Tarix elmimizin böyük himayədarı

 

 

 

 

Heydər Əliyev görkəmli siyasi xadim və dövlət xadimi olmaqla yanaşı, həm də tarix, fəlsəfə, ədəbiyyat və incəsənətin çox gözəl və dərindən bilicisi, vətən elminin, mədəniyyətinin hərtərəfli himayədarı idi. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha, dərin fəlsəfi düşüncə tərzinə və möhkəm tarixi yaddaşa malik olan bu dahi şəxsiyyətin bütün fəaliyyəti doğma və sevimli xalqına sədaqətlə xidmətin parlaq təcəssümüdür.

Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etdi. Keçən yüzilliyin son qərinəsindən başlayaraq çağdaş günlərimizədək Azərbaycanın bütün uğurları, istər sosial-iqtisadi inkişaf, istərsə də təhsil, elm və mədəniyyətin tərəqqisi böyük öndərin əsaslandırdığı strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir. Xüsusilə belə bir cəhəti vurğulamaq vacibdir ki, onun layiqli varisi, yeni əsrin yeni lideri, Prezident İlham Əliyevin böyük təşkilatçılıq fəaliyyəti sayəsində son 10 ildə respublikanın iqtisadi potensialı dəfələrlə artmış, onun beynəlxalq imici yüksəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamda deyilir ki, ölkəmizdə müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı dahi Heydər Əliyevin adı ilə bağlıdır.

Öz yurdunun, doğma torpağının qızğın təəssübkeşi olan böyük azərbaycanlı Heydər Əliyev vaxtilə dövlət təhlükəsizlik orqanında işləməsinə baxmayaraq ikinci ixtisas kimi tarixi seçmiş, Bakı Dövlət Universitetinin tarix fakültəsini qırmızı diplomla bitirmişdir. Belə bir seçimin başlıca səbəbi Heydər Əliyevin xalqımızın zəngin və qəhrəmanlıqla dolu tarixinə boyük sevgi bəsləməsi, onun həyatında baş verən hadisələrin incəliyə qədər hərtərəfli öyrənilməsinə səy göstərməsi idi. Ulu öndər demişdir: “Bizim xalqımızın böyük tarixi qəhrəmanlıq səhifələri ilə dolu olan tarixi məlumdur. ...Əsrlər boyu dəfələrlə xalqımız yadelli qəsbkarla üzləşib, qarşılaşıb və dəfələrlə döyüşə qalxıb, torpaqlarımızı müdafiə edib, öz milli mənliyini qoruyub saxlaya bilibdir”.

Zəngin və dərin tarixi, fəlsəfi biliyə malik olan Heydər Əliyev vətən tariximizin düzgün araşdırılması və təbliğ olunmasına, onun bütün səhifələrinin təhriflərdən təmizlənməsinə böyük diqqət yetirmişdir. Azərbaycan tarix elminin metodoloji əsaslarının müəyyənləşdirilməsi, çox dəyərli ümumiləşdirmələr edilməsi sahəsində onun xidmətləri misilsizdir.

Azərbaycan alimləri və tarixçiləri ilə sıx əlaqə saxlayan və görüşlər keçirən ulu öndər çoxcildli “Azərbaycan tarixi”, “Azərbaycan şəhərlərinin tarixi”, “Azərbaycan xanlıqlarının tarixi”, “Azərbaycan xalqının hərbi tarixi” kimi fundamental əsərlərin, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini işıqlandıran monoqrafiyaların nəşr edilməsini qarşıya qoymuşdu. Məmnunluq hissi ilə qeyd etməliyik ki, onun bu tövsiyəsi uğurla həyata keçirilmişdir. 2012-ci ildə Prezident İlham Əliyevin tarixçilərin bir qrupuna Dövlət Mükafatı Laureatı fəxri adları verməsi də ümummilli liderə bir daha ehtiram göstərilməsinin nümunəsidir.

Ulu öndər hakimiyyətə gəldiyi 1969-cu ildə Azərbaycan xalqının taleyində mühüm rol oynamış görkəmli yazıçı, dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 100 illiyini geniş qeyd etmək barədə sərəncam imzaladı. Bununla əlaqədar “Pravda” qəzetində çap etdirdiyi məqaləsində totalitar sovet rejimi şəraitində Nərimanovun haqsız hücumlara məruz qalması, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı, mərkəzin antiazərbaycan siyasətinə qarşı cəsarətlə mübarizə apardığını nəzərə çatdırdı.

1970-ci ildə N.Nərimanovun ev-muzeyinin açılması və ona əzəmətli abidələrin ucaldılması, əsərlərinin çap edilməsi və onun barəsində çoxsaylı monoqrafiyaların nəşri sahəsində görülən işlər ulu öndərin təkcə Nərimanova deyil, həm də Azərbaycanın bir çox tarixi şəxsiyyətlərinə bəslədiyi ehtiramın nəticəsidir.

Heydər Əliyevi Azərbaycan tarix elminin banisi və himayəçisi adlandıranlar tam haqlıdırlar. Onun bütün nitq və yazılarında tarix elminin ən aktual problemlərinin tədqiqi qarşıya qoyulurdu. O, dəfələrlə M.K.Atatürkün belə bir fikrinə diqqəti cəlb edirdi: Tarixi yazmaq onu yaratmaqdan daha çətindir. Tarix elm olmaqla heç bir təhrifə və ideyalaşdırmaya məruz qalmamalıdır.

Ulu Tanrı Heydər Əliyevə fenomen bilik və möhkəm yaddaş bəxş etmişdi. O, ən mötəbər beynəlxalq konfranslarda və toplantılarda heç bir mətndən istifadə etmədən məzmunlu nitq söyləmək, dinləyiciləri sehirləmək qabiliyyətinə malik şəxsiyyət idi. Ulu öndər “tarix nəsillərin varisliyi, onların bir-birini əvəz etməsi deməkdir” konsepsiyasını əsas götürərək çağdaş hadisələri keçmişdə baş verənlərlə əlaqələndirmək, düzgün nəticələr çıxarmaq qabiliyyətinə malik idi.

Ulu öndərin “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı xalqa müraciəti tarix elminə böyük və qiymətli töhfədir. Heydər Əliyev həmin müraciətində Azərbaycanın qədim sivilizasiyanın mərkəzlərindən biri olduğunu, xalqımızın beş min ildən artıq dövlətçilik tarixinə malik olmasını nəzərə çatdırır. Həm də tarix və müasirlik arasında sıx və qırılmaz vəhdət olduğunu əsaslandırır. Keçmişdə baş vermiş hadisələr heç də tamamilə keçmişdə qalmayıb, müasir həyatın strukturuna daxil olaraq onu istiqamətləndirir. Heydər Əliyev vurğulayır: “Tarix heç nəyi silmir”, “Tariximiz bizim üçün dərs olmalıdır”. Ulu öndər eyni zamanda tarixin həm də çağdaş proseslərin iştirakçısı kimi nəzərə alınmasını tövsiyə edir. Ümummilli lider göstərir: “Xalq gərək daim öz kökünü xatırlasın, belə ki, indi atılan hər hansı bir addım ölkənin inkişaf meyllərinə zidd olarsa, uğur gətirə bilməz”.

Xalqımızın tarixi keçmişinə, çağdaş dövrə konseptual qiymət verən, zəngin mənəvi dəyərlərimizi ümumiləşdirən, milli ideyaları təcəssüm etdirən proqram səciyyəli həmin sənəd tarixçilərimiz, habelə, bütün icimaiyyətşünas alimlər qarşısında məsul vəzifələr qoydu. Xalqın tarixini dərindən bilən, onun ənənələrinə ehtiramla yanaşan ulu öndərin həmvətənlərinə həmişə “tariximizi, tarixi ənənələrimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə qura bilmərik” tövsiyəsi xüsusi aktuallıq kəsb edir. Bir daha yəqin edirsən ki, tarixi ənənəyə xor baxmaq işə ziyan vurur. Tarixi şəxsiyyət və lider kimi bu ideyanın həyata keçirilməsi üçün o, nəhəng işlər gördü.

42 il öncə - 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun, indiki N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin 50 illik yubileyi münasibətilə təntənəli yığıncaqda MK-nın birinci katibi kimi onun iştirak etməsi və tarixi çıxışı professor-müəllim və tələbələrin hafizəsində silinməz izlər qoydu. Ulu öndərin göstərişi ilə o vaxt dəbdə olan siyahı üzrə çıxışlara yol verilmədi. Cəmiyyəti düşündürən təhsil, elm məsələlərinin müzakirəsinə prioritet diqqət yetirildi.

Yığıncaqda Azərbaycan tarixinin və Azərbaycan dilinin tədrisinə xüsusi yer və diqqət yetirilməsinin zəruriliyi vurğulandı. Misal gətirildi ki, Azərbaycan ərazisində yerləşdirilən və uzun əsrlər boyu vətən ərazisi və dövləti olmayan ermənilərin tarixinə 150 saat ayrıldığı halda, bizim respublikada Azərbaycan tarixinə cəmi 40 saat verilmişdir. Ali məktəblərdə vəziyyət daha acınacaqlıdır, indiyə kimi Azərbaycan tarixi kafedraları və dərsliklər mövcud deyil, vətən tarixi fakültətiv fənn kimi tədris edilir.

Heydər Əliyev yığıncaqda proqram xarakterli nitq söyləyib, elm, təhsil sahəsindəki nöqsanları təhlil etdi, vətən tarixinin və Azərbaycan dilinin tədrisinə, dərsliklər və proqramlar nəşr edilməsinə xüsusi diqqət yetirməyi vacib saydı. Onun tapşırığı ilə ali və orta məktəblərdə Azərbaycan tarixinin tədrisi kökündən yaxşılaşdırıldı, saatların miqdarı artırıldı, dərsliklər və dərs vəsaitləri nəşr edilməyə başlandı.

Heydər Əliyevin yeni - XXI əsr münasibətilə xalqımıza müraciətində, bir çox nitq və sərəncamlarında Azərbaycan dövlətinin keçdiyi tarixi inkişaf yolunun mərhələləri təhlil edilmiş, milli tarixi proseslərin səciyyəvi xüsusiyyətləri işıqlandırılmışdır. Akademik R.Mehdiyevin redaktorluğu ilə nəşr edilən ulu öndərin “Müstəqilliyimiz əbədidir” adlı çoxcildlik monumental külliyyatı, habelə, digər əsərləri Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbə olmaqla ziyalılarımızın masaüstü kitabına çevrilib.

Ulu öndər xalqımızın keçdiyi inkişaf yolundan bəhs edərək göstərir ki, “XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaranmasıdır”. O, düzgün əsaslandırır ki, XX yüzillikdən başlanan milli dirçəliş, milli oyanış, milli ruhun canlanması istiqlal hərəkatının uğurla başa çatmasına, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına səbəb oldu.

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin, cümhuriyyət xadimlərinin fəaliyyətini yüksək dəyərləndirmiş, 1991-ci ildə yaradılan Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu vurğulamışdır. Onun cümhuriyyətin 80 illiyi ilə əlaqədar imzaladığı sərəncamda deyilir: “AXC gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır... Onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələlərimizin bərpası işində böyük rol oynamışdır”.

Heydər Əliyev 70 il hökm sürən sovet totalitar rejiminin Azərbaycana vurduğu ağır zərbədən bəhs edərək vurğulayır ki, bu illərdə heç bir əsas olmadan Azərbaycanın əzəli tarixi torpaqları mərkəzin təzyiqi ilə Ermənistana qatılmışdır. “Azərbaycan qədər heç bir müttəfiq respublika başqa müttəfiq respublikanın təcavüzünə məruz qalmayıb”.

Dağlıq Qarabağ problemi pərdəsi altında Ermənistanın 1988-ci ildən bəri Azərbaycana qarşı hərbi təcavüzündən, o zamankı Azərbaycan başçılarının səriştəsiz rəhbərliyindən bəhs edən Heydər Əliyev düzgün olaraq nəzərə çatdırır: “Əgər Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları dururdusa, digər qütbündə, nə qədər acı olsa da, bunu etiraf etmək lazımdır, bizim bəzi siyasətçilərimizin səriştəsizliyi, hakimiyyət hərisliyi, hədsiz-hüdudsuz şəxsi ambisiyaları durur”.

(ardı var)

Xəlil KÖÇƏRLİ,
tarix elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında