(əvvəli qəzetin 21 aprel 2013-cü il tarixli sayında)
XIX yüzilliyin birinci rübündə çar Rusiyasının Azərbaycanı işğal etməsi və onun ən səfalı və münbit ərazilərində erməniləri kütləvi şəkildə məskunlaşdırması faktı uzun müddət saxtalaşdırılaraq, tarixi torpaqlarımız “böyük Ermənistan”ın bir hissəsi kimi qələmə verilirdi. Ermənilər öz havadarlarının hərtərəfli dəstəyi ilə azərbaycanlıların min illər boyu yaşadıqları ərazidə erməni dövləti yaratmaq üçün fasiləsiz olaraq deportasiya siyasəti yeridir, soyqırımı tətbiq edərək onların torpaqlarını ələ keçirirdilər.
70-ci illərdən Azərbaycana rəhbərlik edən Heydər Əliyev erməni saxtakarlığını ifşa edən azərbaycanlı alimləri müdafiə edərək onların əsərlərinin nəşr edilməsi üçün çox iş gördü. Onun dəstəyi sayəsində ermənilərin Azərbaycana gəlmə olduğunu sübut edən əsərlər nəşr edildi.
Son illərdə ulu öndər xarici ölkələrə çoxsaylı səfərlərində, rəsmi görüşlərində, ən başlıcası isə ATƏT-in Budapeşt, Lissabon, İstanbul zirvə sammitlərində erməni canilərinin mütəmadi surətdə xalqımıza qarşı tətbiq etdikləri təcavüzləri, deportasiyaları, soyqırımları ifşa edərək, onların yaramaz quldur əməllərini dünya ictimaiyyətinə çatdırmışdır.
Həm də ən önəmlisi odur ki, erməni daşnaklarının xalqımıza qarşı törətdikləri terror və milli qırğınlar ilə əlaqədar Prezident Heydər Əliyevin verdiyi fərmanların misilsiz əhəmiyyəti vardır. Həmin fərmanların preambulasında erməni quldurlarının azərbaycanlılara qarşı məqsədyönlü surətdə tətbiq etdikləri soyqırımlar ifşa edilmişdir.
Prezidentin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci ildəki fərmanı xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq və erməni faşistlərinin soydaşlarımıza qarşı törətdikləri cinayətləri, soyqırım aktlarını bütün dünya ictimaiyyətinə çatdırmaq üçün uzun müddət davam edən erməni terrorunun faciələrini ifşa etmək cəhətdən müstəsna əhəmiyyətli sənəddir.
Prezidentin fərmanlarında Azərbaycan tarixçilərinin uzun illərdən bəri tədqiqatlarının nəticəsi ümumiləşdirilmiş formada öz əksini tapmışdır. Heydər Əliyev göstərirdi ki, bu deportasiya və soyqırımlardan yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. 1919-cu və 1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən matəm günü kimi qeyd edilmişdir. Fəqət cümhuriyyətin tezliklə süqutu o dövrdə yaradılan Fövqəladə İstintaq Komissiyasının işini başa çatdırmağa imkan vermədi. Nəticədə uzun illər boyu erməni quldurlarının cinayətləri ört-basdır edilmişdir.
Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən - öz tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı sovet totalitar rejimi şəraitində Mikoyanın təşəbbüsü ilə xalqımıza qarşı törədilən, lakin uzun illər boyu gizli saxlanılan və tarixşünaslıq elmində öz əksini tapmayan çox böyük cinayət aksiyasının üzərindən qara pərdəni götürmüşdür.
Zəngin həyat məktəbi keçmiş siyasətçi kimi Heydər Əliyevin fəaliyyətində xarici ölkələrdəki Azərbaycan diasporunu formalaşdırmaq və birləşdirmək amalı xüsusi yer tutur. 1991-ci ildən başlayaraq onun təşəbbüsü ilə ilk dəfə Naxçıvanda, sonra isə bütün Azərbaycan miqyasında hər il 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü kimi qeyd edilir. Prezident 1993-cü ildən başlayaraq xarici ölkələrə səfərləri zamanı - Fransada, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da, Almaniyada, Ukraynada, Polşada, Rumıniyada, Belçikada, Norveçdə, Bolqarıstanda və digər ölkələrdə azərbaycanlılarla maraqlı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər və lobbiçilik yaratmağa sövq etmişdir.
Həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda vətənlə-doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun belə Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. Ulu öndər vurğulayırdı ki, diasporun yaranması Azərbaycana qarşı məkrli planlar cızan düşmənlərimizlə, ilk növbədə erməni təcavüzkarları ilə mübarizə üçün olduqca vacibdir. Erməni diasporunun, xüsusilə çox güclü sərvət sahibi olan erməni lobbisinin yalan, şər və riyakarlıq üzərində qurulmuş böhtanın ifşa edilməsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin xidmətləri misilsizdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda təntənəli surətdə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dünyanın 36 ölkəsindən mindən artıq nümayəndə, Azərbaycandan isə 1500-dən artıq adam iştirak etdi. Qurultayda Heydər Əliyev böyük nitq söyləyərək dünya azərbaycanlıları qarşısında duran vəzifələri ətraflı əsaslandırdı, nəzərə çatdırdı ki, insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Heydər Əliyev bəyan etdi: “... Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.”
Heydər Əliyev xalqın öz milli dəyərlərini, adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, onları daha da inkişaf etdirib, yaymağı qarşıya məqsəd qoymuşdur. Görkəmli nəzəriyyəçi, natiq, strateq kimi Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqillik dövründə azərbaycançılıq konsepsiyasının əsaslandırılması və bu ideya ətrafında respublikada yaşayan bütün xalqları və etnik qrupları birləşdirmək, onların qarşılıqlı əlaqələrini möhkəmləndirmək üçün məqsədyönlü iş aparmasıdır.
Azərbaycançılıq sivil, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına xidmət edir. Onun məğzini Azərbaycanın siyasi suverenliyini və iqtisadi müstəqilliyini təmin etmək, beynəlxalq imicini yüksəltmək təşkil edir. Azərbaycançılıq bütün dünya azərbaycanlılarının ideologiyasıdır.
Çağdaş dünyamızın ən böyük azərbaycanlısı olan dahi Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir. Onun hakimiyyətə qayıdışından sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın güclənməsi ilə səciyyələnir.
Dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsi, azərbaycançılıq qayəsinin inkişafı sayəsində ulu öndərin başladığı nəhəng işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya Azərbaycanlılarının II və III qurultaylarında Prezident proqram xarakterli konsepsiyalar irəli sürmüşdür. Dünya Azərbaycanlılarının 2011-ci ildə keçirilən III qurultayında İlham Əliyev bəyan etmişdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır. Onlar öz doğma vətənlərinə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir. Hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz-Azərbaycan, bizim bir dilimiz-Azərbaycan dili, bizim bir ideologiyamız-azərbaycançılıq məfkurəsi vardır”.
Dahi lider Heydər Əliyev həm də 9 milyondan çox Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edən gənclərə xüsusi qayğı göstərirdi. Onların nümunəvi hamisi idi. Gənclərlə görüşlərində ulu öndər bizim tariximizə yazılan görkəmli şəxsiyyətlərin, hərbçilərin adlarını çəkir, onların zəngin irsini öyrənməyi tələb edirdi. 1996-cı ilin fevralında keçirilən gənclərin I qurultayında Heydər Əliyevin çıxışı bu mənada proqram əhəmiyyəti kəsb edir.
Heydər Əliyev demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mədəni dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclər bizim tarixi yaxşı bilməlidir. Keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”. Ulu öndər vurğulayırdı ki, milli dəyərlərimizi, milli ənənələrimizi, ələxüsus, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. “Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”.
Böyük vətənpərvər tarixlə dili qoşa qanad hesab edərək, bəyan etdi ki, “öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.” Heydər Əliyev dönə-dönə vurğulayırdı ki, öz ədəbiyyatını bilməyən şəxs, öz tarixini bilməyəcəkdir. Biz tarix elmi vasitəsilə mədəniyyətimizi, milli-mədəni ənənələrimizi öyrənməliyik. Ulu öndər izah edirdi ki, “tariximizin hər mərhələsi bizim üçün qiymətlidir: ən qədim dövr də, orta əsrlər də, son dövr də... iyirminci əsrdə Azərbaycan xalqı bir sıçrayış dövrü keçib”.
YAP-ın I qurultayında Heydər Əliyev demişdir: “Onunla fəxr edirəm ki, tarixdə mən Azərbaycanı bir təbəqə yüksəklərə qaldırmışam”. Azərbaycan xalqı isə respublikanı zirvələrə yüksəldən ulu öndərə öz daimi ehtiram və minnətdarlığını bildirir.
İnsanların tarixi taleyində tarixin həlledici rolundan bəhs edən böyük nəzəriyyəçi 1997-ci ilin yanvarında Fransa Milli Məclisindəki qəbulda demişdi: “Şəxsən mən ümumiyyətlə tarixə, eləcə də öz xalqımın, başqa xalqların tarixinə böyük hörmətlə yanaşıram”. Ulu öndər Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraraq vurğulayırdı ki, xalqımızın tarixi bütün zamanlarda həqiqət və ədalət uğrunda mübarizə tarixi olmuşdur.
İdeologiya sahəsində buraxılan elmi-nəzəri səhvlərin aradan qaldırılması, istiqlal hərəkatında böyük xidmətləri olan milli siyasi partiyalara və şəxsiyyətlərə düzgün obyektiv qiymət verilməsi Heydər Əliyevin fəaliyyətində mühüm yer tutur.
Keçən əsrin 90-cı illərinin əvvəllərində xalq hərəkatı dalğalarında ortaya çıxan AXC-Müsavat cütlüyü daxili və xarici siyasət, ideologiya sahəsində ciddi səhvlərə yol verdi. Xalqımızın milli mənlik şüurunun inkişafında xüsusi rol oynayan A.A. Bakıxanovun, Mirzə Kazımbəyin, M.F.Axundovun və b. çar idarələrində işləmələri bəhanə edilərək onların elmi-mədəni irsinə əsassız hücumlar oldu. İstiqlal hərəkatımızda böyük rol oynayan “Hümmət”, “Qeyrət”, “Difai”, “Müdafiə” partiyalarının rolu inkar edildi.
Məhz Heydər Əliyevin əsər və nitqlərində belə səhvlərə son qoyulmuş, milli dirçəliş, milli oyanış şüurunun inkşafında onların və digər mədəni-maarif təşkilatlarının xidmətlərinə yüksək qiymət verilmişdir.
Xalq cəbhəsinin naşı ideoloqları demokratiyanı hərc-mərclik kimi qəbul edərək xalqımızın keçdiyi çətin, həm də şərəfli yolu təkzib edirdilər. Azərbaycan xalqının İkinci Dünya müharibəsində iştirakı məsələsində sanki xalqımızın qəddar düşməni, satqın M.Qorbaçovla həmfikir idilər. Qorbaçov bu müharibədə qaliblərin və məğlubların olmaması kimi sərsəm fikirlər söyləyib, həlak olan 27 milyon sovet adamının ruhuna ləkə saldı. Onu dəstəkləyən cəbhəçilər deyirdilər ki, vətən müharibəsi olmamışdır, faşistlər Azərbaycanı işğal etsələr daha sərfəli olardı.
Bu dönüklər dərhal 9 May Qələbə gününü ləğv etdilər, elə mühit yaratdılar ki, veteranlar danışmağa utanır, çəkinirdilər. Onlara irad tuturdular ki, siz Azərbaycanı deyil, imperiyanı müdafiə etmisiniz.
Həmin vaxtlar Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyev veteranları toplayıb onlara ürək-dirək verdi. Azərbaycan Prezidenti olarkən onun ilk fərmanlarından biri 9 Mayın Qələbə günü kimi qeyd edilməsi oldu. Vaxtaşırı veteranlarla görüşlər, onlara maddi və mənəvi yardım edilməsi, Azərbaycan xalqının müharibədəki tarixi şücaəti ilə bağlı əsərlərin çap edilməsi Heydər Əliyev şəxsiyyətinin ucalığına misaldır.
Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana tanıdan Heydər Əliyevin böyük şəxsiyyət və nüfuz sahibi kimi dünyanın bir çox ölkələrinə səfərləri, uzaqgörən taktiki və strateji siyasi gedişləri, proqram xarakterli dərin məzmunlu nitqləri hər bir azərbaycanlının qəlbində qürur hissi doğurur. Tarix elmi üzrə problemlərin yeni təfəkkür baxımından açıqlanması, eyni zamanda indiki dövrlə keçmişin varisliyinin qorunub saxlanması onun əsər və nitqlərinin əsas qayəsini təşkil edir. Heydər Əliyev yazırdı: “Varislik həmişə böyük məsuliyyət demək olmuşdur. Biz tarixdən ibrət götürməliyik”.
Zirvədə dayanıb uzağı görmək, müdriklik, təmkinlik, dəyanət Heydər Əliyevin başlıca xüsusiyyətidir. Məşhur qədim Çin alimi Sun Tszinin qiymətli kəlamı var: “Hər şeyi götür-qoy etmədən döyüşə atılan adamın qalib gəlmək ehtimalı cüzidir”. Hadisələri qabaqlamaq, onun önündə getmək sayəsində o dünyanın ən nüfuzlu liderlərindən birinə çevrilmişdir.
Azad sözün, azad fikrin qarantı kimi Heydər Əliyev tarixçilərin, yaradıcı ziyalıların etibarlı dostu olmuş, çoxsahəli elmi-intellektual fəaliyyəti ilə Azərbaycan tarix elmini zənginləşdirmiş, onun başlıca problemləri ilə bağlı konseptual fikirlər söyləmişdir. Ulu rəhbər dəfələrlə nəzərə çatdırırdı ki, “Tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. Ona görə də biz indi xalqımızın tarixinin yazılması işini gərək diqqət mərkəzinə alaq”.
Heydər Əliyev tarixi qaynaqların və sənədlərin toplanması və araşdırılmasına müstəsna diqqət yetirmişdir. 2 dekabr 2002-ci ildə onun “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” fərmanı arxiv işinin yaxşılaşdırılmasında əvəzsiz rol oynadı. Son dövrdə bir çox arxiv sənədlərinin nəşr olunub geniş ictimaiyyətə çatdırılması xalqda tarixi biliklərin artması, onun fəal həyat mövqeyi tutması işində müsbət rol oynamışdır.
Ümummilli liderimiz Heydər Əliyev tarixçi alimlər qarşısında fundamental “Azərbaycan tarixi”nin yazılması kimi məsul vəzifə qoymuşdu. Respublikanın görkəmli tarixçi alimləri bu işin öhdəsindən layiqincə gəldilər. Onun sağlığında 7 cildlik Azərbaycan tarixi nəşr edilərək oxucuların istifadəsinə verildi.
Ulu öndər Azərbaycan tarixinin çox mühüm dövrü olan XIX və XX yüzilliklərin tarixinin əhatəli tədqiqi və nəşri üçün xüsusi qrant ayırmışdı. Alimlərimiz onun tapşırığını layiqincə yerinə yetirdilər.
Nadir siyasi istedada, genişmiqyaslı dünyagörüşünə malik olan Heydər Əliyev çağdaş Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də “Vətən tarixi” elminin dahi nəzəriyyəçisi idi. O, öz gərgin və çoxşaxəli elmi-intellektual fəaliyyəti ilə tarix elmini zənginləşdirmiş, onun başlıca istiqamətləri və qarşıda duran vəzifələrlə bağlı konseptual fikirlər söyləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam ulu öndər Heydər Əliyevin Vətən elmi qarşısında qoyduğu vəzifələrin həlli işində mühüm əhəmiyyətə malikdir. Prezidentin elmin inkişafı üzrə əsaslandırdığı milli strategiyanın həyata keçirilməsi ziyalılarımızın şərəfli vəzifəsidir.
Xəlil KÖÇƏRLİ,
tarix elmləri doktoru, professor,
respublikanın əməkdar müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.