“Uydurma erməni soyqırımı: mif və reallıqlar”

 

 

 

 

Bütün Türk dünyası üçün “başağrısı”na çevrilən mənfur daşnaklar neçə onilliklərdir cəfəng  “erməni soyqırımı” iddialarını bəşəriyyətə sırımağa çalışırlar. Guya, 1915-ci il oktyabr ayının 24-də Osmanlı Türkiyəsində erməni xalqına qarşı soyqırımı törədilib və nəticədə milyonlarla insan qətlə yetirilib. Həmin uydurma soyqırımının gələn il tamam olacaq 100 illiyi ilə əlaqədar bədnam qonşularımız, xaricdə fəaliyyət göstərən erməni lobbisi və onların havadarları xüsusilə fəallaşmışlar. Məsələ burasındadır ki, ermənilər tarixi hadisələri saxtalaşdıraraq, öz yalanlarına dünya ictimaiyyətini inandırmaq istəkləri ilə yanaşı, bundan Türk dünyasına qarşı bir təzyiq metodu kimi istifadə edirlər. Əsas məqsəd qonşu dövlətlərin torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq, xüsusən Türkiyədən təzminat və bir sıra imtiyazlar qoparmaqdır. Çox təəsüf ki, uydurma erməni soyqırımı indiyədək xeyli sayda dünya dövləti tərəfindən tanınmışdır və bu proses davam etməkdədir. Lakin faktlar və tarixi mənbələr göstərir ki, ermənilərin bu iddiaları yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Əslində, soyqırımına ermənilər yox, məhz onların əli ilə Güneyli-Quzeyli Azərbaycan və Anadolu türkləri məruz qalmışlar... Bu fikirlər AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Uydurma erməni soyqırımı: miflər və reallıqlar” mövzusunda keçirilən elmi konfransada səsləndi.

Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun direktoru, professor İLHAM MƏMMƏDZADƏ konfransı açaraq dedi:

— Xalqımızın belə bir deyimi var: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Qətliamları törədən ermənilər, soyqırımına məruz qalan türklər, amma vay-şivən qaldırıblar ki, türklər bizi qırmışlar. Ən gülməli məqam isə odur ki, dünyaya yalanları həqiqət kimi təqdim edən bu xalq düşünmür ki, Türkiyə dövləti dəfələrlə Ermənistanı arxivləri açmağa və əsl gerçəkləri araşdırmağa dəvət etsə də, bundan imtina edib. Şübhəsiz ki, bu imtinanın bir səbəbi var: o da yalanlarının ifşa olunacağından qorxu hissi. Gəlin, ermənilərin və havadarlarının Azərbaycan türklərinin başına gətirdiyi bəlalara qısaca nəzər salaq. 

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. 1813-cü və 1828-ci illərdə Çar Rusiyası və İran dövləti arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Xalqımızın bu milli faicəsinin davamı kimi, Şimali Azərbaycan ərazisində gəlmə erməniləri yerləşdirməklə onun torpaqlarının zorla əlindən alınması, zəbt olunması mərhələsi başlandı.

 Əsasən, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etməklərinə baxmayaraq, öz havadarlarının  himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Bununla da, əslində, azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.

Havadarlarının köməyindən ruhlanan və şirnikləşən ermənilər daha bir xəbis niyyətlərini-özgə torpaqları hesabına “ Böyük Ermənistan” ideyalarını reallaşdırmaq eşqinə düşdülər. Bunun üçün 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı  qanlı aksiyalar həyata keçirirdilər. 1918-ci ildə də  ermənilərin Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistan ərazilərindəki  kəndlərimizi əhatə etdi. Təkcə Bakıda 15000 türk -müsəlman öldürülmüşdü ki, onlarında çoxunun meyitləri tapılmamışdır. Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Quba qəzasında isə 162 kəndi dağıtmış, minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirmişlər.

1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlının Qərbi Azərbaycandakı dədə-baba yurdlarından qovulması, 1987-1989-cu illərdə soydaşlarımızın indiki Ermənistan adlanan ərazidən son deportasiyası daşnakların “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək niyyətindən xəbər verir.

Sovet dönəmində xalqımıza qarşı soyqırımı və repressiya əməlləri gizlədilmiş, həmin cinayətlər barədə yazmaq və danışmaq qadağan olunmuşdu. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ulu öndər Heydər Əliyevin mühüm tövsiyələrindən biri də tariximizin yenidən obyektov və düzgün yazılması barədə oldu. 1998-ci ilin 26 martında “Azərbaycanlıların soyqırımı haqqında” möhtəşəm bir fərmana imza atdı. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də bu sahədə tədqiqatların aparılmasına ciddi diqqət yetirir, alim və mütəxəssilərə erməni yalanlarının ifşası üçün tapşırıqlar vermişdir. Bunu nəzərə alaraq, Fəlsəfə Sosiologiya və Hüquq İnstitutu hüquqşünas alimlərdən ibarət “İşçi qrupu” yaratmaq barədə təşəbbüs qaldırmışdır. AMEA-nın Rəyasət Heyəti 25 avqust 2009-cu il tarixli sərəncamı ilə bu təşəbbüsü bəyənmiş və “İşçi qrupu” yaradılmışdır.

Ötən dövr ərzində “İşçi qrupu” müəyyən təqdirəlayiq işlər görmüşdür. Bunlardan biri də “erməni soyqırımı” ilə əlaqədar olaraq müvafiq araşdırmaların aparılması və bunlar barədə AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirələrin keçirilməsi olmuşdur. Əslində, alimlərimiz araşdırmalarının yekunu olaraq, hüquqi baxımdan “erməni soyqırımı”nı tam təkzib edən müəyyən nəticələr əldə etmişlər.

Lakin nəzərə almalıyıq ki, xaricdəki erməni diaspor və lobbi təşkilatları son vaxtlar xüsusilə fəallaşıblar. İnişil Fransa Senatında keçirilən müzakirələr və qəbul edilmiş qərar buna misal ola bilər. Belə tədbirlərin başqa ölkələrdə də keçiriləcəyinə dair faktlar vardır. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və şərtləri əsasında ədalətli həllinə yönəlmiş xarici siyasətimizin hücum taktikasına qarşı hesablanmışdır. Digər tərəfdən, belə cəhdlər Türkiyənin və Azərbaycanın dünyada sürətlə artan nüfuzuna təsir göstərmək və beynəlxalq münasibətlərdəki aşkar üstünlükləri öz xeyirlərinə dəyişdirməyə xidmət edir. Nəzərə alsaq ki, dünyanın müəyyən güclü dövlətləri və siyasətçiləri də erməni lobbisinin  təsiri altında açıq və ya gizli formada olsa da, erməniləri dəstəkləməyə çalışırlar, onda bu sahədə əsl vəziyyət haqqında tam təsəvvür yaratmaq olar. Bütün bunlara görə də mən belə konfransların keçirilməsini olduqca vacib və aktual hesab edirəm.

Ölkə Prezidenti, cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, millət vəkillərinin, diplomatik korpusun, vətəndaş cəmiyyətinin müxtəlif təsisatlarının bu istiqamətdə apardıqları ardıcıl və səmərəli tədbirlər hazırda nəticələr verməkdədir. Buna baxmayaraq elm adamlarımız da bu vacib məsələdə öz sözlərini deməli və səylərini gücləndirməlidirlər.    “İşçi qrupu”nun uydurma erməni soyqırımı ilə bağlı apardığı araşdırmaların  nəticəsi olaraq irəli sürdüyü təkliflərin dairəsi on altı əsas müddəa və təkliflərdən ibarətdir. Mən bu müddəaları və təklifləri də dəstəkləməklə yanaşı, eyni zamanda, filosof, hüquqşünas, sosioloq və politoloqlarımızın aşağıdakı məqamlara da xüsusi diqqət yetirmələrini vacib hesab edirəm:

1.Xocalı şəhərində, ümumiyyətlə, Qarabağın başqa bölgələrində tarixən və müasir dövrümüzdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, habelə sülh və insanlıq əleyhinə olan başqa ağır cinayət faktlarına dair rus, ingilis, fransız və digər dillərdə məqalələr, əsərlər yazılmalı, filmlər hazırlanmalı və bütün bunlar haqqında beynəlxalq ictimaiyyətə vaxtaşırı  məlumat verilməlidir.

2.Bu məsələyə həsr olunmuş beynəlxalq  elmi konfransların, görüşlərin təşkilinə diqqət artırılmalı və xarici ölkələrdə keçirilən oxşar tədbirlərdə alimlərimizin iştirakı təmin edilməlidir.

3.Müxtəlif dillərdə “erməni soyqırımı”na dair əsl reallıqlar haqqında türkiyəli mütəxəssislərlə birlikdə əsərlər hazırlanmalı, filmlər çəkilməli, müxtəlif dillərə tərcümə edilib yayılmalıdır.

Son olaraq “erməni soyqırımı”nın yalan, uydurma və böhtan olmasını təsdiq edən məlumatların dünya ictimaiyyətinə çatdırılması sahəsində hər birinizə böyük yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bu konfrans son dərəcə vacib və əhəmiyyətli olan bir məsələdə öz dəyərli töhfələri ilə yadda qalacaqdır.

BƏHRAM ZAHİDOV,

 institutun elmi işlər üzrə direktor müavini, hüquq elmləri doktoru, professor:

— Türkiyədə guya, 1915-ci ildə ermənilərə qarşı soyqırımı cinayətinin törədilməsi haqqında müxtəlif ölkələrin — Hollandiyanın, İtaliyanın, Rusiyanın, Argentinanın, Uruqvayın, Çilinin, Almaniyanın, Yunanıstanın, Venesuelanın, Yunan Kiprinin, Litvanın, Livanın, Polşanın, Kanadanın, Belçikanın, Vatikanın, İsveçrənin, Slovakiyanın parlamentləri tərəfindən, habelə ABŞ-ın 30 ştatında ermənilərin təsiri ilə onların xeyrinə qərarlar qəbul edilmişdir. Hələ genosid əməllərinin kriminallaşdırılması aparılmadığı bir dövrdə — 1915-ci ildə Türkiyənin ərazisində törədilməsi ehtimal edilən əməlin soyqırımı kimi tanınması hüquqi baxımdan tamamilə əsassızdır.

Hüququn elementar tələbinə görə, əməlin cinayət sayılması və həmin əmələ görə cəza verilə bilməsi, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Buna görə də törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç bir kəs, heç bir dövlət məsuliyyət daşıya bilməz. Beynəlxalq hüququn prinsiplərinə görə, törədilən hər hansı bir əməlin cinayət olub-olmamasını müəyyən etmək müstəqil və suveren dövlət olan Türkiyənin və onun məhkəmə orqanlarının müstəsna səlahiyyətinə aid məsələdir. Belə olduğu halda, bəzi dövlətlərin parlamentlərinin 1915-ci ildə Türkiyədə ermənilərə qarşı, guya, soyqırımı törədilməsi haqqında çıxardığı qərarlar, qəbul etdiyi qanunlar tamamilə əsassızdır, çünki  bu barədə məhkəmənin və ya tribunalın müvafiq hökmləri yoxdur və indiyə qədər də olmamışdır. Ümumiyyətlə, “hakimiyyət bölgüsü” prinsipinə hörmət edən dövlətlərdə qanunverici orqanın — parlamentin, məhkəmənin və ya tribunalın qərarı olmadan soyqırımı tanıması və bu barədə qanun qəbul etməsi hüquqaziddir və hakimiyyət səlahiyyətlərinin mənimsənilməsi deməkdir.

“Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiya 9 dekabr 1948-ci il tarixdə qəbul edildiyi  və 12 yanvar 1951-ci ildən qüvvəyə mindiyi halda, bu konvensiyanın hüquqi nəticələrinin 1915-ci ildə törədilməsi ehtimal edilən hadisələrə şamil edilməsi hüququn adi prinsiplərinə belə ziddir. Çünki ağırlaşdırıcı hallarda heç bir qanunun geriyə qüvvəsi yoxdur.

