Ümumi təhsildə islahatlar: gələcəyin məktəbinə doğru

 

 

 Respublikamızın dünyanın müstəqil ölkələrindən birinə çevrilməsi Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrində misli görünməmiş  inkişafın sürətlənməsinə şərait yaratdı. Cəmiyyətin ehtiyac və tələbatları zəruri şərtlər kimi fəaliyyətlərin əsasına gətirildi. Bütün sahələrdə islahatyönümlü işlərə başlanıldı. Müstəqil ölkənin inkişaf tarixində xüsusi hadisə kimi yadda qalan 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası həmin islahatyönümlü işlərə rəvac verdi.

Digər sahələrdə olduğu kimi, təhsildə də xüsusi Dövlət Proqramı qəbul edildi. 1999-cu ildə qəbul olunmuş bu proqram ölkəmizin tarixində təhsil siyasətinin nizamlı, ardıcıl və sistemli davam etdirilməsini tənzimləyən mühüm dövlət sənədi kimi təhsil sahəsindəki fəaliyyətimizin əsasına gətirildi. Təhsilin bütün pillələri kimi ümumi təhsilə də bu proqramda xüsusi yer ayrıldı. İslahat Proqramında müəyyən olunmuş prinsiplərə əsaslanmaqla onun yeniləşdirilməsi istiqamətində işlər aparıldı. 

Azərbaycanda aparılan təhsil islahatları elmi nəzəri əhəmiyyəti ilə yanaşı, ilk növbədə, düzgün metodoloji özülü ilə fərqlənir. İslahatın başlanğıc mərhələsində ulu öndər Heydər Əliyev onu xarakterizə edərək qeyd etmişdir ki, “indi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanda təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın”. Göründüyü kimi, bu fikir özünün konseptuallığı ilə bütün təhsil pillərlərinin, o cümlədən ümumi təhsilin üzərinə ciddi vəzifələr qoyurdu.

Ümumi təhsil sahəsində keyfiyyətli islahatyönümlü işlər aparmaq üçün birinci növbədə real vəziyyətin meydana çıxarılması, ümumi durumun qiymətləndirilməsi vacib hesab edildi. Ona görə də  ümumi təhsilin vəziyyəti islahatın birinci (1999-cu il) və ikinci (2001-2003-cü illər) mərhələlərində beynəlxalq və milli səviyyəli mütəxəssilər cəlb olunmaqla öyrənildi, gələcəkdə inkişaf etdirilməsi üçün başlıca istiqamətlər müəyyənləşdirildi və müasir dünyanın təhsil məkanında qəbul olunmuş demokratik, humanist, humanitar, eləcə də inteqrativ  keyfiyyətlər baxımından təhlil olundu. Yaradılmış normativ- hüquqi baza və öyrədici innovasiya mərhələlərində əldə olunmuş təcrübələrə əsasən 2004-cü ildən başlayaraq ümumi təhsil sahəsində sistemli quruculuq işləri aparıldı. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, həmin işlər bu gün də davam etməkdədir.

Bu işlərin ən başlıca xüsusiyyətlərindən biri onun daha geniş miqyasda ictimaiyyət arasında müzakirələrinin təşkil olunması, bu təhsil fəaliyyətlərinin qəbul edilməsi idi. Ona görə də Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiyasiyası arasındakı sazişə əsasən 2003-cü ildə keçirilmiş müzakirələr də məhz belə tədbirlərdən idi ki, orada islahatın 2004-cü ildən sonrakı mərhələsi üçün beş istiqamət müəyyənləşdirildi. Həmin istiqamətlərdən biri “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” adlandırıldı. O, özündə “Kurikulum islahatı”, “Müəllim hazırlığı”, “Dərsliklər və oxu materialları”  komponentlərini əhatə edirdi.

Azərbaycan cəmiyyətinin ehtiyac və tələbatlarından yaranan bu layihələrin həyata keçirilməsi, ilkin yanaşmada xüsusi səriştə və qabiliyyətlər tələb edirdi. Yeni təhsil proqramlarının (kurikulumların) hazırlanması özünün konseptual xarakterinə görə bu layihələrin içərisində xüsusilə seçilirdi. Bu sənədlər həm təhsilin məzmununu, həm təlim prosesini, həm də onun idarə olunmasını istiqamətləndirməklə konseptual xarakterə malik olmalı idi. Eyni zamanda bu sənədlər fərdi deyil, kollektiv düşüncənin, fikrin məhsulu kimi təqdim olunmalı idi.

2005-ci ildən başlayaraq təhsil proqramlarının (kurikulumların) hazırlanması üçün işçi qruplarının yaradılması, onların bilavasitə fəaliyyətə cəlb olunması məhz bu zərurətdən irəli gəldi.

Odur ki, 2006-cı ildə ümumi təhsilin şəxsiyyətyönümlü, nəticəyönümlü xarakterə malik olan yeni məzmunu, texnologiyaları və qiymətləndirmə sistemini ehtiva edən “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) adlı dövlət sənədi qəbul olundu.  2010-cu ildə isə bu sənəd “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adıyla təkmilləşdirilərək dövlət tərəfindən təsdiq edildi. Bütün fənlər üzrə təhsil proqramları (kurikulumları) hazırlandı. 2008-ci ildən etibarən yeni təhsil proqramlarının (kurikulumların) tətbiqinə başlanıldı.

Yeni təhsil proqramları (kurikulumları) məzmun və strukturuna  görə müasir zamanda müəllim və şagirdlərin sərbəst və yaradıcı fəaliyyətinə imkan yaratmaq baxımından faydalı hesab edilir. Bu sənədlərdə fənnin məzmunu nəticələr formasında verilir. Bu nəticələr ölçülə bildiyindən və şagirdlərin hər hansı mərhələdə inkişaf səviyyəsini ifadə etdiyindən təhsil standartları kimi qəbul olundu.

Həmin standartlar əsasında hər bir müəllim özünün imkanları daxilində fəaliyyətini sərbəst planlaşdırmaq və təşkil etmək şansı qazandı. Nəzərdə tutulmuş nəticələrə nail olmaq üçün müvafiq texnologiyalar seçməkdə və yaxud hazırlamaqda ona sərbəstlik verildi. Təlim standartlarının reallaşdırılması təhsil sahəsində fəaliyyət göstərən və bu sahədə məsuliyyət daşıyan hər bir kəs üçün dövlət tələbi hesab edildi.

Yeni təhsil proqramları (kurikulumları) həm də fənn üzrə təlim strategiyalarını əhatə etməklə əvvəlki proqramlardan fərqlənir. Bu strategiyalarda fənnin tədrisinə verilən tələblər, istifadə edilməsi tövsiyə olunan iş formaları və təlim metodları, cari və perspektiv planlaşdırma nümunələri, eləcə də məzmun standartlarının şərhi əhatə olunur. Bu hissə daha çox müəllimin strateji fəaliyyətini istiqamətləndirmək məqsədi daşıyır. Müəllimlər təlim strategiyalarındakı tələblərə istinad etməklə və nümunələrə əsaslanmaqla  özünə məxsus olan təcrübəni yaradır.

Nəhayət, təhsil proqramlarında (kurikulumlarda) şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün materiallar da təqdim olunur ki, bunlar da müəllimlərə tədris fəaliyyətini rentabelli qurmaqda, öz fəaliyyətini düzgün istiqamətləndirməkdə imkan yaradır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün zəruri olan komponentlərdən biri qiymətləndirmə standartlarıdır. Bu standartlarda mahiyyət etibarilə şagird nailiyyətlərinin konkret ifadəsi (kəmiyyət, keyfiyyət, vaxt baxımından) əks olunur. Bundan əlavə, qiymətləndirməyə dair metodik göstəriş və qiymətləndirmə vasitələri də təhsil proqramının (kurikulumun) bu hissəsinə daxil edilir.

Artıq beşinci ildir ki, ümumtəhsil kurikulumları tətbiq olunur. İlkin araşdırmalar onu göstərir ki, yeni təhsil proqramları (kurikulumları) nəticəyönümlülüyünə görə müəllim və şagird fəaliyyətinin sərbəst və yaradıcı xarakter daşımasına imkan yaradır. Onların tədqiqatçılıq meyllərinin güclənməsini stimullaşdırır. Xüsusilə şagirdləri məntiqi, tənqidi və yaradıcı fəaliyyətə sövq etməklə onların idrak fəaliyyətinin formalaşmasında yardımçı olur.

Təhsil proqramlarının (kurikulumların) hazırlanması yaradılmış işçi qruplarının fəaliyyətinin nəticəsi kimi meydana çıxan sənədlərdir. Onlar tətbiqi araşdırmalardan süzülüb gələn və kollektiv əməyin məhsuluna çevrilən təhsil sənədi kimi dəyərləndirilir.

Respublikamızda İslahat Proqramından irəli gələn vəzifə kimi yeni təhsil sisteminin yaradılması, təfəkkür məktəbinin qurulması istiqamətində işlər hazırda davam etdirilir. Həmin işlərin gələcəkdə də ardıcıl və sistemli olaraq davam etdirilməsi nəzərdə tutulur. Ölkə miqyasında qəbul olunmuş “Azərbaycan - 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında da bu məsələyə xüsusi diqqət yetirilir: “12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək. Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçiriləcəkdir”.

Bu gün ölkə miqyasında təhsilin aparıcı pillələrindən biri kimi ümumi təhsilin hər hansı bir məsələsi ilə bağlı, xüsusən də onun yeni məzmun, texnologiya və idarəetmə problemləri ilə əlaqədar istər fundamental, istərsə də tətbiqi xarakterli müasir pedaqoji, metodik araşdırmaların aparılmasına ciddi ehtiyac vardır.

Təhsil Problemləri İnstitutu cari ildə də öz fəaliyyətinin müəyyən hissəsini məhz bu məsələlərin həlli istiqamətinə yönəltmişdir. Gələcəkdə də onun uğurla davam etdirilməsi diqqət mərkəzində saxlanacaqdır.

Abdulla MEHRABOV,

Təhsil Problemləri İnstitutunun direktoru, professor,

Ənvər Abbasov, İnstitut direktorunun müavini, dosent

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında