Azərbaycanın çoxşaxəli fundamental elmi respublika hələ SSRİ-nin tərkibində olarkən sosial-iqtisadi və digər sahələrdə inkişafın təmin olunmasına əhəmiyyətli töhfə vermişdir. Lakin keçən əsrin mürəkkəb və ziddiyyətli 90-cı illərinin başlanğıcında Azərbaycan elmində ağır vəziyyət yarandı. Sovetlər məkanında uzun illər yaranmış elmi əlaqələr pozuldu, kadr hazırlığının ardıcıllığı kəsildi, maddi-sosial şərait acınacaqlı vəziyyətə düşdü, tədqiqatların intensivliyi zəiflədi. Sahəvi elmlərin tənəzzülə uğraması, büdcə vəsaitlərinin azalması elmi potensialın xeyli zəifləməsinə və əksər hallarda, nüfuzlu elmi məktəblərin dağılmasına gətirib çıxardı. Ümumiyyətlə, belə şərait Elmlər Akademiyasının ümumi reytinqinin aşağı düşməsinə səbəb oldu. Elmimetrik təhlil respublika alimlərinin fərdi reytinq göstəricilərinin də yüksək olmadığını əks etdirir. Yalnız bir neçə alimin istinad indeksi 500-dən, Hirş indeksi isə 8-10-dan artıqdır.
Göründüyü kimi, elmi tədqiqatların təşkilinin əvvəlki forması, ilk növbədə, sovetlər dövründə Elmlər Akademiyasının uğurlu nəticələr göstərməyinə baxmayaraq, planlı sistemdən bazar iqtisadiyyatı sisteminə, daha doğrusu, elm və iqtisadiyyat sahəsində özünütəşkil sisteminə keçid dövrünün yeni iqtisadi reallıqlarına, söz yox ki, uyğun gələ bilməzdi. Məhz bu baxımdan, bu gün elm sahəsində respublikanın sosial-iqtisadi inkişafının xüsusiyyətlərini, onun tarixi köklərini, mədəniyyət ənənələrini və digər xüsusiyyətlərini nəzərə alan islahatların aparılmasına böyük ehtiyac duyulur.
Şəxsən, mən Rəyasət Heyətinin üzvü olaraq Elmlər Akademiyasının rəhbərliyində 20 ildən artıqdır ki, fəaliyyət göstərirəm. Həqiqət naminə etiraf etməliyəm ki, Rəyasət Heyətinin fəaliyyətinin mövcud vəziyyəti, heç də, lazımı səviyyədə deyildir. Bir tərəfdən, Rəyasət Heyətinin ştatı şişirdilmiş, ayrı-ayrı struktur bölmələrinin funksiya və vəzifələri kifayət qədər aydın ifadə edilməmişdir. AMEA-nın bölmələrinin fəaliyyəti çox vaxt formal xarakter daşıyır, elmin akademik sektorunda köklü islahatların aparılması istiqamətində, faktiki olaraq, ciddi təkliflər irəli sürülməmiş və müzakirələr aparılmamışdır. Digər tərəfdən, məlum olmayan səbəblərdən Rəyasət Heyətinin strukturunda vacib olan funksional şöbələr vaxtında yaradılmamışdır.
Bunlardan əsas təyinatı elmi və innovasiya fəaliyyətinin normativ-hüquqi bazasını işləyib hazırlamaqdan ibarət olan hüquq şöbəsini; dünya elminin inkişaf tendensiyalarını təhlil etmək və akademiyada aparılan elmi tədqiqatların ona uyğunluq dərəcəsini qiymətləndirmək funksiyasını daşıyan analitik şöbəni; akademik institutların və orada işləyən elmi əməkdaşların fəaliyyətinin effektivliyinin göstəriciləri və meyarlar məcmusunu müəyyənləndirən elmimetrik təhlil və proqnozlaşdırma şöbəsini; təyinatı AMEA-nın iştirakı ilə mövcud olan dövlət proqramlarının həyata keçirilməsinə nəzarət etmək və ölkənin milli maraqlarına cavab verən yeni dövlət proqramlarının təşəbbüskarı olan dövlət proqramı və innovasiya layihələri şöbəsini və bir sıra başqa şöbələri qeyd etmək olar.
Aparılan təhlil həm də göstərir ki, AMEA institutlarının fəaliyyətinin təkmilləşdirilməsinə böyük ehtiyac vardır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan elmində islahat aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” 10 aprel 2008-ci il tarixli sərəncamında tamamilə düzgün qeyd olunmuşdur ki, “...Həm sahəvi, həm də akademik institutlarda yeni zamanın standartlarına cavab verməyən köhnə üsul və metodlara əsaslanan tədqiqatlar aparan şöbələr, mərkəz və laboratoriyalar fəaliyyət göstərir. Müasir elmin tələbləri ilə ayaqlaşmağa qadir olan kollektivlər isə maddi-texniki bazanın zəifliyindən və vəsaitlərin çatışmazlığı səbəbindən öz elmi layihələrini reallaşdırmaqda çətinliklərlə qarşılaşırlar. Müstəqil Azərbaycan Respublikasında Azərbaycan Milli Elmlər Akademiyası hələ də elmdə müəyyən yeni sima qazana bilməmiş və dünyada qəbul edilmiş sxem əsasında elmi işlərin maliyyələşdirilməsinə nail olmamışdır”.
Yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə təcili tədbirlər görülməlidir. Bu məqsədlə biz “müasir dövrün standartlarına” cavab verən meyarlara əsaslanaraq AMEA institutlarının son 10 ildəki fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tuturuq. Belə qiymətləndirmə sisteminin yaradılmasına bu gün ehtiyac vardır. Bizim Kibernetika İnstitutunda elmi tədqiqatların keyfiyyətini müəyyənləşdirmək üçün informasiya texnologiyası işlənib hazırlanmış və sınaqdan keçirilmişdir. Zənnimizcə, olduqca vaxtında yaradılmış bu metodik yanaşmadan biz Milli Elmlər Akademiyasında istifadə etməliyik. Nəzərdə tutulmuş qiymətləndirmənin nəticələrinə əsaslanaraq hər bir institutun reytinqini və onun dünya elminin səviyyəsinə uyğunluğunu müəyyənləşdirməyi planlaşdırırıq. Ölkənin sosial-iqtisadi inkişafında hər bir akademik institutun xidmətini qiymətləndirmək və bu sahədə dünya təcrübəsini nəzərə alaraq, Azərbaycan MEA-nın maliyyələşdirilməsinin yeni mexanizmini işləyib hazırlamaq olduqca vacibdir.
“Azərbaycan Milli Elmlər Akademiyasının strukturu, funksiyalarının və maliyyələşdirmə mexanizminin müasirləşdirilməsinin xüsusi Proqramı”nda bunların hamısını və bir qisim başqa tədbirləri əks etdirməyi nəzərdə tuturuq. Əgər təkliflərimiz Akademiyanın Ümumi yığıncağında dəstəklənərsə.
Azərbaycanın iqtisadiyyatı həm neft-qaz, həm də qeyri-neft sektorunda çox sürətlə inkişaf edir. Strateji sənəddə - “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasında (Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci ildə təsdiq olunmuş sərəncamı) yaxın gələcək üçün dövlət prioritetləri aydın surətdə müəyyən edilmişdir. Azərbaycan MEA fəaliyyətinin prioritet istiqamətləri də, birmənalı olaraq, bu tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev Azərbaycan MEA-nın illik ümumi yığıncağındakı (aprel, 2011-ci il) nitqində haqlı olaraq qeyd etmişdi: “Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bağlı olmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir”.
Tam məsuliyyətlə bildirmək istəyirəm ki, bu, qarşımızda duran əsas məsələlərdən biridir. Akademiya institutlarının fəaliyyətlərinin prioritet istiqamətləri dövlət prioritetləri ilə birbaşa bağlı olmalıdır.
Eyni zamanda, akademiya təşəbbüskar qismində öz fəaliyyətinin prioritet istiqamətlərində dövlət prioritetlərinə müvafiq olaraq, elmi proqram layihələrini irəli sürə bilər və irəli sürməlidir. Biz çalışmalıyıq ki, AMEA-nın hər bölməsinin belə bir dövlət proqramı olsun və bu proqramların işlənilib hazırlanması və reallaşdırılmasında akademiya institutlarının iştirakı onların elmi-təşkilati fəaliyyətinin mühüm effektiv göstəricilərindən biri olsun.
Nəhayət, Azərbaycan Elmlər Akademiyası 2020-ci ilin perspektivi baxımından öz fundamental tədqiqatlarının prioritetlərini aydın və dəqiq müəyyənləşdirməlidir.
Bizim fikrimizcə, belə istiqamətlər aşağıdakılar ola bilər:
1) Respublikanın dayanıqlı inkişafının əsasını təşkil edən, ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsinə və enerji komplekslərinin səmərəli fəaliyyətinə yönəldilmiş elmi tədqiqatlar;
2) İnformasiya-kommunikasiya texnologiyaları sahəsində elmi tədqiqatlar;
3) Həyat elmləri (biomedisina və insan sağlamlığı);
4) Ölkənin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinin artırılmasına yönəldilmiş elmi tədqiqatlar;
5) Ətraf mühitin mühafizəsi sahəsində elmi tədqiqatlar.
6) İctimai və humanitar elmlər - tarix, ədəbiyyat, dilçilik sahəsində elmi tədqiqatlar;
Dünya dövlətlərinin əksəriyyətinin elmi-texniki siyasətində elmi tədqiqatların maliyyələşdirilməsi hakim mövqeyə malikdir. Sənaye baxımından inkişaf etmiş ölkələrdə elmə qoyulan xərclərin dinamikasının təhlili göstərir ki, cəmiyyətin tərəqqisi birbaşa elmə sərf olunan vəsaitin həcmindən asılıdır. Bunu nəzərə alaraq, dövlət, bir qayda olaraq, elmə böyük vəsait ayırır. Bu xərclərin yuxarı həddi ümumi milli məhsulun 2,2 faizdən (Almaniya) başlayaraq 5 faizi (İsrail) arasında dəyişir. Amerika iqtisadçısı F.Şererin formalaşdırdığı “texniki tərəqqinin təbii qanunu” birmənalı olaraq, elmi tədqiqatların maliyyələşdirilmə həcmlərində dəqiq ifadə olunmuş tendensiya əyani olaraq izlənilir: ayrıca götürülmüş hər bir ölkədə elmə sərf olunan xərc miqdarca, milli məhsul istehsalını qabaqlamalıdır.
Azərbaycanda iqtisadi inkişaf tempi heyrətamiz olsa da, təəssüf ki, ölkəmizdə elmin maliyyələşdirilməsi hələ də “qalıq prinsipi” üzrə həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, əgər 1980-1990-cı illər ərzində dövlət büdcəsindən elmə ayrılmış maliyə vəsaitinin həcmi ümumi milli məhsulun (ÜMM) 0,3-0,5 faizi təşkil edirdisə, bu rəqəm 1995-ci ildən başlayaraq, 0,2 faizi səviyyəsinə enmişdir. Əlbəttə, bu həcmdə vəsait nəinki elmi inkişaf etmiş dövlətlər sırasında texnoloji sıçrayışa nail olmaq, hətta mövcud olan elmi potensialı, elementar şəkildə, qorumaq üçün də əsla kifayət deyildir. Eyni zamanda, elmin maliyyələşdirmə həcminin, sadəcə olaraq, artırılması bazar iqtisadiyyatı şəraitində elmin rəqabət qabiliyyətinə nail olması üçün heç də qənaətbəxş tədbir sayıla bilməz. Ayrılan vəsaitlərin paylanmasında elə bir səmərəli mexanizm yaradılmalıdır ki, o, bu vəsaitlərin, az əhəmiyyətli tədqiqatlara sərf olunmasına yox, milli maraqlara cavab verən prioritet istiqamətlərə yönəldilsin. İnstitutlara vəsait ayırarkən, onların inteqrasiyalı elmi-tədqiqat proqramları çərçivəsində apardıqları işləri, nəşr olunmuş əsərlərin sayını, istinad göstəricisini, akademiya üzvlərinin sayını, cavan elmlər doktorlarının varlığını, beynəlxalq elmi jurnallarda iştiraklarını, elmi nəşrlərdə nə dərəcədə fəal olduqlarını nəzərə alaraq qiymətləndirmək lazımdır. Zənnimizcə, AMEA-nın fəaliyyətində elmi-tədqiqat işlərinin maliyyələşdirilməsində məhz belə metodik yanaşma işlənib hazırlanmalıdır.
Digər tərəfdən, biz yalnız dövlət büdcəsindən maliyyələşməyə ümid bağlamamalı və onun nə vaxtsa tələb olunan səviyyəyə çatacağını gözləməməliyik. Biz özümüz maliyyə vəsaiti əldə etməyi öyrənməliyik. Büdcəsində kənar mənbələrdən maliyyə vəsaitlərinin payı olan (kontraktlar, təsərrüfat müqavilələri, konsaltinq xidmətləri, dövlət-özəl tərəfdaşlığı və i.a.), ayrı-ayrı elmi təşkilatların təcrübəsi göstərir ki, bunu etmək mümkündür. Ancaq, bu, mümkün olsa da, bizim real şəraitimizdə, o qədər də asan deyildir. Çünki, Azərbaycan Milli Elmlər Akademiyası institutlarının əksəriyyətində sınaq-təcrübə bazası yox dərəcəsindədir, mövcud olanlar isə elə vəziyyətdədir ki, aparılan tədqiqat işlərini rəqabət qabiliyyətli elmi məhsul kimi, intellektual mülkiyyət bazarında tələb olunan səviyyəyə çatdırmağa imkan vermir. Nəticədə innovasiya tsiklində qırılma baş verir, hətta çox perspektivli və ola bilsin ki, potensial baxımdan yaxşı dünya nümunələrindən geri qalmayan iş rəflərdə yatıb qalır.
Vəziyyətdən çıxış yolunu biz, elmi axtarışlarımızın müəyyən hissəsinin kommersiyaya yönəldilməsində görürük (“kommersiyalaşma” sözündən qorxmaq lazım deyildir, axı biz artıq bazar iqtisadiyyatı şəraitində yaşayır və işləyirik). Birincisi, bu, şəxsi kapitalı və xarici investisiyaları cəlb etməklə, akademik institutların tematik planlarında tətbiqi xarakterli elmi tədqiqatların həcminin artırılmasını; ikincisi, innovasiya fəaliyyətini gücləndirməyi və bunun əsasında texnopark şəbəkələrinin, onların idealogiyasının və infrastrukturlarının yaradılmasını nəzərdə tutur. Bu nə üçün lazımdır? Bu, elmi nəticələrin praktikada daha tez həyata keçirilməsinə yardım edərək, müasir “tətbiqetmə zonası”nın formalaşdırılmasına imkan verəcəkdir.
Bu gün, gəlirin nəticə kimi vacib olduğu bir zamanda biz innovasiya müəssisələrini geniş inkişaf etdirməliyik. Bu müəssisələrin, texnoparkların özlərinin güzəştli ab-havalı investisiya infrastrukturu olmalıdır.
Güman edirəm ki, Elmlər Akademiyasının “tənəzzül” vəziyyətindən çıxıb “stabil maliyyələşməyə keçidi”ni təmin etmək məqsədi ilə maliyyələşdirmə sahəsində müasir yanaşmaların tətbiqində olan maneələri aradan qaldırmağı, qanunvericiliyi zaman baxımından təhlil etməyi və AMEA ilə birgə respublikada marağı olan təşkilatlara təkliflərin hazırlanmasını tapşırmaq vaxtı gəlib çatmışdır. Ümumiyyətlə, Azərbaycan elmi üçün bu gün tənəzzül dövrünün başa çatması bir fakt olaraq qəbul edilməlidir. Ölkəmiz əhəmiyyətli dərəcədə dəyişmişdir və bizim bu gün yalnız elmə dəstək vermək barəsində deyil, həmçinin xarici ölkələrin akademiyaları və elmi mərkəzləri ilə prioritet tərəfdaşlıq mövqeyindən münasibətlər qurulmalıdır. Sözsüz ki, bu məqsədə nail olmaq üçün elmə sərf olunan xərclərin həddini tədricən, heç olmasa, ÜMM-un 1,0-1,2 faizinə çatdırmaq lazımdır (müqayisə üçün qeyd edək ki, bu göstərici Ukraynada - 1,2, Rusiyada - 1,5 faizdir, Avropa İttifaqı isə elmin və innovasiya prosesinin maliyyələşdirilməsini ÜMM-in 3 faizi səviyyəsinə qaldırmağı bu gün iddia edir).
Diqqəti başqa bir vacib məsələyə cəlb etmək istərdim. Respublikanın müstəqillik illəri ərzində bizim akademiya elmi, faktiki olaraq, qeyri-hüquqi məkanda fəaliyyət göstərir. Azərbaycan Respublikasının “Elm və dövlət elmi-texniki siyasəti haqqında” Qanun layihəsi on ildən artıq işlənib hazırlanmış və müzakirə olunmuşdur. Alimlərimizin bu sənədə etdikləri çoxsaylı qeyd və düzəlişlərə baxmayaraq, gözlənilən nəticə alınmamışdır. İndi isə Azərbaycan Respublikasının “Elmi siyasəti haqqında” Qanununun yeni layihəsi təqdim olunmuşdur. Təəssüflər olsun ki, bu layihədə də həm redaksiya, həm də konseptual xarakterli çatışmazlıqlar vardır. Məsələn, biz elmi fəaliyyətin lisenziyalaşdırılmasının qəti əlehinəyik (bu da dövlət elmi siyasətinin əsas prinsiplərdən birinə, həmin sənədin 3-cü maddəsində əksini tapmış - elmi yaradıcılıq və tədqiqatların azadlığı prinsipinə ziddir); eyni zamanda, biz Azərbaycan Milli Elmlər Akademiyasının funksiya səlahiyyətlərinin “azaldılması” və onların başqa strukturlara verilməsi, qanunverici aktların hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun və müzakirə olunan layihənin bir sıra başqa müddəalarının təkrarlanmasını da qeyd etməliyik. Elmlər Akademiyası əmindir ki, bizim bu və digər qeyd və təkliflərimiz Milli Məclisin müvafiq komitəsində nəzərə alınacaq, elmi və elmi-texniki fəaliyyəti tənzimləyən qanun, nəhayət ki, qəbul ediləcək və cari ilin sonuna qədər qüvvəyə minəcəkdir.
Söz yox ki, qanunvericiliyə aid məsələlərimiz heç də bununla sona çatmır. “İnnovasiya fəaliyyəti haqqında”, “İntellektual mülkiyyət haqqında”, “Beynəlxalq informasiya mübadiləsi haqqında”, “Texnologiyaların transferi haqqında” qanunlar və sair kimi vacib qanunvericilik aktların işlənib hazırlanması günün tələbidir; onlardan sonra elmi-texniki və innovasiya fəaliyyətinin ayrı-ayrı aspektlərini tənzimləyən qanunaltı aktlar gəlməlidir. Bir sözlə, elm və innovasiya sahəsində tam bir paket normativ-hüquqi sənədlərin işlənib hazırlanmasına ehtiyac duyulur.
Beynəlxalq elmi əməkdaşlıq, dövlətin elmi siyasətinin mühüm tərkib hissəsi kimi, Azərbaycan MEA-nın fəaliyyətində əsas strateji istiqamətlərdən biridir. Artıq bu gün bizim bəzi alimlərimiz beynəlxalq layihə və proqramlarda iştirak edir, dünyanın aparıcı elmi mərkəzlərindən olan tərəfdaşları ilə müştərək elmi-tədqiqat işləri aparır, onlarla birlikdə yüksək nüfuzlu impakt-faktorlu elmi jurnallarda məqalələr nəşr etdirirlər. Şübhəsiz bunlar vacibdir, ancaq yetərli deyil, çünki belə fəaliyyət sistemli deyil, təsadüfi xarakter daşıyır və ona görə yuxarıda xatırladığım Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan elmində islahat aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamında haqlı olaraq qeyd edildiyi kimi, “elmin inkişafına gözlənilən təsiri göstərmir”.
Bizim fikrimizcə, AMEA uzunmüddətli “Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə dair proqram” işləyib hazırlamalı, orada nəzərdə tutulan bütün kompleks tədbirlər və onların davamlı olaraq həyata keçirilməsi işıqlandırılmalıdır. Bu proqramda Azərbaycan üçün prioritet sayılan elm sahələri üzrə müştərək beynəlxalq elmi laboratoriyaların, mərkəzlərin yaradılması və bizim elmi təşkilatlarımızın UNESCO və digər nüfuzlu beynəlxalq təşkilatların koordinasiya etdiyi çoxsahəli elmi-texniki proqram və layihələrdə iştirakı öz əksini tapmalıdır.
Son illər AMEA-nın həyatında informasiya texnologiyalarının tətbiqi və yeni nəsil precision analitik avadanlıqların yaradılması ilə bağlı gözəçarpan dəyişikliklər baş vermişdir.
Respublika Prezidenti yanında Elmin İnkişaf Fondu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun investisiyaları hesabına fizika-riyaziyyat və texnika elmlər bölməsinin, kimya bölməsinin, yer elmləri, biologiya və tibb bölmələrinin, Naxçıvan bölməsinin institutlarında müasir analitik laboratoriyaların yaradılması sahəsində işlər aparılır.
Təbiidir ki, yeni texnoloji şəraitdə belə müasir cihaz və avadanlıqlarla işləməyi bacaran savadlı mütəxəssislər lazımdır. Təəssüflər olsun ki, bu gün AMEA-nın institutlarında belə kadrlar kifayət qədər deyildir. Əlbəttə, bu, həyəcan yaradan amillərdən biridir. Azərbaycan Prezidentinin 2008-ci ilin aprel ayında imzaladığı sərəncamda haqlı olaraq qeyd edilir ki, “ölkədə aparıcı alimlər nəslinin qocalması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialı səviyyəsinin azalması təhlükəsini yaratmışdır”. Bu gün kadr vəziyyəti o dərəcədə mürəkkəbdir ki, hətta bizim təşəbbüslər, güman ki, gənclər üçün bəlkə də cəlbedici olmasın. Maraqlandırmağa çalışdığımız savadlı və istedadlı gənc məzunların əmək haqlarının artırılması, sözsüz ki, vacibdir.
Gənc kadr axtarışında, fikrimcə, olduqca vacib olan amildən - yüksək maaşdan başqa, potensial gənc alimin mentaliteti də nəzərə alınmalıdır. Təcrübə göstərir ki, bu və ya digər gənc mütəxəssis müvəqqəti çətinliklərə dözə bilər və dözür də, əgər o əsl müəllim - alim rəhbərliyi altında çalışır, eyni zamanda onu cəlb edən müasir cihaz və avadanlıqlar mövcuddur və onun yaşayış səviyyəsini stimullaşdıran minimal şərait vardır. Ona görə də, bu gün EA üçün gələcək illərin strateji istiqaməti - elm və təhsilin inteqrasiya yollarının axtarışı, Azərbaycanın aparıcı təhsil ocaqlarının “baza kafedrası” qismində AMEA institutlarında elmi-təhsil mərkəzlərinin yaradılmasıdır.
Mən bu qeydlərimdə Azərbaycan MEA-da həyata keçiriləcək islahatların, zənnimcə, bəzi prinsipial istiqamətlərindən söhbət açdım. Digər istiqamətlər isə dövlətimizin elm sahəsinə aid məlum strateji sənədlərində öz əksini tapmışdır. Bir daha vurğulamaq istərdim ki, elmi biliklərin təbliği bizim fəalliyyətimizdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ictimaiyyətinin elmin necə inkişaf etdiyi barədə məlumatı azdır. Jurnalistlər və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə akademiyanın hər bir üzvünün elmi fəaliyyətinin tərkib hissəsi olmalıdır. Alimlərimiz öz tədqiqatları haqqında informasiyanı çəkinmədən açıq mənbələrdə çap etdirməlidirlər. Eyni zamanda, elm cəmiyyətini, elm aləmini gözdən salanlara, nüfuzuna xələl gətirənlərə qarşı çəkinmədən mübarizə aparmaq lazımdır.
İnanıram ki, qarşıda duran vəzifələrin hamısını reallaşdıra biləcəyik. Bu inam, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müasir dövlətin qurulmasında elmin roluna verdiyi yüksək qiymətə əsaslanır. Prezident 2011-ci ildə Azərbaycan MEA-nın ümumi yığıncağındakı giriş nitqində qeyd etmişdir: “Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir”.
Akif ƏLİZADƏ,
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.