“Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf”

 

 

Yaşadığımız dövr informasiya əsri olmaqla yanaşı, həm də sürətli qloballaşma və inteqrasiya prosesləri ilə xarakterizə olunur. Təbii ki, belə bir dövrdə xarici iqtisadi əlaqələrin genişlənməsi, beynəlxalq bazara çıxış, qlobal iqtisadi məkanda cərəyan edən hadisələrin fəal iştirakçısına çevrilmək və bütün bunların kontekstində milli maraqları təmin etmək hər bir müstəqil dövlətin mövcudluğunun zəruri şərtinə çevrilmişdir.

Aydındır ki, qloballaşma və inteqrasiya dünyada rəqabət mübarizəsini də kəskinləşdirir ki, bu da hər bir milli təsərrüfat, hər bir elm sahəsi, o cümlədən iqtisad elmi qarşısında müəyyən vəzifələr qoyur. Bu vəzifələrin öhdəsindən layiqincə və vaxtında gəlmək baxımından ölkə başçısı cənab İlham Əliyevin  “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiqi haqqında fərmanı yeni dövrün tələblərindən irəli gələn bir çox məqamlara aydınlıq gətirmiş, problemlərin uyğun həlli yollarını göstərmişdir.

İstər qloballaşma və inteqrasiya proseslərində səmərəli iştirak etmək, istərsə bu proseslərin təsiri ilə formalaşan çətin rəqabət mübarizəsində davam gətirmək, istərsə də qlobal iqtisadi məkanda milli və dövlətçilik maraqlarını təmin etmək modern milli iqtisadiyyatın formalaşmasını tələb edir. Bütün bunlar, həm də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gəlir. Nəzərə alsaq ki, konsepsiyada da göstərildiyi kimi, dövrün tələbi olan rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının əsasını təşkil edən modernləşmə, həm də beynəlxalq aləmdə xüsusi aktuallıq kəsb edən davamlı inkişafın əsas təkanvericisidir, onda bu məsələlərə kompleks şəkildə yanaşılmasının daha məqsədəuyğun olduğu aydınlaşar.

XX əsrin 80-cı illərinin sonlarından gündəmə gəlmiş davamlı inkişaf konsepsiyası, 1992-ci ildə BMT-nin Rio de Janeyro şəhərində keçirdiyi müvafiq konfransından sonra milli inkişaf strategiyalarının hazırlanmasında bir dönüş yaratdı. Konfransda qəbul edilən “XXI əsrin gündəliyi” adlı sənəd, ayrı-ayrı milli iqtisadiyyatların davamlı inkişafının təmin olunmasında mühüm rol oynadı. Məhz, bu dövrdən etibarən, davamlı inkişaf bütün dünyanın diqqət mərkəzində olan bir məsələyə və dünya dövlətlərinin başlıca məqsədinə çevrildi. Beynəlxalq aləmə sürətlə inteqrasiya olunan ölkəmizdə də, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının qəbul edilməsi ilə davamlı inkişafa doğru məqsədli addımlar atılmışdır. 

Ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş iqtisadi strategiyanın uğurla davam etdirilməsi nəticəsində, artıq Azərbaycan nəinki davamlı inkişaf yolundadır, hətta öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər səviyyəsinə çatmışdır. 2003-cü ildən etibarən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasına, bu sahədə artıq əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi və artırılmasına xidmət etmişdir. Ümumilikdə, 2003-2012-ci illəri əhatə edən dövrdə əldə edilmiş iqtisadi uğurlara makroiqtisadi sabitliyin qorunub saxlanılması və davamlı iqtisadi artımın təmin edilməsi, iqtisadi idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qeyri-neft sektorunda inkişafın sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və regionlarda sahibkarlığın, istehsal, sosial infrastrukturların inkişafı, bu sahədə stimullaşdırıcı addımların atılması, ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli şəkildə azaldılması, məşğulluğun təmin edilməsi, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi və s. kimi məsələləri aid etmək olar. Belə bir şəraitdə isə, ölkə iqtisadiyyatının modernləşdirilməsi obyektiv bir proses kimi zəruri mahiyyət əlaqələrini ifadə etməklə, öz ideologiyasına malikdir. Bu ideologiya ölkəmiz və iqtisadiyyatımız qarşısında duran mühüm və başlıca vəzifələrdə ifadə olunur. Prezident İlham Əliyevin sözləri ilə desək, “ölkəmizin qarşısında duran başlıca vəzifə-iqtisadiyyatın bundan sonra da sürətli inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi, ölkənin modernləşdirilməsidir”. Bu modernləşdirmə xəttində ideoloji məntiq - iqtisadiyyatımızın şaxələndirilməsini, siyasi islahatların dərinləşdirilməsini, enerji sektorundan asılılığının azaldılmasını, elm və təhsil sisteminin sivil qaydalarla idarə olunmasını, güclü sosial siyasətin aparılmasını nəzərdə tutan və ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən bu və digər proseslərin məntiqini özündə ifadə edir.    

Təbii ki, inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir milli iqtisadiyyatın davamlı inkişafının başlıca şərtlərindən biri də rəqabət qabiliyyətliliyin təmin edilməsidir ki, bu da, yalnız modernləşdirmə vasitəsilə mümkündür. Başqa sözlə desək, milli təsərrüfatların modernləşdirilməsi, davamlı inkişafdan irəli gələn bir zərurət kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da, davamlı inkişaf, modernləşdirmə və s. kimi məsələlərin elmi cəhətdən araşdırılması, əsaslandırılması, bu istiqamətdə müvafiq təklif və tövsiyələrin işlənib hazırlanması, o cümlədən müvafiq mütəxəssislərin yetişdirilməsi olduqca mühüm aktuallığa malikdir və günümüzün reallığından irəli gəlir.

Bütün bunlar həm də dövlət başçısının 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn mühüm vəzifələrdir. Bu günlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf” adlı monoqrafiyanın hazırlanması  da, məhz İnkişaf Konsepsiyasından irəli gələn bir zərurətdir.

AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov və İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədovun birgə hazırladıqları monoqrafiyada modernləşmə və davamlı inkişafın sosial-iqtisadi mahiyyəti, nəzəri-metodoloji əsasları və prinsipləri aydınlaşdırılmış, eləcə də qloballaşma şəraitində davamlı inkişaf, modernləşmə və iqtisadi təhlükəsizlik kimi məsələlərin qarşılıqlı əlaqəsi izah olunmuşdur.

Müəlliflər ölkə başçısının müvafiq fərman və sərəncamlarını, modernləşmə və davamlı inkişafa dair proqram, layihə, qanun və digər normativ sənədləri, “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını, davamlı inkişafa dair beynəlxalq sənədləri və s. əldə rəhbər tutaraq iqtisadçılara, xüsusilə gənc tədqiqatçılara milli iqtisadiyyatın modernləşdirilməsi və davamlı inkişafı istiqamətində olduqca mühüm nəzəri-praktiki əhəmiyyətə malik olan, mükəmməl bir mənbə işləyib hazırlamışlar.  

Təqdim edilən kitabda modernləşmə və davamlı inkişafın nəzəri-metodoloji əsasları, qarşılıqlı əlaqəsi, bu sahədə müasir vəziyyət, davamlı inkişafın iqtisadi təhlükəsizliyə təsiri, iqtisadi təhlükəsizliyin struktur elementləri, qloballaşma şəraitində milli iqtisadiyyatın davamlı inkişaf perspektivləri nəzərdən keçirilmiş, təhlil olunmuş və müvafiq ümumiləşdirmələr aparılmışdır. Əsərdə milli iqtisadiyyata ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrlər ayrı-ayrılıqda, ətraflı şəkildə təhlil edilmiş, ümumilikdə müstəqillik illərində iqtisadi sahədə həyata keçirilən islahatlar və onların nəticələri işıqlandırılmışdır. Eyni zamanda, Azərbaycanın milli iqtisadiyyatının davamlı inkişafı və modernləşdirilməsinin əsas təminatçısı kimi neft strategiyası və bu sahədə əldə edilən dinamika araşdırılmışdır.

Ümumilikdə, 5 fəsildən ibarət 475 səhifəlik kitabda, qeyd edildiyi kimi, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində milli iqtisadiyyatın modernləşdirilməsi və davamlı inkişafı problemləri tədqiq olunmuşdur. Bu məqsədlə kitabda davamlı inkişafın, modernləşdirmənin nəzəri-metodoloji əsasları tədqiq edilmiş, qloballaşma şəraitində modernləşmə və davamlı inkişafın xarakterik cəhətləri göstərilmiş, bu sahədə mövcud vəziyyət araşdırılmış, davamlı inkişaf və iqtisadi təhlükəsizlik məsələləri kompleks şəkildə təhlil edilmiş, eləcə də kənd təsərrüfatı, nəqliyyat, turizm və s. istiqamətlərdə davamlı inkişafın təmin olunmasına dair fikir və mülahizələr, təklif və tövsiyələr irəli sürülmüşdür. Kitabda davamlı inkişaf və modernləşməyə dair çoxsaylı mənbələrdən, beynəlxalq sənədlərdən, ayrı-ayrı yerli və beynəlxalq təşkilatların hesabatlarından və s. istifadə edilərək ətraflı təhlillər aparılmışdır. Kitab makro və sahə iqtisadiyyatları üzrə, beynəlxalq münasibətlər, davamlı inkişaf və s. uyğun ixtisaslar üzrə bakalavr, magistr və doktorantların hazırlanmasında, eləcə də müvafiq mütəxəssislər üçün zəngin və faydalı mənbə ola bilər.

Ağasəlim ƏLƏSGƏROV,

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru,  professor,

İlham MƏMMƏDZADƏ, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında