Aprelin 24-də “Kempinski Badamdar” mehmanxanasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun “Heydər Əliyevin elmi irsi” ikicildlik kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
Bildirmişdir ki, Professor Zahid Qaralovun yeni çapdan çıxmış “Heydər Əliyevin elmi irsi” kitabı da ulu öndərin yubileyinə sanballı töhfədir. Bu günədək Heydər Əliyev haqqında çoxlu kitablar və monoqrafiyalar yazılmışdır. “Heydər Əliyevin elmi irsi” kitabını fərqləndirən cəhət ondan ibarətdir ki, burada Azərbaycanın yeni tarixində baş vermiş siyasi hadisə və proseslərə sadəcə olaraq xronoloji ardıcıllıqla deyil, elmi nöqteyi-nəzərdən yanaşılmışdır. Kitab Heydər Əliyevin yalnız elimi irsini deyil, həmçinin onun mənəvi, əxlaqi və dövlətçilik irsinin də öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. Müəllif yaradıcı işinə ciddi məsuliyyətlə yanaşaraq ulu öndər Heydər Əliyevin Azərbaycana miras qoyduğu irsə böyük hörmətini təcəssüm etdirmişdir. Bu kitab həm də gənc nəsil üçün dəyərlidir. Dərs vəsaiti kimi istifadə oluna biləcək səviyyədə yazılmış kitab gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaqdır.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev siyasəti Azərbaycanı daha xoşbəxt gələcəyə aparır və buna görə də xalq daim onun xatirəsini ehtiramla yad edəcəkdir. Ziyalılarımız və elm adamlarımız ulu öndərin irsini bundan sonra da araşdıracaq, yeni dəyərli əsərlər yaradacaqlar.
Kitabın müəllifi, professor Zahid Qaralov bildirmişdir ki, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının Sərəncamı ölkə ziyalıları və elm xadimləri tərəfindən sevinclə qarşılanmışdır. Bu dahi şəxsiyyətin yubileyini qeyd etməklə biz dövlətçiliyimizin tarixi ənənəsini yaradırıq. Bu ənənəni gənc nəsil əsrlər boyu davam etdirəcək və gələcəkdə Azərbaycan dövlətinin Heydər Əliyev kimi fenomen bir şəxsiyyətin yaratdığını biləcək, irsini daha dərindən öyrənəcəklər.
Müəllif qeyd etmişdir ki, kitab üzərində işləyərkən bir sıra dünya şöhrətli siyasi xadimlərin həyat və fəaliyyətini nəzərdən keçirmişdir. Lakin ulu öndər Heydər Əliyevi onların heç birinə bənzətməmişdir. Çünki ulu öndərin özünəməxsus iş üslubu, bilik və bacarığı, psixologiyası, hadisələrə yanaşma tərzi var idi. Onun yaradıcı təfəkkürünü təhlil edib elmi nəticələr əldə etmək mümkündür. ümummilli lider Heydər Əliyev çox yüksək səviyyəli humanizmə, mənəvi keyfiyyətlərə malik bir dövlət xadimi idi. Onun heç vaxt şəxsi marağı olmamışdır. Ömrü boyu ictimai və dövlət maraqlarının müdafiəsində dayanmış, xalqın mənafeyini güdmüşdür ki, bu da onun ümummilli lider səviyyəsinə yüksəltmişdir.
Mərasimdə Milli Məclisin deputatı Tahir Rzayev, professorlar Şahlar Əsgərov və Vilayət Əliyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP üzvü Elmira Həsənova və başqaları çıxış edərək kitabın məziyyətlərindən və ulu öndərin siyasi fəaliyyətindən danışmışlar.
Qeyd olunmuşdur ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin ömrü zamana, məkana sığmır. O, bəşəri ideyalara, insanlığa xidmət etdiyi üçün əbədiyaşardır, əsrlərə yol yoldaşı olacaq, dünyanı zaman-zaman dolaşacaqdır.
Allah Heydər Əliyevi özünün ən xoş günündə yaratmışdır. Ona xalqının nicatı, səadəti, xoş günü üçün düşünmək, çalışmaq, qurub-yaratmaq eşqi, qüdrəti vermişdir.
Ulu öndər Heydər Əliyev cismən bizdən ayrılsa da, o, hər an bizə yaxınlaşır, öz ölməz irsi, əməlləri, düşüncələri ilə insanların qəlbinə yol tapır.
Bu ölməz insan haqqında yazılan əsərlər, aparılan tədqiqatlar, ona ucaldılan abidələr, xatirəsini əbədiləşdirən küçələr, xiyabanlar, muzeylər ümummilli liderimizə bəşəri məhəbbətin, ümumxalq ehtiramının ifadəsi olmaqla bir ömrün əbədiyaşarlığına sübutdur.
Çıxışlardan sonra mərasim diskussiya formasında davam etmişdir.
Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, elmi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.