I Dünya müharibəsindən sonra müttəfiqlər tərəfindən, xüsusilə Böyük Britaniya Krallığının Baş Prokurorluğu tərəfindən ermənilərə qarşı soyqırımı törətməkdə ittiham olunan 100-dən çox türk hərbiçisinə qarşı Qafqazda, Misirdə, İraqda və Türkiyənin özündə aparılan geniş miqyaslı istintaq tədbirləri nəticəsində “Osmanlı torpaqlarında ermənilərə qarşı soyqırımı törədilməsi faktı” təsdiq olunmamışdır. Bu işə məhkəmədə baxılması üçün heç bir hüquqi əsas tapılmadığını nəzərə alan Böyük Britaniya Krallığının Baş Prokurorluğu 21 iyun 1921-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Belə bir nəticə İngiltərə hökuməti tərəfindən də bəyan edilmişdir. Bütün bunlara baxmayaraq “erməni məsələsi”nin tərkib hissəsi olan “erməni soyqırımı” xristian təmayüllü millətçiliyə söykənən imperialist dövlətlər tərəfindən müsəlmanlara və türklərə qarşı təzyiq vasitəsi kimi istifadə edilməkdədir.

Azərbaycan Respublikası 31 may 1996-cı il tarixli Qanunla BMT-nin “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli Konvensiyasına qoşuldu. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə hər ilin 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir. Yeni Cinayət Məcəlləsinin VII bölməsinin “Sülh və insanlıq əleyhinə olan cinayətlər” adlanan VI fəslinin 103-cü maddəsi “Soyqırımı”na, 104-cü maddəsi “Soyqırımının törədilməsinə təhrik etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutur. Beynəlxalq hüququn üstünlüyünü qəbul edən Azərbaycanda törədildiyi zaman cinayət sayılan əməlin milli hüquq sistemində retroaktiv tətbiq edilməsi tamamilə qanunidir. Azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin tarixi yüz ildən artıqdır ki, davam edir.

Ermənistanın və ya onun separatçı qüvvələrinin, hərbçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi sülh və insanlıq əleyhinə olan cinayətlərə görə xüsusi səlahiyyətli Beynəlxalq Cınayət Məhkəməsinin yaradılması da tamamilə mümkündür. Bunun üçün Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırması zəruridir. Hesab edirəm ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsi və bu qətnamələrin heç birinin indiyə qədər icra edilməməsi, münaqişə zamanı törədilmiş ağır cinayətlərlə bağlı xüsusi beynəlxalq tribunalın yaradılması haqqında Azərbaycan Respublikasının qaldırdığı vəsatət BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilməlidir. Mövcud nizamnamə və prosedurlar daxılində və beynəlxalq hüququn tələbləri əsasında Xocalı soyqırımı üzrə xüsusi Beynəlxalq Cınayət Məhkəməsi yaradılarsa, həmin məhkəmədə məsələyə mahiyyəti üzrə baxılıb, təqsirli şəxslərin layiqincə cəzalandırılmaları təmin edilə bilər.

Təhlillər göstərir ki, BMT-nin qəbul etdiyi bir sıra konvensiyalar müasir dövrün tələblərinə cavab vermir, köhnəlmişdir. Ayrı-ayrı normalar mükəmməl hesab edilə bilməz, eyni məsələlər üzrə müxtəlif vaxtlarda qəbul edilən konvensiyalar işlək deyildir, dövlətdaxili qanunlarla beynəlxalq hüquq normaları arasında aşkar uyğunsuzluqlar vardır, onların icra mexanizmləri yoxdur. Elə “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası da müasir tələblərə cavab vermir, vurulmuş maddi və mənəvi zərərlərin kompensasiya mexanizmləri yoxdur. Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının dörd məlum qərarı icrasız qalmışdır. BMT-nin üzvü olan və bir çox konvensiyaları ratifikasiya etmiş Ermənistan beynəlxalq hüququn və beynəlxalq birliyin əksəriyyətinin iradəsini ifadə edən qətnamələrə məhəl qoymur, onların icrasından qəsdən imtina edir.

Dünyanın qüdrətli dövlətləri beynəlxalq təşkilatlarla birlikdə bir araya gəlib bu məsələlərin həllini təmin etməyə, XXI əsrin qlobal çağırışlarına müsbət cavab verməyə borcludur. Birləşmiş Millətlər Təşkılatının, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in və digər bu kimi beynəlxalq və regional təşkilatların ayrı-ayrı aktual məsələlər üzrə vahid, yekun konvensiyalarının hazırlanması və qəbul edilməsi vaxtı çatmışdır. Eləcə də beynəlxalq və regional münaqişələrin, mübahisələrin və problemlərin həlli istiqamətində qəbul edilmiş qətnamələrin icrasını təmin edən işlək mexanizmlərin də yaradılması olduqca aktualdır. Bu zəmində Beynəlxalq Cinayət Məhkəməsinin, Cinayət Məcəlləsinin və Mülki Məcəllənin mükəmməl və işlək formada, beynəlxalq standartlara cavab verən səviyyədə hazırlanması, normativ-hüquqi bazasının təkmilləşdirilməsi əhəmiyyətli olardı. Zənnimcə, aşağıdakı məsələlərə diqqət yetirilməlidir:

- Türkiyə 1915-ci ildə törədilməsi iddia edilən “erməni soyqırımı” üzrə müxtəlif dövlətlərin parlamentləri tərəfindən qəbul edilmiş qanunların hüquqi qüvvəsinə dair məsələyə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində baxılaraq müvafiq rəy verilməsi üçün Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırmalıdır;

- törədilməsi iddia edilən “erməni soyqırımı” üzrə Türkiyə arxivlərində, eləcə də əlaqədar dövlətlərin arxivlərində bitərəf alimlərdən ibarət xüsusi qrupun araşdırmalar aparmaqla yekun rəylərini elan etmələri üçün tədbirlər görülməlidir;

- Türkiyədə 1915-ci ildə ermənilərə qarşı “soyqırımı” cinayətlərinin törədilməsi iddiası üzrə müttəfiq dövlətlər, o cümlədən Böyük Britaniya Krallığı Baş Prokurorluğunun himayəsi altında aparılan istintaq materiallarının əldə edilməsi və onun hüquqi nəticələrindən predusial qaydada istifadə olunması məqsədi ilə Türkiyə dövləti tərəfindən müvafiq tədbirlər görülməli, Böyük Britaniya Krallığının bu məsələ barədə qərarı əldə edilməlidir;

- Azərbaycan Respublikasının ərazisində ermənilər tərəfindən azərbaycanlilara qarşı törədilmiş soyqırımı cinayətlərinin istintaqı tamamlanmalı, təqsirli şəxslər barəsində cinayət işlərinin tamamlanaraq ağır cinayətlərə dair işlər üzrə məhkəməyə göndərilməsi üçün tədbirlər görülməlidir;

- Azərbaycanın səlahiyyətli orqanları ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş, sülh və insanlıq əleyhinə olan cinayətlər üzrə beynəlxalq hərbi tribunalın yaradılması barədə BMT-nin Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırmalıdır;

- sülh və insanlıq əleyhinə olan cinayətləri törətmiş şəxslərin məsuliyyət məsələsinin həll edilməsi və təqsirli şəxslərin, müstəsna hallarda həbsi barədə, qiyabi sanksiya verilməsinin və qiyabi hökm çıxarılmasının mümkünlüyü barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müvafiq düzəlişlərin edilməsi üçün tədbirlər görülməlidir;

- BMT-nin 9 dekabr 1948-ci ildə qəbul etdiyi “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyasına yenidən baxılmalı və işlək mexanizmlərinin yaradılması üçün tədbirlər görülməlidir.

HABİL QURBANOV,            institutun dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor:

— “Soyqırımı”, yaxud “genosid” anlayışı BMT-nin Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində tətbiq olunmağa başlamış, həmin qurumun 1948-ci il 9 dekabr tarixli Konvensiyasında isə genosid siyasətinin qarşısının alınması və ona görə cəza müəyyənləşdirilmişdir. Ermənilər tərəfindən 1905-1906-cı illər qırğınları planlı şəkildə, azərbaycanlıların milli və dini mənsubiyyətlərinə görə, etnik təmizləmə məqsədilə həyata keçirildiyi üçün soyqırımı mahiyyəti daşıyır. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayətlər də soyqırımı kimi xarakterizə edilir. 1988-1993-cü illərdə ermənilər yenə də havadarlarının köməyi ilə Dağlıq Qarabağda və onun ətraf rayonlarındakı ərazilərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər.

“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırıldırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyi biganə yanaşdı. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın, əslində, bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

(ardı var)

Hazırladı: Qüdrət PİRİYEV,
Rafiq SALMANOV (foto)
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında