Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir

 

 

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilmişdir. AMEA-nın Rəyasət Heyətinin binasının böyük salonunda keçirilən yığıncağın iştirakçıları əvvəlcə foyedə akademiyanın ayrı-ayrı elmi institutlarının fəaliyyətini əks etdirən sərgiyə baxmışlar. AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə tədbiri açaraq, akademiyanın 48 həqiqi üzvündən 44-nün, 90 müxbir üzvündən 84-nün iştirak etdiyini, yığıncağın işə başlamağa səlahiyyətli olduğunu bildirmişdir.

 

Sonra AMEA-nın 2012-ci ildəki ümumi yığıncağından sonra dünyasını dəyişmiş doqquz üzvünün – sabiq prezident, akademik Mahmud Kərimovun, akademiklər Bəkir Nəbiyevin, Midhət Abbasovun, Budaq Budaqovun, müxbir üzvlər Rəhim Hüseynovun, Bala İsgəndərovun, Anar Əlizadənin, İsgəndər Cəfərovun, Oqtay Əfəndiyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Bildirilmişdir ki, yığıncağın gündəliyinə üç məsələ - AMEA-nın ötən ildəki fəaliyyəti haqqında hesabat; AMEA prezidentinin seçkisi; AMEA-nın Rəyasət Heyətinin seçilməsi daxildir.

Gündəlik səsə qoyularaq təsdiq edilmişdir.

Akademik Akif Əlizadə çıxış edərək AMEA-nın elmi institutlarının fəaliyyətindən, ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, 2012-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. Fundamental dövlət quruculuğu inamla davam etdirən ölkəmiz rəqabətə davamlı industrial iqtisadi sistemi yaratmaq əzmindədir. Siyasi, mədəni, iqtisadi sahələrdə də respublikamız iri addımlarla irəliləyir. Azərbaycan demək olar ki, hər ay çox böyük, mötəbər forumlara ev sahibliyi edir. Bütün bunlar dövlətimizin təşəbbüsü ilə həyata keçirilir.

Akademik diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan regional və qlobal şəraitdə siyasi, iqtisadi problemlərin müzakirə mərkəzinə çevrilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin titanik fəaliyyətinin nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin həyatının, fəaliyyətinin məqsədi olan Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir.

Azərbaycanda elm sahəsinin də inkişaf etdiyini vurğulayan Akif Əlizadə dövlətimizin başçısının elm adamlarına göstərdiyi diqqət və qayğının, eləcə də cəmiyyətdə alimlərimizin nüfuzunun gündən günə artdığını, onların əməyinin yüksək qiymətləndirildiyini, yubileylərinin keçirildiyini, müxtəlif təltiflərə, mükafatlara layiq görüldüklərini demişdir. Məhz bu diqqətin nəticəsində elmimizin maddi-texniki bazası möhkəmləndirilir, AMEA-nın institutlarına vəsaitlər ayrılır. Biz bu yüksək diqqət və qayğısına görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Alimlərimiz bu diqqətə yüksək fəallıqla cavab verməlidirlər.

Reqlament müəyyənləşdirilib təsdiq olunduqdan sonra Akademiyanın akademik-katibi Vaqif Fərzəliyev AMEA-nın ötən ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir.

Məruzəçi bildirmişdir ki, hesabat ilində Akademiyanın elmi müəssisələrində 159 problem üzrə elmi tədqiqat işləri aparılmış və 150 mühüm elmi nəticə alınmışdır. Həmçinin müxtəlif nazirliklər və dövlət şirkətləri nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar əlaqələndirilmiş, onların yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı AMEA-ya təqdim etmişlər.

Qeyd edilmişdir ki, ötən il Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi-tədqiqat institutlarında riyaziyyat və mexanika, kibernetika və informasiya texnologiyaları, fizika və astrofizika, energetika və radiasiya problemləri elm sahələrinin prioritet istiqamətləri üzrə 26 problem üzrə 39 mühüm nəticə alınmışdır. Fizika-riyaziyyat və texnika elmləri sahəsində digər elm və təhsil müəssisələrində isə 15 mühüm nəticə əldə edilmişdir. Bölmə alimlərinin nüfuzlu xarici jurnallarda, xüsusən də Elmi Sitat İndeksli jurnallarda nəşr etdirdikləri məqalələrin sayı artmış, onların 35 elmi və elmi-texniki qrant layihəsi müsabiqə qalibi olmuşdur.

Vurğulanmışdır ki, Şamaxı Astrofizika Rəsədxanasında, İnformasiya Texnologiyaları İnstitutunda yenidənqurma işləri davam etdirilmiş, Fizika İnstitutunda aparılan təmir işləri başa çatdırılmışdır. Bölmənin müəssisələrində beynəlxalq əlaqələri ənənəvi olaraq kollektiv və ikitərəfli əməkdaşlıq, birgə nəzəri və təcrübi tədqiqatların aparılması, yeni cihaz, avadanlıq və texnologiyaların mənimsənilməsi və tətbiqi, konfransların təşkili, kadr hazırlığı və s. əhatə etmiş, bu sahədə çoxsaylı qarşılıqlı ezamiyyə və qrantla bağlı səfərlər olmuşdur. Bir sıra xarici ölkə elmi-tədqiqat müəssisələrinin rəhbərləri və məsul işçiləri bölmənin institutlarına səfər etmiş, mövcud potensialla tanış olmuş, birgə əməkdaşlıq layihələrini müzakirə etmişlər. Fizika İnstitutunun alimlərinin beynəlxalq layihələrdə, ələlxüsus Böyük Android Kolleyderində yerinə yetirilən layihələrdə iştirakı Azərbaycan elminin dünya elminə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edilmişdir ki, bölmənin elmi istiqamətləri üzrə 6 problem şurası fəaliyyət göstərir. Ötən il bölmə 40 elmi-tədqiqat işinin nəticəsinin xalq təsərrüfatına tətbiqi ilə məşğul olmuşdur ki, bunlardan 30-u artıq həyata keçirilmişdir. Bölmə 9 Dövlət Proqramının yerinə yetirilməsində iştirak edir.

Akademik diqqətə çatdırmışdır ki, hesabat ilində Kimya Elmləri Bölməsinin elmi müəssisələri və respublikanın digər müəssisələri neft kimyası və neft emalı, üzvi kimya, fiziki kimya, yüksək molekullu birləşmələr kimyası, analitik kimya, qeyri-üzvi kimya və kimya texnologiyasının prioritet istiqamətləri üzrə 22 mühüm nəticə əldə etmişlər. Bölmənin elmi istiqamətləri üzrə 5 problem şurası fəaliyyət göstərir. Bu bölmənin elmi müəssisələri tərəfindən 3 iş tətbiq olunmuş, 8 iş isə hesabat ili üçün nəzərdə tutulmuş həcmdə yerinə yetirilmişdir. Bölmənin institutları 5 Dövlət Proqramının yerinə yetirilməsində iştirak etmişlər. Respublikada yaradılacaq yeni Neft, Qaz və Neft-Kimya Kompleksinin təklif olunan layihəsinə rəy verilməsi üçün bölmənin 11 alimi daxil olmaqla işçi qrupu yaradılmışdır. Bu qrup tərəfindən kompleksin optimal quruluşu təklif olunmuşdur.

Qeyd olunmuşdur ki, bölmənin institutlarında əsaslı təmir işləri davam etdirilmişdir. Bölmənin institutları tərəfindən bir sıra beynəlxalq və respublika səviyyəli elmi konfranslar keçirilmişdir. Bu baxımdan VIII Bakı Beynəlxalq Məmmədəliyev konfransını xüsusilə qeyd etmək lazımdır. Bölmənin alimləri respublika və beynəlxalq fondlardan 18 qrant əldə etmişlər. Bölmənin bəzi alimləri və təşkilatı yüksək təltiflərə layiq görülmüşlər. Akademik Nadir Seyidov Azərbaycan Prezidentinin təqaüdünə layiq görülmüş, müxbir üzv Fəzilə Səmədova və texnika üzrə elmlər doktoru Təranə Məmmədova beynəlxalq təşkilatlar tərəfindən medal və diplom ilə təltif olunmuşlar. Aşqarlar Kimyası İnstitutu da beynəlxalq mükafatla təltif edilmişdir. Bölmənin institutlarında fəaliyyət göstərən gənc alimlərdən doqquzu müxtəlif elmi tədbirlərdə mükafatlar almış, ikisi isə Elmin İnkişafı Fondunun qrantını əldə etmişdir.

Məruzəçi bildirmişdir ki, Yer Elmləri Bölməsinin institutları hesabat ilində 7 problem üzrə 12, respublikanın digər müəssisələri isə 2 mühüm elmi nəticə əldə etmişlər. Geologiya İnstitutu 2012-ci ildə 3 Dövlət Proqramı üzrə elmi tədqiqat işləri aparmışdır. İnstitutun alimləri ötən il respublika və müxtəlif beynəlxalq fondlardan 13 qranta dəstək almışlar. İnstitutun kadr potensialının cavanlaşdırılması məqsədi ilə xeyli tələbə elmi işə cəlb edilmiş və Azərbaycan Dövlət Neft Akademiyasının “baza kafedrası” yaradılmışdır. Ötən il Coğrafiya İnstitutunun əməkdaşları öz elmi fəaliyyətlərini iki problem əsasında aparmışlar. Onlar ötən il iki qrant layihəsini başa çatdırmış və bir layihənin qalibi olmuşlar. Geologiya və Coğrafiya institutlarının əməkdaşları “Azərbaycanın Milli Atlası”nın tərkibinə daxil edilən 400-dən artıq xəritəni hazırlayıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təhvil vermişlər. Hesabat ilində bölmənin institutları iki beynəlxalq konfrans keçirmişlər.

Qeyd edilmişdir ki, Biologiya və Tibb Elmləri Bölməsində biologiya elmləri üzrə elmi-tədqiqat işləri iki, tibb elmləri üzrə dörd elmi istiqamətdə aparılmış, 18-i tibb sahəsində olmaqla 29 mühüm elmi nəticə alınmışdır. Botanika və Zoologiya institutlarının əməkdaşları tərəfindən hazırlanmış “Qırmızı kitab” çap üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdur. Bölmənin elmi müəssisələrinin alimləri 55 qrant layihəsində iştirak etmişlər. Ötən il bölmənin elmi müəssisələri ilə Azərbaycan Tibb Universitetinin birgə qrantı əsasında Transmission Elektron Mikroskopu quraşdırılmış və hazırda fəaliyyət göstərir. Biologiya və tibb elmlərinin prioritet istiqamətləri üzrə problem şuraları hesabat ilində işlərini uğurla davam etdirmişlər.

Diqqətə çatdırılmışdır ki, 2011-ci ilin ikinci yarısında yaradılmış Aqrar Elmlər Bölməsi hesabat ilində bəzi elmi nailiyyətlər qazanmışdır. Bu nailiyyətlərdən biri kimi “Mədəni bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi” haqqında Qanunun qəbulunu göstərmək olar. Bu qanunla əlaqədar Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut elan edilmiş və Milli Genbanka xüsusi mühafizə edilən ərazi statusu verilmişdir. Bir sıra Dövlət proqramlarının yerinə yetirilməsində iştirak edən bölmədə tətbiq üzrə 14 iş yerinə yetirilmiş, institutlar tərəfindən 21 qrant əldə edilmişdir. Bölmənin 8 alimi bir ilə yaxın müddətdə xarici elmi mərkəzlərdə birgə tədqiqatlar aparmışlar. Aqrar Elmləri Bölməsinin qarşısında duran vacib məsələlərdən biri respublikada aqrar elmi üzrə əlaqələndirmənin gücləndirilməsidir.

Məruzədə qeyd edilmişdir ki, ötən il Humanitar və İctimai Elmlər Bölməsi üçün olduqca uğurlu olmuşdur. Ötən il Azərbaycan Prezidentinin sərəncamı ilə Tarix İnstitutuna üç, Arxeologiya və Etnoqrafiya, Nəsimi adına Dilçilik institutlarının hər birinə isə iki milyon manat ayrılmışdır. Prezidentin “Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamının icrası ilə bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunda həmin parkın əsasnaməsi, strukturu və ştat cədvəli hazırlanmışdır. Dekabrın 7-də AMEA Rəyasət Heyətində Humanitar və İctimai Elmlər Bölməsi üzvlərinin və alimlərinin iştirakı ilə akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir. Bu mövzunun davamı olaraq bu il aprelin 11-də akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmlilik problemləri məsələsinə dair” məqaləsi dərc olunmuşdur. Bildirilmişdir ki, bu dövrdə bölmədə 19 elmi istiqamətin 64 problemi üzrə elmi tədqiqat işləri aparılmışdır. Məruzədə, həmçinin Nizami adına Ədəbiyyat İnstitutunun, Əlyazmalar İnstitutunun, Folklor İnstitutunun, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Hüseyn Cavidin Ev Muzeyinin, Nəsimi adına Dilçilik İnstitutunun, Memarlıq və İncəsənət İnstitutunun, A.A.Bakıxanov adına Tarix İnstitutunun gördüyü işlər geniş əksini tapmışdır.

Bildirilmişdir ki, Tarix İnstitutunun 13 əməkdaşı Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Dövlət mükafatına layiq görülmüşdür. İnstitut tərəfindən “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri” fundamental əsəri, Şuşa şəhərinin şanlı tarixi keçmişinə həsr olunmuş “Şuşa-Pənahabad” monoqrafiyası çapdan çıxmışdır.

Vurğulanmışdır ki, Arxeologiya və Etnoqrafiya İnstitutunda hesabat ilində arxeoloji ekspedisiyaların sayı artmış, tədqiqatların həcmi genişlənmiş, xarici qurumlarla əməkdaşlıq  intensivləşmişdir. Kollektiv müəllif tərəfindən “Prezident İlham Əliyevin Şərq siyasəti” adlı tamamlanmış iş Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu əməkdaşlarının məsuliyyətli və uğurlu tədqiqatlarının nəticəsidir. İnstitutun əməkdaşları arxiv sənədlərinin tədqiqi sahəsində də böyük uğurlar əldə etmişlər.

Diqqətə çatdırılmışdır ki, Milli Azərbaycan Tarixi Muzeyinin  əməkdaşları tərəfindən görkəmli Azərbaycan şairəsi X.Natəvan, Mirzə Fətəli Axundzadə, Azərbaycanın müdafiə silahları, xalçaları və s ilə bağlı kataloqlar hazırlanmışdır. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları beşi xaricdə olmaqla 28 monoqrafiya, çoxlu sayda məqalə, məcmuə, dərs vəsaiti və s. çap etdirmişlər. “Ulu öndər Heydər Əliyevin irsi və politologiyanın aktual problemləri” toplusunun nəşri də bu istiqamətdə görülən işlərdəndir.

İqtisadiyyat İnstitutunun əməkdaşları hesabat ilində “Azərbaycanda rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşması və inkişafı” istiqaməti üzrə elmi-tədqiqat işini yerinə yetirmiş və araşdırmaların nəticələrini bir sıra kitab və məqalələrdə çap etdirmişlər. Akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktorluğu ilə hazırlanmış beşcildlik Böyük İqtisadiyyat Ensiklopediyası Azərbaycan elminin son ildə əldə etdiyi dəyərli və uğurlu elmi nəticələrdəndir.

İnsan Hüquqları İnstitutu ötən il “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 9 bəndi üzrə qarşıya qoyulan bir çox vəzifələri reallaşdırmışdır. Ümumilikdə institutda müxtəlif mövzularda 10 monoqrafiya nəşr olunmuşdur.

Bildirilmişdir ki, bölmənin alimləri 64 beynəlxalq konfrans və simpoziumda məruzələrlə çıxış etmişlər. Bölmə əməkdaşlarının xarici əlaqələri əvvəlki illərə nisbətən daha da genişlənmiş, bir sıra elmi konfrans, simpozium və sessiyalar təşkil edilmişdir. Tarix İnstitutu ilə Türkiyənin tarix qurumları arasında müştərək tədqiqatların aparılması və ortaq türk tarixinin yazılması barədə razılıq əldə olunmuşdur.

Məruzədə qeyd edilmişdir ki, ötən il AMEA-nın Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat institutunda altı problem üzrə elmi-tədqiqat işləri yerinə yetirilmiş, on mühüm elmi nəticə əldə olunmuşdur. Bölmə əməkdaşlarından 670 elmi əsəri nəşr edilmişdir ki, bunlardan bir monoqrafiya və 155 məqalə xaricdə dərc olunmuşdur. Bölmədə Elmin İnkişafı Fondunun 5 qrantı üzrə elmi-tədqiqat işləri aparılmışdır. Ötən il bu bölmədə bir beynəlxalq simpozium, 15 konfrans keçirilmiş, 33 əməkdaş dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq qurultay, simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir.

Gəncə Bölməsində hesabat ilində neft kimyası, farmakologiya, ekologiya, iqtisadiyyat, tarix, ədəbiyyat, arxeologiya və incəsənət elmləri sahəsində tədqiqatlar aparılmışdır. Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Bölməsi tərəfindən 15 adda kitab nəşr olunmuş, elmi-praktiki konfrans keçirilmişdir. Bu dövrdə bölmənin əməkdaşları tərəfindən Elmin İnkişafı Fondundan iki qrant qazanılmışdır.

Məruzədə, qeyd edilmişdir ki, Şəki Regional Elmi Mərkəzinin üç kitabı və 11-i xaricdə olmaqla 31 elmi məqaləsi dərc edilmişdir. Lənkəran Regional Elmi Mərkəzinin ötən ildəki elmi və elmi-təşkilati fəaliyyəti əsasən, cənub regionunun tarixi, mədəniyyəti, adət-ənənələri, təbii sərvətləri, əmək ehtiyatları, flora və faunası, ekologiya və iqtisadiyyatı ilə bağlı olmuşdur.

Sonra Rəyasət Heyətinin nəzdində olan təşkilatların fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşları tərəfindən hesabat ilində “B”, “C”, “Ç” və “D” hərflərinə aid olan dördüncü və beşinci cildlər üzərində iş aparılmışdır. Növbəti cildlər üçün nəzərdə tutulan “E”, “F” və “G” hərfləri üzrə sözlüklər rəyə göndərilmək üçün hazırlanmışdır. “B” hərfinə aid olan üçüncü cildin kitabxanalar üçün variantı çapdan çıxmışdır. Kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zevaylın “Zaman içrə səyahət” kitabı rus dilindən tərcümə olunaraq nəşr edilmişdir.

Qeyd edilmişdir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ötən il 7 qrant layihəsinə qatılmışlar. Mərkəz elmi əməkdaşlıq üzrə 14 ölkənin seysmoloji və geofiziki institutları ilə birgə işlər aparır. Elmi İnnovasiyalar Mərkəzi hesabat ilində informasiya-innovasiya fəaliyyətinin aktual problemlərinə həsr edilmiş bir sıra respublika və beynəlxalq əhəmiyyətli konfrans, seminar və forum keçirmişdir. Mərkəzi Elmi Kitabxanada respublikanın tarixi hadisələrinə, əlamətdar günlərinə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin yubileylərinə həsr olunmuş konfrans, seminar və s. tədbirlərlə bağlı 126 sərgi təşkil edilmişdir. Bu dövrdə Mərkəzi Elmi Kitabxana əməkdaşlarının 14 kitabı və 80-dən artıq məqaləsi (14-ü xarici) çap olunmuşdur. Hesabat ilində Kitabxanaya 21 min 536 nüsxə ədəbiyyat daxil olmuşdur. Fondun ümumi həcmi 2 milyon 178 min 752 nüsxə təşkil edir. Terminologiya Komissiyasında müxtəlif sahələr üzrə terminlərin izahlı lüğətləri müzakirə olunmuş, Respublika “Xatirə Kitabı” Redaksiyası kollektivinin əsas işi 12-ci cild üzərində yaradıcılıq işi olmuşdur. Soyadları “O”, “Ö”, “P”, “R” hərflərilə başlayan məlumatları əhatə edən 12-ci cilddə təxminən 15 minə yaxın soydaşımız haqqında söz açılmışdır.

Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi tərəfindən yazılmış “Azərbaycan Dövlət Muzeyi (1920-1960)”, Azərbaycanda aqrokimya məktəbinin banisi, akademik Cəbrayıl Hüseynovun fondu əsasında yazılmış “Əfsanəvi insan”, “İrəvan xanlığının tarixşünaslığı” monoqrafiyaları çapdan çıxmış, bir sıra görkəmli alimin şəxsi fondları yaradılmışdır.

Diqqətə çatdırılmışdır ki, hesabat ilində AMEA Rəyasət Heyətinin 18 iclası keçirilmişdir. AMEA-nın fəaliyyətinin, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi və s. məqsədlə bir sıra qərarlar qəbul edilmiş və konkret tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidenti tərəfindən ötən il imzalanmış bir sıra sərəncamların icrası ilə bağlı Rəyasət Heyəti müvafiq qərarlar qəbul etmişdir. Görülmüş işlər barədə hesabatlar hazırlayıb Prezident Administrasiyasına və digər aidiyyəti  dövlət qurumlarına təqdim edilmişdir. Respublika Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar AMEA prezidentinin müvafiq sərəncamları ilə dörd gənc alim ixtisasartırma kursu keçməsi üçün Avropanın elmi mərkəzlərinə göndərilmişdir.

Bildirilmişdir ki, hesabat ilində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Azərbaycanda aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsini həyata keçirmiş, 2013-cü ildə aparılacaq elmi-tədqiqat işlərinin planlarının hazırlanması və digər təşkilati məsələlər yerinə yetirilmişdir. Hazırda respublikadakı bütün elm və təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən elmin müxtəlif istiqamətləri üzrə 30 problem şurası fəaliyyət göstərir.

Qeyd olunmuşdur ki, AMEA ötən il 10 Dövlət Proqramının yerinə yetirilməsində iştirak etmişdir. Bu dövrdə AMEA-nın müəssisələri 93 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirmişlər. Bu işlərin 48-nin tətbiqi başa çatmışdır. Akademiyanın elmi müəssisələri tərəfindən ötən il 50-yə yaxın Azərbaycan patenti və 5 xarici ölkənin patentləri alınmışdır. Azərbaycan patentini almaq üçün 56 iddia sənədi verilmişdir. Akademiyanın alimləri tərəfindən 550 kitab və monoqrafiya, 7300-dən artıq məqalə nəşr olunmuşdur. AMEA Rəyasət Heyətinin və Ali Attestasiya Komissiyasının mətbu orqanı olan “Elm” qəzetinin hesabat ilində 40 nömrəsi çapdan çıxmışdır. Akademiya 67 respublika və 40 beynəlxalq səviyyəli elmi konfrans keçirmişdir.

Bildirilmişdir ki, hazırda Akademiyanın tərkibi 52 həqiqi və 100 müxbir üzvdən ibarətdir. AMEA-nın elmi müəssisələrində, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 9 min 950-dir. Elmi işçilərin sayı 4 min 686 nəfərdir. Onlardan 535-i elmlər doktoru, 2 min 42-si fəlsəfə doktorudur. Ötən il doktoranturaya 274 nəfər (126 əyani və 148 qiyabi) qəbul olunmuşdur. Hazırda doktorantların ümumi sayı 569 nəfərdir (300 əyani, 269  qiyabi). Onlardan onu xarici ölkə vətəndaşlarıdır. Hesabat dövründə dissertantura yolu ilə fəlsəfə doktoru proqramı üzrə 266 nəfər qəbul olunmuşdur. Hazırda AMEA-nın elmi müəssisələrində 183-ü xarici vətəndaş olmaqla 828 dissertant vardır. Hesabat dövründə AMEA-da 29 elmlər doktoru və 107 fəlsəfə doktoru dissertasiya işləri müdafiə olunmuşdur. AMEA-da elmlər doktoru hazırlığı üzrə doktoranturaya 43 qəbul olmuşdur ki, bunun da 14-ü əyanidir. Bu dövrdə 150 doktorantın iştirakı ilə doktorantların növbəti elmi konfransı keçirilmişdir. Elmlər doktoru üzrə 17, fəlsəfə doktoru üzrə 22 Dissertasiya Şurası fəaliyyət göstərir.

Məruzəçi demişdir ki, hesabat ilində AMEA-nın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə elmi əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmış, bəzi beynəlxalq təşkilat və elmi mərkəz ilə əməkdaşlıq davam etdirilmişdir. Xarici ölkələrin alimləri və elmi təşkilatlarının nümayəndələri, mədəniyyət və siyasət xadimləri AMEA-nın və təşkilatlarının qonağı olmuş, Rəyasət Heyətində görüşlər keçirilmişdir. Ötən il Akademiyanın 875 əməkdaşı müxtəlif xarici ezamiyyətlərdə olmuşdur.

Bildirilmişdir ki, hesabat dövründə ümumilikdə AMEA-ya dövlət büdcəsindən 80 milyon manatdan çox vəsait nəzərdə tutulmuşdur. AMEA-nın elmi müəssisə və təşkilatlarına ötən il qrant vasitəsi ilə 6,33 milyon məbləğində vəsait daxil olmuşdur. Ötən il Akademiyaya müxtəlif maliyyələşdirmə mənbələrindən daxil olmuş vəsaitin ümumi məbləği 117,6 milyon manat təşkil etmişdir.

Məruzədə nailiyyətlərlə yanaşı, alimlərimizin sosial vəziyyətinin yaxşılaşdırılması, elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə verilən əlavələrin, elmi ekspedisiyalarla əlaqədar ayrılan vəsaitin artırılması, gənc istedadlı mütəxəssislərin AMEA-ya axınının gücləndirilməsi, gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılması, müasir elmi avadanlıqla işləyə bilən yüksək ixtisaslı kadrların hazırlığı məsələləri də əksini tapmışdır.

Sonra müzakirələr başlanmışdır.

Hesabat məruzəsinin AMEA-nın bütün fəaliyyət sahələrini hərtərəfli əhatə etdiyini vurğulayan akademik Əhliman Əmiraslanov il ərzində qazanılmış ən böyük nailiyyətlərdən birinin elmi-tədqiqat işlərinin metodik səviyyəsinin yüksəldilməsi və tədqiqatların nəticələrinin təcrübəyə tətbiqi sahəsindəki uğurlar olduğunu vurğulamışdır. Akademik dünyada nüfuzlu elmi nəşrlərdə azərbaycanlı alimlərin məqalələrinin, elmi-tədqiqat işlərinin nəticələrinin sayının yüzlərlə olduğunu diqqətə çatdıraraq bunun Azərbaycan elminin inkişafından xəbər verdiyini diqqətə çatdırmışdır.

Ə.Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsində, o cümlədən molekulyar biologiya, biotexnologiyalar, onkologiya və cərrahiyyə sahələrində uğurlar qazanıldığını bildirmişdir. Bu uğurların əsas mənbəyi həm ölkə daxilində, həm də xaricdə elmi tədqiqatların beynəlxalq miqyasda inteqrasiyası olmuşdur. Büdcədən elmə ayrılan vəsaitin artırılmasının, gənc mütəxəssislərin elm sahəsinə cəlb olunmasının vacibliyini vurğulayan alim uğurlu nəticələrin əldə edilməsi baxımından müxtəlif elm sahələrinin inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırmışdır. O, Elmin İnkişafı Fondunun ayırdığı vəsaitlər sayəsində bu istiqamətdə uğurların qazanıldığını vurğulamışdır. Ə.Əmiraslanov Azərbaycanda elmi kadrların olmasını, bu sahədəki uğurları nəzərə alaraq AMEA-nın tərkibində Elmi-Tədqiqat, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması vacibliyini vurğulamışdır.

Akademik Telman Əliyev hazırda ölkəmizdə neft-qazçıxarma, neft emalı, neft-kimya, dağ-mədən, energetika, hərbi sənaye, maşınqayırma, tikinti, nəqliyyat, kənd təsərrüfatı, seysmik və ekoloji  təhlükəsizlik komplekslərində, elektron dövlətin və informasiya cəmiyyətinin sənəd dövriyyəsinin təmin edilməsi sahəsində elmi tutumlu problemlərin olduğunu diqqətə çatdırmışdır. AMEA-nın fəaliyyətinin əsasını bu istiqamətlər təşkil etməlidir.

AMEA-nın institutlarının kifayət qədər elmi potensialının olduğunu bildirən alim Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin əsas elmi nəticələrinin dünyanın ən nüfuzlu jurnallarında dərc olunduğunu bildirmişdir. Hazırda bu rəqəmin 320 olduğunu qeyd edən alim bu sahədəki nailiyyətlərin sovet dövründəkindən dəfələrlə çox olduğunu vurğulayaraq bunun müstəqilliyimizin nailiyyətlərindən biri kimi qiymətləndirmişdir.

Diqqətə çatdırılmışdır ki, Elmin İnkişafı Fondu və Dövlət Neft Fondu tərəfindən elmə vəsaitin artırıldığını vurğulayan alim onlara təqdim olunan layihələrin sayının çoxaldığını, qiymətləndirmə prosesinin obyektiv aparıldığını bildirmişdir. O, bu layihələrin ölkəmizdə texnoparkların yaradılmasına töhfə verəcəyini vurğulayaraq texnoparkların artmasının tədqiqat işlərinin də sayının çoxalmasını təmin edəcəyini diqqətə çatdırmışdır. Fondlarla texnoparkların fəaliyyətlərinin əlaqələndirilməsi nəticəsində elmi potensialımızın kommersiyalaşması prosesi sürətlənəcəkdir ki, bu da gənc nəslin elmə marağını artıracaq və nəhayət, elmimizin, ölkəmizin daha sürətli inkişafı təmin olunacaqdır. Çıxışının sonunda alim hesabat məruzəsinin qənaətbəxş hesab edilməsini təklif etmişdir.

AMEA-nın illik hesabatını müsbət qiymətləndirən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxışında əsasən elm və təhsil əlaqələrindən danışmışdır. Azərbaycanda fəaliyyət göstərən 1800-dək elmlər doktorunun 1200-dən çoxunun ali təhsil müəssisələrində çalışdığını vurğulamışdır. Son illər universitet və akademiya alimləri arasında intensiv əməkdaşlığın olduğunu diqqətə çatdıran A.Məhərrəmov AMEA-nın müvafiq qurumları ilə elmi əməkdaşlıq istiqamətində müqavilələrin imzalandığını, proqramların, layihələrin hazırlanıb həyata keçirildiyi demişdir.

Ötən il beynəlxalq indeksli jurnallarda 575 məqalənin dərc olunduğunu bildirən alim onlardan 146-nın Bakı Dövlət Universitetinin payına düşdüyünü bildirmişdir. Bu rəqəm təhsil müəssisələri arasında 45 faiz təşkil edir. Universitetlərdə elmi maliyyələşməyə yanaşmanın gücləndirilməsinin vacibliyindən danışan alim bu sahədə narahatedici məqamların olduğunu diqqətə çatdırmış, gənc mütəxəssislərin elmə cəlb edilməsinin zəruriliyini vurğulamışdır. A.Məhərrəmov, həmçinin fundamental təbiət, texniki elmlərə diqqətin artırılmasının əhəmiyyətindən danışaraq bu sahədə müəyyən strategiyanın hazırlanmasının vacibliyini qeyd etmişdir.

Son illərdə BDU ilə AMEA arasında əməkdaşlı sahəsində ciddi iş görüldüyünü bildirən rektor hazırda 89 beynəlxalq qrant proqramı üzərində iş aparıldığını demişdir.

Humanitar elmlərə qayğının artırılmasının vacibliyindən danışan akademik Teymur Bünyadov arxeologiya və etnoqrafiya sahəsində ciddi işlərin görüldüyünü diqqətə çatdırmışdır. Bu istiqamətdə dünyanın bir sıra ölkələri ilə yaxından əməkdaşlıq edildiyini bildirən T.Bünyadov dövlətimizin başçısının Sərəncamına əsasən hazırlanmış “Azərbaycan Etnoqrafiyası” üçcildliyinin əhəmiyyətini vurğulamış, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi ilə bağlı Tarix İnstitutunun hazırladığı kitabların əhəmiyyətindən danışmışdır. Qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün böyük işlərin görülməsinin vacibliyindən danışan akademik hesabat məruzəsini qənaətbəxş hesab edilməsini xahiş etmişdir.

Çıxışında elmin əlaqələndirilməsinə toxunan akademik İsmayıl İbrahimov bu məsələnin vacibliyindən danışmışdır. Alim elmin əlaqələndirilməsində konfransların keçirilməsinin, şəxsi əlaqələrin inkişaf etdirilməsinin və bu sahədə mətbuatın imkanlarından geniş istifadə olunmasının vacibliyindən danışmışdır. Respublikamızda müstəqilliyimizin bərpasından ötən 21 il ərzində kibernetika və informatika sahəsində aparılmış işlərin yığılaraq kitab şəklində hazırlandığını bildirmişdir.

İ.İbrahimov ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə çapdan çıxmış həmin kitabı dövlətimizin başçısına çatdırması üçün Prezident Administrasiyasının rəhbərinə təqdim etmişdir. Çıxışının sonunda İ.İbrahimov AMEA-nın prezidenti vəzifəsinə akademik Akif Əlizadənin namizədliyini irəli sürmüşdür.

AMEA-nın son illərdə əldə etdiyi nailiyyətlərin hesabatda əksini tapdığını bildirən akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin elmin inkişafına fəal dəstəyinin Akademiya əməkdaşlarını ciddi tədqiqatlar aparmağa ruhlandırmışdır. Bununla yanaşı, alim dövlət tərəfindən elmə ayrılan vəsaitin daha da artırılmasının, elmi işçilərin sosial şəraitinin yaxşılaşdırılmasının vacibliyini qeyd etmişdir.

AMEA-nın Naxçıvan Bölməsinin fəaliyyəti barədə məlumat verən akademik son illərdə bu sahədə ciddi uğurların əldə olunduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, 2002-ci ildə yaradılmış Naxçıvan Bölməsində hazırda 94 elmi işçi çalışır. Bölmənin əməkdaşları ötən il 670 əsər nəşr etdirmişlər. Bunun təqribən yarısı beynəlxalq indeksli jurnalların payına düşür. Naxçıvan Bölməsində 2006-cı ildə yaradılmış Dissertasiya Şurasında 56 namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. AMEA-nın Naxçıvan Bölməsi bütövlükdə AMEA-nın qarşısında qoyulan vəzifələrə uyğun fəaliyyət göstərir.

Respublikamızda aparılan mühüm elmi-tədqiqatların hesabat məruzəsində əhatəli əks olunduğunu bildirən akademik Vasim Məmmədəliyev ölkəmizdə AMEA ilə yanaşı, ali məktəblərdə də böyük tədqiqat işlərinin aparıldığını demişdir.

Humanitar və İctimai Elmlər Bölməsinin institutlarında kompleks şəkildə böyük işlərin görüldüyünü qeyd edən alim tariximizin tədqiqi baxımından qədim dillərin öyrənilməsinin vacibliyini diqqətə çatdırmışdır. Sevindirici haldır ki, hesabat dövründə doktorantura və aspirantura üzrə bu sahəyə xeyli gənc mütəxəssislər cəlb olunmuşdur. O, bu baxımdan Tarix İnstitutunda görülən işləri təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Gənc mütəxəssislərin elmə cəlb edilməsinin vacibliyindən danışan alim dünyanın nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə əlaqələrin qurulmasının əhəmiyyətini vurğulamışdır.

Akademik Ədilə Namazova da çıxış edərək görülmüş işlərdən danışmış, Akif Əlizadənin namizədliyini dəstəkləmişdir.

Çıxışlardan sonra AMEA-nın prezidenti vəzifəsinə seçkilər olmuşdur.

Gizli səsvermə nəticəsində akademik Akif Əlizadə yekdilliklə AMEA-nın prezidenti seçilmişdir.

AMEA-nın yeni prezidenti, akademik Akif Əlizadə qarşıdakı dövr üçün fəaliyyət proqramı ilə əlaqədar çıxış etmiş, göstərilən yüksək etimadı doğruldacağına söz vermişdir.

Sonra Akademiyanın Rəyasət Heyətinin tərkibi seçilmişdir.

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, digər dövlət və hökumət rəsmiləri, deputatlar iştirak etmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında