Zirvəyə gedən yol sabitlikdən keçir

 

 

 

 

Hər gün ürəkaçan, fərəhləndirici müjdə xəbərlərini eşitməyə adət etmiş Azərbaycan xalqı və onun ictimai həyatı tarixən kəşməkəşli, ziddiyyətli, bəzən də xaotik hadisələrin burulğanlarından keçmişdir. Bu ölkə iqtisadi cəhətdən  əlverişli, coğrafi cəhətdən strateji bir məkanda yerləşir. Odur ki, Azərbaycan Şərqin və Qərbin  qapısı kimi həmişə başqa dövlətlərin maraq dairəsinə çevrilmişdir.

Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri bu marağın daim artmasına səbəb olmuşdur. Belə bir zəngin məkanda bəşər mədəniyyətinə qiymətli töhfələr verəcək intellektlərin də yetişməsi istisna olmamışdır. Bununla belə, Azərbaycan tarixən yadellilərin basqınlarına, müharibə və münaqişələrin törətdiyi ictimai ədalətsizliklərə məruz qalmışdır. Ancaq həmişə təbii olaraq belə bir sual da ortaya çıxır: görəsən, Azərbaycan xalqının tarixən başına gələn bəlalar və fəsadlar, yadelli işğallar, sosial ədalətsizliklər, siyasi tənəzzül ilə nəticələnən hadisələr baş verməyə bilərdimi? Cavab həm çətindir, həm də asan. Çətindir, ona görə ki, indiyədək baş verən hadisələri dərindən təhlil edib həqiqətləri üzə çıxarmaq üçün ciddi araşdırmalar aparmağa ehtiyac vardır. Asandır ona görə ki, tarixin təcrübəsi ilə hesablaşdıqda hər şey aydın görünür. Aydın görünür ki, tarixən baş verən ictimai-siyasi hadisələri cəmiyyətin mənafeyinə doğru yönəltmək üçün ümummilli liderin yetişməsi ən vacib şərtdir. Məhz bu baxımdan Azərbaycanın həyatında baş vermiş hadisələri təhlil etdikdə  lider amilinin aparıcı qüvvə olması qat-qat möhkəmlənmiş olur. Bunun üçün ən uzaq tarixə nəzər salmağa o qədər də ehtiyac duyulmur. Tarixi hadisələri ümumiləşdirdikdə onların məzmunu hər şeyi açıq deyir. Milli lideri nə qüdrətli hökmdar, nə yenilməz qəhrəman, nə də bəşəri ideyaların yaradıcısı olan dahi şəxsiyyət amili ilə eyniləşdirmək doğru deyil. Qüdrətli hökmdar ölkəni idərə edə, onun sərhədlərini genişləndirib nüfuzunu artıra bilər, ancaq yaratdığı dövlətin uzunömürlü olmasına təminat ehtimalı çox olmaya da bilər. Yenilməz bir qəhrəmanı müəyyən bir müddətdən sonra daha artıq şücaət göstərən bir başqası da əvəz edə bilər. Bəşəri ideyaların yaradıcısı olan dahi bir şəxsiyyət tarixlər boyu öz obrazını yaşada bilər. Ancaq onun ideyaları cəmiyyət həyatında tətbiq edilməyə də bilər. Milli lider isə həm qüdrətli hökmdar, həm yenilməz sərkərdəyə aid funksiyaları yerinə yetirir, həm də bəşəri ideyaları həyata keçirir.

Cəmiyyət həyatında fəsadlar baş verəndə cəmiyyət özü belə bir milli liderin-fenomen şəxsiyyətin axtarışında olur. Milli lider mövcud olduqda cəmiyyət bəlalardan xilas olur, olmadıqda cəmiyyət iflasa uğrayır.

Məsələn, Azərbaycanın əzəli torpaqları 1828-ci ildə iki yerə parçalananda cəmiyyətdə intellektli adamlar yox deyildi. Ancaq milli lider yetişməmişdi, ona görə də parçalanmadan ötüşmək mümkün olmadı. 1918-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etməsi  üçün tarixi şərait yarandı. Lakin iki ildən az bir müddətdə bu dövlətçilik süquta uğradı. Çünki, həmin dövrdə hakimiyyətdə təmsil olunan şəxslər ziyalı, intellektual adamlar olsa da onların içərisində milli lider səviyyəli aparıcı bir şəxsiyyət yox idi. Məhz 1990-cı il  20 Yanvar hadisəsinin başvermə səbəbi də milli liderin olmaması ilə bağlı idi. Tarix analoji  hadisələri 1991-ci ildə yenidən təkrar etdirdi. Azərbaycan öz müstəqilliyini elan etmək imkanından istifadə etdi. Lakin o zaman hakimiyyətdə olanlar dövlətçiliyin idarəsində təcrübəsiz, ictimai-siyasi hadisələrin vacib olan istiqamətə yönəldilməsində səriştəsiz idilər. Üstəlik də, həmin insanlarda şəxsi, xüsusi maraqlar ictimai maraqlardan üstün idi. Odur ki, onlar az bir müddətdə ölkədə dövlətçiliyin süqutu və torpaqların parçalanması təhlükəsi ilə üzləşdilər.  Belə bir təlatümlü zamanda xalq özünün nurlu zəkası ilə cəmiyyətin bu gününə, sabahına və gələcəyinə işıq saçan milli liderə-Heydər Əliyevə üz tutdu, etibar etdi, etimad göstərdi. Heydər Əliyev dövlətçiliyi məhv olmaqdan, xalqı mənəvi iflasdan, torpaqlarımızı parçalanmaqdan xilas etdi.

1991-ci ildən 1993-cü ilədək olan müddətdə ölkə rəhbərliyində təmsil olunan adamların səriştəsizliyi üzündən Azərbaycan torpaqlarının 20 faizi erməni təcavüzünün qurbanı oldu. Bir milyon insan evsiz-eşiksiz qaldı. Vətən torpağı şəhid qanına boyandı. Lakin ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi, siyasi qüdrəti və beynəlxalq aləmdəki nüfuzu sayəsində ictimai-siyasi sabitlik bərqərar olundu. Müstəqil Azərbaycan dövlətçiliyi yaşadı.  Bu gün müstəqil Azərbaycan dövlətçiliyi öz sabitliyini qorumaqla beynəlxalq aləmdəki nüfuzunu gündən-günə artırır. Bu, o deməkdir ki, Azərbaycan Respublikası tarixən hissə-hissə itirilmiş torpaqlarımızın varisi olmaq hüququnu özündə saxlayır. Biz bu gün müstəqil bir dövlət kimi varisi olduğumuz tarixi torpaqlarımızın sabah sahibi olacağıq! Heydər Əliyev ideyaları bunu söyləməyə bizə tamamilə haqq qazandırır.

Heydər Əliyev elə bir fenomen şəxsiyyətdir ki, onun dühası bütün cəmiyyətin elmi, ictimai, siyasi, mədəni həyatına öz təsirini göstərir. Ulu öndər müstəqil dövlətçilik ideyalarını hələ keçmiş SSRİ-nin ciddi diktatura rejimi dövründə formalaşdırmışdı. O,Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə insanların maddi rifah halının yaxşılaşdırılmasına mühüm diqqət yetirirdi. Bu, təkcə ona görə deyildi ki,  cəmiyyət üzvlərinin firavan həyatı təmin olunsun. Həm də ona görə idi ki, insanlarda müstəqil, sərbəst, azad düşüncə imkanları formalaşdırılsın. Bu isə insanları mənəvi və psixoloji cəhətdən azad, sərbəst, müstəqil həyat quruculuğuna aparan mühüm istiqamətlərdən biri idi. Heydər Əliyev bunu arzulayırdı və öz ideyalarını ardıcıl şəkildə həyata keçirirdi. Bununla da Heydər Əliyev şəxsiyyəti insanların qəlbində öz silinməz obrazını yaratmışdı. Az keçmədi ki, Azərbaycanda müstəqil dövlət quruculuğu üçün münbit şərait yarandı. İlk vaxtlar Heydər Əliyev hakimiyyətdə təmsil olunmadığına görə əvvəllər əldə edilmiş nə vardırsa hamısı dağıdılırdı. Lakin insanların qəlbindəki Heydər Əliyev obrazına heç kəs təsir edə bilməzdi. Çünki bu obraz xalqın qəlbində dərin, silinməz, canlı və isti bir məhəbbətə çevrilmişdi.

Hələ keçmiş sovetlər dövründə Azərbaycan dilinin Heydər Əliyev tərəfindən Azərbaycan Konstitusiyasına dövlət dili kimi daxil edilməsi çox böyük siyasi məharət tələb edirdi. Çünki İttifaq üçün bir ortaq dil vardı. O da rus dili idi.  Bu dil İttifaqa daxil olan bütün xalqların ortaq dili olduğu kimi, beynəlxalq aləmlə inteqrasiyada yeganə vasitə idi. Azərbaycan dilinin Konstitusiyada dövlət dili elan edilməsinin mahiyyətini isə bir çoxları anlaya bilməmişdi. Heydər Əliyev belə bir cəsarətli addım atmaqla Azərbaycanın müstəqil bir dövlət dili kimi beynəlxalq aləmdə bu dil ilə təmsil olunacağı günü əvvəlcədən görürdü!

Heydər Əliyevin ən böyük xidmətlərindən biri cəmiyyətdə sosial-ictimai sabitlik yaradılmasına nail olmaqdan ibarətdir. 1993-cü ildə Heydər Əliyev xalqın təkidi və tələbi ilə respublika rəhbərliyinə gələndə ölkədə xaos baş alıb gedirdi. Bir tərəfdən, vəzifə kürsüsü iddiasında olanların törətdiyi çaxnaşmalar, o biri tərəfdən erməni təcavüzü ölkədə ciddi fəsadların baş verməsinə şərait yaradırdı. Ulu öndər belə bir ağır və çətin şəraitdə ictimai-siyasi sabitliyi bərqərar etdi. İctimai-siyasi sabitlik yaranması ilə ictimai həmrəylik, milli birlik və mütəşəkillik əldə olundu. Məhz belə bir şəraitdə əhalinin vahid ideologiya ətrafında toplaşmasına imkan yarana bilərdi. Bu ideologiya dövlətçiliyə inamın canlanmasına xidmət göstərməli idi. Həmin ideologiyanın aparıcı qüvvəsi Yeni Azərbaycan Partiyası idi. Yeni Azərbaycan Partiyasının ideoloji mənbəyi azərbaycançılıqdan ibarət idi. Azərbaycançılıq ideyaları azərbaycançılıq şüuru təməlində formalaşdırılırdı. Azərbaycançılıq ideyaları tarixən ictimai təfəkkürdə özünə yer tapmışdır. Bu ideyalar keyfiyyətcə, milli mənəvi dəyərlərə əsaslanır. Bunlar, bütövlükdə, müstəqil dövlətçilik şəraitində reallaşaraq canlanır. Öz funksionallığını milli özünüdərketmə prosesində tapan bu ideyalar müstəqil dövlətçiliyimizin qorunmasına xidmət göstərən ideoloji bir sistem təşkil edir. Bu sistemin yaradıcısı və ilk təbliğatçısı məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Azərbaycan xalqı özünün  bütövlüyü, dövlətçiliyin əbədi, daimi, sarsılmaz və dönməzliyi naminə yaradılmış bu ideologiyanın mövcudluğu üçün məhz ulu öndərə minnətdardır. Heydər Əliyev dühası ilə yaradılan müstəqil Azərbaycan Respublikasının ideya bazası azərbaycançılıqdan ibarətdir. Odur ki, bu dövlətçilik öz ideya bazası üzərində özünün daimi yaşamasını təsbit etmişdir. İctimai-siyasi sabitlik müstəqil dövlətin dirçəldilməsində iqtisadi inkişafın baş verməsinə zəmin yaradır. İqtisadi inkişaf olmadan milli ideyaların həyata keçirilməsi və firavanlıq yaradılması mümkün deyildir. Məhz Azərbaycan cəmiyyətində ictimai-siyasi sabitlik yaradıldıqdan sonra iqtisadiyyatın inkişafında mühüm bir dönüş baş verməyə başladı. Öz artım tempinə görə Azərbaycanda baş verən sosial-iqtisadi inkişafı şərti olaraq üç əsas mərhələyə bölmək mümkündür.

Birinci mərhələyə 1994-cü ildən 2000-ci ilədək olan  dövrü aid etmək olar. Bu dövrdə Azərbaycan iqtisadiyyatının ayağa durması müşahidə edilir. Həmin dövrü iqtisadi dirçəliş dövrü adlandırmaq olar. Dövrün səciyyəvi cəhəti  iqtisadi artımın ilbəil çoxalmasından ibarət idi. Belə ki, 1994-cü ildə dövlət büdcəsi 700 milyon dollara qədər idisə, 2000-ci ildə bu 1,2 milyard dollar olmuşdur.

İkinci mərhələyə 2000-ci ildən 2004-cü ilədək olan dövrü aid etmək olar. 2000-ci ildə dövlət büdcəsi 1,2 milyard dollar idisə, 2004-cü ildə bu göstərici 2 milyard olmuşdur. Bu mərhələ dinamik inkişaf dövrü də adlandırıla bilər.

Üçüncü mərhələ 2004-cü ildən sonrakı dövrü əhatə edir. Məsələn, 2005-ci ildə dövlət büdcəsi 2,5 milyard dollar olduğu halda bu rəqəm 2013-cü ildə 19 milyard dollardan artıq nəzərdə tutulmuşdur. Bu mərhələni Azərbaycan iqtisadiyyatında sürətli  inkişaf dövrü kimi xarakterizə etmək olar.

Heydər Əliyevin Azərbaycan cəmiyyəti qarşısında ən böyük xidmətlərindən biri də xalqımızın həyatına və taleyinə İlham Əliyev kimi bir siyasi varisi yetişdirməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev ideyalarını böyük uğurla və yaradıcılıqla həyata keçirir. Ölkədə gedən böyük quruculuq və abadlıq işləri məhz  Prezident İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində baş verir. Müasir dövrdə Azərbaycan  iqtisadi artımın sürətinə görə Cənubi Qafqaz regionunda lider ölkəyə çevrilmişdir. Azərbaycanın beynəlxalq əlaqələri durmadan genişlənir. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq aləmdə şəxsi nüfuzu ilə özünə böyük rəğbət qazandırmışdır.

Respublikamızda gedən quruculuq və abadlıq işləri, sürətli sosial-iqtisadi inkişaf və ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzu cənab İlham Əliyevin cəmiyyətimizdə əsrin lideri kimi tanınmasına tamamilə haqq qazandırır. Cənab İlham Əliyevə beynəlxalq aləmdəki böyük diqqət və rəğbət də məhz onun liderlik nüfuzu qazanmasından irəli gəlir. Cənab İlham Əliyev Heydər Əliyev ənənələrini davam etdirərək ölkənin iqtisadi təməlinin güclənməsinə xüsusi bir diqqət yetirir. Ölkənin siyasi nüfuzunun artması təcavüzkar Ermənistanın regionda və beynəlxalq aləmdə iflası, eyni zamanda işğal olunmuş torpaqlarımızın qaytarılmasının təminatı deməkdir. Xalq buna əmindir. Şübhə yoxdur ki,  itirilmiş torpaqlarımız Prezident İlham Əliyevin səyləri nəticəsində qaytarılacıqdır.

Hal-hazırda ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə və humanist ideyaların həyata keçirilməsi ilə bağlı tövsiyələri Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən çox böyük uğurla həyata keçirilməkdədir. Xalqımızın milli-mənəvi dəyərlərinin mühüm daşıyıcısı olan muğamlarımızın təbliği, yeni məktəb və xəstəxanaların təmiri və tikintisi, körpələrə humanist qayğı göstərilməsi azərbaycançılıq ideyalarının həyata keçirilməsinin və təbliğinin bariz nümunəsidir.

Bu gün ölkə Prezidenti İlham Əliyevin və Mehriban xanım Əliyevanın həyata keçirdikləri humanist ideyalar Heydər Əliyev tövsiyələrinin yerinə yetirilməsi deməkdir. Bütün bunlar ümumilikdə xalqımızın yeni əsrdəki qələbələrinin nümunələri sayılmalıdır. Bu qələbələr bizi zirvələrdən-zirvələrə ucaldacaq və Azərbaycan cəmiyyətinin firavanlığını təmin edəcəkdir. Fəxrlə qeyd etdiyimiz firavanlıqda Gəncənin də xususi payı vardır. Belə ki, Gəncənin inkişafında ölkə Prezidentinin dəsti-xətti son illərdə həyata kecirilmiş layihələrdə, görülmüş işlərdə, qoyulmuş abidələrdə, simasını dəyişmiş binalarda, parklarda, yollarda, ən əsası isə bölgədə ictimai-siyasi sabitliyin yaradılmasında özünü daha parlaq biruzə verir, şəhərdə yeni ruh, yeni ab-hava duyulur.

Qarşıdan prezident seçkiləri gəlir. Azərbaycan xalqı, o cümlədən Gəncə əhalisi Heydər Əliyev siyasi kursunu dəstəkləyir və dəstəkləyəcəkdir. Biz də kollektivimiz adından seçkilərdə fəal iştirak edəcək və Heydər Əliyev ideyalarına bir daha sadiq qaldığımızı əzmlə nümayiş etdirəcəyik.

Allahverdi SEYİDOV,
Azərbaycan  Elmi-Tədqiqat  İpəkçilik İnstitutunun direktoru,
professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında