Heydər Əliyev və Azərbaycanda arxeologiya elminin inkişafı

 

 

 

 

 

Azərbaycan ərazisi ən qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində aparılan kompleks elmi tədqiqatlar zamanı bəşər tarixinin müxtəlif inkişaf mərhələlərinə aid zəngin maddi mədəniyyət qalıqları aşkar edilmiş və Azərbaycan ərazisinin ən qədim sivilizasiya mərkəzlərindən biri olması elmi faktlarla sübuta yetirilmişdir. Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində qədim insanların meydana gəlməsi və formalaşması tarixini tədqiq etmək üçün arxeoloji , paleontoloji və paleoantropoloji tapıntılar qeydə alınmış və tədqiq olunmuşdur.

 Tapılmış elmi materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin yaratdıqları maddi mədəniyyət qalıqlarının ayrı-ayrı xüsusiyyətləri tədqiq edilmişdir.

Son illərdə bu sətirlərin müəllifinin Beynəlxalq İNTAS – 2000 proqramı əsasında Avropa alimləri ilə birgə apardığı elmi araşdırmalar zamanı Azərbaycan ərazisində ibtidai insanların 2,5 milyon il bundan əvvəllərdən məskunlaşmağa başlamaları arxeoloji materiallar əsasında sübuta yetirilmişdir. Halbuki 1953-cü ilə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai insanların yaşamadıqları göstərilirdi. Ancaq Azərbaycan arxeoloqlarının apardıqları elmi tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallar əsasında sübuta yetirildi. Eyni zamanda, Azərbaycanda qədim sivlizasiyanın özünəməxsus xüsusiyyətləri olduğunu və bunun əsasında ölkəmizdə, Qafqaz və Yaxın Şərq ərazisində ən qədim arxeoloji mədəniyyətin müəyyən olunmasına şərait yaratdı. Bu qədim mədəniyyət tarixə Quruçay arxeoloji mədəniyyəti kimi daxil olmuşdur.

Bütün bu elmi nailiyyətlərin əldə olunmasında 1969-cu ildə Azərbaycanda rəhbərliyə başlayan ümumimilli liderimiz Heydər Əlirza oğlu Əliyevin xüsusi xidmətləri olmuşdur. Ulu öndərin Azərbaycanda siyası hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq arxeoloji, tarixi və memarlıq abidələrinin elmi tədqiqi üçün əlverişli şərait yaradılmağa başlandı. O, Azərbaycanda elmin inkişafı üçün misilsiz işlər gördü. İlk növbədə 1970-ci ildən başlayaraq, azərbaycanlı gəncləri ölkənin elim mərkəzləri olan Moskva və Leninqrad şəhərlərində (indiki Sankt-Peterburq) yüksək səviyyədə mutəxəssis hazırlanmaları üçün onların aspiranturaya qəbul olunmaları və təcrübə keçmələri üçün sərəncam verdi. Məhz bunun nəticəsində bir qrup gənc azərbaycanlı ölkənin nüfuzlu elm mərkəzlərində yüksək ixtisaslı arxeoloq və etnoqraf kimi hazırlanıb respublikamızda arxeoloji tədqiqata başladı.

Ümummilli liderimiz tarixi keçmişimizin elmi tədqiqinə və təbliğ olunmasına xüsusi qayğı göstərmiş, bunun üçün xüsusi tədbirlər planının hazırlanıb həyata keçirilməsinə sərəncam vermişdir.

1974-cü ildə yerli arxeoloq kadrların olması nəzərə alınaraq, respublikada arxeoloji kəşfiyyat işlərinin keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində arxeologiya və etnoqrafiya sektoru təşkil edilmişdir. Məhz bu vaxtdan başlayaraq Qarabağın dunya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində kompleks şəkildə arxeoloji tədqiqat işlərinə başlanmışdır. Görkəmli alim Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Qarabağın Quruçay vadisində apardığı elmi tədqiqat işləri zamanı müəyyən olunmuşdur ki, hələ çox qədim zamanlardan bu ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait olmuşdur. Məhz buna görə də Azərbaycanın ilk sakinləri paleolit dövründə Azıx və Taglar mağaralarında yaşamağa başlamışlar. Ona görə ki, Qarabağın Quruçay vadisi ibtidai insanların ovçuluq, yığıcılıq və əmək alətləri hazırlamaları üçün zəngin xammal mənbəyinə malik olmuşdur.

Çoxtəbəqəli Azıx qədim insan düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı daş dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid 10 mindən artıq daş məmulatı və bir milyondan çox ovlanmış heyvan və quş sümükləri tapılmışdır. Düşərgənin çöküntülərində müxtəlif arxeoloji mədəniyyətlərə aid 10 təbəqə qeydə alınmışdır. Çoxtəbəqəli Azix qədim insan düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məmulatı və fauna qalıqları aşkar edilmişdir. Düşərgənin ən aşağı təbəqələrinin daş məmulatı içərisində nəhəng kobud çapma alətləri xüsusi maraq doğurur. Hələlik ölkəmizin və Qafqazın paleolit düşərgələrindən belə kobud çapma alətləri qeydə alınmamışdır. Ona görə də təsvir olunan əmək alətlərini Azıx tipli çapma alətlər adlandırılmışdır.

1970-ci illərin ortalarında Azərbaycan Albaniyasının paytaxt şəhəri olan Qəbələnin məhv olmaq təhlükəsi yaranmışdı. SSRİ Müdafiə Nazirliyinin planına əsasən, Qəbələ radiolakasiya stansiyasının (RLS) tikintisi üçün yüksək gərginlikli elektrik xətlərinin qədim Qəbələ şəhərinin ərazisindən keçməsi nəzərdə tutulmuşdur. Bu barədə Tarix İnstitutunun direktoru, akademik İqrar Əliyev o vaxt Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyevə məlumat verdikdən sonra, məsələ Sov. İKP MK Siyasi Burosunda müzakirə edilmiş və ulu öndərimizin nüfuzu və dəmir məntiqi sayəsində qədim Qəbələ şəhərinin zəngin maddi-mədəni tarixi abidələri məhv olmaq təhlükəsindən xilas edilmişdi.

1975-ci ildən başlayaraq, Naxçıvan, Şamaxı, Qəbələ, Şəki, Quba, Gəncə və digər bölgələrdə arxeoloji bazalar təşkil olundu. Çoxtəbəqəli Azıx, Tağlar, Qobustan, Qəbələ abidələrində, orta əsr Şabran şəhər yerində və Bakının içəri şəhər ərazisində kompleks şəkildə arxeoloji qazıntı işlərinə başlandı.

1981-ci ilin sentyabr ayında Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Sovetinin “Azərbaycan SSR-də memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri” haqqinda qərarı qəbul olundu. Azərbaycanda 1970-1980-cı illərdə arxeoloqlara və etnoqraflara qayğı nəticəsində elmi potensial daha da yüksəldi. Arxeologiya və etnoqrafiya sektorunda hər il bir neçə doktorluq və namizədlik dissertasiyaları müdafiə olundu. Bu isə sektorun müstəqil elmi tədqiqat institutuna çevrilməsinə zəmin yaratdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 iyul tarixli qərarı ilə həmin sektorun bazasında Arxeologiya və Etnoqrafiya İnstitutu təşkil olundu. Bu, Azərbaycanda arxeologiya və etnoqrafiya elminin daha genış və beynəlxalq miqyasda tədqiqatlar aparılmasına şərait yaratdı.

Azərbaycanın Qarabağ, Naxçıvan, Abşeron, Gəncə-Qazax, Quba, Xaçmaz, Lənkəran, Masallı, Lerik, Astara və digər bölgələrinə təşkil olunmuş arxeoloji ekspedisiyaların fəaliyyəti nəticəsində yeni-yeni abidələr qeydə alınaraq, tədqiq olunmağa başlanmışdır.

Ümummilli liderin şəxsi təşəbbüsü və köməkliyi ilə 2001-2002-ci illərdə kompleks şəkildə Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil edilmişdir. Ekspedisiya Kiçik Qafqazın ən yüksək zirvəsində yerləşən Gəmiqaya qayaüstü təsvirlərin elmi tədqiqi ilə məşğul olmuşdur.

Heydər Əliyev özünün bütün fəaliyyətində alimlər və ziyalıların əməklərini yüksək qiymətləndirmiş və vaxtaşırı onlarla görüşərək fikir mübadiləsi aparmışdır. 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşündə demişdir: “Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq. Bu sahədə tarixçilərimizin qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür. Mən o vaxtlar – Azərbaycanda işlədiyim dövrdə də deyirdim, indi də bu sözlərin üstündə dururam ki, tarixçilərimiz üçün bütün  şəraiti yaratmağa hazıram. Bir şərtlə ki, bu şəraitin əvəzində biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün üçün, gələcək nəsillər üçün və bütün gələcək üçün yaxşı əks etdirən əsərlər ala bilək. Odur ki, bu baxımdan bir məsələyə də toxunmaq istəyirəm: tarixi təhrif etmək olmaz. Bu  70 illik sovet dövründə tarix, ümumiyyətlə dünya tarixi, o cümlədən Azərbaycan tarixi, habelə  keçmiş Sovetlər İttifaqının ərazisində yaşayan digər millətlərin tarixi təhrif edilib. Nə üçün təhrif edilib? Çünki o vaxt vəziyyət belə idi və bu, çox adi bir hal idi...”

Ulu öndərin bu fikirlərini əsas tutan tarixçilərimiz xalqımızın keçdiyi uzunmüddətli inkişaf dövrlərini yenidən tədqiq etməyə başladılar. Eyni zamanda, Heydər Əliyevin tövsiyələrini nəzərə alan Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti çoxcildli “Azərbaycan tarixi”nin hazırlanıb nəşr olunması haqqında qərar qəbul etdi. Nəticədə bir neçə il ərzində yeddi cildlik “Azərbaycan tarixi” hazırlanıb çap olundu. “Azərbaycan tarixi”nin I cildində arxeoloji, etnoqrafik, epiqrafik, paleontoloji,  paleoantropoloji və yazılı mənbələr əsasında ölkəmizdə ibtidai icma quruluşunun arxeoloji mədəniyyətləri, təbii coğrafi şəraiti, mənəvi həyatı, ovçuluq, yığıcılıq təsərrüfatının xüsusiyyətləri, tuncun meydana gəlməsi ilə əlaqədar olaraq ibtidai icma quruluşunun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılara qarşı mübarizəsi, etnik məsələlər və digər problemlər şərh olunmuşdur. I cilddə qədim daş dövründən başlamış eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir tarixi dövr əhatə olunmuşdur.

“Azərbaycan tarixi”nin II-VII cildlərində eramızın III əsrindən başlamış XX əsrin sonlarınadək olan mühüm tarixi dövrlər, o cümlədən feodal dövləti, ərəb əsarəti, monqol işğalları, orta əsr feodal dövlətləri, ölkənin təsərrüfat həyatı, mədəniyyəti, Səfəvilər dövləti, Azərbaycan xanlıqları, Azərbaycan Demokratik Respublikasının daxili və xarici siyasəti və digər tarixi hadisələr geniş şərh olunmuşdur.

1980-ci illərin ortalarından etibarən ölkədə ictimai siyasi hadisələr nəticəsində durğunluq və tənəzzül dövrü keçirən Azərbaycan Elmlər Akademiyası üçün 1997-ci il yanvarın 31-i yeni mərhələnin əsasını qoydu. Möhtərəm Prezident Heydər Əliyev  Elmlər Akademiyasının bir qrup aparıcı alimi ilə görüşdə söylədiyi tarixi çıxışı ilə Azərbaycan Elmlər Akademiyasına ikinci bir həyat bəxş etdi. Uzun müddət təzyiqlərə məruz qalan Azərbaycan elmi yenidən dirçəliş yoluna qədəm qoydu. İclasın gedişində Heydər Əliyev akademik və müxbir üzvlərin rütbə məvaciblərinin 10 dəfə artırılması haqqında sərəncam verdi.

Heydər Əliyev akademiya alimləri ilə görüşü zamanı elmimizin qarşısında duran problemlərin dərin təhlilini verərək, bizə dünya səviyyəli elmi işlərlə bərabər, həm də dövlətimizə, xalqımıza lazım olan strateji problemlərlə məşğul olmağı məsləhət görmüş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını, Elmlər Akademiyasının onlardan irəli gələn vəzifələrini müəyyənləşdirmiş və elm  sahəsində əsaslı islahatların aparılmasının zəruriliyini qeyd etmişdir: “Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirli humanitar elmlərdir və xüsusən, onun ədəbiyyatının, mədəniyyətininin tarixidir. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlər hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən, mədəniyyətimizin, elmimizin tarixi lazmdır”.

2003-cü il yanvarın 4-də AMEA-nın respublikada elmin inkişafını təşkil və təmin etdiyini, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirdiyini, elmi müəssisə və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirdiyini və istiqamətləndirdiyini, respubikamızı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil etdiyini nəzərə alaraq, ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi və AMEA prezidentinin təsdiqi haqqında tarixi fərman imzalamış, Milli Elmlər Akademiyasının işini müstəqil dövlətimizin siyasətinə uyğun olaraq daha səmərəli qurması və dövlət əhəmiyyətli prioritet istiqamətlər üzrə elmi araşdırmaların aparılması, Azərbaycan elminin dünya elminə daha sıx inteqrasiya olunması, dövlətin, millətin sabahına xidmət etməsi məqsədilə elmin strukturunun təkmilləşdirilməsi üçün proqram xarakterli tapşırıqlar vermişdir. Ulu öndər deyirdi: “Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir, onu qoruyub saxlamalıyıq”. Dahi rəhbərin dediyi bu sözlər  bütövlükdə Azərbaycan elminə, Milli Elmlər Akademiyası işçilərinə  verilən ən yüksək qiymətdir.

Azərbaycan alimləri ümummilli liderin qayğısını yüksək qiymətləndirmiş və özlərinin bütün fəaliyyətlərində bu qayğını doğrultmağa çalışırlar.

2001-ci ildən başlayaraq, respublikamizda paleolit problemləri üzrə aparılan elmi tədqiqat işləri beynəlxalq xarakter almışdır. Çünki Azərbaycanın paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının inkişaf tarixini öyrənmək üçün mühüm elmi əhəmiyyəti vardır. Məhz bu faktı əsas tutan Azərbaycan, Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Hollandiya alimləri beynəlxalq İNTAS—2000 adlı proqram hazırlamışlar. 2001-ci il iyulun 3-4-də Fransanın Totavel şəhərində keçirilən elmi konfransda bu sətirlərin müəllifi Azərbaycan üzrə əlaqələndirici seçilmişdir. Proqrama uyğun olaraq Avropa alimləri 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Bakıya gələrək çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər paleolit düşərgələrindən tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji tapıntıların elmi tədqiqi ilə məşğul olmuşlar. 2001-2005-ci illərdə bizim Avropa alimləri ilə birgə apardığımız elmi tədqiqat işləri nəticəsində respublikamizda ibtidai insanların məskunlaşma tarixinin daha qədim olması müəyyən olunmuşdur.

XX əsrin sonları – XXI əsrin əvvəllərindən başlayaraq, Azərbaycanda beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi arxeoloqları bu layihələrin əhatə etdiyi ərazilərdə elmi tədqiqat işləri aparmalarına şərait yaratdı.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Bakı- Tibilisi-Ceyhan neft kəmərinin tikintisi ilə əlaqədar olaraq ərazidə aparılmış arxeoloji tədqiqatlar zamanı arxeologiyanın müxtəlif dövrlərinə aid maddi mədəniyyət qalıqları və yeni abidələr tapılaraq tədqiq edilmişdir. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan xalqının milli mənafelərinə qulluq edən fəaliyyəti nəticəsində dövlət müstəqilliyimiz möhkəmlənmiş, iqtisadiyyatın inkişafı həyatımızın bütün sahələrinə öz təsirini göstərmişdir. Dövlətimizin yaratdığı əlverişli imkan nəticəsində ölkəmizin uzaq keçmişinə olan diqqət sayəsində arxeoloji abidələrin tədqiq olunmasına geniş imkanlar yaranmışdır.

2008-ci il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkədə əsaslı arxeoloji ekpedisiyaların fəaliyyətini genişləndirmək və səmərəliliyinin artırmaq məqsədilə Prezidentin Ehtiyat Fondundan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna əlavə bir milyon manat məbləğində vəsaitin ayrılması Prezidentin xalqın qədim tarixinə xüsusi diqqət və qayğısının əyani sübutudur.

2008-ci ilin tədqiqat mövsümündə Prezident sərəncamının həyata keçirilməsi sahəsində aparılmış elmi tədqiqat işlərinin nəticəsi olaraq respublikanın bütün bölgələrində Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyalari fəaliyyət göstərmişlər. Nəticədə xalqımızın qədim tarixini əks etdirən zəngin maddi mədəniyyət qalıqları və abidələr aşkar edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin arxeologiya elminə və arxeoloji tədqiqatlara yüksək qayğısı nəticəsində altı cildlik Azərbaycan arxeologiyası yazılıb başa çatdırılmışdır. Azərbaycan arxeologiyasının birinci cildində respublikamızın ərazisində daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış arxeoloji, paleontoloji, paleoantropoloji tapıntılar arxeologiya elminin son nailiyyətləri əsasında şərh edilmişdir. Əsərdə Qarabağın dünya şöhrətli Azıx, Tağlar çoxtəbəqəli paleolit düşərgələri, Naxçıvanın Qazma, Lerikin Buzeyir, Qobustanın çoxtəbəqəli mezolit, neolit və qayaüstü təsvirləri tədqiq olunmuş və aryı-ayrı arxeoloji abidələrdən qeydə alınmış maddi mədəniyyət qalıqlarının texniki və tipoloji xüsusiyyətləri müəyyən edilmişdir.

Eyni zamanda, Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar əsasında respublikamızın ərazisində yaşamış ibtidai insanların meydana gəlməsi, formalaşması, inkişaf mərhələləri, əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq, təsərrüfatının xüsusiyyətləri ibtidai yaşayış tikililərinin yaranması, odun kəşf olunması, öz istək və arzularını qayalar üzərinə həkk etməsi və Qarabağın arxeoloji mədəniyyətlərinin xarakterik xüsusiyyətləri araşdırılmışdır.

2012-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi texniki bazasının gücləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Arxeologiya və Etnoqrafiya İnstitutuna 2 milyon manat vəsait ayrılmışdır. Bu faktın özü də möhtərəm Prezidentimizin xalqımızın qədim tarixinin tədqiq olunmasına göstərdiyi qayğı və diqqətin parlaq sübutudur. Şübhə yoxdur ki, ölkəmizin ərazisində yeni aparılacaq arxeoloji tədqiqat işləri zamanı uzaq keçmişimizə aid yeni arxeoloji abidələrin qeydə alınıb tədqiq olunmasına zəmin yaranacaqdır.

Əsədulla CƏFƏROV,

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun

şöbə müdiri, tarix elimləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında