Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edən xarici qonaqlar gəncəlilərin ulu öndərə məhəbbətinin şahidi olmuşlar

 

 

Mayın 4-də Gəncənin mərkəzi meydanında əsl bayram əhval-ruhiyyəsi yaşanmışdır. Minlərlə şəhər sakini, eləcə də qonaqlar burada yaşanan sevincə qoşularaq dahi rəhbər, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyevin 90 illik yubileyinin işığına toplaşmışdılar. Dünyanın 20-dən artıq ölkəsinin tanınmış siyasi xadimləri, sabiq prezidentləri və baş nazirləri xalqın öz liderinə  sonsuz məhəbbətinin şahidi olmuşlar.

AzərTAc xəbər verir ki, qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuşlar.

Abidə önündə xatirə şəkli çəkdirilmişdir.

Meydanda güllərdən yaradılmış müxtəlif kompozisiyalara, eləcə də şəhərin idarə və müəssisələri tərəfindən təşkil olunmuş sərgilərə keçirilən baxışdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas salonunda “Heydər Əliyev və Gəncənin tarixi, sosial-iqtisadi inkişafı” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq “Heydər Əliyev və Gəncənin sosial-iqtisadi inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi demişdir ki, bu gün Azərbaycanda qazanılan bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Onun bütün fəaliyyəti dövründə qəbul etdiyi qərarlar indi də aktualdır və həmişə aktual olaraq qalacaqdır. Ulu öndərin istər daxili, istərsə də xarici siyasət sahəsində atdığı hər bir addım  müstəqil Azərbaycanın inkişafına xidmət etmişdir. Təsadüfi deyildir ki, bu gün Azərbaycanın yüksək siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması məhz Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir. Həmişə xalqını düşünən, onun xoş gələcəyi naminə yorulmaq bilmədən çalışan ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycan çox böyük layihələrin təşəbbüskarı və icraçısıdır. Dahi liderin təşəbbüsü ilə bağlanan neft sazişləri bu gün öz bəhrəsini verir. Xalqımız yeraltı və yerüstü sərvətlərin sahibidir.

Heydər Əliyevin milli-mənəvi dəyərlərə olan hörmətini yada salan natiq onu da əlavə etmişdir ki, gəncəlilər Gəncənin tarixi adının qaytarılmasına görə ulu öndərə minnətdardırlar. Bu qədim şəhərə daim diqqət və qayğı göstərən dahi şəxsiyyət hər səfərində Gəncə ilə, onun sakinləri ilə maraqlanmış, insanların arzu və təkliflərini dinləyərək problemləri həll etmişdir. Burada inşa edilən sənaye müəssisələri on minlərlə insanın işlə təmin olunmasına imkan vermişdir.

Ulu öndərin başladığı böyük işlərin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirən E.Vəliyev daha sonra demişdir ki, hazırda Gəncədə yeni texnoparkın yaradılması işi sürətlə davam etdirilir. Texnoparka daxil olan müəssislərdə 8 min nəfər işlə təmin olunacaqdır ki, bu da Gəncədə işsizlik probleminin birdəfəlik həlli deməkdir. Burada Gəncəyə yaxın rayonların sakinləri də özlərinə iş yeri əldə edəcəklər ki, bu da dövlətimizin başçısının qərb bölgəsinin inkişafına göstərdiyi qayğının nəticəsidir. Bölgədə elmin, təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bu yaxınlarda dövlətimizin başçısının Gəncə Elmi Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyasının filialına çevrilməsi və bu filialın nəzdində 8 yeni elmi-tədqiqat institutunun yaradılması barədə imzaladığı sərəncam şəhərin elmi ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanmışdır.

Bu gün Gəncədə elm, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yenidən qurulması istiqamətində aparılan işlərlə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, bərpası istiqamətində də xeyli iş görülür. Dövlətimizin başçısının ayırdığı vəsaitlə VII əsrin memarlıq abidəsi olan İmamzadə Tarixi-Memarlıq Kompleksi əsaslı şəkildə təmir edilir. Şəhərdə olan qədim tikililər bərpa edilməklə yanaşı, yeniləri də inşa olunur. Hazırda Gəncə Dövlət Filarmoniyası üçün bina, Gənclər Sarayı, eləcə də əhalinin istirahətinin təminatı üçün bir sıra obyektlərin inşası aparılır. Ərazisi 360 hektar olan Heydər Əliyev Parkı yenidən qurulur, burada ən müasir layihə əsasında Heydər Əliyev Mərkəzi, bundan başqa açıq havada amfiteatr inşa olunur. Bütün bunlar ümummilli lider Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi qayğının təzahürüdür.

Sonra Latviyanın sabiq prezidentləri xanım Vayra Vike-Freyberqa və Valdis Zatlers çıxış edərək Gəncəyə səfərlərindən məmnun qaldıqlarını bildirmiş və demişlər ki, hər gəlişlərində onlar görkəmli dövlət xadimi Heydər Əliyevə ümumxalq məhəbbətinin şahidi olmuşlar. Bu, təsadüfi deyildir. Öz xalqının xoşbəxt gələcəyini düşünən, bu yolda onu irəli aparan lider el məhəbbətinə layiqdir. Keçən il dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərində iştirak etmələrindən məmnunluq duyan latviyalı qonaqlar bu qədim şəhərdə gördüklərini müsbət dəyərləndirmiş, burada sürətli inkişafın şahidi olduqlarını qeyd etmişlər. Bildirmişlər ki, Azərbaycan keçmiş sovet respublikaları arasında ən sürətlə inkişaf edən ölkədir və burada həyata keçirilən böyük enerji layihələri bu xalqın sabah daha yaxşı yaşamasına təminat verir. İndi Azərbaycanın sürətli inkişafı onu regionun aparıcı dövlətinə çevirmişdir. Azərbaycan indi beynəlxalq aləmdə də müstəqil siyasət yürüdür.

Sonra Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının həmsədri, Qlobal Liderlər Şurasının üzvü, doktor İsmayıl Seragəldinin “Müasir Gəncənin qədim maddi-mədəni mühitinin tədqiqi, bərpası və qorunması: reallıqlar və perspektivlər” mövzusunda məruzəsi dinlənilmişdir. İsmayıl Seragəldin demişdir ki, o, bir neçə dəfə Azərbaycanda, eləcə də Gəncədə maraqlı görüşlər keçirmişdir. Bir alim kimi Gəncənin tarixi və tarixi şəxsiyyətləri onu çox maraqlandırmış, dahi Azərbaycan şairi Nizami Gəncəvinin və gözəl rübailər ustası Məhsəti Gəncəvinin yaradıcılığını tədqiq etmək arzusuna düşmüşdür. Hər iki şairin yubileylərinin keçirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncamların əhəmiyyətindən danışan İsmayıl Seragəldin, bunu Azərbaycan xalqının mənəviyyatına, onun mədəni irsinə göstərilən qayğı kimi dəyərləndirmişdir.

Amerika Birləşmiş Ştatlarının Smithson İnstitunun Milli Muzeyinin direktoru, tədqiqatçı alim Paul Taylor, Qafqaz Dostluq Evinin direktoru, gürcüstanlı alim Giuli Alasania, İsveç Kraliçası Fondunun direktoru, doktor Farida Allaghi və başqaları çıxış edərək böyük şəxsiyyət, dövlət xadimi, dünya siyasətində öz yeri olan Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın əhəmiyyətindən danışmış, nəinki öz milləti, eləcə də dünya xalqlarının inkişafı üçün dəyərli fikirlər söyləyən bu fenomen şəxsiyyətin gördüyü işləri yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, böyük şəxsiyyətlər bir xalqın deyil, bütün bəşəriyyətin övladıdır. Heydər Əliyev insanları həmişə sülhə, əmin-amanlığa çağırmaqla öz xalqının istəklərini ifadə etmişdir.

Həmin gün xarici ölkə alimlərinin iştirakı ilə “Ramada plaza” otelində Gəncə şəhərinin tarixi, etnoqrafik, arxeoloji və mədəni mərkəzinin yaradılmasına həsr olunmuş daha bir konfrans keçirilmişdir. Konfransda çıxış edən görkəmli tədqiqatçı alimlər aparılan arxeoloji tədqiqat işlərinin əhəmiyyətindən danışmış və Gəncənin yaşının elmi əsaslarla dəqiqləşdirilməsinin vacibliyini vurğulamışlar.

Konfransdan sonra nəfis şəkildə nəşr edilmiş “Ulu Öndər - 90” kitabının təqdimatı olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar “Heydər Əliyev və Gəncənin tarixi, sosial-iqtisadi inkişafı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans mayın 5-də öz işini davam etdirəcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında