Aprelin 18-də Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist, əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyinin təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunun təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, yazıçılar, jurnalistlər iştirak etmişlər.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirmişdir ki, kitabın təqdimatının ulu öndərin 90 illik yubileyi ərəfəsində keçirilməsi xüsusi önəm daşıyır. Bildirilmişdir ki, Elmira Axundovanın gərgin əməyinin nəticəsi olaraq ərsəyə gələn bu əsərdə ümummilli lider Heydər Əliyevin fenomenal şəxsiyyəti, onun zəngin və çoxşaxəli həyat və fəaliyyəti ilə bağlı olduqca maraqlı məlumatlar yer almışdır. Ümummilli liderin irsinin araşdırılmasında və təbliğində bu əsərin çox böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Sonra kitabın ön sözünün və sözardının müəllifi, görkəmli siyasi və ictimai xadim, Qazaxıstanın UNESCO-dakı nümayəndəsi Oljas Süleymenovun təbrik məktubu oxunmuşdur. Məktubda Elmira Axundovanın bu əsərinin həm indiki, həm də gələcək nəsillərin ömrünü öz xalqının tərəqqisi və inkişafına həsr etmiş, yorulmadan Azərbaycanın xoş gələcəyi naminə çalışmış ulu öndər Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini yaxından öyrənmələri baxımından zəngin mənbə olduğu diqqətə çatdırılmışdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirmişdir ki, böyük zəhmət hesabına ərsəyə gələn bu dəyərli əsər çox əhəmiyyətli tarixi mənbədir. Bildirilmişdir ki, altıcildlikdə Azərbaycanın və bütövlükdə Sovet İttifaqı tarixinin böyük bir dövrü əhatə olunmuşdur. Əsərin baş qəhrəmanı müasir müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu və xilaskarı ulu öndər Heydər Əliyev, onun mürəkkəb və şərəfli həyat yolu, eləcə də ümummilli liderin yaşadığı və çalışdığı zamandır. Bildirilmişdir ki, bu əsərin yazılması üçün müəllif Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvləri, Azərbaycanın tanımış siyasi xadimləri, ziyalıları ilə görüşmüş, onlardan aldığı məlumatları sistemləşdirmiş, çoxsaylı arxiv sənədlərini araşdırmışdır. Bütün bunlar isə gərgin əmək tələb edir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən, akademik Akif Əlizadə bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixində görkəmli yer tutmuş siyasi xadimlərdən biridir. Ulu öndər haqqında çoxsaylı kitabların yazıldığını qeyd edən akademik ümummilli liderin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyi ulu öndərin öz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə zamanı əyilməyə məcbur etməsinin açıqlaması baxımından önəmli bir araşdırmadır.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla keçmişlə gələcəyi özündə birləşdirən və fədakar əməyin nəticəsi olan bu əsərin oxucuların, xüsusilə də gənc nəslin ulu öndər Heydər Əliyevi həm dahi şəxsiyyət, böyük siyasi lider, həm də sadə bir insan kimi dərindən öyrənməsi baxımından əhəmiyyətini vurğulamışdır.
Milli Məclisin deputatı, professor Musa Qasımlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, əməkdar incəsənət Xadimi, yazıçı Natiq Rəsulzadə, kitabın redaktoru, əməkdar jurnalist Elmira Əliyeva çıxış edərək bildirmişlər ki, bu əsərin coğrafiyası təkcə Azərbaycan ilə məhdudlaşmır, həm də Sovet İttifaqının böyük bir dövrünü əhatə edir. Bildirilmişdir ki, hər hansı tarixi şəxsiyyət zaman və məkan çərçivəsində fəaliyyət göstərir. Zaman və məkandan kənar tarix və tarixi şəxsiyyət yoxdur. Lakin həyatda öz düşüncələri ilə zamanı aşan, hətta yüz illəri qabaqcadan görmək qabiliyyətinə malik olan dahilər də vardır. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində məhz belə bir dahi şəxsiyyətdir. Sözügedən kitabın ana xəttini də bu amil təşkil edir.
Çıxışlarda bildirilmişdir ki, bu əsər həm də ümummilli lider haqqında yazılacaq bütün kitablar, məqalələr üçün çox gözəl bir mənbə olacaqdır. Əsərdən çıxan nəticə bundan ibarətdir ki, Azərbaycanın güclü, çiçəklənən bir dövlət olması üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edilmişdir ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizdə demokratik dövlət quruculuğuna həsr etmişdir. Natiqlər altıcildliyin xarici dillərə də tərcümə edilməsinin vacibliyini vurğulamışlar.
“Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyinin müəllifi Elmira Axundova demişdir ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti, onun fenomenal şəxsiyyəti, qeyri-adi taleyi əsərin böyük uğur qazanmasının əsas səbəblərindəndir. Elmira Axundova altıcildliyin ərsəyə gəlməsində ona kömək edənlərə təşəkkürünü bildirmişdir.
“Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik roman-tədqiqatı ulu öndərin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbətlər, tanınmış ictimai-siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Prezidentinin arxivlərindəki sənədlər əsasında yazılmışdır. Dərin təhlil və müəllif şərhləri ilə müşayiət olunan kitab indiyədək çox az məlum olan faktlar, məxsusi informasiyalarla zəngindir. Həm Azərbaycanda, həm də respublika hüdudlarından kənarda geniş oxucu auditoriyasının böyük marağına səbəb olan altıcildlik 2012-ci ilin sonlarında yekunlaşmışdır. Kitabın ilk dörd cildinin təqdimatı isə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada keçirilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.