Azərbaycan Turizm İnstitutunda ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

 

 

Azərbaycanın bütün bölgələrində, müəssisə və təşkilatlarda bu günlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş anım tədbirləri, elmi-praktik konfranslar keçirilir. Azərbaycan Turizm İnstitutunda bu münasibətlə “Müstəqil Azərbaycan və Heydər Əliyev ideologiyasının təntənəsi” mövzusunda elmi-praktik konfrans keçirildi. Toplantıda Azərbaycan Respublikasının dövlət himni oxunduqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 ATİ-nin müəllimi Vidadi Rzayev tədbiri açıq elan etdikdən sonra rektor Cəfər Cəfərov məruzə edərək Heydər Əliyevin təkcə ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə deyil, hələ müstəqillikdən 20-25 il əvvəl də Azərbaycan təhsilinin sabahı üçün çox əhəmiyyətli layihələrin icrasına böyük qayğı göstərməsindən söz açdı. Bildirdi ki, ulu öndər hələ 60-70-ci illərdə Azərbaycanın bir zaman dövlət müstəqilliyini bərpa edəcəyini sanki hiss etmişdi. O, həm Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı illərdə, həm də ölkəyə rəhbərlik etdiyi dövrdə milli kadrların yetişdirilməsini, yerli mütəxəssislərin irəli çəkilməsini bir nömrəli məsələ kimi qarşıya qoymuş və hər cür təzyiqdən, təhdiddən çəkinməyərək öz arzularını reallaşdırmağa nail olmuşdur. Ona görə də sovet Azərbaycanının ən inkişaf etmiş dövrü məhz 70-80-ci illər hesab olunur. Ulu öndər həmin dövrü belə  xarakterizə etmişdir: “Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

 Natiq daha sonra  dedi: “Fikrimi aydınlaşdırmaqdan ötrü bəzi konkret faktları diqqətinizə çatdırmaq istəyirəm. 1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültələr açılmış, 100-ə qədər yeni ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlığına başlanmışdı. Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublikamızda 6 yeni ali məktəb yaradılmışdı ki, həmin təhsil müəssisələri indi müstəqil Azərbaycanın gələcəyini təmin edəcək yüksək səviyyəli mütəxəssislər hazırlanması işini uğurla davam etdirirlər. Rus dili və Ədəbiyyatı İnstitutu, Xarici Dillər İnstitutu, işğal  altında qalan  Xankəndi Pedaqoji İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Gəncə Texnologiya İnstitutu və Naxçıvan Pedaqoji İnstitutu ilə yanaşı 12 texnikum da məhz 1970-82-ci illərdə yaradılmışdı. Heydər Əliyev daim cəmiyyət həyatının bütün sahələrində haqqın, ədalətin bərqərar olmasına, dövlətin yaratdığı  imkanlardan bütün insanların bərabər şəkildə istifadə etməsinə çalışırdı. Bu tendensiyanın nəticəsi idi ki, 1969-82-ci illərdə Azərbaycandan SSRİ-nin və digər ölkələrin ali məktəblərinə göndərilən tələbələrin ümumi sayının 70 faizini fəhlə və kəndli ailələrində böyümüş gənclər təşkil edirdi. Daha maraqlı məqam isə ondan ibarətdir ki, bu gün qloballaşma prosesinin tərkib hissəsi olaraq gender siyasətinə çox böyük önəm verilir. Heydər Əliyev hələ 70-ci illərdə həmin məsələni gündəmdə saxlamaqla, respublikadan kənarda təhsil almaq üçün göndərilən tələbələr arasında qızların 50 faiz təşkil etməsinə nail olmuşdu. 1980-ci ildə SSR-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Həmin illərdə təkcə Moskvanın 42 ali məktəbində 136 ixtisas üzrə 800, Leninqradın 25 ali məktəbində 348 azərbaycanlı gənc oxuyurdu. Ulu öndər hər il başqa şəhərlərə göndərilən gənclərlə şəxsən görüşür, Azərbaycan üçün yüksək ixtisaslı kadr kimi yetişməsinin əhəmiyyətini onlara başa salırdı”.

Ulu öndərin 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasından sonra onun təhsilə göstərdiyi qayğının miqyasını ifadə edəcək faktlar və rəqəmlərin çoxluğundan söz açan rektor məruzəsində maraqlı bir nüansa da toxundu. Bildirdi ki, Naftalanda və Bakının Mərdəkan qəsəbəsində, daha sonra isə Xankəndində, Mingəçevirdə, Naxçıvanda ekskursiya büroları və Qəbələdə “Qafqaz” və Xaçmaz rayonunun Nabran bölgəsində “Dostluq” turist bazası 1969-cu ildə yaradılmış, 30 il əvvəl 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul olunmuşdu.

Məruzəçi daha sonra dedi: “Biz Azərbaycan təhsilinə ulu öndər Heydər Əliyevin qayğısı barədə söz açarkən o böyük dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin reallaşdırdığı proqram və layihələri də mütləq yada salmalıyıq. Belə ki, bu gün Azərbaycanın dövlət büdcəsindən ən çox vəsait ayrılan  sahə ordu quruculuğu, ikinci sahə isə təhsil sistemidir. Digər fakt isə ondan ibarətdir ki, 2003-cü ilin oktyabrından sonra Azərbaycanda bütün sahələr ölkə başçısı tərəfindən təsdiq edilmiş xüsusi dövlət proqramları ilə inkişaf etdirilir. Prezident İlham Əliyevin təsdiq etdiyi ən çox dövlət proqramları da məhz təhsil sisteminin dünya standartları səviyyəsinə qaldırılması barədədir.

Elmi-praktik konfransda millət vəkili Musa Quliyev, xidmət mühəndisliyi fakültəsinin dekan əvəzi Sevda Vəzirova, ictimai fənlər kafedrasının müdiri İbrahim Əliyev və digərlərinin məruzələri də dinlənildi.  Tanınmış əmək adamı Tərlan Musayeva ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşdü.

 “Müstəqil Azərbaycan və Heydər Əliyev ideologiyasının təntənəsi” mövzusunda keçirilmiş elmi-praktik konfransda YAP institut yerli təşkilatının sədri Anar Fərmayılov bir qrup əməkdaş və tələbəyə partiyanın üzvlük biletlərini təqdim etdi. ATİ-nin ictimai həyatında fərqlənmiş bəzi əməkdaş və tələbələrinə Fəxri fərman təqdim olundu. Ulu öndərin 90 illiynə həsr olunmuş elmi-praktik konfrans Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatdı.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında