Gəncədə Müstəqil Dövlətlər Birliyi ölkələri aparıcı aqrar ali təhsil müəssisələri rektorlar şurasının növbəti iclası işə başlamışdır

 

 

Gəncədə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri aparıcı aqrar ali təhsil müəssisələri rektorlarının növbəti şura iclası işə başlamışdır.

AzərTAc xəbər verir ki, şuranın fəaliyyətə başlamasının 10 illiyi ərəfəsində keçirilən tədbir həm də ulu öndər Heydər Əliyevin 90 illik yubileyi günlərinə təsadüf etmişdir. Bununla əlaqədar iştirakçılar əvvəlcə dahi şəxsiyyətin şəhər mərkəzindəki abidəsini ziyarət etmiş, ehtiramlarını bildirərək abidə önünə gül dəstələri düzmüşlər. Sonra tədbir “RAMADA plaza” otelində davam etdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə təşkil olunmuş tədbiri Gəncə ŞİH-in başçısı Elmar Vəliyev açaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin aqrar sektorunda qazanılan uğurlardan, eləcə də Prezident İlham Əliyevin bu nailiyyətlərin artırılması üçün həyata keçirdiyi məqsədyönlü işlərdən danışmışdır.

Sonra kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edərək ölkədə aqrar sahəni milli kadrlarla təmin edən yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin keçdiyi şərəfli yoldan söhbət açmış, dünyanın ərzaq böhranı ilə üzləşdiyi bir ərəfədə dövlətimizin başçısının bu problemin qarşısının alınması üçün gördüyü işləri iştirakçıların diqqətinə çatdırmışdır.

MDB ölkələri aparıcı ali təhsil müəssisələrinin rektorlar şurasının sədri, Rusiya Dövlət Aqrar Universitetinin rektoru, professor Vladimir Bautin 2003-cü ilin aprel ayında yaradılmış və bu il 10 yaşı tamam olan qurumun fəaliyyətindən, qazandığı uğurlardan, eləcə də qarşıda duran vəzifələrdən danışmışdır. Şuranın sədri növbəti iclasın Azərbaycanda, qədim Gəncədə keçirilməsini, tədbirin görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə adlandırmış və uzun illər yadda qalacağına əminlik ifadə etmişdir.

Sonra  Vladimir Bautin aqrar bölmənin inkişaf etdirilməsində, dünya ərzaq təhlükəsizliyinə qarşı həyata keçirilən tədbirlərdə fəal iştiraklarına görə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasova, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi İbrahim Cəfərova rektorlar şurasının “Aqrar elminin və təhsilinin inkişafında göstərdikləri xidmətlərə görə” medalını təqdim etmişdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi, keçdiyi şərəfli yol və dünya aqrar elminə verdiyi töhfələrdən bəhs edən filmin nümayişindən sonra universitetin rektor əvəzi, professor İbrahim Cəfərov çıxış edərək son illər bu ali təhsil müəssisəsində aparılan yenidənqurma işlərindən, dünya təhsil sisteminə inteqrasiyası nəticəsində qazanılan uğurlardan danışmışdır.

Rektorlar şurasının Gəncədə keçirilən ilk iclasından sonra qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, universitetin tədris bazası ilə yaxından tanış olmuşlar. 

Rusiya, Belarus, Tacikistan, Ukrayna, Moldova, Qazaxıstan və digər ölkələrin aqrar universitetləri rektorlarının iştirakı ilə 3 gün davam edəcək iclasın iştirakçıları həm də Gəncənin bir sıra tarixi və görməli yerlərini gəzəcək, aqrar sahədə fəaliyyət göstərən müəssisələrdə olacaqlar.

Aprelin 19-da işini davam etdirəcək iclasda Rusiya Dövlət Aqrar Universitetinin prorektoru Sergey Qarnik, Qazaxıstanın Kustanay Mühəndis İqtisad Universitetinin rektoru Sabit İsmuradov, Ukrayna Milli Bioresurslar və Təbiətdən İstifadə Universitetinin rektoru Dimitri Melniçuk, Tacikistan Aqrar Universitetinin rektoru İzzatulla Sattori, Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının prorektoru Pavel Saskeviç və başqaları məruzələrlə çıxış edəcəklər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında