Türk dünyasının son yüz ildəki ən görkəmli simalarından olan ulu öndər Heydər Əliyevin həyatı hələ yüz illər boyu qələm sahiblərinin tez-tez müraciət etdiyi mövzulardan olacaq. Üstəlik bu barədə istənilən yazını qələmə alan ziyalı və ya yaradıcı insan həmişə belə fikir səsləndirir ki, Heydər Əliyevin əməlləri Azərbaycan xalqı durduqca yaşayacaq.
O, öz xalqının və dövlətinin həyatında heç kəsə bənzəməyən rol oynamış tarixi şəxsiyyətlərdən biridir. Xatırlatmaq yerinə düşər ki, Heydər Əliyevin taleyinə daha böyük xilaskarlıq və quruculuq missiyası düşmüşdü. Çünki bizim ulu öndərimizin həyatının siyasi mübarizədə keçməyən bir zamanı, dövrü olmayıb. Heydər Əliyev həyatı başdan-başa xalqa xidmətdən və milli mənafe baxımından bütün azərbaycanlıların arzuladığı siyasi mübarizədən ibarət olub.
Bu qənaətimizi bir neçə konkret məqamlarla əsaslandıraq. Ulu öndər hələ Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı illərdə o dövr üçün tamamilə qeyri-mümkün olan addımlar atırdı. O, öz tutduğu vəzifənin imkanlarından istifadə edərək yüzlərlə soydaşımızın ağır ittihamlardan və təzyiqlərdən qurtulmasına kömək etmişdi. Onun respublikamıza rəhbərlik etdiyi 1969- 1982-ci illər bütövlükdə xalqımıza xidmətdə keçmişdi. Böyük dövlət xadimi həmin illərdə Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, elmi-texniki və ən başlıcası, mədəni inkişafının sürətləndirilməsi üçün başqa siyasətçilərin bəlkə də yüz ilə görə bilməyəcəyi işləri görmüşdü. Ötən əsrin yetmişinci illərinin əvvəllərinə qədər aqrar respublika kimi tanınan Azərbaycanın sürətlə inkişaf edən sənaye respublikasına çevrilməsi Heydər Əliyev rəhbərliyinin iqtisadi qüdrətini göstərirdisə, Azərbaycan dilinin Konstitusiya səviyyəsində dövlət dili elan olunması onun siyasi uzaqgörənliyinin nəticəsi kimi qiymətləndirilirdi. Heydər Əliyevin 70-ci illərdə Azərbaycan alimlərinin elmi nailiyyətlərinin beynəlxalq aləmə çıxarılması üçün həyata keçirdiyi tədbirlər respublikamızın dünya miqyasında tanıdılması istiqamətində atılan ən uğurlu addımlardan idi. Gələcək müstəqil Azərbaycan dövləti üçün daha çox milli kadrların yetişdirilməsi məqsədiylə ölkə təhsilində köklü islahatların aparılması, yaradıcı ziyalılarımızın ümumittifaq miqyasında təbliği və onların əməyinin yüksək qiymətləndirilməsi kimi məsələlər də həmin illərin heç zaman unudulmayacaq , üstəlik bilavasitə Azərbaycan üçün xarakterik olan proseslərindən idi.
Heydər Əliyev siyasi dühası elə bir tükənməz xəzinə idi ki, o xəzinədən Sovet rəhbərliyi daha geniş miqyasda bəhrələnməyə çalışırdı. Məhz o səbəbdən də səksəninci illərin əvvəllərində Kreml rəsmiləri Heydər Əliyevin bilavasitə Moskvada, SSRİ rəhbərliyində işləməsini məqsədəuyğun saydılar və bizim ulu öndərimiz o böyük dövlətin iki-üç rəhbərindən biri oldu. Azərbaycandan kənarda yaşadığı dövrdə, Moskvada SSRİ rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi illərdə də onun kölgəsi respublikamızın üstündən əskik olmurdu. Bu zaman daha mühüm olan bir məqamı yada salmaq zərurəti ortaya çıxır. Belə ki, Heydər Əliyevin bütün vəzifələrdən istefa verərək Moskvada sadə bir vətəndaş kimi yaşadığı müddət də xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələrlə zəngin olmuşdur. Yenə də fikrimizi konkret faktlarla əsaslandıraq. Azərbaycanda böyük vüsət alan xalq azadlıq hərəkatını hələ beşikdə ikən boğmaq istəyən Mixail Qorbaçovun 1990-cı ilin yanvarında Bakıya qoşun yeridərək çoxsaylı insan qırğını törətməsindən dərhal sonra Heydər Əliyev bilavasitə Moskvada - Kremlin gözünün qabağında SSRİ rəhbərliyini ittiham edən bəyanatlar səsləndirdi. Ulu öndər bu addımıyla Azərbaycan azadlıqsevərlərinin siyasi meydanda tək olmadığını sübuta yetirmiş, onları daha mütəşəkkil mübarizəyə ruhlandırmışdı. Təkcə azərbaycanlıların deyil, türk dünyasının bir çox simalarının qeyd etdiyi kimi Heydər Əliyevin adının əvvəlindəki ümummilli lider ifadəsini bilavasitə həmin tarixi hadisə tamamlayırdı.
Heydər Əliyevin doxsanıncı illərin başlanğıcında - Moskvadan qayıtdıqdan sonra başlanan Naxçıvan fəaliyyəti də müasir tariximizin ən şanlı səhifələrindən idi. Xatırladaq ki, həmin illərdə ulu öndər birinci müstəqil dövlətimizin atributlarından olan üç rəngli bayrağımızı rəsmi olaraq muxtar respublikanın bayrağı kimi qaldırmış, Naxçıvanın adından sovet və sosialist sözlərinin çıxarılmasına nail olmuşdu. O zamanlar iti sürətlə çökməkdə olan SSRİ-nin saxlanılması məqsədiylə Azərbaycanda keçirilən ümumrespublika referendumunun Naxçıvanda reallaşdırılmasının qarşısını məhz Heydər Əliyev almışdı. Daha möhtəşəm faktlardan biri də o idi ki, bu gün regionun ən qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası bilavasitə Heydər Əliyev dühasının işığına toplaşan Azərbaycan ziyalılarının təşəbbüsü ilə 1992-ci ilin noyabrında Naxçıvanda yaradılmışdı.
Azərbaycanın bir əsrdə ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşması xalqımız üçün nə qədər səadətli və xoşbəxt hadisə olsa da, bədxahlarımız üçün o qədər ağır zərbə idi. Ona görə də hər vəchlə gənc müstəqil Azərbaycanın mövcudluğuna son qoymaq üçün qorxunc variantlar düşünülürdü. Odur ki, müstəqilliyin ilk illəri bizim üçüm məhrumiyyətlər və məşəqqətlərlə dolu tarixə çevrilmişdi. Dövlətə rəhbərlik edən siyasət diletantlarının təcrübəsizliyi və bu məqamdan məharətlə bəhrələnən bədxahlarımızın çoxsaylı təxribatları nəticəsində ölkəni xaos və anarxiya bürümüş, respublika vətəndaş müharibəsinin bir addımlığına gətirilmiş, milli dövlətçiliyimiz məhv olmaq, ölkə ərazisi parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman milli ziyalılıq simvolumuza çevrilmiş insanlar Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini təkidlə tələb etdilər. Özlərinin törətdiyi problemlərin əlində əsir-yesir qalmış AXC- Müsavat iqtidarının rəhbərləri də xalqın həmin çağırışlarına qoşuldular. Sadə insanlar Heydər Əliyevi milli dövlətçiliyimizi qorumaq üçün çağırırdısa, iqtidar rəsmiləri özlərinin ortaya gətirdikləri adamların verəcəyi qanuni və ya qeyri - qanuni cəzalardan xilas olmaq üçün daxili sabitliyin yaranmasını arzulayırdılar. AXC-Müsavat iqtidarının rəhbərləri bilirdilər ki, dağılmaqda olan ölkədə sabitliyi ancaq və ancaq Heydər Əliyev yarada bilər.
Öz siyasi fəaliyyətinin bütün dövrlərində xalqın heç bir çağırışını cavabsız qoymayan Heydər Əliyev ölkənin həmin ağır günlərində ona ünvanlanan müraciətləri qətiyyən cavabsız qoya bilməzdi. Odur ki, ulu öndər 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gəldi. Bu, böyük qayıdış idi. Ümummilli liderimizin Naxçıvandan Bakıya gəlişi sözün həqiqi mənasında milli dövlətçiliyimiz üçün qurtuluş, Azərbaycan xalqı üçün isə misilsiz bir nicat oldu. İlk növbədə hamının gözlədiyi daxili sabitliyə imza atıldı. Sonra ölkə beynəlxalq aləmə açıq elan edildi və həmin inteqrasiya meylləri əcnəbilərin Azərbaycana marağını artırdı. Bu isə gənc müstəqil respublikamız üçün hava və su kimi lazım idi. Əgər beynəlxalq aləmlə əlaqələr AXC-Müsavat iqtidarı dövründəki kimi qalsaydı, Azərbaycan xalqı heç nədən olmasa da aclıqdan məhv ola bilərdi.
1993-cü il iyunun 15-dən - Böyük Qurtuluşdan keçən qısa müddətdə dünya ictimaiyyəti Azərbaycanı tanımağa başladı. Respublikamız NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşuldu və bu amil öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın hərbi yürüşlərinin qarşısının alınmasında mühüm rol oynadı. Məhz Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi imzalandı və bununla da ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyi uçurumun bir addımlığında xilas edildi. Heydər Əliyev respublikamızın hərtərəfli inkişafını təmin etmək məqsədiylə köklü hüquq islahatlarına start verdi, ilk Konstitusiyamızın qəbul edilməsinə nail oldu, məhz onun işləyib hazırladığı demokratik dəyərlər əsasında milli parlament formalaşdırıldı. Tezliklə iqtisadi böhrandan çıxış yolları tapıldı və ən başlıcası, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi məqsədiylə dünyanın aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında sonralar “Əsrin Müqaviləsi” adlandırılan möhtəşəm neft sazişi imzalandı. Tarixçilər qətiyyətlə yazırlar ki, bütün bunlar Heydər Əliyev müdrikliyinin və siyasi uzaqgörənliyinin nəticəsi idi.
Ulu öndərin təkcə siyasi fəaliyyətinin titanik hadisələrlə zəngin olan səhifələri deyil, hətta onun həyatının bütün məqamları siyasətçilər, politoloq və ekspertlər üçün örnək şəklində qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin uğurları ilə bağlı istənilən tribunadan çıxış edərkən bu nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyevin siyasi dühasının dayandığını söyləyir. Mənim yadımdadır. Cənab İlham Əliyev Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumunda nitqlə çıxış edərkən Azərbaycanın dövlət müstəqilliyinin ilk illərini yada salaraq xatırladırdı: “ Müstəqillik illəri çox mürəkkəb şəraitdə başlanmışdı, çox ziddiyyətli proseslər gedirdi, müstəqilliyin ilk illəri hərc-mərclik, anarxiya, özbaşınalıq, vətəndaş müharibəsinə və sadəcə iqtisadi kollapsa gətirib çıxarmış iğtişaş illəri idi. Sənaye staqnasiya vəziyyətində idi, Azərbaycanın müstəqil dövlət kimi inkişaf perspektivləri çox böyük sual altında idi. Lakin ən həlledici anda Azərbaycan xalqının müdrikliyi özünü onda göstərdi ki, xalq Heydər Əliyevə müraciət etdi və onu ölkəni ağır böhrandan çıxarmağa çağırdı. Hətta statistikaya nəzər salsaq, iqtisadi və siyasi prosesləri müşahidə etsək, görərik ki, 1993-cü ildən sabitləşmə dövrü başlandı. Azərbaycan informasiya blokadasından çıxdı, qonşu ölkələrlə, region ölkələri ilə müstəqilliyin ilk illərində tamamilə korlanmış əlaqələri yenidən qurub möhkəmlətdi və sabitləşmə, inkişaf, dünya birliyinə inteqrasiya dövrü başlandı. Sonradan bu proseslər genişlənmiş və artıq 2000-ci illərdən başlayaraq Azərbaycanın inkişaf dinamikası gündəlik həyatda da, ölkəmizin artan beynəlxalq nüfuzunda da təzahür etməyə başladı.”
Əlbəttə, bütün bunlar danılmaz həqiqət , müasir tariximizin reallıqları idi. Ancaq danılmaz və təkzibolunmaz həqiqətlərdən biri də odur ki, ulu öndər Heydər Əliyev barədə söz açan istənilən sahənin mütəxəssisi onu özünün çalışdığı sahənin himayədarı kimi qiymətləndirir, daha çox məhz bu sahəyə qayğı göstərdiyini söyləyir. Əslində isə o, öz həyatının ən mühüm çağlarını Azərbaycan təhsilinin və maarifinin inkişafına həsr etmişdi. “Mən müəllim adından şərəfli bir ad tanımıram”- deyən ulu öndərimizin Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi tədbirlərin hər biri haqqında ayrıca bir kitab yazmaq olar. Biz müəllimlər o böyük ömrün bütün mərhələlərini hər dəfə səhifələyəndə ulu öndərimizin təhsil sisteminə etdiyi himayədarlıq barədə mütləq nə isə yazmaq istəyirik. Ancaq nə qədər yazsaq da, o böyük həqiqət haqqında hər şeyin söylənilməsinin qələm üçün əlçatmaz olduğunu da hiss edirik.
Bununla belə qeyd edim ki, biz Heydər Əliyev dühasının həqiqi qiymətini ifadə edən yazılar qələmə ala bilməsək də, gündəlik həyatımızda onun əməllərinin həqiqi qiyməti kimi dəyərləndirilən hadisələrin şahidi oluruq. Bu hadisələr Prezident İlham Əliyevin Azərbaycan təhsilinə qayğını məhz ulu öndər Heydər Əliyevin arzuladığı şəkildə davam etdirməsidir. Cənab İlham Əliyevin milli təhsilimizin daha da inkişaf etdirilməsi məqsədiylə imzaladığı iyirmiyə qədər Dövlət Proqramının hər biri xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, mütəxəssislər qeyd edirlər ki, elmin inkişafı olmadan təhsilin, təhsilin inkişafı olmadan isə elmin inkişafı mümkün deyil. Bu, bir həqiqətdir. Məhz həmin həqiqəti nəzərə alan Prezident İlham Əliyevin 2009-cu ilin oktyabrında imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Həmin fond fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi daşıyır.
Ulu öndərin 90 illik yubiley günlərində fəxrlə yada sala bilərik ki, onun elmə və təhsilə qayğısının davam etdirilməsi sahəsində YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da kifayət qədər layihələr reallaşdırmışdır. Bu üç amil - ulu öndərin siyasi irsi, Prezident İlham Əliyevin iradəsi və Mehriban xanım Əliyevanın təşəbbüskarlığı Azərbaycan təhsilinin və elminin qarşısında daha böyük üfüqlər açır.
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər İnstitutu Salyan
filialının direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.