Ali tibb təhsilinin tədrisi ilə məşğul olan kafedralar içərisində tələbələrə tibbin ilkin anlayışlarını, insan vücudunun quruluş elementlərinin zərrələrini funksiya və səbəb baxımından sadədən mürəkkəbə doğru öyrədən ilk tibbi fənnin - insan anatomiyası fənninin tədrisi təkcə dərs deyən müəllimin bilik səviyyəsi meyarı ilə məhdudlaşmır.
Bu, həmçinin, onun tibbin bütün sahələri üzrə geniş məlumat sahibi olması, məntiqi təfəkkür qabiliyyəti, ümumi dünyagörüşü, yüksək erudisiyası, fənni sevmək və sevdirə bilmək qabiliyyəti, dərs dediyi tələbələrə əsl valideyn münasibəti bəsləyə bilmək məharəti ilə üzvi vəhdət təşkil edir. Yalnız bu vəhdətin gözəllik və özəlliklərindən, nəcib duyğuların incəliklərindən, insan mənəviyyatını bəzəyən bulaq suları kimi büllur saflıq və paklıq nemətlərinin mayasından yoğrulub yapılmış həkimlər anatomiyanı sevə və gənc nəslə sevdirə bilirlər. Belə nəcib keyfiyyətləri, insani dəyərləri özündə cəmləşdirə bilən həkim-anatomlardan, tibb aləminin parlaq simalarından biri də anadan olmasının 80, ATU-da fəaliyyətinin 60 illik şərəfli yubileyini qeyd etməyə hazırlaşdığımız, Azərbaycanda elmi anatomiyanın banisi Kamil Balakişiyev məktəbinin layiqli yetirmələrindən biri, əməkdar elm xadimi, professor Rafiq Əşrəf oğlu Əsgərovdur.
Kövrək xatirələrlə, dəyərli hadisələrlə, yaddaqalan maraqlı görüşlərlə, tarixi məqamlarla, sevincli anlarla dolu olan keçmişin təzadlı illərinə boylananda Rafiq müəllimin çox zəngin, şərəfli və ləngərli bir ömür karvanı sürdüyünün şahidi oluruq. Bu ömür yolunda o, dəyərli insanlar, görkəmli həkimlər, korifey alimlər, böyük şəxsiyyətlərlə tanış olmuş, dostluq etmişdir. Bu gün Rafiq müəllim özü anatomiyanın patriarxı, zəngin ənənələrin davamçısıdır, — desək yanılmarıq. Professor R.Əsgərov bu gün də yorulmadan əvvəlki kimi, gənclik şövqü və tələbkarlığı ilə tələbələrlə məşğul olur, təbabətin əsası olan insan anatomiyası sahəsində biliklərini həvəslə gələcək həkimlərə öyrədir. Tibb Universitetində çalışan alimin elm sahəsində xidmətləri nə qədər yüksək olsa da onun əsas vəzifəsi tələbələri öyrətmək, peşəkar mütəxəssislər hazırlamaqdır. Artıq əlli ildən çoxdur ki, Rafiq müəllim bu nəcib işlə məşğul olur.
Rafiq Əsgərov 1933-cü il may ayının 11-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1941-ci ildə Bakı şəhərindəki 6 nömrəli orta məktəbdə ilk təhsilə başlayıb. 1951-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
Tələbəliyin ilk günlərindən institutda Rafiq Əsgərovun diqqətini ən çox cəlb edən professor K.Ə.Balakişiyevin və professor A.İ.Belenkayanın son dərəcə maraqlı, yaddaqalan mühazirələri və apardıqları praktik məşğələlər olub. Bəlkə də o, elə bu səbəbdən anatomiya kafedrasının cazibə qüvvəsi mərkəzinə düşüb və son nəticədə anatom ixtisasını seçib.
Kafedrada muzey preparatlarının hazırlanmasına maraq göstərərək dözüm və səriştəlilik bacarığı ilə ilk kurslardan müəllimlərinin diqqətini cəlb edən Rafiq Əsgərov III kurs tələbəsi ikən — 1954-cü ildə ATİ-nin normal anatomiya kafedrasında laborant və institutun beşinci kursunda oxuyarkən professor Kamil Balakişiyevin təqdimatı ilə baş laborant vəzifəsinə təyin edilib.
1957-ci ildə institutu əla qiymətlərlə bitirən Rafiq Əsgərov normal anatomiya kafedrasında aspiranturada saxlanılıb. Kafedranın müdiri, əməkdar elm xadimi, professor K.Balakişiyevin onun kafedradakı fəaliyyətinin 15-ci ilində imzaladığı xasiyyətnamədə deyilir: “Tibb elmləri namizədi Rafiq Əşrəf oğlu Əsgərov 1954-cü ildən normal anatomiya kafedrasında işləyir.
Kafedrada işlədiyi müddətdə özünü əməksevər, çalışqan və erudisiyalı elmi işçi kimi göstərə bilib. Hələ tələbə ikən Tələbə Elmi Cəmiyyətinin üzvü olaraq elmi-tədqiqat işləri ilə məşğul olub. 1957-ci ildə sonuncu kurs tələbəsi olarkən institutun elmi və ictimai həyatında göstərdiyi fəal iştirakına görə Ümumittifaq Lenin Komsomolu Mərkəzi Komitəsinin fəxri fərmanına layiq görülüb. R.Ə.Əsgərov 1964-cü ildə dissertasiya müdafiə edib və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb... Baş laborant vəzifəsində çalışdığı müddətdən indiyə qədər tələbələrlə Azərbaycan və rus dillərində praktik məşğələlər aparır; bu müddətdə böyük pedaqoji təcrübə əldə edib.
1965-1966-cı tədris ilindən etibarən mühazirələr oxuyur. İnstitutun və kafedranın ictimai həyatında yaxından iştirak edir. Azərbaycan Anatomlar Elmi Cəmiyyətinin məsul katibi vəzifəsini yerinə yetirir”.
Bu qısa, lakin dəyərli xasiyyətnamə gənc alimin sonrakı həyat yolunun leytmotivini təşkil edib, sanki onun daxili aləminin görünməyən tərəflərinin xüsusiyyətlərinin açılmasına, istedadının parlamasına düzgün istiqamət vermək funksiyasını yerinə yetirib. Professor Kamil Balakişiyevin imzaladığı xasiyyətnamədə bu böyük alimi yaxından tanıyanlar üçün üç məqam xüsusi maraq doğurur: birincisi, böyük alim və insan sərrafı olan Kamil müəllim hər rastına çıxana “erudisiyalı gənc” deməzdi və bu ifadəni nadir hallarda işlədərdi. İkincisi ondan ibarətdir ki, professor Balakişiyevin süzgəcindən keçmədən, normal anatomiya fənnini tam öyrənib mənimsəmədən institutu bitirən kimi bu fənn üzrə aspiranturaya qəbul olunmaq o vaxtlar hər kəsə müyəssər olmurdu. Təbii ki, müstəsna bacarıq və qabiliyyət sahibi olduğuna görə Rafiq Əsgərova belə xoşbəxtlik nəsib olmuşdu. Üçüncüsü, SSRİ Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin Azərbaycan bölməsinin sədri professor K.Ə.Balakişiyev kimi tələbkar alimin sədrlik etdiyi Elmi Cəmiyyətdə məsul katib vəzifəsinə gənc Rafiq Əsgərovun təyin edilməsi çox mətləblərdən, gələcək perspektivlərdən xəbər verirdi. Gələcək isə professor Kamil Balakişiyev uzaqgörənliyini bir daha təsdiqlədi. Rafiq müəllim ona göstərilən etimadı tam doğrultdu.
R.Əsgərovun qısa müddətdə (1969-cu ilə qədərki dövrdə) 15 elmi əsəri çap olunmuşdu. 1962-ci ildə nəşr olunan “N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrasının muzeyi” haqqında yazılmış ilk kitabçanın müəllifləri sırasında Azərbaycan anatomiya məktəbi korifeylərindən, professor K.Ə.Balakişiyev və professor A.İ.Belenkaya ilə birlikdə gənc R.Ə.Əsgərov vardı ki, bu da gənc alim üçün böyük şərəf sayıla bilərdi.
Rafiq müəllim 1969-cu ildə ATİ-də yeni yaradılmış hazırlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Həmin dövrdə o, əməkdar elm xadimi, professor K.Balakişiyev və akademik V.Kupriyanovun məsləhəti ilə Bakıda və Moskvada doktorluq dissertasiyası ilə bağlı tədqiqat işi aparıb. Dissertasiyanı tamamlamaq üçün Rafiq Əsgərov müəyyən müddətə Moskvaya ezam olunub. 1973-cü ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və 1975-ci ildə kafedranın professoru vəzifəsinə seçilib. Akademik V.Kupriyanov Azərbaycandan gəlmiş doktorantın elminə, biliyinə, daxili aləminin zənginliyinə yaxından bələd olandan sonra çoxsaylı tələbələri içərisində Rafiq Əsgərovu “bir nömrəli tələbəm” adlandırıb və həyatının sonuna qədər onunla ailəvi dostluq edib.
ATİ-nin operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasında yaranmış fövqəladə vəziyyətlə əlaqədar olaraq professor R.Əsgərov həmin kafedranın müdiri vəzifəsinə seçilib və onun gərgin zəhməti, işgüzarlığı sayəsində kafedranın tədris və elmi işləri normal məcraya salınıb. Kafedra, demək olar ki, yenidən qurulub və ATİ-nin nümunəvi kafedralarından birinə çevrilib. 1990-cı ilə qədər bu kafedraya uğurla rəhbərlik edərək özünün təşkilatçılıq bacarığını nümayiş etdirə bilən professor R.Əsgərov 1990-cı ildə rektorluq tərəfindən yenidən doğma kollektivinə — insan anatomiyası kafedrasına qaytarılıb və 1990-1995-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib. Görkəmli alim 1988-1993-cü illər ərzində N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışaraq tibb elminin inkişafında dəyərli xidmətlər göstərib.
Anatomiya kafedrasının həyatında 1995-ci ildə daha bir gözlənilməz hadisə baş verdi. XX əsrin 90-cı illərinin əvvəllərində erməni işğalçılarının Qarabağda törətdikləri soyqırımı aksiyaları ölkəmizin bütün sahələrində olduğu kimi, tibb təhsilinin tədrisinə də ciddi maneələr törədir, küçə və meydanlarda hökm sürən çaşqınlıq, pərakəndəlik tədris prosesinə ciddi zərbələr vururdu. Belə bir vəziyyətdə ATU-nun insan anatomiyası kafedrasında da maddi-texniki bazanın zəifləməsi, elmi kadrların inkişafı, tədris prosesi və digər məsələlərdə durğunluq, tənəzzülə meyillik hiss olunurdu. Məhz belə bir dövrdə professor R.Əsgərov rektorun adına ərizə yazaraq kafedra müdirliyindən azad edilməsini xahiş etmiş və bu vəzifəyə K.Ə.Balakişiyev məktəbinin digər yetirməsi - elmi və pedaqoji işlərdə yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirən gənc kadr V.Şadlinskinin namizədliyini məsləhət görmüşdü. Rektor iki dəfə ona yenidən fikirləşmək təklifini etsə də, professor R.Əsgərov təkidindən əl çəkməmiş və üçüncü ərizə ilə müraciət etmişdir. Bundan sonra onun xahişi yerinə yetirilmişdir. Professor sonralar kafedrada yaxşılığa doğru gedən dəyişikliklərdən məmnun qalaraq demişdir: “Mən ölkədə iqtisadi çətinliklərin mövcud olduğu dövrdə kafedrada Balakişiyev ənənələrinin tədricən süquta doğru getdiyini görürdüm və onun qarşısının alınması üçün daha güclü gənc kadrın bu vəziyyətdən çıxış yolu tapacağına inanırdım. Mən bunu kafedranın xilası naminə etdim və vaxtında düzgün qərar verdiyimə görə indi də razılıq hissi keçirirəm”.
Həqiqətən böyük ürəyə, geniş qəlbə malik olanlar belə addımı ata bilərlər. O, hazırda da kafedranın professoru vəzifəsində çalışaraq, bütün işlərdə ağsaqqal köməyini göstərir.
Rafiq müəllim 200-ə yaxın çap olunmuş elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, muzeyə aid kitabçaların müəllifi və həmmüəlliflərindəndir. Bilavasitə onun rəhbərliyi altında 9 nəfər namizədlik dissertasiyası müdafiə edib; Professor R.Ə.Əsgərov Anatom, Histoloq və Embrioloqların VIII və IX Ümumittifaq qurultaylarının nümayəndəsi, keçmiş SSRİ və indiki MDB ölkələrində keçirilən elmi konfransların, eləcə də Zaqafqaziya ölkələri morfoloqlarının I-V konfranslarının iştirakçısı və təşkilatçılarından olub.
Görkəmli alim 2000-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2007-ci ildə isə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Professor R.Əsgərov hazırda xatirələr kitabı üzərində işləyir. Kitabda alimin həyatı boyu tanıdığı alimlərin əksəriyyəti haqqında maraqlı xatirələri yer almışdır və yəqin ki, bu dəyərli əsər yaxın vaxtlarda işıq üzü görəcəkdir. Bu xatirələr sırasında Azərbaycanın digər görkəmli alimləri ilə yanaşı, elmi məsləhətçiləri K.Ə.Balakişiyev və V.V.Kupriyanovun da haqqında yazılar da vardır.
Biz də professor Rafiq Əsgərovun yubileyi ərəfəsində qələmə aldığımız bu qeydləri onun özü barədə yazdığı fikirlərlə tamamlamağı qərara aldıq. Əslində bu material ənənəvi bioqrafik məlumat formatından başqa tərzdə yazılmış səmimi etirafdır. Bu fikirləri oxuyarkən şəxsiyyətin böyüklüyü, alim dünyagörüşünün zənginliyi, mənəvi təmizliyi, ziyalılıq nümunəsi üzə çıxır:
“Özüm haqqında bir neçə söz...
Məndən soruşanda ki, “haralısan?”– daxilimdə hər şey qaynayır və bütün varlığım bir-birinə qarışır. Lakin bunu büruzə vermədən zahiri sakitliklə, təmkinlə cavab verirəm ki, “azərbaycanlıyam”. Mənim yaşımla maraqlananlara deyirəm ki, çoxdan anadan olmuşam, keçən əsrdə. Yadımdadır ki, o vaxtlar əsas ictimai nəqliyyat tramvaylar idi, sonralar trolleybuslar peyda oldu, onlarda gediş haqqı 3-4 qəpik idi...” Sovet İttifaqı Kommunist Partiyasının tarixi qurultayları, orada gələcəkdə yaxşılığa doğru böyük dəyişikliklərin olacağı haqqında edilən deklarasiyalar yadımdadır... Ancaq, əslində, əməli işdə heç nə baş vermirdi. İnsanlar gələcəyin daha yaxşı olacağı ümidilə yaşayırdılar. Bütövlükdə, insanlar o vaxtlar çox sadə bir həyat sürürdülər, ancaq mənəviyyat cəhətcə çox zəngin idilər. Uşaqlar oxuyurdular, müəllimlər də onları öyrədirdilər. O vaxtlar ən yaxşı hədiyyə kitab sayılırdı...
Son vaxtlar mənim yaşımla maraqlanmağa başlayıblar. Belə suallar veriləndə hiss edirəm ki, onlar sanki mənim yaşıma çatmağın sirrini ölçüb-biçirlər. Sirr sadədir: yaş haqqında az fikirləş, daha çox iş və həyat haqqında düşün. Mən fatalistəm. Kimin qismətində nə varsa, o da olacaq... Əsas məsələ vaxtilə Hippokratın dediyindədir: “Sağlamlığına ziyan vurma!”.
Həyatım boyu satqınlıq etməmişəm, öz prinsiplərimi dəyişməmişəm, heç kimə naxələflik, paxıllıq etməmişəm, şikayətlənməmişəm, varlanmaq hərisliyim olmayıb. Nəticədə milyonçu olmadım, torpaq sahələrim, xüsusi mülkiyyətim, daşınmaz və daşınan əmlaklarım yoxdur. Əvəzində yarım əsrdən artıq müddətdə bir yerdə yaşadığım sədaqətli həyat yoldaşım, uşaqlarım və nəvələrim var. Olanımız kifayət edir - maaşımız, təqaüdümüz. Qalanını yay istirahətimiz üçün yığırıq. Həmkarlar təşkilatı çox sağ olsun, yayda pansionatda 20-25 gün dincəlməyimizə kömək edir. Ən başlıcası - içimizi didmirik, yaxşı işlərə sevinirik: uşaq instituta qəbul olundu, nəvə dünyaya gəldi, bir başqası dissertasiya müdafiə elədi, yaxud məsuliyyətli bir vəzifəyə irəli çəkildi. Bir sözlə, sevinirik ki, yaşayırıq, həyatın özünə sevinirik... 6-7-ci siniflərdə oxuyan vaxtdan çoxlu ədəbiyyat mütaliə etməyə başladım. Kitab - az, oxumağa həvəs isə çox idi. O vaxtlar nə televizor, nə də maqnitafon yox idi. Bütün sevincimiz kitablara bağlı idi, bir də əgər bilet tapsaq-kinoya. Lakin yenə də insanlar yaşayır və mənəvi cəhətdən zənginləşirdi. Tələbəlik illərində aldığım təhsil və yerinə yetirdiyim işlər mənə çox şeyi başa saldı: oxuyub öyrənmək və yetkinləşmək, səyahət etmək, alınan təəssüratlarla zənginləşmək, işləmək və məqsədə doğru can atmaq - ailə qurmaq, müəyyən səviyyəyə yüksəlmək. Həmişə bir yolla getmişəm, nə sağa dönmüşəm, nə də sola. Həyat yoldaşım gəncliyimdə ümidim idi, indi dayağımdır. Belə-belə həyatda bir-birimizə söykənə-söykənə addımlayırıq. Bütün informasiyanı televizordan və telefondan alırıq. Başım heç kimi maraqlandırmayan ideyalarla doludur. İllərdən bəri qazandığım həyat təcrübəm də heç kimi maraqlandırmır. Beləcə öz dostlarımı, yoldaşlarımı, tanış-bilişlərimi xatırlaya-xatırlaya yaşayıram.
Uzun illər bundan öncə alim-fiziklər haqqında çox parlaq, yaddaqalan, ibrətamiz bir film göstərmişdilər. Həmin filmdə gözəl aktyor N.Çerkasovun dili ilə deyilən bir ifadə yadımda qalıb: “Hər şey insanlara qalır”. Bax, beləcə yaşayırıq, ahıllaşırıq, öz əsrimizin qismət payını sonacan daşıyırıq”.
Yəqin ki, heç bir əlavəyə ehtiyac yoxdur. Təkcə qalır səmimi qəlbdən Rafiq müəllimi təbrik etmək. ATU-nun insan anatomiyası kafedrasının professor-müəllim heyəti adından, onu tanıyan tələbə-gənclər, həkimlər, rezidentlər və sadiq tələbələri adından anadan olmasının 80 və ATU-da fəaliyyətinin 60 illik yubileyləri münasibətilə əziz Rafiq müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailəsinə, övladlarına, nəvələrinə xoşbəxtlik, səadət diləyir, gələcək bitib-tükənməz işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Vaqif ŞADLİNSKİ,
ATU-nun insan anatomiyası kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, əməkdar elm xadimi, professor
Mübariz ALLAHVERDİYEV,
kafedranın professoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.