Milli Kitabxananın inkişafının Heydər Əliyev mərhələsi

 

 

 

 

Milli Kitabxana Azərbaycanın müstəqilliyi illərində özünün inkişafının ən yüksək pilləsinə qədəm qoymuşdur. 1993-cü ilin ikinci yarısından Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada başlanan möhtəşəm yenidənqurma prosesi Milli Kitabxananın fəaliyyətində də özünü büruzə vermişdir. Həmin dövrdən başlayaraq ölkəmizdə elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafına göstərilən dövlət qayğısı bütün sahələrdə olduğu kimi, kitabxana işində də xeyli canlanmaya səbəb olmuşdu.

90-cı illərin əvvəllərində bütün mədəniyyət müəssisələrinə, o cümlədən kitabxanalara bir “hücum” başlanmışdı: kitabxanaların binaları əllərindən alınır, onlar bağlanaraq qiymətli kitab fondları küçələrə tökülür, özəlləşdirmə adı altında qanunsuz işlər görülürdü. Həmkarlar təşkilatlarının, kolxoz və sovxozların, ayrı-ayrı idarə və müəssisələrin kitabxanalarının aqibəti məhz belə qurtarırdı.

Bu dövrdə Milli Kitabxananın binasına da müştəri gözü ilə baxanlar, onun zəngin fondunun bir hissəsinin həyətə tökülərək yandırılmasını israrla tələb edənlər də var idi. Nə yaxşı ki, ölkəmizin tarixinin ən azı 70 illik bir dövrünə aid qiymətli materialların məhvinə mane olan ziyalılar tapıldı və bu dəhşətli hadisənin qarşısı alındı. Ancaq Milli Kitabxananın binasının iqamətgaha çevrilməsi və yaxud başqa məqsədlər üçün istifadəsi fikirləri ara-sıra yenə də səslənirdi.

1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikada hakimiyyətə gəlməsi bu ehtimallara son qoydu, Milli Kitabxananın və digər mədəniyyət müəssisələrinin üzərində dolaşan qara buludları tamamilə dağıtdı. Onların kənar “hücumlardan” etibarlı müdafiəsini təmin  edəcək qanunvericilik bazasının yaradılmasına böyük ehtiyac var idi. Bu məsələnin vacibliyini əsas amil hesab edən ulu öndər Heydər Əliyev hələ 1994-cü ildə Mədəniyyət Nazirliyinə “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında” və digər qanunların işlənib hazırlanması barədə xüsusi göstəriş vermişdi.  

Kitabxana işi sahəsində yol verilmiş ciddi nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin ciddi tapşırığı ilə tədbirlər görülmüş, tezliklə “Mədəniyyət haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikası qanunlarının işlənib hazırlanması istiqamətində işlərə başlanmış, ilkin layihələr Nazirlər Kabinetinin iclasında ulu öndər Heydər Əliyevin ciddi tapşırığı əsasında 1996-cı ildə kitabxana işçilərinin respublika müşavirəsində geniş müzakirə olunmuşdur. Bu tədbirin yekunu olaraq Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı qəbul olunmuşdu. Bu qərara müvafiq olaraq “Mədəniyyət haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikası qanunlarının qısa müddətdə baxılmaq üçün Milli Məclisə təqdim olunması, kitabxanaların maliyyələşdirilməsinin yaxşılaşdırılması, kitabxanaların kitab təchizatının yeni sisteminin yaradılması, onların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində ciddi tədbirlər görülməsi nəzərdə tutulmuşdu.

Bu qərarın icrası ilə əlaqədar Milli Kitabxanada işin tamamilə yenidən qurulması istiqamətində addımlar atılmağa başlanmışdı. Kitabxanada yeni iş üsulları, yeni iş metodları tətbiq olunmağa, mütərəqqi iş formalarından istifadə edilməyə başlanılmışdı.

1995-1997-ci illərdə Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyev M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına 4 dəfə səfər etmiş və onun kitabxanaya hər gəlişi bu elm məbədinə yeni bir ab-hava, təkmilləşmə gətirmişdir. Təbii ki, Prezidentin hər hansı bir mədəniyyət ocağına gəlməsi orada müəyyən işlərin görülməsi və həmin müəssisəyə əlaqədar təşkilatlar tərəfindən münasibətin kökündən dəyişməsinə gətirib çıxarırdı. Bunların içərisində ilk növbədə Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri əks etdirən kitabların təqdimat mərasimlərinin keçirilməsini qeyd etmək olar. Bu mərasimlərdə iştirak edən Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyev Milli Kitabxananın fəaliyyətini və orada çalışan insanların əməyini yüksək qiymətləndirmişdi: “Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”. Bu dahiyanə fikirləri yalnız ziyalı, dahi və uzaqgörən insan söyləyə bilərdi.

Ulu öndərin 1995-ci ildə Milli Kitabxanada “Vətənə, Dövlətə, Xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirakı kitabxananın həyatında böyük bir hadisəyə çevrilmişdi. Bu mərasimdə iştirak edən ulu öndər Heydər Əliyev kitabxananın yeni ədəbiyyatla təchizatı işinin vəziyyəti ilə maraqlanmış və Rusiyadan və digər uzaq xarici ölkələrdən kitabların alınmadığını görən ulu öndər  bu sahədə olan nöqsanları aradan qaldırmaq məqsədilə ciddi göstəriş vermiş, eyni zamanda Milli Kitabxananın fondunun xarici dillərdə ədəbiyyatla komplektləşdirilməsi məqsədilə hər il kitabxanaya əlavə olaraq 5 min ABŞ dolları vəsait ayrılması barədə göstəriş vermişdir. Məlumat üçün bildirək ki, 1995-ci ildə Milli Kitabxana üçün bu vəsait çox böyük məbləğ hesab olunurdu.

Milli kitabxanada çıxışı zamanı “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” deyən ulu öndər Milli Kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyədək qiymətli kitab bağışlamışdır. Bu kitabların içərisində ulu öndərin şəxsi avtoqrafı ilə Milli Kitabxanaya hədiyyə etdiyi və dünyanın bir sıra ölkələrindən gətirdiyi, habelə Məkkəyə ziyarəti zamanı ona bağışlanan nəfis “Qurani-Kərim” də vardır. Mərhum Prezidentimizin kitabxanaya hədiyyə etdiyi kitablar bu gün Milli Kitabxananın kolleksiyasının ən qiymətli nümunələri kimi nadir kitablar fondunda mühafizə olunur.

Ötən əsrin 90-cı illərinin sonlarında ulu öndərin mədəniyyət sahəsinə diqqət və qayğısının nəticəsi olaraq Milli Kitabxananın fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər özünü göstərməyə başlayırdı. Belə ki, artıq  2000-ci ildə Milli Kitabxanaya daxil olan yeni ədəbiyyatın miqdarı xeyli artaraq 14.780 nüsxəyə çatmışdı ki, bunların da 9584 nüsxəsi kitablar olmuşdur.

Ulu öndərin Milli Kitabxanaya diqqət və qayğısının nəticəsi olaraq artıq oxucuların kitabxanaya qayıdışı dövrü başlanmışdı. Müəyyən qədər yeni ədəbiyyatın alınmasında baş verən ciddi irəliləyişlər oxuculara xidmət işinin keyfiyyətinə də müsbət təsir göstərmişdir. Belə ki, kitabxananın daimi oxucularının sayı 1995-ci ildəkindən iki dəfə artaraq 2002-ci ildə 32 min nəfərə çatmışdı.

Milli Kitabxananın inkişafının Heydər Əliyev mərhələsində kitabxanada yenidənqurma işləri həyata keçirilmiş və oxucuların zallarda oturub işləməsi üçün normal şərait yaradılmışdı. Bu yenidənqurma işləri bilavasitə ulu öndərimiz Heydər Əliyevin şəxsi tapşırığı ilə həyata keçirilmişdi. Belə ki, 1999-cu ildə 2000-2003-cü illərdə “Ərazilərin yenidən qurulması və bərpası” layihəsi üzrə Bakı şəhərində bir sıra iri obyektdə yenidənqurma işlərinin aparılması məsələsi müzakirə olunarkən, 5 böyük müəssisə seçilərək Prezidentə təqdim olunmuşdu. Bu siyahıya Suraxanı rayonunda 10 kilovoltluq 2 yarımstansiyanın tikilməsi, Respublika Onkoloji Mərkəzində və ya Milli Kitabxanada yenidənqurma işlərinin aparılması, Bakıda su anbarının bərpası daxil idi. Ulu öndər Heydər Əliyev bu siyahını nəzərdən keçirərək “Siz Milli Kitabxananı götürün qalanlarına Bakı şəhəri və Azərenerji özləri pul taparlar!”- demişdi.

Ulu öndərin bu dahiyanə seçimi nəticəsində 2000-2003-cü illərdə Milli Kitabxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuşdu: kitabxananın damı tam dəyişdirilmiş, istilik sistemi yenidən qurulmuş, oxu zallarında və iş otaqlarında oxucuların və işçilərin işləməsi üçün normal şərait yaradılmışdı.

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət öz nəticələrini verməyə başlamışdır.

Bu qanunlar mədəniyyətimizin müxtəlif sahələrində fəaliyyət göstərən minlərlə müəssisələri bazar iqtisadiyyatı şəraitində mülkiyyət formasının dəyişdirilərək özəlləşdirilməsi istiqamətindəki hücumlardan qorumuşdur. Onların normal yaşayıb fəaliyyət göstərməsi üçün toxunulmazlıq şəraiti yaratmışdır. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununda Milli Kitabxanaya ayrıca bir bölmə həsr olunmuş və bu elm məbədinin toxunulmazlığı üçün müddəalar öz əksini tapmışdır. Milli Kitabxanaya ölkə ərazisində dərc olunan çap məhsullarından Milli Kitabxanayaa pulsuz məcburi nüsxələrin verilməsi müddəası da məhz ilk dəfə bu qanunla təsbit olunmuşdur.

Bu dövrdə “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanun qüvvəyə minmişdi və burada mədəniyyət müəssisələrinin müdafiəsi üçün maddə yox idi. Məhz bu zaman  ulu öndərin ciddi tapşırığı ilə hazırlanan və 1998-ci ildə onun imzaladığı “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanuna əlavələr”də mədəniyyət müəssisələrinin, o cümlədən kitabxanaların özəlləşdirilməsinin qadağan edilməsinin qanunvericilik şəklində təsbit olunması minlərlə kitabxananın özəlləşdirmə adı altında bağlanaraq binalarının əllərindən alınmasının və qiymətli kitab fondlarının küçəyə atılmasının qarşısını almış oldu. Bütün bunlar Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında əvəzolunmaz xidmətləri idi.

XX əsrin 90-cı illərinin sonunda Milli Kitabxanada işlərin təşkilində əsas istiqamət müstəqil Azərbaycanın nailiyyətlərinin geniş təbliğ edilməsinə və latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunan kitabların fondda ümumi çəkisinin artmasına gətirib çıxaran tədbirlərin görülməsindən ibarət olmuşdur.

70 ildən artıq bir zaman kəsiyində sovet rejiminin yeritdiyi siyasət nəticəsində Milli Kitabxananın kitab fondunun 80 faizindən çoxu rus dilində ədəbiyyatdan ibarət idi. İndi kitab fondunda milli dildə ədəbiyyatın xüsusi çəkisinin artırılması əsas vəzifə idi. XX əsrin 90-cı illərinin ortalarından bu istiqamətdə aparılan məqsədyönlü işlərin nəticəsində artıq 2000-ci ildə kitab fondunun ümumi tərkibində milli dildə olan ədəbiyyatın xüsusi çəkisi xeyli artmışdı. Artıq 2000-ci il ərzində fonda daxil olan ədəbiyyatın 90 faizindən çoxu milli dildə olmuşdur. Təbii ki, XX əsrin 90-cı illərinin ortalarından kitab alınması üçün ayrılan vəsaitin getdikcə artması da bu işdə əhəmiyyətli rol oynamışdı.

XX əsrin 90-cı illərinin sonundan başlayaraq Azərbaycan Milli Kitabxanasında informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqinə başlanması da xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri idi. 1998-ci ildə kitabxanada İnternet zalın açılması ilə bu sahədə ilk addımlar atılmışdır. Respublikamızda kitabxanada ilk İnternet zalı məhz Milli Kitabxanada yaradılmışdır. 2000-ci ildə isə Milli Kitabxanada ilk Tədris Mərkəzi təşkil olunmuş, mərkəzdə ilk dəfə olaraq respublikamızın kitabxana işçiləri üçün kompyuter təlimi üzrə və İnternetdə axtarış aparmaq vərdişlərinin aşılanması üzrə treninqlər həyata keçirilmişdir. Həmin ildə respublikamızda ilk dəfə olaraq avtomatlaşdırılmış kitabxana sistemlərinin tətbiqi istiqamətində ilk addımlar atılmışdır. Üç illik hazırlıq işləri aparıldıqdan, beynəlxalq treninqlər keçirildikdən və lazımi mütəxəssislərin hazırlanması prosesi başa çatdıqdan sonra 2003-cü ildə elektron kataloqun tərtibi işlərinə başlanılmışdır. Milli Kitabxanada elektron kataloq beynəlxalq maşınla oxunan MARK-21 formatında işlənilmişdir.

Bütün bunlar ulu öndərin göstərişi ilə Milli Kitabxanaya dövlət büdcəsindən ayrılan vəsaitin ildən-ilə artırılması nəticəsində mümkün olmuşdur.

Bu gün Milli Kitabxana xalqımızın ümummilli lideri Heydər

Əliyevin mədəniyyət siyasətini böyük uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində özünün çiçəklənmə dövrünü yaşayır və günü-gündən inkişaf edərək dünyanın ən modern kitabxanalarının sırasına daxil olmuşdur.

Kərim TAHİROV,
M.F.Axundzadə adına Milli Kitabxananın direktoru,
əməkdar mədəniyyət işçisi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında