Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, aprelin 14-dən 18-dək Azərbaycan Ədliyyə Akademiyasının dəvəti ilə Türkiyə Ali Məhkəməsinin və Ədliyyə Akademiyası idarə heyətinin üzvü, Yüksək Seçki Qurumunun sədri Sadri Güvənin başçılığı ilə hakimlər, prokurorlar və hüquqşünas alimlərdən ibarət 12 nəfərlik nümayəndə heyəti respublikamızda səfərdə olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anmış, Şəhidlər Xiyabanını və türk əsgərinin məzarını ziyarət etmişdir.
Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyəti ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin dinamik inkişafını qeyd edən nazir iki ölkənin ədliyyə nazirlikləri arasında əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla vurğulamış, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarından, o cümlədən hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimindən danışmış, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə son illər 160-a yaxın hakimliyə namizədin Türkiyədə yarım aylıq nəzəri və praktiki təlimlər keçdiyini bildirmişdir.
Azərbaycanda özlərini doğma Vətənindəki kimi hiss etdiklərini vurğulayan qonaqlar ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiklərini söyləmiş, məhkəmə hüquq sistemində aparılan islahatları, əldə olunan nailiyyətləri yüksək qiymətləndirmişlər.
Ədliyyə nazirinin müavini Azər Cəfərovla keçirilən görüşdə türkiyəli qonaqlar ölkəmizə səfərdən məmnunluqlarını ifadə etmiş, ədliyyə akademiyaları arasında səmərəli qarşılıqlı fəaliyyət çərçivəsində birgə tədbirlərin həyata keçirildiyini, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulamış, əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını söyləmişlər.
Söhbət zamanı ədliyyə orqanları arasında əməkdaşlığın inkişafına dair faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.
Səfər çərçivəsində, Ədliyyə Akademiyasında Türkiyə və Azərbaycan alimlərinin birgə hazırladıqları türkcə-azərbaycanca hüquqi terminoloji izahlı lüğətin təqdimat mərasimi keçirilmişdir.
Türkiyəli qonaqların, Ədliyyə Akademiyasının, Bakı Dövlət Universitetinin nümayəndələrinin, hüquqşünasların və bir sıra tanınmış filoloqların iştirak etdiyi mərasimdə müəllifi Ankara Universitetinin professoru Əjdər Yılmaz olan izahlı lüğətin türk və Azərbaycan hüquq ədəbiyyatının öyrənilməsi baxımından hüquqşünas alimlər və hüquq fakültəsinin tələbələri üçün mühüm vəsaitə çevriləcəyi qeyd olunmuşdur.
Bildirilmişdir ki, on səkkiz minə yaxın sözü əhatə edən izahlı lüğət hüquq terminlərinin daha dəqiq anlaşılması məqsədilə hazırlanmışdır. Gələcəkdə azərbaycanca-türkcə izahlı lüğətin hazırlanması da nəzərdə tutulmuşdur.
Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində, Baş Prokurorluqda və Bakı Dövlət Universitetində, eləcə də Qafqaz Universitetində görüşlər keçirmişlər.
Qonaqlar ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatlara böyük maraq göstərərək apelyasiya və birinci instansiya məhkəmələrində olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yeni müasir binasında yaradılmış yüksək şəraiti, inzibati və ictimai zonaya bölünməsi kimi konseptual yenilikləri, İKT-lərin geniş tətbiqini təqdir etmiş, hakimlərin fəaliyyəti ilə maraqlanmış, təcrübə mübadiləsi aparılmışdır.
Tədris kursu keçən hakimliyə namizədlərlə görüşdə türkiyəli hüquqşünasların xüsusi hazırladığı vəsaitin təqdimatı olmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.