndaş müharibəsinin başlaması və müstəqilliyimizə qarşı edilən qəsdlər Azərbaycanı bir dövlət kimi dağılmaq təhlükəsi qarşısında qoymuşdu. Azərbaycanın düşdüyü belə bir ağır və böhranlı vəziyyət dünyanın hegemon dövlətlərini tam razı salırdı.
Tarixin bu ağır sınağı qarşısında çətin vəziyyətdə qalan xalq ulu öndər Heydər Əliyevi özünün yeganə xilaskarı kimi görürdü. Taleyüklü məsələlərin həll olunduğu belə ağır, mürəkkəb və çətin tarixi şəraitdə böyük siyasi təcrübəyə, müdrik uzaqgörənliyə, qətiyyətə, dönməz əqidəyə malik olan böyük tarixi şəxsiyyətin hakimiyyətə gəlməsini xalq təkidlə tələb etməyə başladı.
Ümummilli liderimiz Heydər Əliyev respublikamızın və xalqımızın düşdüyü vəziyyətin ağır və çətinliyinin məsuliyyətini dərindən dərk edirdi. Ulu öndərimiz Azərbaycan xalqının ona göstərdiyi bu yüksək etimadı və onun yenidən hakimiyyətə gəlməsi tələbini tarixin bu ağır məqamında cavabsız qoymadı və xalqı bu intizarda çox saxlamadı.
Məhz ulu öndərin siyasi müdrikliyi, dönməz əqidəsi, qətiyyəti və xalqın ümummilli liderə olan böyük inamı və dəstəyi Azərbaycanı parçalanmaq və müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Qısa bir müddətdə ümummilli liderimizin xüsusi bacarığı, dönməz əqidəsi və fədakar əməyi nəticəsində Azərbaycan Respublikası düşdüyü siyasi, iqtisadi və sosial böhrandan uğurla çıxdı.
1994-cü ildən başlayaraq Azərbaycanın tarixən dostluq münasibətlərində olduğu dövlətlərlə, o cümlədən Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan, Türkmənistan ilə beynəlxalq əlaqələri yaxşılaşdı və yeni mərhələyə qədəm qoydu.
Ümummilli lider Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasi və iqtisadi kurs sürətlə artan inflyasiyanın qarşısını aldı. Ulu öndər Heydər Əliyevin səyləri sayəsində müharibə dayandırıldı, atəşkəs elan edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti Azərbaycanın xeyrinə dəyişdi.
Dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu düzgün iqtisadi siyasət nəticəsində Azərbaycan dünya miqyasında neft-qaz hasilatı və ixracatı sahəsində qabaqcıl ölkələr sırasına çıxmışdır. Xarici dövlətlərin nüfuzlu neft şirkətlərinin Azərbaycan ilə müqavilələr bağlaması və respublikamızın iqtisadiyyatına sərmayə qoyması, müasir tələblərə cavab verən neft və qaz infrastrukturunun yaradılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri vasitəsilə Azərbaycan neftinin dünya bazarına çıxarılması məhz ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf siyasətinin tərkib hissəsi və nəticəsidir.
Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi, təcrübəsi və qətiyyətinin və təməlini qoyduğu iqtisadi kursun nəticəsidir ki, bu gün Azərbaycanda güclü, demokratik və müasir dövlət qurulmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün başladığı siyasi və iqtisadi kursu davam etdirə biləcək bir siyasi lider kimi İlham Əliyevi görürdü. O deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və inkişaf etdirilir. Qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər elmi təməl üzərində həyata keçirilən uğurlu siyasətə əsaslanır. Azərbaycanın gələcəyini təbii resurslara bağlamayan ölkə rəhbərliyi neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi yönümündə məqsədyönlü və ardıcıl siyasət yürüdür.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf sahəsində qazanılmış nailiyyətlər Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da yüksək səviyyədə təmin etməyə, respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və bütövlükdə dövlətimizin və xalqımızın yeni inkişaf mərhələsinə qədəm qoymasına xidmət edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.