Dövlət İdarəçilik Akademiyasında “Sabitlikdən sosial rifaha” kitabının təqdimatı olmuşdur

 

 

Aprelin 26-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri, professor Hadi Rəcəblinin “Sabitlikdən sosial rifaha” kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edən və öz fəaliyyətində həmişə xalqa arxalanan ümummilli lider Heydər Əliyevə həsr olunmuş elmi-publisistik məqalələr toplusundan ibarət olan bu kitabda Ulu Öndərin həm sovet dönəmində, həm də ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana rəhbərlik etdiyi müddətdəki fəaliyyətindən, əsasən də sosial sahədə həyata keçirdiyi islahatlardan geniş söhbət açılır. Kitabda, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı proqramların nəticələrindən, sosial müdafiə sistemində qazanılmış uğurlardan ətraflı bəhs olunmuşdur. Müəllif Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xeyirxahlıq missiyası barədə məlumatları da oxucuların diqqətinə çatdırır.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək, Ümummilli Liderimizin 90 illik yubileyi ərəfəsində belə bir kitabın ərsəyə gətirilməsini yüksək qiymətləndirmişdir. Rektor qeyd etmişdir ki, akademiyanın məzunu olan və taleyini bu təhsil ocağı ilə bağlayan professor Hadi Rəcəblinin yeni çapdan çıxan kitabı ulu öndər Heydər Əliyevin yubileyinə layiqli töhfə olmaqla yanaşı, həm də ölkəmizdə sosial siyasət sahəsində çalışan mütəxəssislər, bu sahənin tədqiqi ilə məşğul olan elm adamları üçün qiymətli vəsaitdir.

Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, professor Musa Quluzadə, parlamentin deputatları Musa Quliyev, Hüseynbala Mirələmov, Eldar İbrahimov və başqaları çıxış edərək Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışmış, kitab haqqında fikirlərini bildirmişlər.

Sonda Hadi Rəcəbli kitabın Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə inam və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xeyirxahlıq missiyasının doğurduğu rəğbət hissindən yazıldığını demişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında