1969-cu ildə Azərbaycanın rəhbərliyinə seçilən xalqımızın böyük oğlu Heydər Əliyev mövcud rejimin məhdud imkanları çərçivəsində Azərbaycanın tərəqqisi, elm, təhsil və mədəniyyətinin yüksəldilməsi ilə bağlı düşünülmüş strategiya və taktika seçdi. Onun rəhbərliyi dövründə Azərbaycanda pedaqoji kadr hazırlığına da xüsusi diqqət yetirildi, məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün pedaqoji təhsil ocaqları yeni inkişaf pilləsinə qalxdı, xalqın ümummədəni və intellektual səviyyəsi yüksəldi.
Respublikamızın kadrlara olan ehtiyacını ödəmək məqsədi ilə azərbaycanlı gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi ali təhsil sahəsində uzaqgörənliklə düşünülmüş strategiya idi. Azərbaycanın intibah dövrü kimi səciyyələndirilən həmin mərhələ pedaqoji və elmi-pedaqoji kadr hazırlığında keyfiyyətcə yeni mərhələdir.
Pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi ölkənin ümumi göstəricilərindən birbaşa asılı olduğundan, Heydər Əliyevin bilavasitə qayğısı sayəsində elmi işçilərin hazırlanması keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdı. Respublikada elmi-pedaqoji kadr hazırlığına Azərbaycan KP MK-nın 1969-cu il avqust və 1971-ci il oktyabr plenumları əhəmiyyətli təsir göstərdi. Həmin plenumda Heydər Əliyev aspirantura vasitəsi ilə elmi-pedaqoji kadr hazırlığındakı nöqsanları aşkar etdi, bu nöqsanları doğuran səbəbləri müəyyənləşdirdi, çatışmazlıqların aradan qaldırılması və elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi yollarını göstərdi.
Heydər Əliyevin bu proqram çıxışından sonra aspiranturaya qəbul müsabiqə yolu ilə aparıldı, tədqiq etdiyi mövzu üzərində işləməyə başlayanlara, dərc olunmuş əsərləri olanlara, ali pedaqoji məktəbləri fərqlənmə diplomu ilə başa vuranlara, ən azı iki illik məktəb təcrübəsi olanlara üstünlük verildi. Pedaqoji elmlər üzrə kadr hazırlığında ilk dəfə ixtisaslaşdırılmış müdafiə şuralarının yaradılması, aspiranturaya yeni elmi qüvvələrin, daha səriştəli və qabiliyyətli gənclərin gəlməsinə şərait yaratdı, respublikanın elmi-pedaqoji həyatında böyük canlanmaya səbəb oldu. 1927-60-cı illərdə təhsil-tərbiyənin nəzəri, praktik və tarixi problemləri ilə bağlı 33 namizədlik dissertasiyası müdafiə olunmuşdursa, sonrakı on ildə 41 nəfər tədqiqatçı pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdı. Həmin illərdə respublikanın elmi-tədqiqat institutları, ali məktəbləri və elmi idarələri dərəcəli kadrlarla -198 elmlər doktoru və 1981 elmlər namizədi ilə daha da möhkəmləndirilmişdi.
Əvvəllər ümumtəhsil məktəblərində işləyən müəllimlərin böyük əksəriyyətinin ali təhsili yox idisə, Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində pedaqoji kadr hazırlığında keyfiyyət dəyişikliyi baş verdi. Ümumtəhsil məktəblərində nəinki ali təhsilli müəllimlərin sayı artdı, hətta onların bir qismi elmi dərəcə aldılar, elmi-metodik əsərlərin və dərsliklərin müəllifi kimi tanındılar.
İxtisaslı professor-müəllim kadrları hazırlığının formalarından biri də elmlər namizədi olan müəllimlərin doktorluq dissertasiyaları yazmaları üçün iki il müddətinə pedaqoji işdən azad edilməklə elmi işçi vəzifəsinə keçirilmələri idi. Bu qayda çox əlverişli idi. Çünki diqqətin konkret olaraq dissertasiya işi üzərinə cəmlənməsi imkanı yaranır, elmi tədqiqatın səmərəsi artırdı. Bu imkandan istifadə edənlərdən biri də indi ADPU-nun Ümumi pedaqogika kafedrasına rəhbərlik edən akademik Hüseyn Əhmədov oldu. O, doktorluq dissertasiyası yazması üçün elmi işçi vəzifəsinə keçirildikdən sonra iki il müddətində arxivlərdə ciddi axtarışlar apardı, “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” adlı doktorluq dissertasiyasını yazdı.
Milli ruhun, milli özünüdərkin və milli qürur hissinin güclənməsinə təsir göstərən bu səpkili əsərlərin yazılması, milli məktəb və pedaqoji fikir tariximizin qaranlıq səhifələrinə işıq salınması, fundamental tədqiqatların aparılması bilavasitə Heydər Əliyevin sovet ideologiyasının ağır təzyiqlərinə, məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmasının nəticəsi idi. Bu illərdə Azərbaycanda milli özünüdərk prosesi xüsusilə qüvvətlənmişdi. Həmin proses Heydər Əliyev tərəfindən çox böyük həssaslıq və uzaqgörənliklə idarə olunur və tənzimlənirdi. SSRİ-nin ayrı-ayrı regionlarında totalitar rejimin əleyhinə çıxan elm, təhsil və mədəniyyət xadimləri təqiblərə məruz qaldıqları halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti hökm sürürdü. Həmin illərdə Azərbaycan dilinin dövlət dili statusu alması, Azərbaycan dilçilərinə və tarixçilərinə yüksək dövlət mükafatlarının verilməsi, EA-nın Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı, Tarix İnstitutunda Cənubi Azərbaycan tarixi şöbələrinin yaradılması, Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katibliyin təsis olunması Heydər Əliyev şəxsiyyətinin azərbaycançılıq və soykökə qayıdış ideyalarının dirçəldilməsinə, həyata keçirilməsinə yönəldilmiş çoxşaxəli fəaliyyətinin yalnız ayrı-ayrı epizodlarıdır. Heydər Əliyevin bu istiqamətli fəaliyyəti pedaqoq alimlərə imkan verdi ki, milli məktəb və pedaqoji fikir tariximizi daha dərindən öyrənsinlər, dissertasiyalar, dərsliklər və dərs vəsaitləri yazsınlar. Əgər 70-ci illərin əvvəllərinə kimi ali pedaqoji təhsil müəssisələrində ancaq Avropa, rus məktəb və pedaqoji fikir tarixi tədris olunurdusa, 70-ci illərdə Azərbaycanda pedaqogika tarixinin tədrisində ciddi dönüş yarandı. Keçmiş SSRİ məkanında ilk dəfə respublikamızda professor H.Əhmədovun təşəbbüsü ilə milli məktəb və pedaqoji fikir tarixi ilə bağlı xüsusi kurs hazırlandı, Bakıda, Naxçıvanda, Tibilisidə sınaqdan keçirildi, SSRİ PEA-nın müvafiq institutunun elmi-metodiki şurası tərəfindən bəyənildi, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən təsdiq olundu. Tələbələr Avropanın və Rusiyanın görkəmli pedaqoqları ilə bərabər, Azərbaycanda təlim-tərbiyə və məktəb təhsilinin meydana gəlməsi və inkişafı, maarifpərvərlərin, məktəbdarların, pedaqoqların fikirlərini sistemli öyrənmək imkanı qazandılar.
Heydər Əliyevin 1990-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə xilaskar missiyası ilə qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də normallaşmaya, sabitliyə imkan yaratdı, tədris-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sistemimizin müstəqil dövlətçilik prinsipləri əsasında qurulması prosesi başladı. Heydər Əliyev xalqı bir bayraq altında birləşdirdiyi, daxili sabitliyi qoruyub saxladığı, müstəqiliyimizi dönməz etdiyi kimi, cəmiyyətin bütün potensialını mənəvi-psixoloji, sosial-iqtisadi mühitin sağlamlaşdırılmasına yönəltdi. Onun bu fəaliyyəti 70-80-ci illərdəki fəaliyyətinin bilavasitə davamı, özü də yüksək formada davamı idi. Çoxşaxəli fəaliyyətinin ümumi istiqamətləri içərisində pedaqoji təhsilin, pedaqoji və elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi mühüm yer tuturdu. İkinci dəfə hakimiyyətə gəlişi respublikamızın dövlət və milli mənafelərinə xidmət edən elm sahələrinin hərtərəfli inkişafına, bunun üçün elmi və elmi-pedaqoji kadrların hazırlanmasına əsaslı təkan verildi. Nəticədə 1993-cü ildən 2012-ci ilədək AAK tərəfindən 1328 nəfərə elmlər doktoru, 7764 nəfərə elmlər namizədi alimlik dərəcəsi, 1136 nəfərə professor, 4182 nəfərə dosent, 401 nəfərə baş elmi işçi adı verildi. Göstərilən vaxtda alimlik dərəcələrinə və elmi adlara layiq görülənlərin ümumi sayı 4768 nəfər olmuşdur ki, onların da içərisində pedaqoji elmlər üzrə doktorluq və namizədlik dissertasiyaları müdafiə edənlərin sayı kifayət qədərdir.
Son illərdə ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təlim-tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasları üzrə elmi-pedaqoji kadr hazırlığı sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Təkcə 2012-ci ildə respublikamızda 90 nəfərə elmlər doktoru, 609 nəfərə (39 nəfəri işini xaricdə müdafiə edərərk Azərbaycanda təkrar attestasiyadan keçib) fəlsəfə doktoru elmi dərəcəsi, 1136 nəfərə professor, 4182 nəfərə dosent elmi adı verilmişdir ki, onların da içərisində pedaqoji elmlər üzrə elmi dərəcə və elmi ad alanların xüsusi çəkisi kifayət qədər yüksəkdir. Əgər 1927-ci ildən 1992-ci ilədək ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə 14 nəfər elmlər doktoru hazırlanmışdırsa, son illərdə həmin ixtisas üzrə 13 nəfər pedaqoji elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının yaradılması elmi-pedaqoji kadr hazırlığında mühüm rol oynamışdır.
1906-cı ildə keçirilmiş Azərbaycan müəllimlərinin I Qurultayında azərbaycanlılardan pedaqogika mütəxəssisinin olmadığından gündəliyə daxil edilmiş pedaqoji cərəyanlar haqqında məruzə baş tutmadığı halda, bu gün 1000-ə yaxın elmi və elmi-pedaqoji kadr pedaqogika elminin problemlərinin tədqiqi və tədrisi ilə məşğul olur.
Pedaqoji kadr hazırlığında, onun inkişafının kəmiyyət və keyfiyyət göstəricilərində müəyyən problemlər vardır. Həlli o qədər də mürəkkəb texnologiya, kadr potensialı və maliyyə xərci tələb etməyən həmin problemlərin aradan qaldırılması üçün bir sıra təxirəsalınmaz vəzifələr həyata keçirilməlidir ki, onlardan ən əsası, fikrimizcə, dövlətin təhsil siyasətini elmi-pedaqoji əsaslarla reallaşdırmaq, pedaqoq və psixoloq alimlərin qüvvəsini eyni məcraya yönəltmək məqsədi ilə Respublika Təhsil Akademiyasının yaradılması olardı. Dövlət Təhsil İslahat Proqramına daxil edilmiş bu tarixi missiyanın yerinə yetirilməsi, akademiyanın təsisi, çox istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olsun. Bunun nəticəsində müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində geniş spektrli təhsil islahatlarını uğurla başa çatdırar, memarı və yaradıcısı ulu öndər Heydər Əliyev olan təhsil üzrə İslahat Proqramını yüksək peşəkarlıqla həyata keçirər.
Fərrux RÜSTƏMOV,
pedaqoji elmlər doktoru, professor,
əməkdar elm xadimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.