Aprelin 12-də Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının
I Ümumdünya Forumu çərçivəsində “Dayanıqlı inkişaf yolunda qlobal iqtisadiyyatın enerji və ekoloji meyarları” və “Vətəndaş institutlarının beynəlxalq münasibətlərin inkişafında rolu” mövzularında ikinci sessiya
keçirilmişdir.
Sessiyada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının sədri Leyla xanım Əliyeva iştirak etmişlər.
AzərTAc xəbər verir ki, sessiyaya İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov moderatorluq etmişlər.
Forumun təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Mixail Qusman tədbirin mühüm əhəmiyyətə malik olduğunu söyləmiş, MDBMİ-də təhsil almağın önəminə toxunmuşdur. Bu ali təhsil ocağının dünya üçün mühüm şəxslər yetişdirdiyini deyən M.Qusman sessiyada iştirak etdiyinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ-nin məzunu və bu ali təhsil ocağının məzunlarının Azərbaycan Assosiasiyasının sədri Leyla Əliyeva sessiyada çıxış etmişdir.
Leyla xanım Əliyevanın çıxışı
– Hörmətli qonaqlar, əziz dostlar!
Mən, əlbəttə, ilk növbədə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Sizi günəşli Bakıda görməyə çox şadam. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu kimi mənə çox xoşdur ki, bizim ali məktəbin məzunlarının birinci Ümumdünya Forumu Azərbaycanda keçirilir. Ölkəmiz həmişə öz qonaqpərvərliyi ilə məşhur olmuşdur. Tarixən Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan həmişə müxtəlif mədəniyyətləri, ənənələri və sivilizasiyaları özündə cəmləşdirmişdir. Tolerantlıq, dözümlülük və dostluq kimi anlayışlar bizim üçün adi sözlər deyil, bu, həyat tərzidir. Təsadüfi deyildir ki, Bakıda müsəlman məscidləri ilə yanaşı, xristian kilsələri və sinaqoqları da görə bilərsiniz. Son vaxtlar Bakı beynəlxalq forum və görüşlərin keçirildiyi yerə çevrilmişdir. Biz, əlbəttə, öz soy-kökümüzə və ənənələrimizə çox hörmət edir və onlara qayğı ilə yanaşırıq. Bununla bərabər biz dünyanın mədəni müxtəlifliyinə dərin ehtiram bəsləyirik. Ölkəmizdə böyük rus mədəniyyətini çox sevirlər. Bizim məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılmışdır. Moskva Dövlət Universitetinin filialı vardır, Bakı Slavyan Universiteti və Rus Dram Teatrı fəaliyyət göstərir. Ölkələrimizi müştərək tarix, həmçinin müstəqillik dövründə yaranmış dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əlbəttə, bugünkü forum bunu bir daha təsdiq edir.
Əziz dostlar, bizim panelin mövzusu, yəni müasir dünyanın ekoloji çağırışları Yer planetinin hər bir sakininə aidiyyəti olan məsələdir. Aşkardır ki, dünyada hər şey qarşılıqlı əlaqəlidir və dünya iqtisadiyyatı ekoloji problemlərlə ayrılmaz şəkildə bağlıdır. Biz gələcəkdə qlobal ekoloji fəlakət ehtimalını dəfələrlə eşitmişik və müzakirə etmişik. Mənim fikrimcə, məhz bu səbəbdən ətraf mühit haqqında çox anlaşıqlı şəkildə, bəlkə də məktəb skamyasından başlayaraq danışmaq lazımdır.
İki il bundan əvvəl Heydər Əliyev Fondu ətraf mühitin müdafiəsi üzrə IDEA (İnternational Dialogue for Environmental Action) beynəlxalq kampaniyası başlanmışdır. Bu kampaniya əsasən gənclərlə işləyir. Biz bütün layihələrimizə kreativ yanaşma tapmağa çalışırıq. Yəqin ki, bu gün IDEA regionda ətraf mühitin qorunması üzrə ən fəal kampaniyadır. Bu yaxınlarda biz WWF Rusiya ilə layihə imzalamışıq. Bizim müştərək layihələrimiz çoxdur. Biz Qafqaz zubrunun qorunması, ağacəkmə, habelə quşlar üçün yuvalar tikilməsi üzrə layihələr hazırlamışıq. Bundan əlavə, WWF Türkiyə ilə analoji müqavilə üzərində işləyirik.
Məhv olmaq təhlükəsi altında olan heyvanların müdafiəsini bizim kampaniyanın fəaliyyətinin prioritet istiqaməti hesab edirik. Bu məqsədlə IDEA özünün Böyük Qafqaz beşliyini müəyyən etmişdir. Buraya beş heyvan növü - bəbir, canavar, ceyran, qartal və ayı daxildir. Əlbəttə, biz hesab edirik ki, bu heyvanları qorumaq çox vacibdir. Fürsətdən istifadə edərək, sizə çox xoş bir xəbər vermək istərdim. Bu yaxınlarda Azərbaycanda Qafqaz bəbiri qeydə alınmışdır. Bu, çox nadir heyvan növüdür və Azərbaycan Avropada yeganə ölkədir ki, bu heyvan təbii yaşayış mühitində mövcuddur. Buna görə də indi biz bu heyvanın və əlbəttə, başqa heyvan növlərinin də qorunması üzrə layihələr üzərində işləyəcəyik.
Bu gün IDEA kampaniyası Bakıda və bölgələrdə “Ətraf mühitin qorunması” mövzusunda treninqlər və seminarlar keçirir. Azərbaycanın bir sıra ali məktəblərində müxtəlif ekologiya kabinetləri vardır, biz ətraf mühitin qorunmasına dair dərslik çap edilməsi üzərində işləyirik. Ümidvaram ki, yaxın gələcəkdə ölkəmizin bütün məktəblərində “Ətraf mühitin mühafizəsi” mövzusunda dərslər keçiləcəkdir. Ötən il Azərbaycan paytaxtında İDEA kampaniyası tərəfindən BMT-nin Ətraf Mühit Proqramı ilə birgə təşkil edilmiş “Yaşıl həftə” keçirilmişdir.
Əziz dostlar, mən bu tribunadan istifadə edərək vurğulamaq istəyirəm ki, bizim fəaliyyətimiz təkcə coğrafiya ilə məhdudlaşmır. Biz müxtəlif ölkələrdən olan gəncləri bizim layihələrə qoşulmağa və onları dəstəkləməyə, habelə öz ideya və planlarını bizimlə bölüşməyə dəvət edirik. Əlbəttə, IDEA gənc təşkilatdır və dünya miqyasında yəqin ki, dəryada bir damla kimidir. Lakin bizim fikrimizcə, əsas məsələ həcmdə deyil, hər bir insan, hətta bircə insan da ətraf mühitin müdafiəsinə öz töhfəsini verə və planetimiz üçün çox iş görə bilər. Mən öz təcrübəmizə əsasən deyə bilərəm ki, gənclərlə işləmək xüsusilə xoşdur. Yəqin, çoxunuza məlumdur ki, beş il bundan əvvəl Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) yaradılmışdır. Bu beş il ərzində bizim təşkilat çox iş görə bilmişdir. Biz gənclərin həyatının bütün sahələrini əhatə etməyə çalışırıq - buraya mədəniyyət də daxildir, təhsil də, səhiyyə, elm, idman və əlbəttə ekologiya da. Bu gün RAGB-nin 70-ə yaxın regional bölməsi mövcuddur. Rusiyanın demək olar ki, bütün ali məktəblərində azərbaycanlı gənclər klubları vardır. Qeyd etmək istəyirəm ki, ilk bu cür klub təxminən 7 il bundan əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaradılmışdır. Əminəm ki, bizim bütün fəaliyyətimiz məhz bundan başlanmışdır.
Əziz dostlar, bu forum sayəsində biz öz fəaliyyətimizi genişləndirəcək və yeni həmfikirlər tapacağıq. Diqqətinizə görə, sizin hamınıza təşəkkür etmək istəyirəm. Sizin hamınızı Bakıda görməyə çox şadam və ümid edirəm ki, bu qədim şəhərdə gəzmək, bulvarımızın aurasını və əlbəttə, qonaqpərvərliyimizi hiss etməyə imkanınız olacaqdır. Çox sağ olun. Sizə ən xoş arzularımı bildirirəm.
* * *
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi layihələrdən danışmışdır.
MDBMİ-nin professoru Nodari Simoniya Forum çərçivəsində çox mühüm məsələlərin müzakirə edilməsindən məmnunluğunu bildirmişdir.
“Lukoyl Bolqarıstan”ın baş direktoru Valentin Zlatev də qlobal enerji sisteminin hazırkı vəziyyətindən və perspektivlərindən danışmışdır.
Avropa Yenidənqurma və İnkişaf Bankının Rusiya üzrə direktoru Natalya Xanjenkova dayanıqlı enerji sistemi və enerji təhlükəsizliyindən söhbət açmışdır.
Rusiya Elmlər Akademiyasının Afrika üzrə İnstitutunun direktoru Aleksey Vasliyev isə dünyada hökm sürən iqtisadi vəziyyətin enerji təhlükəsizliyinə təsirindən bəhs etmişdir.
Azərbaycanın hərtərəfli tərəqqisi, qeyri-neft sektorunun inkişafı barədə məlumat verən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ölkəmizdə enerji sahəsindən əldə olunan gəlirlərin insan kapitalının inkişafına yönəldiyini bildirmişdir. O, qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət bu gün Azərbaycanı nəinki region, eləcə də dünyada qüdrətli dövlətə çevirmişdir.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Andrey Spartak Forumda iştirak edənlərin hamısının Bakının gözəlliyinə valeh olduğunu bildirmişdir.
Rusiyanın İxrac Kreditlər və İnvestisiyaların Sığortalanması üzrə Agentliyinin baş direktoru Pyotr Fradkov isə belə forumların müxtəlif sahələrdə müzakirələr aparmaq baxımından səmərəli olduğunu vurğulamışdır.
Çıxış edən digər natiqlər də Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılandıqlarını, ölkəmizdəki inkişafdan məmnun olduqlarını diqqətə çatdırmış, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.