Azərbaycanlı yazıçının əsəri “Avropada ilin kitabı” müsabiqəsinin qalibi oldu

 

 

 

 

 

Soydaşımız  “Taclı Böyük Ulduz ” ordeni ilə təltif olunmuşdur

Ölkəmizin adını beynəlxalq aləmdə uca tutan, milli mədəniyyətimizin dünya miqyasında təbliğinə xüsusi töhfələr verən  istənilən şəxs həmişə yüksək dəyərləndirilib.

 Bu tendensiya son iyirmi  ildə daha böyük vüsət alır. Sevindirici haldır ki,  bu qəbildən olan insanlar fərdi yaradıcılığın bütün sahələrində  vardır. Bu günlərdə həmin nümunələrdən  daha biri ilə tanış olduq.  Qərargahı Almaniyanın  Hannover  şəhərində olan Avropa Təbiyyat Elmləri Akademiyasının internet saytında (www.eanw.org ttp://www.eanw.org)  azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzəyə ünvanlanan  təbriknamə yayılmışdır. Sənəddə deyilir:

“Avropa Təbiyyat Elmləri Akademiyasının akademiki, müasir kəlam məktəbinin banisi, azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin Almaniyada alman və ingilis dillərində nəşr olunan ”Kəlamlar" kitabı beynəlxalq  “Avropada ilin kitabı”  müsabiqəsinin qalibi elan olunmuş və Hacı Fərhad Mirzə “Taclı Böyük Ulduz” ordeni ilə təltif edilmişdir. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş “Kəlamlar” kitabında müasir insanı düşündürən bütün məsələlərə aid çoxsaylı kəlamlar toplanmışdır". ATEA ekspertlərinin və sorğu mütəxəssislərinin fikrincə,  Hacı Fərhad Mirzə Avropa elminin, təhsilinin, mədəniyyətinin və xüsusən, fəlsəfəsinin inkişafına mühüm töhfələr vermiş ünlü Şərq ziyalısıdır. Onun yaradıcılığı öz ölkəsi ilə yanaşı, dünyanın bir çox ölkələrində böyük maraq və diqqətlə qarşılanır.

 Qeyd edək ki, bu kitabın Ankarada - Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Anadolu türkcəsində nəşr olunan variantı Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən seçilmiş “Ruha ilac kitablar” seriyasına qəbul edilmiş və xəstəxanalara paylanmışdır. Kitabın Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər Təşkilatının xəttiylə Rusiya paytaxtında rusca nəşr olunan variantı isə  Ottava (Kanada) və Lvovda (Ukrayna) keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında böyük uğurla nümayiş etdirilmişdir. Azərbaycanlı mütəkəllimin təkcə elmi - dini mövzulara deyil, ümumiyyətlə, bəşəri dəyərlərin hamısına aid olan kəlamları respublikamızla bərabər bir neçə xarici ölkədə böyük maraqla qarşılanmış, oxucuların sevimli kitabına çevrilmişdir. Müəllifə gələn məktublarda məlumat verilir ki, “Kəlamlar” kitabının rusca nəşr olunan variantı Latviya, Belarus, Ukrayna  Gürcüstan və Tacikistanda dövlət başçılarının kitabxanasına qəbul edilmişdir.

 Avropa Təbiyyat Elmləri Akademiyasının saytında soydaşımız haqqında verilən məlumatda bildirilir ki,  1951-ci ildə Bakıda dünyaya gəlmiş, ixtisasca inşaatçı mühəndis olan  Hacı Fərhad Mirzə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu Elmi Şurasının qərarı ilə ədəbi-bədii sahədəki uğurlu yaradıcılığına görə dini-fəlsəfi elmlər doktoru fəxri adına layiq görülüb. O, Azərbaycan, Rusiya Federasiyası və Türkiyə Yazıçılar birliklərinin üzvüdür. Müəllif  2008-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki və fəxri professoru seçilmiş, bu akademiyanın “Qızıl medal”ı ilə təltif olunmuşdur.

Yazıçı-filosof  Hacı Fərhad Mirzə 2009-cu ildə Rusiya  Dilşünaslıq  Akademiyasının   Puşkin adına medalına və Avropa elmi qarşısındakı böyük xidmətlərinə görə Beynəlxalq Təltiflər Şurasının “Şərəf” ordeninə layiq görülmüşdür.

 “Kəlamlar” müəllifi 2009-cu ilin aprelində  Avropa Təbiyyat Elmləri Akademiyasının akademiki seçilmiş və “Senator Ulduzu”ordeni ilə təltif olunmuşdur. Həmin il yazıçı- filosof həmçinin “Böyük Qızıl Rıtsar” ordeninə, eləcə də Qotfrid Leybnis və Fridrix Şiller medallarına layiq görülmüşdür. Həmin il Avropa Təbiyyat Elmləri Akademiyasının zəmanəti ilə Almaniya və Fransa  mərkəzi poçtları Hacı Fərhad Mirzənin adına məxsusi poçt zərfləri və fərdi poçt markaları buraxmışlar. Ötən ilin iyun ayında Türkiyə mətbuatı yazırdı ki,  İstanbulun Lütvi Kirdar Sarayında  böyük filosof-şair Osman Hülusi Darendevinin yaradıcılığına həsr olunmuş Beynəlxalq Simpoziumda Azərbaycanlı alim Hacı Fərhad Mirzənin çıxışını mindən artıq iştirakçı ayaq üstdə dinləmişdir.

Azərbaycanlı müəllif  2010-cu ildə İtaliya İqtisadi və Sosial Elmlər Akademiyasının akademik üzvü  və Roma şəhərinin fəxri alimi seçilmişdir. Onun “Kəlamlar” kitabı Azərbaycan, rus, türk, ingilis, alman dillərində ümumilikdə 50 min tirajdan çox çap olunaraq təmənnasız şəkildə  oxuculara paylanmışdır. Hacı Fərhad Mirzənin yaradıcılığı ölkəmizdə də ziyalılar və böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanır və qiymətləndirilir. Belə ki, onun yaradıcılığına və xeyriyyəçiliyinə  həsr olunmuş poema və şeirlər,  eləcə də “Dərsliknamə” adlı dərin məzmunlu elmi kitab yazılmışdır. Dünya şöhrətli bəstəkar, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun “Min bir kəlam” və “Kəlam gəzir dünyanı” adlı mahnıları  bu ünlü sənətkarın digər mahnıları ilə birlikdə məcmuə şəklində çap olunmuş və diski buraxılmışdır.

Sonda qeyd edək ki,  adı çəkilən akademiyanın Rəyasət Heyətinin və Türk Dünyası Şöbəsinin adından soydaşımızın ünvanına göndərilən təbriki Avropa Təbiyyat Elmləri Akademiyasının prezidenti, akademik  Vladimir Tıminski imzalamışdır. 

 Nadir ŞAHSUVARLI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında