Dahiyə layiq kitab

 

 

 

 

Bütün dahilər kimi Heydər Əliyev də həyatı və fəaliyyəti ilə yalnız öz dövrünün və millətinin oğlu deyildi, gördükləri işlərin miqyası, dünya siyasətinə təsiri və müdaxiləsilə daha geniş areala çıxaraq bəşəriyyətə mənsub olmuşdur.

Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından əvvəl də - yəni Azərbaycandakı birinci dövr rəhbərliyində də, sonralar SSRİ deyilən dünyanın ən böyük dövlətinin başında duranlardan biri olarkən də Onun nəhəng və geniş ölçülü rəhbərlik qabiliyyəti, dəmir intizama və səmərəliliyə söykənən idarəçiliyi də, yüksək intellekti və natiqlik qabiliyyəti də bu insanın qeyri-adi hakimiyyət ustası olduğunu zaman-zaman təsdiq edirdi. Ona tapşırılan hər bir işi yüksək səviyyədə görür, yolunun üstünə dığırlanan kötükləri qətiyyətlə dəf edir, işini gözdən salmaq üçün qurulan tələlərdən məharətlə adlayırdı. Siyasət “oyununda” və həyat mübarizəsində o heç vaxt uduzmadı. Çalışdığı bütün sahələrdə misilsiz nailiyyətlər qazandı. Hələ sağlığında ikən yalnız SSRİ-də deyil, bütün dünyada nadir siyasətçi, unikal dövlət xadimi kimi tanınır, sayılır, onunla hesablaşılırdı. Kreml rəhbərliyi tərəfindən Ona tapşırılan bütün çətin və dolaşıq işləri (Novorossiyskdə qəzaya uğrayan gəminin təhqiqatı, BAM-ın tikintisindəki ləngimələr, yeyintilər və əyintilər və s.) yüksək bacarıqla həll edərək nə qədər dərin biliyə, işgüzarlığa, məntiqə, analizetmə və düzgün qərarlar qəbul etmədə qabiliyyətli insan olduğunu sübut etdi. Heydər Əliyevin “əlini buladığı” hər hansı iş “çiy” çıxmadı. Bu peşəkarlığı, özündən sonra heç vaxt iz buraxmaması Onun düşmənlərini həmişə pərt edir, qısqandırır, eyni zamanda Heydər Əliyev fenomeninə hörmət hissilə yanaşmağa məcbur edirdi.

Bu sadaladıqlarım və qeyd etmədiyim bir çox məqamlar tanınmış yazıçı-publisist-jurnalist, MM-in deputatı, Heydər Əliyevi həm Azərbaycandakı, həm Moskvadakı, eyni zamanda 1990-2003-cü illərdəki Naxçıvan və Bakı dövrünü həmişə ardıcıl şəkildə izləyən Elmira Axundovanın Azərbaycanda roman-tədqiqat janrında yazılan ilk çoxcildlik kitabında parlaq və mükəmməl şəkildə əks etdirilmişdir.

Elmira Axundova ulu öndərin sevdiyi, istedadını qiymətləndirdiyi jurnalistlərdən biri olub. Şəxsən mən dediklərimi iki böyük tarixi səfərdə müşahidə etmişəm: Çin (7-11 mart 1994) və Amerika (25 iyul-7 avqust 1997) səfərlərində.

Savadlı, işini yüksək peşəkarlıqla görən, dərin müşahidə, analitik təhlil qabiliyyətinə malik jurnalistlərdəndir Elmira Axundova. O, hədsiz faktlar bolluğunda itib-batmamışdır. Oxşar, bəzən bir-birinə zidd, uyğun gəlməyən fikirləri səbrlə, aramla, diqqətlə araşdıraraq, həmin hadisələrin şahidlərinin iştirakı ilə müzakirə və müqayisə edib, ən düzgün variantını seçib. İllərlə ömrünü, səhhətini, istirahətini - bir sözlə, mənəvi dünyasını fəda edərək həqiqətən monumental bir abidə yaratmışdır - ümummilli liderin adına, sanına layiq. Çəkilən əmək göz qabağındadır. Heydər Əliyevlə bağlı kitabı onun bir cəhətini də ortaya qoydu: tədqiqatçılıq məharəti, minlərlə faktın içindən ən lazımlılarını seçmək xüsusi məna çalarlıqlarını tutmaq, faktlardan yerində və anındaca yararlanaraq oxucunu hadisələrin dalınca “daşımaq”. Bu zaman oxucunu yormamaq, əksinə, onu yeni hadisələrin, əhvalatların, faktların, tarixi proseslərin iştirakçısına, bəzən isə şahidinə çevirmək. Bu isə, əlbəttə, istedad və hünər istəyir. Qələmin ağ kağızla möcüzəsi yalnız bu halda mümkündür. Xoşbəxtlikdən Elmira Axundova bunu yüksək səviyyədə yerinə yetirib.

Hamının etiraf etdiyi kimi 6 cildlik dərin tədqiqatın və böyük zəhmətin məhsuludur. Əsər YAP-ın yaranmasında xidməti olanların, 91-lərin, Heydər Əliyevin silahdaşlarının, onu yaxından tanıyanların və digər insanların ən müxtəlif fikirləri ilə zəngindir. E.Axundova xatirələrə yazıçı-jurnalist-publisist gözüylə baxaraq “özü-özünü” çox uğurla əvəzləyə bilmişdir. Biz onun özünü də ən müxtəlif yaradıcı rakurslarda görürük. Səhifədən-səhifəyə, kitabdan-kitaba müvəffəqiyyətlə keçərək Heydər Əliyevin obrazını ilmə-ilmə hörür, oxucuların çoxunun bilmədiyi əhvalatları, xatirələri mahir bir xalçaçı kimi toxuyaraq möhtəşəm sənət əsəri yaratmışdır. Rənglər bir-birinə qovuşaraq hamının tanıdığı böyük Heydər Əliyevin obrazını bütün əzəməti ilə gözümüz önündə canlandırır. Bəli, budur sadə və dahi Heydər Əliyev! Budur  fenomenal şəxsiyyət! Budur, hamının tanıdığı xilaskar və ağlayetməz, təsəvvürəgəlməz incəlikləri ilə yenidən gözümüzün önündə əbədiləşən rəhbər və şəxsiyyət!

Elmira Axundova rus dilində yazır. Kitabların sürətlə yayılmasında bunun da də rolu var, çünki çox geniş auditoriyanı əhatə edir. Ona keçmiş ittifaqın hər yerindən, Avropadan, Amerikadan arasıkəsilməz zənglər gəlir, “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabını haradan əldə etmək barədə suallar verirlər, xahişlər edirlər. Əlbəttə, əlaqədar qurumlar, şəxslər, naşirlər bu barədə yəqin ki, öz sözlərini deyəcəklər. (Dünyanın ən populyar siyasətçilərinin, dövlət başçılarının - ata və oğul C.Buşlar, B.Klinton, J.Şirak, V.Putin, Z.Bzejinski, M.Olbrayt, S.Braunbək və xeyli başqalarının Heydər Əliyev haqqında heyranlıqla dediklərini, dəmir məntiqi, dərin zəkası barədə səmimi etiraflarını nəzərə alsaq, kitaba tələbatın nə qədər böyük olduğunu görərək hesab edirik ki, 1.000-1.500 nüsxə çox azdır, ən azı, minimum 10.000-15.000 tiraj çap etmək yaxşı olardı. Gör nə qədər universitetlər, institutlar, məktəblər, kitabxanalar, elmi-tədqiqat mərkəzləri var. Hərəsinə bir nüsxə göndərilsə bəlkə də çatmaz. Bəs onda?..)

Diqqətimizi çəkən bir cəhət də odur ki, kitab sadə, şirin bir təhkiyə ilə yazılıb, forma elə seçilib ki, oxucu yorulmur, bezmir. Çünki süjet bir-birindən tanınmış adların maraqlı, bilmədiyimiz xatirələrinin, məlumatlarının, faktlarının zənginliyindən kifayət qədər boldur, ardıcıllıq, sıralanma əlvandır, hadisələrin rəvan axarından kitabı əlindən yerə qoya bilmirsən. Bunlar isə müəllifin yazıçı-jurnalist uğurudur və hər kəs tərəfindən səmimi etiraf olunmalıdır.

“Heydər Əliyev. Şəxsiyyət və Zaman ” kitabı heç şübhəsiz heydərşünaslığa misilsiz bir töhfədir. Gələcək nəsillər bu dolğun və zəngin roman-tədqiqatdan, vaxtında yazılmış müstəsna əhəmiyyətə malik bu məxəzdən çox şey öyrənəcəklər. Neçə-neçə insanlar Heydər Əliyevi, təlatümlərlə dolu XX əsrin sonu və XXI əsrin əvvəllərindəki qarışıqlıqlarla, ziddiyyətlərlə, həm də əhəmiyyətli və həlledici qələbələrlə zəngin tarixi epoxanı ilkin, doğru-düzgün mənbədən öyrənəcək, bəhrələnəcəklər.

Elmira Axundova həqiqətən nəhəng bir iş görmüşdür. Onun payına böyük zəhmətlə bərabər, həm də böyük şöhrət düşmüşdür. Halaldır ona. Çəkdiyi əmək hədər getməmişdir. Bu kitabla o həm öz həyat tarixində qalacaqdır, həm də Azərbaycan tarixində.

 

Səyyad ARAN,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini,
filologiya elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında